525.Az

Moskva azərbaycanlılarının sevdiyi qəzet - "525"-25


 

Moskva azərbaycanlılarının sevdiyi qəzet - <b style="color:red">"525"-25</b>

Bu gün Azərbaycanda çox sayda kütləvi informasiya vasitəsələri - telekanallar, radio, qəzet, jurnal,  müxtəlif saytlar və  müxtəlif xəbər portalı fəaliyyət göstərir. Onların hamısıyla təmasda olmaq, əlaqə saxlamaq mümkün deyil. Sadəcə olaraq vaxt tapmaq çətindir.

Müasir Azərbaycan mətbuatı tarixində, az qala 25 illik yubileyi müstəqilliyimizin bərpasıyla üst-üstə düşən son dövr mili mətbuatımızın inkişafında və formalaşmasında müstəsna xidmətləri olan “525-ci qəzet”in 25 yaşı tamam olur. Öz dəsti-xətti ilə seçilən bu qəzet yaranan gündən sıravi oxucularından tutmuş ziyalı elitasına qədər hər kəsin diqqətində olub çoxsaylı oxucularının sevimli qəzetinə çevrilib.

“525-ci qəzet” öz yolu, qüdrətli, sanballı söz yolu və zamanın bu təlatümlü keşməkeşli dövründə düz yolu olan maneələri qorxmadan dəf edərək həmişə uca zirvələrə can atan qəzetdir. Təsadüfü deyil ki, qəzetin səhifələrində çağdaş Azərbaycanımızın ən sanballı sayılıb-seçilən yazıçıları, şairləri, jurnalistləri, ədəbiyyatşünasları, alimləri çıxış edirlər. Bu da qəzetin nə dərəcədə nüfuzlu olmasından xəbər verir. “525-ci qəzet” ideyası, məramı, məqsədi olan qəzetdir. Artıq 25 ildir ki, öz səviyyəsini, adını, simasını, dəyərini qoruyub saxlayıb, oxucularımız arasında geniş rəğbət qazanıb. Haqq üçün demək lazımdır ki, bu illər ərzində “525-ci qəzet” Azərbaycanın siyasi, ictimai və ədəbi həyatında mühüm rol oynaylb. Bilirəm ki, bu 25 il ərzində qəzet   çox ağır maddi sıxıntılarla üzləşib və bütün çətinliklərə baxmayaraq yolundan dönməyib, fəaliyyətini dayandırmayıb. Bu da “525”cilərin öz ideyalarına, qarşılarına qoyduqları məqsədə sədaqəti, dövlətə, vətənə  övladlıq xidməti yollarından irəli gəlir.

“525-ci qəzet" Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin dolğun və obyektiv şəkildə ictimaiyyətə çatdırılmasında, dövlətçilik ideyalarının təbliğində, milli-mənəvi dəyərlərimizin, əxlaqi dəyərlərimizin təbliğində, gənclərimizin milli və vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan qəzetdir. Adı gurultulu, yüksək pafoslu adlardan uzaq olsa da qəzetin səhifələrində milli tariximizin, dinimizin, dilimizin, mədəniyyətimizim təbliğiylə bağlı çoxsaylı məqalələr dərc olunmaqdadır.

"525-ci qəzet" təkcə Azərbaycanda deyil, azərbaycanın hüdudlarında kənarda tanınır və sevilir. Bu illər ərzində, “525-ci qəzet" Moskvada yaşayıb yaradan ədiblərimizin, yazıçılarımızın, şairlərimizin sevimli və doğma qəzetinə çevrildi, uzun illərdir, mənim də şeirlərim, məqalələrim, müsahibələrim məhz bu qəzetin səhifələrində dərc olunur. Oxucularıma deyəcəyim nə olubsa əksəriyyətini bu qəzet vasitəsiylə oxucularıma çatdırmışam. Qürur hissiylə  deyə bilərəm ki, həqiqətən "525-ci qəzet" Moskva azərbaycanlılarının sevimli və doğma qəzetidir. Təbii, bu qəzetin nüsxələri bizə çatmasa da yalnız elektron varianını oxuyuruq.

Mənim üçün sevindirici haldır ki, hələ Bakıda təhsil aldığım illərdən, şəxsən və yaxından tanıdığım, şəxsiyyətinə hörmət etdiyim, qədim dostum Rəşad Məcid kimi ziyalımız bu qəzetə rəhbərlik edir. Qəzetin 25 illik fəaliyyətində qəzetinin peşəkar əməkdaşları ilə yanaşı, məhz onun böyük zəhməti, xidmətləri danılmazdır. İllər keçəcək, zaman gələcək, gələcək nəsillər, xalq bu həqiqətləri biləcək.

Ümidvaram ki, qəzetin yaradıcı kollektivi jurnalistikanın, ədəbiyyatın yüksək borcuna və amalına bundan sonra da sədaqətlə xidmət edəcək, müstəqillik dövrünün ədəbi salnaməsinə yeni parlaq səhifələr yazılması, Azərbaycan ədəbiyyatı və dilinə sevgi, məhəbbət və sıx bağlılıq ruhunda tərbiyə olunması işinə öz töhfəsini verəcəkdir.

Əziz "525"cilər, əzəl binadan ağıl və təmkin, səbir və dəyanət yollarıyla addımlamısınız, bu keşməkeşli yollarda heç bir qasırğa, boran, çovğun sizi qorxutmayıb, yolunuzdan, amalınızdan, məqsədinizdən döndərə bilməyib.

Başda dostum Rəşad Məcid olmaqla qəzetin araya-ərsəyə gəlməsində əməyi olan hər bir kəsi, redaksiyanın bütün əməkdaşlarını və çoxsaylı oxucularını səmimi-qəlbdən təbrik edirəm.

Əziz "525"cilər, yolunuz nurlu, qələminiz iti, qələbəniz əbədi olsun!

22.10.2017, Moskva

 





12.12.2017    çap et  çap et