525.Az

Qarabağda görüşənədək...


 

Qarabağda görüşənədək...<b style="color:red"></b>

Bu sözlər hardasa bir yazı sərlövhəsi deyil. Bu sözlər hər bir azərbaycanlının bir az kədər, bir az ümid, bir az inam hissilə dilə gətirdiyi, qarabağlıların and yeri kimi səslənən müqəddəs kəlmələrdir.

Əslində, İctimai Radionun Vətənə, Azərbaycana, Qarabağa, xilaskar ordumuza sevgi dolu bir layihəsinin adı olan bu sərlövhəni mən dilimizin imla qaydasını pozub da dırnağa almaqdan vaz keçdim. Çünki Qarabağda haçansa reallaşacaq bu kəlmənin müqəddəs mahiyyətini bir dırnaq işarəsi poza bilərdi.

Beləliklə, mən İctimai Radioda artıq il yarımdan bəri hər şənbə saat 12-dən 13-ə qədər efirə çıxan Qarabağda görüşənədək... proqramı üzərində dayanmaq istərdim. Amma bu yerdə əvvəlcə elektron informasiya vasitələri sistemində radionun müasir yeri barədə bir neçə kəlmə.

Biz bir vaxtlar televiziyanın populyarlaşması ilə radionun öləziyəcəyi fikrinə gəldik. Amma heç də belə olmadı. Sonra biz müasir internet dünyasının radionu sarsıdacağını zənn etdik. Bu da olmadı və əksinə, internet sistemi radionun az qala hər məhəllə üçün ayrıca tipoloji qurumunu ortaya qoydu. Məlum oldu ki, ümumiyyətlə, informasiya vasitələrinin hər birinin cəmiyyətdə öz yeri var. Radio isə bu yeri daha möhkəm tutur. Çünki biz bu audio informasiya vasitəsinə gözümüzü yormadan, xüsusi yer axtarmadan, yol getdiyimiz avtomobildə, meşənin dərinliyində, əlimizdəki mobil telefonda, hətta yataq otağında rahatca qulaq asa bilirik. Yəqin indi hər kəs etiraf edər ki, bu gün dünyada və eləcə də Azərbaycandakı avtomobil sıxlığı radionu daha çox bu nəqliyyat vasitəsində dinləməyə səbəb olub. Xüsusilə, uzaq yolun tənhalığında avtomobildəki radio bizim etibarlı yol yoldaşımız olur.

Mən də yol gedirəm. Hər ay azı iki dəfə doğmalarımın ruhuna baş çəkmək üçün Qarabağa doğru yol gedirəm. Və elə bil içimizin ağrısına çevrilmiş o Qarabağa bir az qalmış İctimai Radionun Qarabağda görüşənədək... proqramı mənim yol yoldaşım olur. Bütün səmimiyyətimlə deyirəm ki, bu radio proqramı sanki dinləyicinin müqəddəs arzusunun gerçəkləşməsinə aparan bir yol kimi qəbul edirəm. Çünki bu proqram özünün çox-çox maraqlı efir qonaqları ilə, bu qonaqları xoş bir ovqatla dindirməyi, dilləndirməyi bacaran aparıcısı ilə ürəyimizdəki Qarabağ nisgilinin haçansa mütləq bitəcəyinə ümid yaradır. Bəlkə elə buna görədir ki, mən ilk növbədə Qarabağda görüşənədək... proqramının ideyasının necə meydana gəlməsi və necə gerçəkləşməsi ətrafında dayanmaq istərdim: Proqramın aparıcısı  Mətanət Əzimovanın xatirəyə bənzər bir  yazısı əlimə keçmişdi. Bu qeydlərdə Mətanət Əzimova göstərir ki, hələ 1988-ci ildə ermənilərin Topxana meşəsində təbiətə qarşı vəhşiliklərinə etiraz əlaməti kimi Bakıda başlayan meydan hərakatında tələbə dostlarımızın dilində belə bir ifadə yer aldı: "Qarabağda görüşənədək! "Və Mətanət xanım öz qeydlərində davam edir:

"İllərdən bəri bu kəlmənin təsirindən doğan hiss və duyğularımı bölüşmək üçün məkan və məqam axtarmışam... Nəhayət, bir gün arzularım 90 FM-də gerçəkləşdi. Hazırda əməkdaşı olduğum İCTİMAİ RADİO-nun direktoru Aygül Məmmədova bu haqda bir layihənin olmasını zəruri hesab edəndə mənə ünvanlandı. Bir jurnalist peşəkarlığı, hər şeydən əvvəlsə duyğusal insan və təəssübkeş  vətəndaş həssaslığı ilə qəlbimdəkiləri duyan və  qiymətləndirən Aygül xanım ictimai radionun efirində belə bir verilişin yayılmasını zəruri hesab etdi. Eyni zamanda, bu layihənin efir təcəssümü üçün ideya və məsləhətlərini əsirgəməyən Aygül xanım - rəhbərliklə məsləhətləşərəm efir vaxtı ayırarıq - dedi.

Artıq ikinci ildir ki, Aygül xanımın bu layihəsi Qarabağda görüşənədək... adı altında İctimai radionun dalğalarında səslənir. Qarabağ müharibəsi iştirakçıları ilə yanaşı, Qarabağ mövzusunda yazan müxtəlif qələm sahibləri də verilişimizin qonağı olur. Əsas məqsədimiz hələ də davam etməkdə olan Qarabağ müharibəsinin qanlı səhnələrini şahidlərin öz dilindən dünya ictimaiyyətinə çatdırmaqdır. Qeyd-şərtsiz olaraq torpaqlarımızı tərk etməsi barədə BMT-nin dörd qətnaməsinə əməl etməyən Ermənistanın iç üzünü təkrar-təkrar dünya ictimaiyyətinə bəyan etməkdir..."

Mən isə yol gedirəm... Qarabağ istiqamətində növbəti şənbənin səfərindəyəm və mən İctimai radionun  yol yoldaşlığına güvənərək gedirəm. Doğrusu, İctimai radionun bütün fəaliyyət konsepsiyası mənə bu radionun yarandığı gündən məlumdur və konsepsiyada məni ən çox razı salan bu radionun Vətənə sevgi səsidir. Bu sevgi özünü İctimai radionun bütün proqramlarında özünü göstərir.

Amma etiraf edim ki, son dövrün yaradıcılıq təşəbbüsündən doğan Qarabağda görüşənədək... proqram formatı xüsusi gözlədiyim və yol yoldaşı olduğum bir verilişdir. Mən hər dəfə şənbə səfərlərinə çıxdığım avtomobildə Qarabağda görüşənədək proqramının qonaqlarını diqqətlə dinləmişəm. Bu proqram Qarabağ uğrunda döyüşlərdə qəhrəman kimi, qeyrətli Vətən övladı kimi yaddaşlarda qalmış qadın döyüşçülərimizi - Xalaqızı ləqəbi ilə düşmənə qan udduran Növrəstə Yusifovanın, hərbçi jurnalist xanımlarımız Fəridə Ləmanın, Zəminə Xınalının, Firəngiz Səttarovanın söhbətlərini dinləmişəm və bu söhbətlərin hər birində gənclərimizə aşılanan Vətən sevgisinin şahidi olmuşam. Qarabağ uğrunda ağır döyüşlərin iştirakçısı olmuş leytenant-polkovnik Xanlar Səttarov, polkovnik Abdulla Qurbani, Adil Şiriyev, istedadlı politoloq Arzu Nağıyev, zabit Qurban Qurbanov, Məlik Məlikov və digərlərinin səriştəli, təvazökar söhbətləri, keçdikləri döyüş yolundakı ibrətamiz hadisələrlə bağlı hekayələri dinləyicilərdə Vətən övladlarına qürur hissi yaradır.

Fikirlərini öyrənmək istədiyim dinləyicilərin hamısı bu proqramın adının son dərəcə qürurlu və duyğulu olduğunu dilə gətirirlər. Mən proqramın bütün qonaqlarının Qarabağda görüşənədək... ifadəsini necə vurğunluqla qarşıladıqlarını və bu kəlmədən necə ruhlandıqlarını proqramın ilk dəqiqəsindəki söhbətlərindən hiss etmişəm. Etiraf edim ki, mənim özümü də bir dinləyici kimi bu proqrama bağlayan onun ideyası və sərlövhəsi oldu. Aparıcı Mətanət Əzimovanın xatirə - qeydlərində belə bir fikir də var: "... qonaqlarımızın ilk sualımızı arxada qoyaraq birinci növbədə Qarabağda görüşənədək... kəlməsinə böyük hiss və həyəcanla münasibət bildirməsi dinləyicilər üçün yaddaqalan anlardır. Məhz bu adda proqramın efirdə olması onların çoxdankı arzusu imiş..."

Mən bu şənbənin günündə Qarabağa yol gedirəm və İctimai radio yenə də  mənim yol yoldaşımdır. Azərbaycanın milli-mənəvi dəyərlər sistemini əhatə edən "Xalq saatı" (bu da çox maraqlı proqram adıdır!) bitir və saat 12-nin tamamında - “İctimai radio - xalqın radiosu" loqosundan sonra Qarabağda görüşənədək... proqramının növbəti buraxılışı efirdədir. Proqram canlıdır, dinləyici ilə interaktiv əlaqələr var. Proqramın bu dəfəki qonağı ehtiyatda olan zabit Zülfüqar Cəfərovdur. Aparıcı əvvəlcə Qarabağ uğrunda şücaətlə vuruşmuş keçmiş döyüşçünü dinləyiciyə təqdim edir.

Dinləyici onun Rusiyada hərbi təhsil aldığını, Qarabağ hadisələri başlanan vaxtdan bir Vətən övladı və peşəkar hərbçi kimi Vətənə döndüyünü, Qarabağın Ağdərə, Ağdam, Sırxəvənd və s. kimi strateji məkanlarında döyüşdüyünü bildirir.

Xüsusi demək istərdim ki, bu proqramda qonaq kimi dinlədiyimiz hər kəsin döyüş hekayələri həm də ona görə ayrıca maraq doğurur ki, onların qəribə bir səmimiyyəti, çox səlis nitq qabiliyyətləri ilə rastlaşırıq. Bugünkü qonaq - Zülfüqar Cəfərovun nitqi isə, sözün doğrusu, məni heyran etdi. Bu adam haqqında bəhs etdiyi döyüş səhnələrindən epizodları, cəbhə dostları ilə münasibətləri, o dövrün hələ ordusu yox, silahı yox, daha çox könüllülərin ümidinə qalmış cəbhə günlərinin xarakterini ustad bir müəllim nitqi ilə ifadə edirdi. Rusiyada təhsil almış bu zabitin Azərbaycan dilində hərbi terminləri doğma leksikonla necə ifadə etməsi, gənclərə tövsiyələrinin səmimiliyi, milli tariximizə elmi-publisist münasibəti, düşmənə nifrət, Vətənə sevgi hisslərini necə maraqlı fikirlərlə dinləyiciyə çatdırması heyrət doğurmaya bilmədi. Elə bu məqamda məndə belə bir fikir oyandı: həyatı qeyrət dolu bir Azərbaycan zabitini mənim çalışdığım universitetin tələbələri ilə görüşdürmək!

Zülfüqar bir saatlıq proqramda İctimai radionun vətənpərvərlik mövzusunu çox bəyəndiyini və gənclərə belə mövzularda proqramları təqdim etməyin necə vacib olduğunu bildirdi.

Onun qəribə fikirləri var: "Döyüşdə zaman məfhumu olmur", "Müharibədən yox, qələbədən danışmaq lazımdır", "Gənclərə aşılayaq  ki, qaziləri sevgi ilə qarsalasınlar", "Şəhid anası bir məclisə daxil olanda ayağa qalxmaq gərək", "Şəhidlər çox yerdə görünməlidirlər", "Mən şəhid bir əsgərin ölüm anında da onun üzündə bir təbəssüm gördüm".

Onu da deyim ki, proqramda qonağı danışdırmaq bir jurnalist peşəkarlığıdır və proqramın aparıcısı Mətanət Əzimova bu işi çox yaxşı bacarır. Onun müsahibinə verdiyi suallar və bu suallara cavab anında aparıcının çox yerində olan müdaxilələri, cavablardan doğan yeni sualların mahiyyəti kimi detallar Mətanət xanımın peşəkarlığından xəbər verir...

...Proqramın sonu yaxınlaşır və mən Ağdama - Qarabağın cəbhə xəttinə yaxınlaşıram. Yolum mənim erməni əsarətində qalmış doğma kəndimdən cəmi altı kilometr aralıdakı Əfətli kəndinədir. Doğmalarımın ruhunun uyuduğu bir kəndə. Kəndə daxil oluram və daha irəli gedə bilmirəm. Qarşıda düşmən dayanıb. Radioproqramda aparıcının son cümlələri səslənir: "Bəli, bir gün görüşərik vədələşdiyimiz o yerlərdə. İstər Qarabağda görüşənədək... arzusu ilə canını Vətən yolunda fəda edənlərimizlə, istərsə də döyüşlərdə sağlamlığını itirib ömür sürənlərimizlə. Hələliksə İctimai radioda bu yadigar kəlmənin - Qarabağda görüşənədək... proramının işığında görüşürük sağ qalan döyüşçülərimizlə. Əhd etmişik ki, verilişimizin son sayını Qələbə günümüzdə gözəl Qarabağımızın uca dağlarından, bərəkətli çöllərindən, Xarı bülbüllü bağçalarından sizə təqdim edərək efirdən qələbə sevinci ilə ayrılaq". Qarabağda görüşənədək... radioproqramının bu son cümləsi hər dəfə bizi daha fəal mübarizəyə, Vətən sevgisinə səsləyir.

 





13.12.2017    çap et  çap et