525.Az

Novruz Məmmədovdan avropalı diplomatlara sərt cavab


 

Novruz Məmmədovdan avropalı diplomatlara sərt cavab<b style="color:red"></b>

“Avropanın bir sıra məmurları və dairələri elə bir fürsət axtarırlar ki, Azərbaycanda nəsə nöqsan görsünlər və bununla bağlı mövqe bildirsinlər. Bu məqamlarda həmin məsələlərin onların fəaliyyət dairəsinə aid olub-olmaması heç bir mahiyyət daşımır”.
 
Bu fikirləri 525.az-a açıqlamasında Prezident Administrasiyası (PA) rəhbərinin müavini və beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu günlərdə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketrin Eştonun və genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin birgə bəyanatında Azərbaycanın yenə də ciddi tənqid olunmasına münasibətini bildirərkən dilə gətirib.
 
“Biz belə halları çox tez-tez görürük. Azərbaycan ötən 21 ildə çox uğurlu yol qət edib. Ötən günləri bunu Cənab Prezidentimiz də qeyd etdi. Artıq Azərbaycan müstəqil və inkişaf edən dövlətdir. Biz istəyirik ki, artıq Azərbaycanla bu cür əməkdaşlıq edilməsi düzgün deyil. Azərbaycana belə gözlə baxmağı qəbul etmirik. Ədalətli və haqlı irad olanda biz bunu təbii qəbul edirik”- deyən PA rəsmisinin sözlərinə görə,  ancaq indi birdən-birə Aİ-nin iki yüksək vəzifəli məmuru birgə Azərbaycanla bağlı hansısa mövqe bildirir: “Onların biri Avropa İttifaqının genişlənmə komissarı Ştefan Füle, digəri isə  qurumun xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştondur. İndi bu adamların insan hüquqları və demokratiya məsələləri ilə nə yaxınlığı var? İki-üç gündən bir Azərbaycanla bağlı qərəzli mövqe bildirmək düzgün deyil.

Digər tərəfdən isə onlara sual olunur. Guya sizin məşğul olduğunuz sahələrdə hər şey əla gedir? Avropa son 6 ildir ki, işsizlik, islamafobiya, faşizm içərisində  boğulur. İndi Avropa bu maliyyə və iqtisadi böhrandan xilas olmaq üçün çarpışır.    

 Məgər Avropanın genişlənməsi ilə bağlı bütün addımlar uğurla atılaraq başa çatdırılıb? Əgər gedib Şərqi Avropa ölkələrinin nümayəndələri ilə söhbət etsək, onların özləri bu barədə nələrin baş verdiyini açıq söyləyəcəklər. Şərqi Avropa ölkələri hələ on illərlə özlərinə gələ, uğur qazana bilməyəcəklər. Yəni, indi Avropada böyük problemlər baş verir və bizdə bunları yaxşı bilirik.

Avropa öz problemlərini kənarda qoyub Azərbaycanda gedən bütün prosesləri siyasiləşdirib ölkəmizə bu cür təzyiq göstərmək istəyir. Bilirsiniz, bir vaxtlar deyilirdi ki, dünyada "qamçı və kökə" siyasəti prinsipi var. Ancaq indi həmin prinsip dəyişib. İndi artıq "gülümsə və təzyiq et" siyasəti işləyir. Axı, dünyada mövcud olan "gülümsə və təzyiq et" prinsipini bu dərəcədə də tətbiq etmək düzgün deyil”. N.Məmmədov qeyd edib ki,  ədalətli olmaq lazımdır:

 “Biz artıq onlara bildirmək istəyirik ki, Azərbaycana ikinci dərəcəli dövlət kimi baxmaq lazım deyil. Azərbaycana istənilən vaxtı tənqidlə təzyiq etmək lazım deyil. bu, həmin ölkələrlə Azərbaycan arasında olan münasibətlərə kömək etmir. Bu. Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığa yardım deyil.

Necə olur ki, bu yaxınlarda Avropa İttifaqı  ölkələrinin bütün dövlət başçıları Azərbaycan Prezidentini Brusselə dəvət edirlər. Özü də dəvət əməkdaşlıq münasibətlərini daha da genişləndirmək məqsədi daşıyır. Bunu ötən günlərdə səfir Roland Kobia da qeyd etdi. Ancaq bu səfərdən öncə isə Ketrin Eşton və Stefan Fuelenin Azərbaycanla bağlı bu mövqe bildirməsinin mənası nədir?”

 PA-nın şöbə müdirinin dediyinə  görə,  rəsmilər bir söz deyir, ancaq sonra isə hansısa dairənin nümayəndəsi çıxıb özündən başqa mövqe bildirir:

 “İndi Azərbaycan, doğrudan da, güclü və lider dövlətdir. Azərbaycan çox zəngin uğurlu yol keçib və çox mühüm mövqedə qərarlaşıb. İndi Azərbaycanın təkcə regionun təhlükəsizliyinə deyil, bütövlükdə planetin təhlükəsizliyinə verəcəyi töhfə göz qarşısındadır. Belə amillər isə nəzərə alınmalıdır. 
      
Burada söhbət internetdə insanların bir-birini təhqir etməsi və böhtan atması məhdudlaşdırılmasından gedir. Bu məsələ ilə bağlı dəyərlərə Şərqdə və Qərbdə yanaşma ayrı ola bilər. Ancaq Azərbaycan öz milli əxlaqi dəyərlərinə uyğun addımlar atır. Avropa müsəlman və xristian ölkəsi ilə bağlı fikir söyləyən zaman yaxından düşünməli və milli dəyərlərdən irəli gələn müəyyən məqamları nəzərə almalıdır.

Şərqdə internetdə təhqir və böhtanla bağlı məsələyə yanaşma ayrı, Qərbdə isə tamam başqa cür ola bilər. Hər xalq öz dünya görüşü, dini, adət-ənənəsi, tarixi, milli mentalitetindən irəli gələrək fərqli mövqe ortaya qoya bilər. Dünyada mövcud olan insan hüquqlarının qorunması da məhz bunun üçündür. 
 
Mənim düşüncəmə görə də böhtan yalanın çox güclü və qabarıq formasıdır. Yalanın digər forması isə təhqirdir. Yalan isə əslində indi dünyanın, o cümlədən Qərbin məhkəmə sisteminin əsas anlayışlarından biridir. Bütün ölkələrin məhkəməsində də əsas şərt belə olur: "söz verirəm ki, yalnız həqiqəti danışacam". İndi Avropanın yanaşmasından belə çıxır ki, mən də təklif edim ki, bütün ölkələrin məhkəmə sistemində yalan məsələsinə baxılması kənara qoyulsun.

Axı, proseslərə bu dərəcədə bəsit yanaşmaq düzgün olmaz. Çox təəssüf ki, ancaq onlar bunu edirlər. Burada məqsəd isə odur ki, bütün prosesləri bu dərəcədə siyasiləşdirib nəsə bəhanə tapmaq və bununla da ölkələrə təzyiq göstərməkdir. Əslində isə bu da çox təəssüf və təəccüb doğurur. Biz bunu düzgün hesab etmirik. Bunu heç vaxt qəbul edə bilmərik”.

Kamil Həmzəoğlu

 





10.06.2013    çap et  çap et