525.Az

SÖZü qoruyan rəqəmli qəzet


 

SÖZü qoruyan rəqəmli qəzet<b style="color:red"></b>

Hərdən mənə elə gəlir ki, "525-ci qəzet"in adı heç də qeydiyyata alınan kabinetdə qoyulmayıb. Elə Azərbaycan mətbuatındakı 524 qəzet birləşib adqoyma mərasimi keçirib.

Qəzetlər də baş sındırmayıblar, söz sorağına çıxmayıblar, asan yadda qalsın deyə 525 adlandırıblar. Amma nə olsun? 525-ə söz tapılmasa da rəqəmli qəzet SÖZə qahmar çıxdı, onu ən çətin günlərdə qorudu. Məncə, «525-ci qəzet»in missiyası   SÖZü yaşatmaqdır.  

Elə cümlələr də 525-ə yollanmaq üçün həvəslə yazılır. Niyə də yox? Axı onun oxucuları SÖZə həssas insanlardı. Həssas oxucular qarşısında cümlələrini göstərmək isə bir növ imtahana bənzəyir. Yadımdadır, 2000-ci ildə jurnaistika fakültəsinin ikinci kursunda oxuyanda qəzetlərin birində işləmək istəyirdim. Bütün tələbələr kimi mən də düşünürdüm ki, həm təcrübə toplayaram, həm aldığım qonorarla gündəlik xərclərimin yarısını ödəyərəm. Həmin ərəfədə Kamran adlı qrup yoldaşım fəxrlə «525-ci qəzet»lə əməkdaşlıq etdiyini söyləyəndə təəccübdən gözlərim bərəlmişdi, içimdə ona qibtə hissi oyanmışdı. Çünki, 525-in nüfuzu ölkəyə sığmırdı, mənim kimi bir jurnalist tanışı olmayan tələbə üçünsə, ümumiyyətlə, əlçatmaz idi.

O zaman düşünürdüm ki, 525-in səhifələrində yazı nümayiş etdirmək üçün nəinki adi tələbədən, elə peşəkar jurnalistdən hünər gərəkdir. Şəxsən mən həmin vaxtı o «hünərin» sahibi deyildim. Ona görə də tələbə vaxtı özümə iş axtaranda «525-ci qəzet»ə can atmadım, elə oxucusu olaraq qaldım. Əslində jurnalistika fakültəsinin tələbəsinin qəzeti əlinə alması bir növ dərs vəsaiti demək idi. Çünki, qəzetin redaktorları canlı ustad dərsi verməsələr də mətnlərinə baxmaq kifayət idi.

İndi də - xəbərin saatda deyil, dəqiqədə, saniyədə öldüyü, gündəm mövzularının eybəcər formalarda tirajlandığı dönəmdə «525-ci qəzet» öz yolunu dəyişmir, qoyduğu ənənələri davam etdirir. 

Bəndəniz də artıq on bir ildir ki, qəzetlə əməkdaşlıq edir. İlk yazımı qəzetə təqdim edəndə isə tələbəlik həyatımla sağollaşmışdım, mətbuatda isə beş il stajım vardı. Yəni mətnlərimdən hürkmürdüm, cümlələrimi ram edirdim. Düzdür, qəzetdə ara-sıra dərc olunuram. Bununla belə bədii mətnlərim canımdan çıxan kimi ilk növbədə 525-i düşünürəm. Çünki, qəzet mənə doğmadır. Bu doğmalığı yaradan isə sözsüz ki, qəzetin baş redaktoru Rəşad Məciddir. Elə onun SÖZə həssaslığıdır ki, bu gün «525-ci qəzet» özünə böyük auditoriya qazanıb. 

Qəzet bu yaxınlarda 25 illiyini qeyd etdi. Necə deyərlər, əsrin dörddə birini geridə qoydu. Əminəm ki, bu rəqəmlərin sayı artacaq, neçə-neçə nəsli geridə qoyacaq. Niyə də yox? Axı yol işıq saçanda orda addımlamaq çətin olmur. «525-ci qəzet»ə ən azı 525 il addımlaya biləcək hamar yol və ən əsası oxucular arzulayıram.

Deyirəm, görəsən, 524 qəzetdən indi neçəsi yaşayır?

 





18.12.2017    çap et  çap et