525.Az

Əsrin dörddə birinin yaşıdı və ya “525-ci qəzet”in örnək missiyası


 

Əsrin dörddə birinin yaşıdı <b style="color:red">və ya “525-ci qəzet”in örnək missiyası</b>

Azərbaycan ictimai-mədəni, ədəbi-estetik fikrinin inkişafında milli mət­bua­tı­mızın danılmaz rolu vardır. Bu mətbuat orqanlarından hər biri milli məfkurə, azərbaycançılıq,  dövlətçilik, türkçülük, maarif­çi­lik, milli heysiyyat, milli mədə­niy­yət və ədəbiyyatın formalaşmasında bacardığı qədər xidmət göstərmiş, düşüncə lokomotivizmin irəliləməsində əhəmiyyətli möv­qe qazanmışdır.

Bununla belə, bu gün əsrin dörddə biri qədər yaşı olan, milli tə­əs­süb­­keşlik hissimizin, dövlətçilik düşüncəmizin, iqtisadi, siyasi, mədəni müstəqil­li­yi­mizin nəinki inkişafına, həm də dövlətçilik konsepsiyamıza əməli köməklik göstərən, bu işi böyük şərəf və ləyaqətlə yerinə yetirən, tribun missiyasını öz  üzərinə götürən “525-ci qəzet”in fəaliyyəti  haqqında danışmamaq, bu fəaliyyətin əsaslı  konturlarını  görüb, təqdir etməmək insafsızlıq olardı. “525-ci qəzet” öz dəs­ti-xətti, öz prinsipləri, öz yanaşma meyarları, hadisələri işıqlandırma, faktlara münasibətdə obyektivliyi əks etdirmək baxımından  nəşr olunduğu ilk günlərdən bu günə qədər olduqca nəzərə çarpacaq bir əməl sahibi oldu.

“525-ci qəzet” sözün həqiqi mənasında öz təbliğatçılıq missiyasını boynuna götürdü. Dövlətçiliyimizin, milli mənəviyyatımızın,  xalq ideallarına sadiqliyin, mədəni varlığımızı qoruyub hifz etməyimizin  qarantına, bayraqdarına çevrildi. Ömrünün lap ilk günlərindən başlayaraq,  obyektivliyi özü üçün meyar götürdü. Heç vaxt konyuktur fikir və ideyaların təmsilçisinə çevrilmədi. Qəzetin yaradıcı kollektivi təsir altına düşmədi, yersiz dedi-qodunu, hərc-mərcliyi, səbatsızlığı, prinsipsizliyi öz iş təcrübəsində sınaqdan keçirmədi, özünə yaxın buraxmadı. Qütbləşmələr yaratmadı, sağlam yaradıcı yanaşmanı, praqmatik düşüncə tərzini özünün həyat kredosu kimi bəyan etdi. Belə bir yaradıcı platformada “525-ci qəzet”in yeri digər mətbuat orqanları sırasında xüsusi göründü.      

“525-ci qəzet”in belə bir məram və konsepsiya əsasında nəşr olun­ma­sın­da, oxucu rəğbəti qazanmasında, heç şübhəsiz ki, onun  baş redaktoru Rəşad Məcidin, onun müavinləri Yusif Rzayevin və Seyfəddin Hüseynlinin  və yaradıcı kollek­ti­vin,  redaksiya heyətinin rolu xüsusilə görünməkdədir.

“525-ci qəzet” gənc jurnalistlərə müxbirlik dəst-xətti, yaradıcılığa təzəcə baş­la­yan şair, yazıçı, publisistlərə sənət  sirlərinə yiyələnmə, ədəbiyyatşünaslara, tənqidçilərə, dilçilərə, filosoflara, estetlərə öz sahələrində püxtələşmə öyrədib. Orta və yaşlı ziyalı nəslin nümayəndələrinə qələm təcrübəsinin daha da təkmilləşməsini cilalaşıb. Məhz buna görə də “525-ci qəzet”in  Azərbaycan ədə­biy­ya­tının, mədə­niy­yətinin, ictimai və fəlsəfi  fikrinin, hərb tarixinin, döv­lət­çi­lik uğrunda müba­ri­zə­nin əsas konturlarını ortaya qoyub. Ortaya qoyub ki, Azərbaycan xalqı, onlar uğrunda mübarizə aparsınlar, onun gələcəyini şərəflə qorusunlar.

Mən “525-ci qəzet”i nədənsə lap çox istəyirəm, ona rəğbətim böyükdür. Çünki oxucu məhz bu qəzetdə özü üçün daim nə isə oxumağa maraqlı şeylər tapa bilir. Çünki bu qəzet nəşrə başlayan ilk illərdən mənim də ədəbiyyatımız, ədəbiyyatşünaslığımız, mədəniyyətimiz , folklorumuz,  epos düşüncəmiz,  ədəbi tənqidimizlə bağlı fikir və düşüncələrimə meydan verib.

Yadınızdadırsa,  Rusiyada XIX  40-cı illərindən böyük mütəfəkkir, şair, demokrat N.Nekrasovun baş redaktorluğu ilə “Sovremennik” jurnalı nəşr olunurdu. Bu jurnal həmin dövrlərdə öz ətrafında Rusiyanın bütün elitar ictimai, siyasi, sosial, mədəni, fəlsəfi, estetik, ədəbi təfəkkür sahiblərinin nəzər nöqtələrini yayır,  təbliğ edirdi. Mənim düşüncəmdə XX əsrin sonu – XXI əsrin ilk on illiklərindən “525-ci qəzet” Azərbaycanda həmin titanik missiyanı yerinə yetirməkdədir.    “525-ci qəzet”in plankası o qədər yüksəkdir və yuxarıdır ki, bu qəzetlə əməkdaşlıq etmək istəyən hər bir müəllif öncə özünü “525-ci qəzet” səviyyəsinə yaxın­laş­dır­ma­ğa kökləyib, məhz bundan sonra burada məqalələrinin çap olunmasına özünü layiq bilir. Bu, heç şübhəsiz ki, qəzetin baş redaktoru və onun redaksiya heyətinin öz işinə və qəzetçiliyə məsuliyyətlə yanaşması ilə bağlıdır.

Bu mətbuat orqanında yer almış məqalə və materialların qəzetçiliyin yüksək kondisiyaya uyğun olması baş redaktorun isə tələbkarlığını göz önündə canlan­dır­maq­dadır. Elə zənn edirəm ki, prof. C.Məmmədlinin “525-ci qəzet”in qəzetlə bağlı hazırladığı kitaba verdiyi “Zamanın sınağında” adı bu qəzetin doğrudan da 25 il ərzində keçdiyi mübarizə və əzmkarlıq, məqsədə doğru irəliləyişinin dolğun və məntiqi mənzərəsini yaradır. Bu mənzərədə Azərbaycan siyasi, ictimai, fəlsəfi, estetik, etik fikri, ədəbiyyatşünaslığımız, ədəbi tənqidimiz, dilçiliyimiz, jurna­lis­ti­ka­mız öz rənglərində yetərincə təqdim olunmuşdur. Yazıçı Əli İldırımoğlu qəzetin  məramını “İşıqlı yol”, şair Ramiz Rövşən “Azər­baycanın ən ziyalı qəzeti”, Yunus Oğuz “Zamanın sınağından alnıaçıq, üzüağ çıxan “525-ci qəzet”, akademik İsa Həbibbəyli ““525-ci qəzet” məktəbi”, akademik Abel Məhərrəmov “Ümummilli qəzet” kimi dəyərləndirmələri bu mətbuat orqanının mahiyyətini doğru-dürüst mövqedən açmağa tuşlanmışdır. Bu qəzetin vasitəsi ilə dövlətçilik, vətənçilik, vətənpərvərlik, vətəndaşlıq, Qarabağ, milli qeyrət, milli mənsubiyyət, milli tarix, etnik keçmişimizə bağlılıq, adət-ənənələrimizə, folklorumuza, epik örnəklərimizə, epos təfəkkürümüzə qayğı və sayğı ilə yanaşmaq istiqamətində gedən, yaxud aparılan işlərin ölçüyəgəlməz masştabı görünməkdədir.

“525-ci qəzet”in oxunaqlılığını və  populyarlığını sübut edən mühüm dəlil­lərdən biri də bu qəzetin tirajının kütləvilik baxımından Azərbaycan media məkanında ön sırada dayanmasıdır. Bir sözlə,  “525-ci qəzet” hamının qəzetidir. Onun həftə ərzində beş dəfə oxuculara təqdim olunması da bunu sübut edir. Bu qəzetdə xalqın bütün zümrələrindən, bütün təbəqələrindən olanlar öz mənəvi ehtiyaclarını təmin edə bilirlər. Çünki bu qəzetin amalı da, istəyi də xalq, dövlət, millət, Vətən qayğılarından su içməkdədir.

Ümumiyyətlə, “525-ci qəzet” Azərbaycan həyatının geniş panoramını yaratmış bir mətbuat orqanıdır. Mənim qənaətlərimə görə “525-ci qəzet”in onun baş redaktor Rəşad Məcid və redaksiya kollektivi tərəfindən elə mükəmməl və məsuliyyətli  bünövrəsi qoyulub ki, bu qəzet qərinələr, əsrlər keçsə də, öz yaradıcı missiyasını dəyişməyəcəkdir. Çünki bünövrə düzgün qoyulduqda, bina tikili, əzə­mətli görünməklə, həm də çox təlatümlərdən, zəlzələlərdən alnıaçıq, üzüağ çıxır.  Onun tağları, dirəkləri zədələnmir. Bax, “525-ci qəzet” də belədir.

“525-ci qəzet” nümunə yaratmış qəzetdir. Bu nümunə onun müxtəlif prob­lem­lərə həssaslıqla yanaşmaqla, öz simasını, öz kompozisiyasını, öz məzmun, üs­lub və stilistikasını formalaşdırmış qəzetdir. Hamlya yaxşı məlumdur ki, palaz-palaz materiallar dərc etmiş çoxsaylı qəzetlər var ki, onları necə səhifələməyə başlayırsan, eləcə də bir surətlə bağlayırsan. Çünki buarada oxumağa, təfəkkürü hərəkətə gətirməyə, hər hansı rasional fikrə rast gələ bilmirsən. Bu da maraqlıdır ki, “525-ci qəzet” həm də öz forma və məzmun əlvanlığı ilə Azərbaycan jurnalistikasına bir jurnalistlik mədəniyyəti gətirdi. İndiyə qədər jurnalistikamızda olanlara (nəzəri, təcrübi, metodoloji və s. aspektlər) öz səmərəli arşını ilə yanaşdı. “525-ci qəzet” (qəzet italyanca qadzetta” - ən ucuz şey) “qəzet” sözünün özünü də urvata mindirib, onun dəyərini artırdı. Və bu vüsət, bu yüksəliş nə yaxşı ki, bu gün də səngimir, uğurla davam etdirilir. “525-ci qəzet” jurnalistikanın və  jurnalistliyin professional simasını yaratmış qəzetdir. Əminliklə söyləyə bilərəm ki, “525-ci qəzet” söz sərvətimizin, dil varlığımızın, ədəbi dil imkanlarımızın qorunmasına və zənginləşməsinə öz töhvəsini vermiş mətbuat orqanıdır. Çünki “525-ci qəzet” dilimizin bütün yaruslarının, sahələrinin və bütün bəhslərinin – leksikologiyasının, frazeologiyasının, onomalogiyaslının, morfologiyasının, sintaksisinin və üslu­biy­yatının püxtələşməsinə xidmət edən qəzetdir.

“525-ci qəzet” jurnalistikamızın müdrikliyini və uzaqgörənliyini for­ma­laşdıran və sübut edən qəzetdir. Bu qəzet “örnək”, “ocaq” və s. kimi yüksək mənəvi dəyər və meyarları özündə uğurla birləşdirən qəzetdir. Qəzetin baş redaktoru Rəşad Məcidi əvvəllər bir şair kimi tanıyırdıqsa,  onun bu qəzetdə iş­lə­yən­dən sonra naşirlik potenasiyası, publisist məharəti ictimayyət üçün daha çox açıldı.

Azərbaycan mətbuatına və inkişafına “525-ci qəzet”in hələ nə qədər səmərə verəcəyinə ümid gələcəkdə daha da reallaşacaq və güclənəcəkdir. Çünki bu qəzet müstəqil düşüncəni, plüralist yanaşmanı, multikultural dəyərləri, demokratik yeniləşmələri öz məqsəd və məramına uyğunlaşdıran qəzetdir. “525-ci qəzet”in yolu gələcəyin kompası rolunu oynayacaq mətbu orqanı kimi onilliklər, qərinələr və əsrlərdən boylanacaqdır.

 





19.12.2017    çap et  çap et