525.Az

Bakıda Fələstinə yardım üzrə donor konfransı başlayıb


 

Bakıda Fələstinə yardım üzrə donor konfransı başlayıb<b style="color:red"></b> Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Fələstinə yardım üzrə donor konfransı keçirilir. APA-nın məlumatına görə, tədbir müqəddəs Qurandan ayələrin oxunması ilə başlanıb.
 
Konfransda açılış nitqi söyləyən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirakçıları prezident İlham Əliyevin adından salamlayıb. Bu kimi konfransların təkcə Fələstin xalqı üçün deyil, bütün müsəlman aləmi üçün əhəmiyyət kəsb etdiyini deyən XİN başçısı Fələstinin UNESCO-ya üzv qəbul olunmasını bu dövlətin müstəqilliyinin tanınması istiqamətində mühüm addımlardan biri adlandırıb.
 
Elmar Məmmədyarov Fələstinin yaxın gələcəkdə BMT-nin tamhüquqlu üzvü olacağına ümidvar olduğunu bildirib. Azərbaycanın Fələstinə hər zaman dəstək verdiyini deyən nazir bəyan edib ki, Fələstin xalqının həyat şəraitini yaxşılaşdırmaq son dərəcə vacibdir. O, Azərbaycanın Qüdsdə infrastruktur layihələrinin inkişafına vəsait ayırmaq barədə qərar qəbul etdiyini vurğulayıb.
 
Dağlıq Qarabağ münaqişəsi barədə danışan xarici işlər naziri qeyd edib ki, İƏT öz növbəsində bu məsələdə Azərbaycana hər zaman dəstək verib və ölkəmizin ərazi bütövlüyünü müdafiə edib.
 
Konfransda İƏT ölkələrinin, bir sıra beynəlxalq təşkilatların, o cümlədən İSESCO-nun, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının, İslam İnkişaf Bankının  rəhbərləri və təmsilçiləri iştirak edirlər.
 
Daha sonra sessiya işini qapalı rejimdə davam etdirib.
 
İştirakçılar Fələstinə 500 milyon dollar həcmində humanitar yardım göstərilməsini müzakirə edəcəklər. İƏT ölkələri tərəfindən ayrılan bu yardım paketi Fələstinin iqtisadiyyatının, səhiyyə və təhsil sisteminin inkişafına yönəldiləcək.
 
Qeyd edək ki, bu gün Bakıda həmçinin Fələstinə dəstək üzrə İslam maliyyə təhlükəsizliyi şəbəkəsinin yaradılmasına həsr olunan konfrans da keçiriləcək.
 





11.06.2013    çap et  çap et