525.Az

“Türk əsiri” Servantesin ömründə və irsində türk izləri


 

“Türk əsiri” Servantesin ömründə və irsində türk izləri<b style="color:red"></b>

Dünya tarixinin ən uzun müddətli imperiyalarından biri olan Osmanlı dövlətinin (1299–1922) Avropadakı nüfuzu tarixi-siyasi hadisələrdə fəal rol oynamaqla yanaşı, Qərb mədəniyyətinə də güclü şəkildə təsir göstərib.
 
Rəssamlıq, musiqi ilə birlikdə bədii ədəbiyyatda da türk tendensiyasına tez-tez təsadüf olunurdu. Orta əsrlərdə yazılmış ədəbi nümunələrə diqqət etdikdə, xüsusilə, Osmanlı dövlətinin nüfuz dairəsində olan, ona qarşı mübarizə aparan Avropa xalqları ədəbiyyatında türk obrazı, tarixi hadisələrdən alınmış süjetlər müşahidə olunmaqdadır. Bütün bu əsərlərdə türklərə qarşı münasibətin obyektiv olduğunu söyləmək mümkün deyil. Dəniz və quruda möhtəşəm istehkamlara malik, Şərqi Avropa, Cənub-Qərbi Asiya, Şimali Afrika və Atlantik okeanı kimi ərazilərdə hakimiyyətini quran böyük türk dövlətinin Qərb və xristian dünyasında əks təbliğatı çox güclü idi və bu, ədəbiyyata da təsirsiz qalmamışdır. Aralıq dənizindəki türk donanmaları, onun məşhur admirallarının Qərb ədəbiyyatı və filimlərində türk quldur dəstələri, korsanlar, piratlar, türk döyüşçülərinin yolkəsən quldurlar kimi təsvir edilməsi bu baxımdan təsadüfi deyil. Ona görə də Qərb ədəbiyyatında türklərə qarşı qeyri-obyektiv münasibətin səbəblərini araşdırmaq və onların yanlış fikirlərini təkzib etmək üçün həmin əsərlərə dövrünün tarixi hadisələrinin fonunda baxmaq, tarixi prosesləri öyrənmək lazımdır.

Burada bir məsələni də xüsusi qeyd etmək lazım gəlir. Məlum olduğu kimi, Qərb ədəbiyyatının tərcüməsi Azərbaycanda uzun müddət rus dili vasitəsilə gerçəkləşdirilmişdir. Bu əsərlərə baxdıqda türklərlə bağlı bəzi məqamların tərcümədə ixtisar olunduğu, türklərə qarşı sovet ideologiyasının hakim olduğu açıq-aydın görünməkdədir. Təəssüf doğuran məqamlardan biri də odur ki, son illərdə edilmiş təkrar nəşrlərdə, xüsusilə, əsərlərin şərh və izahlarında bəzi çox əhəmiyyətli məsələlər diqqətdən kənarda qalmış, millətimizə qarşı obyektiv olmayan münasibətin ifadəsinə laqeyd yanaşılmışdır.

XVI-XVII əsrlərdə türklər və avropalılar arasındakı siyasi-ictimai və hərbi münasibətlər ispan ədəbiyyatında da öz əksini tapmışdır. Xüsusilə, XVI əsrin ikinci yarısı, XVII əsrin əvvəllərində yaşayan ispan şairi, yazıçı və dramaturqu Migel de Servantes Saavedranın bir sıra əsərlərində türklərlə bağlı süjetlərə rast gəlinir. Bu da təsadüfi deyil, İnebahtı (Lepanto) Dəniz savaşında iştirak edən, sonra isə Əlcəzairdə beş il türk əsirliyində olan ispan ədibinin yaradıcılığında müasiri olduğu tarixi hadisələr - Osmanlı dövləti və Avropa dövlətlərinin Müqəddəs İttifaqı arasındakı sonuncu səlib müharibəsi və öz şəxsi həyat faktları geniş şəkildə ifadə olunmuşdur.

İnebahtı Dəniz Müharibəsi 7 oktyabr 1571-ci ildə baş vermişdir. “İslam Ansiklopedisi”ndə yazılır ki, iki donanma 7 oktyabr 1571-ci ildə qarşı-qarşıya gəldi. İki tərəfin gəmi sayı haqqında məlumatlar çox müxtəlifdir. Osmanlı donanmasında 230-a qədər gəmi, 25000 döyüşçü, müttəfiq donanmada isə 243 gəmi və 37000 döyüşçü var idi.

Müharibənin səbəbləri bəlli idi, Osmanlı dövlətinin nüfuzunun Avropada güclənməsi ona qarşı müqavimət tədbirlərinə yol açmışdır. Misir və İstanbul dəniz ticarəti yolunda böyük əngəllərə səbəb olan və xristian dəniz quldurlarının basqınlarına münbit şərait yaradan Venesiyanın əlində olan Kiprin Osmanlı dövləti tərəfindən alınması Avropa dövlətlərinin Osmanlılara qarşı mübarizəsini gücləndirdi. Papa V Pius İspanya kralı və Venesiya ilə birləşərək, 15 may 1571-ci ildə Müqəddəs İttifaq yaratdı və Osmanlı dövlətinə qarşı xaç yürüşünə başladı. İnebahtı Dəniz Müharibəsi türklərin məğlubiyyəti ilə başa çatmışdır. Bunun da müəyyən səbəbləri var idi. Dəniz müharibələrinin əfsanəsi hesab edilən türk donanmaları savaşın başladığı dönəmlərdə ağır günlərini yaşayırdı. Yenə də “İslam Ansiklopedisi”ndə qeyd olunur ki, iki donanma arasındakı əsl önəmli fərq Osmanlı donanmasının uzun sürən və yorucu döyüşlərdən sonra zəif düşməsi, müttəfiq donanmasının isə yeni bir qüvvətə sahib olması idi. Osmanlı donanmasından 20000 insanın öldüyü bu savaşda başda Kapitani-dərya Müəzzinzadə Ali Paşa olmaqla, on bir sancaq bəyi və alay bəyləri, bir çox rəislər həyatını itirdi. Yalnız Uluç Ali Paşa müttəfiq donanmasına verdiyi zərərdən sonra usta manevirlərlə özünə aid otuz gəmidən ibarət donanmanı döyüş meydanından çıxarmağı bacardı və sürətlə oradan uzaqlaşdı.

Bu müharibənin nəticəsindən məşhur “Don Kixot” əsərində bəhs edən M.Servantes türklərin dənizdəki yenilməzliyini ifadə edərək onların məğlubiyyətinin xristian dünyasına gətirdiyi sevinci belə ifadə etmişdir: “O gün xristianlıq üçün sevincli bir gün idi, çünki bütün millətlər türklərin dənizdə yenilməyəcəklərinə olan inamın nə qədər boş olduğunu görmüşdülər...”

M.Servantes də bu müharibədə iştirak etmişdir. 7 oktyabr 1571-ci il tarixində Osmanlı donanması ilə xristian donanması arasında baş verən İnebahtı (Lepanto) dəniz müharibəsində “Marquesa” adlı ispan gəmisində olan Servantes köksündən və sol əlindən yaralanır.

İspan yazıçısının müharibədə iştirakı da təsadüfi deyildi. 1568-ci ildə 21 yaşında olarkən İspaniyada dueldə rəqibini çox ağır yaralayan M.Servantes sağ qolunun kəsilməsi kimi ağır bir cəzaya layiq görülmüşdür. Buna görə də gənc yazar əvvəlcə Valensiyaya, sonra isə Katalunyaya getmişdir. Dana sonra isə M.Servantes İtalyaya getməyi qərara almışdır. Papalıq Venesiya, İspanya və Malta arasında ittifaq quraraq türklərə qarşı yürüş hazırlamağa başladığı zaman Servantes də Neapolda İspaniya qoşunlarına əsgər kimi yazılmışdı. Yəni cəzadan xilas olmaq cəhdləri və mövqe qazanmaq istəyi ispan yazıçısını da orduya gətirib çıxarmışdı.

İspan ədibi 1575-ci ildə gəmi ilə İtalyadan İspaniyaya dönərkən türk dənizçiləri tərəfindən əsir alınmış və o zaman Osmanlı dövlətinin hakimiyyəti altında olan Əlcəzairdə saxlanılmış, beş il müddətində, 1580-ci ilə qədər burada qalmışdır.

İspan mənbələrində də bu fakta təsadüf edirik. Luis Astrana Marhin Servantesə həsr etdiyi əsərində qeyd edir ki, 1575-ci ildə savaşdan 4 il keçdikdən sonra Servantes əsgəri fəaliyyətinə son qoymaq məqsədi ilə İspaniyaya qayıtdığı zaman gəmi Əlcəzairdən gələn türk gəmiləri tərəfindən ələ keçirilir. Türk döyüş gəmilərinin kapitanı Arnavut Mami (Memo və ya Mehmed ola bilər), “El Sol”ı zəbt edən gəminin rəisi isə Deli Mami adında biridir.

Əsir edilərək Əlcəzairə gətirilən M.Servantes Dəli Maminin köləsi olmuşdur. İspan yazıçısının əsirlikdəki həyatı digər əsirlərdən çox fərqlənmişdir, bunu həm onun yaradıcılığında, həm də müxtəlif mənbələrdəki məlumatlarda görürük. Orduda xüsusi mövqeyə malik olmasa da, Servantesin üzərində tapılan iki tövsiyə məktubu ona xüsusi yanaşılmasına səbəb olmuşdur. Servantesin üzərində Don Juan, Avstriya və Sessa hökmdarı tərəfindən Kral II Filipə yazılmış iki tövsiyə məktubunun tapılması ona çox önəmli bir şəxs kimi baxılmasına səbəb olmuşdur. Buna görə də ağası Dəli Mami qurtuluş axçası olaraq iki min qızıl kimi yüksək bir məbləğ istəyir. Servantes fəqir bir əslzadə olaraq bu qədər yüksək məbləği nə özünün, nə də ailəsinin ödəməsinin mümkün olmadığını dəfələrcə söyləsə də ağasını razı sala bilməmişdir.

Beş il müddətində türklərin əlində əsir qalan M.Servantesin dörd dəfə qaçmaq təşəbbüsündə olması cəhdinin belə yazıçıya qarşı ciddi cəza tədbirlərinin həyata keçirməsinə səbəb olmaması bir çox tədqiqatçıların da diqqət mərkəzində olmuşdur. Əvvəlcə Dəli Maminin köləsi olan M.Servantes bir qaçmaq cəhdindən sonra Həsən Paşa tərəfindən beş yüz altun qarşılığında ağasından satın alınmışdır. Burada M.Servantesin cəsarətli addımı və türk paşasının bir əsirin cəsarət və qorxmazlığını qiymətləndirilməsi diqqəti çəkməkdədir. Francisco Navarro məlumat verir ki, Servantes və başqalarını Paşanın hüzuruna gətirdikdə Servantes hadisəni təkbaşına planlaşdırdığını, bu işdə heç kəsin ona ortaq olmadığını və yalnız özünün cəzalandırılmasını söyləyərək bütün məsuliyyəti üzərinə götürmüşdür. Qaçmaq təşəbbüsündə olan əsirlərə ağır cəzalar verilməsi gərəkliyinə baxmayaraq, Həsən Paşa Servantesi cəzalandırmır və onu ağası Dəli Mamidən beş yüz qızıl qarşılığında satın alır.

Həsən Paşanın humanizminin kölgəsində əsirlik həyatı yaşayan ispan yazıçısının cəza almaqdan uzaq olması məsələlərini bir sıra tədqiqatçılar fərqli şəkildə dəyərləndirmişdirlər. Celia Viсas Olivella “Servantesin həyat izləri” əsərində 1579-cu ildə M.Servantesin son qaçmaq cəhdindən sonra Həsən Paşa tərəfindən falaqqaya qoyularaq qarnı və ayaqlarına iki min çubuq vurulması cəzası alsa da, bəlli olmayan səbəblərdən həmin cəzanın da həyata keçirilmədiyini yazır. Qərb tədqiqatçıları, əsasən, Servantes üçün alınacaq ödənişin müqabilində onun cəzasız buraxılması versiyasını irəli sürsələr də, təbii ki, məsələyə bu qədər bəsit yanaşmaq doğru olmazdı.

Türk tədqiqatçısı Ertüğrul Önalp M.Servantesin şəxsi durumu və əsirlikdəki şərtlərini nəzərə alaraq daha doğru qənaətləri ifadə etmişdir. Tədqiqatçı hesab edir ki, Servantes şikəst idi və yara aldığı sol qolunu istifadə edə bilmirdi, bu səbəbdən daş daşımaq, odun qırmaq işlərində çalışmaq, yaxud qayıqlarda kürək çəkmək kimi ağır işlərdə işlədilmədiyinə əmin ola bilərik... Ayrıca olaraq, İspaniyanın önəmli bir şəxsiyyəti zənn edilməsi səbəbi ilə digər əsirlərə nisbətən ona daha hörmətlə davranıldığını təxmin edirik. “Don Kixot” əsərində yazıçı özü də obrazının dili ilə ağası Həsən Paşadan pis bir münasibət görmədiyini “bir çırtma belə vurmadı” və “ən kiçik pis söz belə söyləmədi” sözləriylə açıqlayır. Ertüğrul Önalp ispan yazıçısının şəhərdə sərbəst gəzmək imkanları olduğunu, türklər, ərəblər və Əlcəzairdə olan bir çox xalqların nümayəndələri ilə dostluq münasibəti yaratdığını da diqqətə çatdırmışdır.

Nəhayət, 1580-ci ildə M.Servantes üçün tələb olunan məbləğ ödənilmiş və o, azad olunmuşdur.

M.Servantesin əsərlərində türklərə qarşı obyektiv olmayan fikirlərə rast gəlsək də, ifrat mövqe də müşahidə olunmur. Elə yazıçının ən məşhur “Lamançlı Don Kixot” əsərində azadlıq və əsarət haqqındakı fikirlərdə bunu aydın müşahidə etmək mümkündür.

Romanın yazıçının Əlcəzairdəki əsirlik həyatına işarə edən və azadlığı vəsf edən ən maraqlı məqamlarından biri LVIII fəslin əvvəlində təsvir edilmişdir. Qəsrdən ayrılan Don Kixot söyləyir: “Sanço, göylərin insanlara bəxş etdiyi ən qiymətli səxavətlərdən biri azadlıqdır. Heç bir xəzinə onunla müqayisə oluna bilməz: nə yer altında qızıl qalan, nə də dənizin dibində gizlənən xəzinə. Bir azadlıq uğrunda, bir də elə eynən azadlıq qədər qiymətli olan namus üstündə ömrü təhlükə qarşısında qoymaq olar və lazımdır, bunun əksinə insana üz verən ən böyük bədbəxtlik əsarətdir. Sanço, mən bunları, bax, buna görə deyirəm: İndicə tərk etdiyimiz bu qəsrdə bizə qulluq etdiklərini və bizi necə bolluqla təmin etdiklərini özün gördün, bununla belə bütün bu dəstgahlı yeməklərə, sərinləşdirici içkilərə baxmayaraq, şəxsən mənə elə gəlirdi ki, guya aclıq əzabı çəkirəm, çünki mən bunların hamısını özümünkü kimi sərbəstcəsinə dadmırdım; bir də ki, xeyirxahlıq və mərhəmətin insan çiyninə qoyduğu borc yükü insan ruhunun azadlığını sıxan buxovlardır”. Yazıçının “xeyirxahlıq və mərhəmətin insan çiyninə qoyduğu borc yükü”nü beş illik əsarəti dövründə türklərin ona göstərdiyi qayğısının etirafı kimi anlamaq lazımdır.

Tarixi faktlardan da məlum olduğu kimi, Osmanlı dövləti Aralıq dənizində güclü, sarsılmaz donanmaya sahib idi və bir çox Qərb əsərlərində pirat, quldur dəstəsi kimi qeyd olunan Osmanlı donanmasının məşhur admiralları fəaliyyət göstərirdi. Türklərin Avropada qazandıqları nüfuzun qisasını almaq üçün isə sözügedən dövr üçün kifayət qədər güclü olan İspaniya tərəfi də ciddi şəkildə mübarizə aparırdı.

“Lamançlı Don Kixot” əsərində türk sultanının böyük bir donanma ilə dənizə çıxması da qeyd olunmuşdur: “Keşiş… yeri gəlmişkən türk sultanının böyük bir donanma ilə dənizə çıxdığını doğru xəbər kimi çatdırdı. Amma, sən demə, sultanın nə məqsəd izlədiyini və bu dəhşətli tufanın harada qopacağını heç kəs bilmir, guya bütün xristian aləmi, demək olar ki, həmişə olduğu kimi yenə də qorxuya düşüb həyəcan keçirir, əlahəzrət isə Neapol, Sicilya və Malta adaları sahillərini bərkitmək üçün göstəriş vermişdir”. Əsərdə xristian aləminin təşvişə düşməsi, əlahəzrətin ehtiyat tədbirləri görməsinin təsvirindəki kinayəli münasibəti də sezmək mümkündür. Sançonun dilindən “mən nə qədər türksəmsə, onlar da o qədər rahib və bərbər” kimi kinayəli cümlələrində də eyni münasibət hiss olunmaqdadır.

Əsərin dilimizə tərcüməsinin izahlar hissəsində belə bir qeydə təsadüf edirik: “O vaxt İspanyanın sahilləri, xüsusən Aralıq dənizi hövzəsindəki ispan torpaqları olan Neapol, Silsiliya və Malta türk korsanlarının hücum təhlükəsi qarşısında idi”. Tarixi faktların bu qədər bəsit və türk millətinin mövqeyinə zidd şəkildə göstərilməsi, təəssüf ki, sovet dövrünün ənənəsinin davamıdır və yeni nəşrlərdə də diqqətdən yayınmışdır. Osmanlı donanması - “Donanma-yı Humayun” XIV əsrdə qurulmuşdur. Qara dəniz və Aralıq dənizində Osmanlı donanmasının böyük nüfuzu var idi. 1538-ci ildə Barbaros Hayreddin Paşanın komandanlığında Yunanstanın şimalındakı Prevezedə  Papa III Paulun cəhdi ilə toplanmış xaç donanması, daha sonra isə 1560-cı ildə Tunisin Cerbe adasında İspaniya qüvvələrinin başçılıq etdiyi Səlib donanması ilə  Kaptan-ı Derya Piyale Paşanın başçılığı altında olan Dəniz müharibələrində Osmanlı donanması böyük qələbə qazanmışdır. Hətta İnebahtı Dəniz müharibəsində məğlub olduqdan sonra Osmanlı donanması öz gücünü bərpa etməyi bacarmışdır. Böyük bir dövlət və onun nəhəng donanmasının əsgərlərini quldur dəstəsi kimi təqdim etmək tarixi faktları təkzib etməkdir.

İnebahtı Dəniz Müharibəsinin başlanması səbəbləri də Servantesin romanında öz əksini tapmışdır. Əsərdə deyilir: “Flandersə gəlişimdən bir müddət sonra Papa V Pius həzrətlərinin cəhdi ilə ortaq düşmənimiz türklərə qarşı Venesiya Respublikası ilə İspaniyanın bir ittifaq təşkil etdiklərini öyrəndim. Türklər o zaman Venesiyaya aid olan Kipri ələ keçirmişdilər, bu bizim üçün çox böyük bir itki idi. Kralımız Majesteleri Don Filipin ögey qardaşı olan Don Juan de Austria həzrətləri bu ortaq donanmanın komandanlığına gətirilmişdir və böyük döyüş hazırlıqları görüldüyü eşidilirdi”.

“Lamançlı Don Kixot” əsərində M.Servantes şəcərələr haqqında danışarkən də Osmanlılara öz münasibətini bildirmişdir. “…Dünyada olan bütün şəcərələri dörd növə bölmək olar, yəni elə şəcərə var ki, onun əvvəli kiçik olur, lakin yavaş-yavaş genişlənib çoxalır və nəhayət ən yüksək böyüklük dərəcəsinə çatır…” Digər şəcərələri də dəyərləndirdikdən sonra yazıçı qeyd edir: “Birinci növə, daha doğrusu, sadə başlanğıcı olan və durmadan yüksələn şəcərəyə Osman Evini misal çəkmək olar: onun əsasını sadə və təvazökar bir çoban qoymuşdur; amma indi biz bu sülalənin hansı yüksəkliyə çatdığını görürük”. Gördüyümüz kimi, Osmanlı dövlətinin mövcud zamandakı gücünü ispan yazıçısı da etiraf edir.

Romanda türklərin çox qədim dövrlərdən gələn və mühüm özəlliyi hesab edilən cəhətlərinə diqqət yetirilməsi M.Servantesin türklər haqqında kifayət qədər məlumata sahib olmasından xəbər verir.

M.Servantesin digər əsərlərində də türk süjetlərinə təsadüf edirik. Hər halda ispan yazıçısının beş illik əsirlik həyatı, eləcə də yaşadığı dövrdə ölkəsinin türklərlə daim müxtəlif formalarda təmasda olması ona türk insanı haqqında kifayət qədər təəssürat yaratmaq imkanı vermişdir. Beş il müddətində bir dəfə də olsun ciddi cəza almayan, hətta qaçmaq təşəbbüsləri belə türk paşalarının humanizmi nəticəsində cəzasız qarşılanan ispan yazıçısının türklərə minnət borcu olduğunu da söyləməyə haqq verir.

Qeyd etmək lazımdır ki, dünya ədəbiyyatını öyrənərkən tədqiqat obyektinə çevirdiyimiz yazıçı və bədii nümunənin real tarixini, sözügedən zamanın ictimai-siyasi və mədəni şərtlərini mütləq nəzərə almaq lazımdır. Qərb mədəniyyətində türk, eyni zamanda, islam mədəniyyəti hər zaman öz tarixi adı və gerçəkliyində təqdim olunmur. Bunu mədəniyyətin hər bir sahəsində müşahidə etdiyimiz kimi bədii ədəbiyyatda da görürük. Ona görə də ədəbiyyat tarixinin müəyyən bir mərhələsindəki ədəbiyyatı həmin dövrün coğrafi, tarixi, mədəni xəritəsi və özəllikləri fonunda araşdırmaq, ilk baxışda görülməyən məqamlara diqqət yetirmək lazımdır.

 





21.12.2017    çap et  çap et