525.Az

Türkiyənin səfiri media rəhbərləri ilə görüşdü


 

Türkiyənin səfiri media rəhbərləri ilə görüşdü<b style="color:red"></b>

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri İsmayıl Alper Coşkun media rəhbərləri ilə birgə nahar edib.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan media rəhbərlərini salamlayan səfir burda keçirdiyi görüşlər barədə məlumat verib.

O bildirib ki, 23 il Türkiyə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb: “İlk səfir vəzifəmə Azərbaycanda başlamağım da mənim üçün ayrıca bir qürurdur. Təəssüf ki, səfir kimi gəlişim həm də Azərbaycana ilk gəlişim oldu. Amma Türkiyə üçün Azərbaycan doğma bir yer olduğuna görə mən buranı yaxından təqib etmişəm, bu ölkə ilə bağlı zəngin bilgilərim var. Azərbaycanda doğma evimdə olduğum kimi rahatam, burda heç xarici ölkədə yaşadığımı hiss etmədim. Getdiyim hər yerdə, görüşdüyüm hər insanda doğmalıq, Türkiyəyə olan sevgini gördüm”.

Səfir Azərbaycan və Türkiyə əlaqələrindən danışıb. O, Dağlıq Qarabağ problemi ilə bağlı Türkiyə dövlətinin iradəsini, bu mövqeyin dönməz olduğunu bir daha xatırladıb.

İ.A. Coşkun Azərbaycanın inkişafının hər bir türk kimi onu da məmnun etdiyini vurğulayıb: “Türkiyədən izlədiyim mənzərəni indi canlı görə bilirəm. Azərbaycanın inkişafı, Bakının, bölgələrin gözəlləşməsi məni sevindirir. Burda gəldiyim iki həftə müddətində çox yerlə tanış olmağa vaxtım çatmayıb. Amma yeni tikilən Şahdağ turizm bazasında olmuşam. Qarşıdakı vaxtlarda bu ölkənin hər yerini tanımağa çalışacağam”.

Türkiyə səfirliyinin indiyə qədər gördüyü işləri davam etdirəcəyini bildirən diplomat iş adamları və media ilə yaxın əlaqələrini bundan sonra da davam etdirəcəyini deyib.

 





03.10.2012    çap et  çap et