525.Az

Milli Şura rəhbərinin donuz əhvalatı


 

SEYİD CAMAL ƏZİMBƏYLİ: “RÜSTƏM İBRAHİMBƏYOV BU HƏRƏKƏTİ İLƏ DİNDAR ƏHALİYƏ SOYUQ MÜNASİBƏTİNİ ORTAYA QOYDU”

Milli Şura rəhbərinin donuz əhvalatı<b style="color:red"></b>

İyunun 1-də Rusiyanın ORT telekanalı ilə nümayiş etdirilən Andrey Malaxovla “Bu gün axşam” populyar veriliş tanınmış aktyor Aleksandr Abdulova həsr edilmişdi. Proqramda kinorejissor Rüstəm İbrahimbəyov da iştirak edib.  “Olaylar” informasiya agentliyinin məlumatına görə, veriliş kədərli notlar üzərində qurulmuşdu. İbrahimbəyov isə bunu nəzərə alaraq proqramın sonluğunun kədərli notlar üzərində qurulmasını istəmədiyini və qastronomik mövzu ilə auditoriyanın əhval-ruhiyyəsini dəyişmək niyyətində olduğunu bildirib. O, deyib ki “Mənim talismanım məni qoru” adlı filmin çəkilişi ilə bağlı Voldinə gedərək filmdə baş rolda olan Abdulovla görüşüb. Abdulov ona sürprizi olduğunu bildirib və İbrahimbəyovu donuz fermasına gətirib. Fermada Abdulov İbrahimbəyova donuz seçdiyini və onu kəsmək istədiyini deyib: “Donuz nəsə narahat oldu, insan, uşaq səsi ilə qışqırmağa başladı. Bir də gördüm ki, kimsə, nəsə mənim yanımdan səs sürəti ilə keçdi. Baxdım ki, Saşadı, hər şeyi rüsvayçı şəkildə atıb qaçır. Düzdür, sonra o donuzu bizə gətirdilər”. Qeyd edək ki, Rüstəm İbrahimbəyov müsəlmandır və İslamın müqəddəs kitabı “Qurani-Kərim” donuz müsəlmanlar üçün haram buyrulub. İlahiyyatçı Elşad Miri hesab edir ki, donuzun insanlar üçün haram olması təkcə İslamda olan məsələ deyil, yəhudi dinində də donuz əti, yağı haramdır və bu gün də yəhudilər heç vaxt donuz əti və yağının istifadə edildiyi məhsulları yemirlər. Elşad Miri bildirdi ki, İsraildə halal olan məhsulların üzərində “koşer”, ya da ki, “kaşar” sözlərini işlədirlər ki, həmin sözlər də yəhudi dilində “halal” mənasını verir: “Xristianlar üçün də donuz Allah tərəfindən haram buyrulub. Lakin sonrakı dövrlərdə “İncil” də edilən müəyyən təfsirlərdən sonra həmin hökmü dəyişiblər. “Qurani-Kərim”in “Maidə” surəsinin 90-cı ayəsində isə donuz əti müsəlmanlara haram edildi. İslam dini yaranmamışdan qabaq da ərəblər donuzun nə olduğunu bilmirdilər. Heç bilmirdilər ki, xınzır deyilən və mənası donuz olan söz nə deməkdir. Onlar ancaq donuzları müxtəlif ölkələrdə görmüşdülər. Ərəbistan yarımadası isti iqlimə sahib olduğu üçün orada heç vaxt donuz olmayıb, nə də ki, bu heyvan saxlanılıb. İslam dini təkcə müsəlmanlara yox, bütün millətlərə göndərilmiş bir dindir. Müsəlmanlara donuz əti Allah tərəfindən haram buyrulduğu üçün nəinki isti, heç soyuq iqlimdə yaşasalar belə yemirlər. Bu gün müasir tibb sübut edir ki, donuz əti yeyən insanlarda “trixin” adlanan xəstəlik əmələ gəlir. Həmin xəstəliyə heç vaxt müsəlman dövlətlərində rast gəlmək mümkün deyil. Donuz ətindən istifadə edilən ölkələrdə isə “trixin” xəstəliyi geniş yayılmış bir bəladır. Müsəlmanlar isə haram buyrulduğu üçün donuz yemir və buna görə heç vaxt peşiman deyillər. Donuz əti yeməmək həm sağlamlıqdır, həm də savabdır”.

Bu barədə “525”ə açıqlamasında şərqşünas, Qarabağ seyid ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli bildirib ki, Milli Şuranın rəhbəri, ictimaiyyətin diqqət mərkəzində olan R.İbrahimbəyovun bu cür çıxışlarla yadda qalması təkcə dindar əhaliyə deyil, eyni zamanda İslam mənəvi dəyərləri ilə yaşayan Azərbaycan xalqına qarşı hörmətsizlikdir: “Biz dünyəvi ölkə olsaq da Azərbaycan dövlətinin mənbəyi Azərbaycan xalqıdır. Bu baxımdan dünyəviliyimizlə bərabər milli dəyərlərimizə sahib çıxan xalqımızın müsəlman dini kimliyi bəllidir. Ona görə də siyasi hadisələrin önündə olan hər bir şəxs söylədiyi fikirləri redaktə etməyi bacarmalıdır. Rüstəm İbrahimbəyov əgər həqiqətən də özünü birləşdirici fiqur olaraq cəmiyyətə, topluma qəbul etdirmək gücündə olduğunu iddia edirsə, söylədiyi hər bir fikrə diqqət yetirməlidir. Xüsusi olaraq da Milli Şurada islamçı, dindar şəxslərin də yer tutduğunu nəzərə alsaq, bu hadisə təkcə onlara qarşı deyil, həmçinin İslam mənəviyyatı daşıyıcısı olan Azərbaycan vətəndaşlarına qarşı qəbul edilməzdir. Milli Şurada olan inanclı kəsim üçün yəqin ki, ciddi düşünməyə hələ vaxt var. Bəlkə də bu hadisələrin süjeti də siyasi motivlər daşıyır. Bununla Rüstəm İbrahimbəyov rus kanalları vasitəsilə özünün rus mətbəxinə, rus təfəkkürünə heç də yad olmadığını göstərib. Ola bilsin ki, müxtəlif siyasətçilərimizdən də kimlərsə ara-sıra donuz əti ilə qidalanırlar. Lakin onlar əhalinin dini dəyərlərinə hörmət edərək bunu cəmiyyətə bəyan etmirlər. Rüstəm İbrahimbəyov isə bu əhvalatı ictimailəşdirərək dindar əhaliyə soyuq münasibətini ortaya qoymuş oldu”.

Ceyhun ABASOV

 





11.06.2013    çap et  çap et