525.Az

"Hər günümdə bir damla yaş kirpikdə üzərlik..." - Şeirlər


 

"Hər günümdə bir damla yaş kirpikdə üzərlik..." - <b style="color:red">Şeirlər </b>

Hər günümdə bir damla
Yaş kirpikdə üzərlik...
Gözlərimdə qorunur -
Yar, səndəki gözəllik!..

Qarşımda dayanmağın
Xoşbəxtliyi ölçüsüz...
Könlümdəki arzunu -
Qoy mən deyim elçisiz!..

Sarıl mənə, sən elə
Sarıl ki, biz tam olaq...
İkimiz bir doğulmuş -
Bütöv bir adam olaq!..

lll

Bəxtim gətirmədi
bilirsən niyə?
Öncə
səsini eşitməyə,
sonra
üzünü görməyə,
gözünü öpməyə
gecikdim...
amma
bil ki,
səsini,
üzünü,
gözünü -
bütövlükdə özünü
öncə görə bilsəydim
nə vardı indi
sevə-sevə ölməyə?!

lll

Pərvanə tək dolandım,
Görmədin amma məni...
Varlığımı qəbul et -
Sən Allah, danma məni!

Titrəyir ruhun simi
Üst-üstədi dərd çimi!
Axan bir ulduz kimi -
Heç zaman anma məni!..

Kərpic düşmüş sarayam
Səsəm, ünəm, harayam..
Yarımçığam, parayam -
İnsaf et, tamla məni!

lll

Tanrıdan istədiyim
Dinclikdi ürəyinə!
Bu dinclik sevgi qatsın -
Duzuna, çörəyinə...

Tanrıdan istədiyim
Təbəssümdü gözünə...
Bizim olan dünyanı -
Sən cənnət bil, özünə!

Tanrıdan istədiyim
Xəyalında olandı...
Bu istəklə sən məni -
Yar, başına dolandır!

lll

Səni görməyəndə səbrim daralır
Səni görəndə də havalanıram...
Səni görməyəndə ömrüm qaralır-
Mən səni özümə hava sanıram!..

İşıqsan, atəşsən, bir az da mehsən
İşıqda, atəşdə, mehdə yanıram...
Dan üzü ruhumu oxşayan şehsən -
Sənə İlahi tək mən inanıram!..
Sevincsən, kədərsən, vüsalsan, qəmsən
Yağışsan, dolusan, boransan, qarsan...
Sən də mənim kimi kirpiyi nəmsən -
Şükür ki, tək mənə həyatsan, yarsan!

Dünyam varlığında, sənsə dünyada
Pərvanə doğuldun sevginə sənin!
Bir fikri salıram mən hər gün yada -
Ürəyim tapıbdı səndə Vətənin!

lll

Mən danışım, sən mürgülə
Qollarımın üstü yerin...
Ürəyim kövrək sevginə -
Kaş olsun ən isti yerin!

Bil, məndəki bir umuddu
Gözlərim dolu buluddu...
Gözün gözümü unutdu-
Öz-özündən küsdü yerin...

Xəyal qurdum - baxam səndə
Şimşək kimi çaxam səndə...
Ürəyim, həm yaxam səndə -
Deməli, ən pisdi yerin!

lll

Mən bitmiş, tükənmiş adam
Göyə də, yerə də yadam...
Sənə də çatmayan sədam -
Qoy ölsün, içimdə mənim!

Tapındım sənə son din tək
Qapını döydüm, səs-ün tək...
Dolandım başına gün tək -
Əridi gücüm də mənim...

Uzaq yox, yaxın olacaq
Mənsiz gün "ah"ın olacaq...
Bir az günahın olacaq -
Bu vaxtsız köçümdə mənim!

lll

Daha kimsə arzu etmir
Yordum mən, hamını yordum...
Dərd də boğazımdan getmir -
Sordum mən, tamını sordum...

Nə varsa bəxtin özündə
İstədim yanam közümdə...
Sevdiyim qızın gözündə -
Mən sönən şamımı gördüm...

Bu ömrü axşam, ya səhər
Sona çatdırın bir təhər...
Sinəmdəki düyün, qəhər -
Vermədi, yamını gördüm!..

lll

Yorub salmışam əldən
Halı yoxdu səslənə...
Sevdiyi qucaq açmır
Girib orda bəslənə -
Ürəyim...

Qaranlıqda ulayan
Küləyin səsi kimi...
Özünə ağı deyir
Özünün kəsi kimi -
Ürəyim...

O halsız halımda da
Yenə yönü sənədi...
Sevənlərin olmadı -
Sevdiyim bir dənədi -
Ürəyim!

lll

Mənim də günəşim olubdu yəqin
Mənim də ulduzum hardasa qalıb...
Bəxtimin açarın gətirən mələk -
Ulduzu itirib hardasa salıb...

Üzümdən-gözümdən tökülən kədər
Heç kimə xoş deyil bir damla qədər...
Demək, mən çəkirəm bu yükü hədər -
Ürək borcu kimi boynuma alıb...

Anlamaq çətindi, amma gərəkdi
Dizim yer şumladı, əlim vər əkdi...
Gözünün önündə ağ bir vərəqdi -
Yazarsan sən məni xəyala dalıb...

lll

Yenə qaçıb gəlmişəm
Xatirələr bağına...
Şehli bir sükut çöküb -
Çiçəklərin tağına...

Hər ləçəkdə göz yeri
Pıçıltılı söz yeri...
Ürəyimdə köz yeri -
Toxunmuram dağıla...

Dərvişəm mən həyatda...
Dərd üstdədi mən altda!
Aman Allah, mən adda -
Qar yağıbdı dağına...

Demirəm sən də dön, gəl,
Nə yol dəyiş, nə döndər...
İki qərənfil göndər -
Ömrümün bu çağına...

lll

Düşünürdüm şəklini
Sözlə çəkməyim daha...
Çəkdiyim hər şəkillə -
Batdığımçün günaha!..

Ruhumu oda salıb
Ağlımı başdan alıb...
Göz qırpımı yol qalıb -
Gülüm, artıq sabaha!..

Yumruq tək sıxılıram
İçimdən yıxılıram...
Bir sənə sığınıram -
İnan, bir də Allaha!..

lll

Ümid külündən özgə
Heç nə yoxdur içimdə...
O külü sovurmağa -
Daha çatmır gücüm də!

Biganəlik zirvəsi
Çəkib səni özünə...
Önündə dayansam da -
Dəymirəm ki gözünə!

Sanki yoxam, mən hətta
Əlinə bulaşmıram...
Şeh kimi kipriynə,
Telinə dolaşmıram...

Bu qədər buzlaşmanın
Zərəri var sənə də...
O soyuqluq damacaq -
Məzarımda mənə də!..

lll

Elə anım yoxdu ki,
O anda olmayasan...
İşıq kimi, nur kimi -
Ruhuma dolmayasan!..

Ürək axşam və səhər
Gözləyir hər gün xəbər...
Bəlkə ömrə bərabər -
Bir ümid yollayasan?!

Unut özgə fitnəsin
Vaxt ortada itməsin...
Mənim ömrüm bitməsin -
Sən isə solmayasan!..

lll
 
Hər bir ada yazılıb
Əl boyda - para kağız...
O da həm son məktubdu -
Həm də ki, Qara kağız!..

Orda vida notları
Orda ayrılıq yatır...
Qəribədir, son məktub -
Qara kağız tez çatır?!
Təlaşlanma, deyəsən
Qapı döyür poçtalyon...
İstəmirəm döyəsən -
Dizlərinə... bu da son...

lll

Tumurcuğu çırtlamış
Təzə dərdim, tər dərdim...
Mən səni şehli-şehli -
Təzə dərdim, tər dərdim!..

Sarıldın sən də mənə
Eşq vardı səndə mənə...
Titrəmə, səndələmə -
Sən də məni dər, dərdim!..

Qarışaq sirdaş olaq
Bir divar, bir daş olaq!..
Dərdlərə bir qaş olaq -
Sən üstündə zər, dərdim!..

lll

Bir təklifim var, ömrüm,
Gəl səssizcə dayanaq...
Ruhumuz nəfəs alsın -
Biz nəfəsə boyanaq...

Gözlərimiz dincəlsin
Kirpiklərimiz dinsin...
Bu qəribə söhbətdən -
Ürəyimiz isinsin...

Bir də bizdən xəbərsiz
Toxunsun bir-birinə...
Əlimiz ülfət qatsın -
Söhbətin bu yerinə...

Təklif könlüncədisə
Kirpikləri öpüşdür...
Ürəyində nə varsa -
Ürəyimlə bölüşdür...

lll

Heç nə yoxdu həyatda
Heç kim də olmayıbdı...
Mən adlı həyatında -
Köçkün də olmayıbdı!..

Yüyürən yıxılacaq
Yıxılıb sıxılacaq...
Mənim də sığınacaq -
Köşküm də olmayıbdı...

Düşün, nə də ki, yad et
Məni yuxu hesab et...
Bir ovuc torpaq at, get -
Eşqin də olmayıbdı...

lll

Üz-gözümdən qəriblik
Yuxu kimi tökülür...
Dan yeri də gözümün-
Lap dibindən sökülür...

Pəncərədən dənizə
Düşən işığa baxıb...
Qarışıram dənizə -
İşıqla birgə axıb...

İçimdəki dünyanı
Dalğalara çırpıram...
Qərq olan mən - Sahildə
bəs o kimdi çırpınan?!

lll

Saxlayanım beş əlli
Qədərdi, qədər mənim...
Ürəyimə təsəlli-
Kədərdi, kədər mənim...

Bulud tək çökməyin də
Göz yumub tökməyin də...
Dərdimi çəkməyin də-
Hədərdi, hədər mənim...

Hər gün artır göynəyim
Soruşmuram neyləyim?!
Haqqım yoxdu söyləyim-
Nə dərmə, nə dər! - mənim...

 





23.12.2017    çap et  çap et