525.Az

Oğulluq örnəyi və Qabilşünaslığa sanballı töhfə


 

Oğulluq örnəyi və Qabilşünaslığa sanballı töhfə<b style="color:red"></b>

Xalq şairi Qabilin 7 cildliyi – əsərlərinin külliyyatı gün üzü görüb. Qabilin ruhu şad, oğlunun üzü ağ olsun! Bu münasibətlə Mahir Qabiloğlunu alqışlayır, bütün Qabilsevərləri təbrik edirəm!

Elə bilirəm, bir Xalq şairinin əsərlərinin külliyyatı, bütövlükdə şeir-sənət dünyamız üçün əlamətdar hadisədir. Ən azından, hansısa şeirsevər, araşdırmaçı kitabxanalarda fərqli illərə aid, fərqli əlifbalarda fərqli nəşriyyatlarda çıxmış kitabları axtarmaq məcburiyyətində qalmayacaq. – Bir şairin yaradıcılığını, necə deyərlər, bir əldən, toplu şəkildə izləmək, araşdırmaq imkanına yiyələnmiş olacaq. Əlbəttə, 7 cildliyin məhdud sayda, hər cildin cəmi 300 ədəd buraxılması, bütün arzu edənlərin bu qiymətli nəşri əldə etməsini mümkün etməyə bilər, lakin artıq “e-kitab” deyə bir gerçəklik var və məncə, Mahir Qabiloğlu bu qiymətli işini internet resurslarına yükləməklə də yükümlüdür. – Onun 7 cildliyi kitabxanalarımıza təqdim edəcəyinə (yaxud etdiyinə) şübhəm olmasa da, “pdf” formatda uyğun internet resurslarına (məs., kitabxana.net) yüklənməsi daha təsirli olar, deyə düşünürəm.

***

Mənim bildiyim qədər, rəhmətliyin öz sağlığında bu keyfiyyət və bu miqyasda kitabları çıxmamışdı. Bax, bu fakt özlüyündə, görülən işin nə qədər dərin məzmun daşıdığını – dəyərini göstərməkdədir. – Təsəvvür edin, Xalq şairi, Yazıçılar Birliyi Ağsaqqallar Şurasının başçısı, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmiş, üstəlik, bir sözünü iki eləməyən dostları olan Qabil, öz sağlığnda bu miqyasda kitab(lar)ı çıxarmazkən, oğlu – hələ rəsmi titulları olmayan, Qabil qədər ün qazanmamış və Qabil qədər imkanlı dostlara sahib olmayan Mahir bu böyük və sorumlu işin öhdəsindən gəlməyi bacarıb!

Qabilin 7 cildliyi haqqında mətbuatda müəyyən informativ yazılar çıxsa da, hesab edirəm, daha bir neçə özəlliyi, məqamı vurğulamaqda yarar var.

-Bu 7 cildlik, XX yüzilliyin 40-cı illərindən bəri Azərbaycan dilinin inkişaf tendensiya(lar)ını, yazı (qrammatik) dəyişimlərinı və s. izləmək imkanı verir;

-Bir şairin özlüyündə inkişaf xəttini, öz-özünü ötmə mənzərələrini göstərir;

-Təlatümlü XX yüzil tarximizin önəmli bir hissəsini bir ədibin yaradıcılığı misalında müşahidə etməyə imkan verir;

-Oğul vəfasını təcəlli etdirir – bu heç də hər şairin övladının bacardığı iş deyil. Mahir bir tədqiqat institutunun işini təkbaşına görüb!

-Mahirin bu işi bir ÖRNƏK təşkil edir;

Daha nələri fərqləndirmək olar?

7 cildlik:

-Ədəbiyyatşünaslığımıza, şeir bilicilərinə, başqa sözlə, Qabilşünaslığa sanballı töhfədir;

-Şairlərin akademik nəşrləri hazırlanarkən bir model olaraq nəzərdən keçirilə bilər;

-Qabilin 7 cildliyi akademik nəşrlərin hazırlanması mexanizmi ilə bağlı müəyyən sualların, problemlərin olduğunu ortaya çıxardı. – Məs., şairin özünün heç bir kitabına daxil etmədiyi yaxud daxil etməyə ehtiyac duymadığı şeir(lər)in də çoxcildliyə daxil edilməsi, sözlərin (əsasən alınma sözlərin) yazılışı ilə (o cümlədən apostroflu sözlərlə və s.) bağlı…

Bunlarla yanaşı, Mahir Qabiloğlunun bu unikal işi müəyyən qüsurlardan da xali deyil. – Bu, əsərlərin qruplaşdırılması, janr təyinatı (məs., bir sıra uzun şeirlərin poema kimi təqdim edilməsi), şəkillərin seçimi, kitabın, şairin tanıdılması üçün istifadə edilən köhnəlmiş (gərəksiz! – məs., “tərcümeyi-hal”) ərəb-fars sözlərindən istifadə, habelə bir xeyli texniki xarakterli sayıla biləcək (bəlkə də, ilk baxışda texniki təsir bağışlayan) yazı şəkli ilə və s. bağlıdır. Lakin ustadoğlunun titanik çalışmaları sayəsində ortalığa çıxmış bu ciddi işi, işin miqyası ilə qiyasladıqda “ufaq-təfək” görünən nəsnələrlə xarakterizə etməkdən uzağam. Ona görə də, gur səslə demək istəyirəm:

Mahir, sağ ol!

Sanki “Gedən yerim olaydı”, “Səhv düşəndə yerimiz”, “Küləkli havalarda, yağışlı havalarda”, “Tramvay parka gedir” , “Ümid sənədir ancaq”… və əlbəttə, “Nəsimi” yenidən yazıldı..!

2017, dekabr

 





25.12.2017    çap et  çap et