525.Az

“Dünya sözə qalacaq...”


 

PROFESSOR CAHANGİR MƏMMƏDLİNİN EYNİADLI KİTABINI OXUYARKƏN...

“Dünya sözə qalacaq...”<b style="color:red"></b>

Dünya və Azərbaycan ədəbiyyatşünaslıq təcrübəsi sübut edir ki, bədii əsəri səriştəli təhlil üçün mütləq sənin özünün də bu sahədə yaradıcılıq təxəyyülün və söz duyumun olmalıdır.

Belə halda ədəbi təhlil və ədəbi tənqid daha səmərəli olur, oxucunu düzgün istiqamətləndirə bilir. Azərbaycanın istər klassik, istərsə də müasir ədəbi mühitində həm bədii söz sənətini, həm də ədəbiyyatşünaslığın mühüm qolu olan ədəbi tənqidi sinxron halda öz yaradıcılığında ehtiva edənlər daha çox yadda qalmış, sənət dünyasına güclü təsir göstərmişlər. Klassik ədəbiyyatımızda “kritika”nı ədəbi termin kimi dilimizə gətirmiş M.F.Axundovdan başlayaraq hələ sağlıqlarında klassikləşmiş Ə.Haqverdiyev, F.Köçərli, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, Mir Cəlal, S.Vurğun, R.Rza, M.Hüseyn, müasirlərimizdən Anar, Elçin... kimi müqtədir sənətkarlar bədii söz dünyasında yaratdıqları nadir incilərlə birlikdə ədəbi tənqiddə də ustad səviyyəsinə yüksəlmişlər. Bu sənətkarların hamısında ədəbi tənqid həm də özünün publisistik istiqaməti ilə maraq doğurmuş və təbii olaraq, məhz bununla da aktuallıq kəsb etmişdir. Yazıçılarıdan Anarın, Elçinin bir zamanlar təkcə sovet ittifaqında deyil, habelə beynəlxalq miqyasda transmilli mətbuat nümunəsi kimi tanınan “Literaturnaya qazeta”dakı ədəbi-tənqidi məqalələri Azərbaycan ədəbi mühitinin göstəricisi idi. Elmi-pedaqoji fəaliyyətini və yaradıcılıq təcrübəsini çoxdan izlədiyim filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin  “Dünya sözə qalacaq...” (Ədəbi-tənqidi məqalələr) kitabını (Elmi redaktoru akademik Nizami Cəfərov, rəyçisi filologiya elmlər doktoru, professor Himalay Qasımov, ön sözün müəllifi  filologiya elmlər doktoru, professor Nəsir Əhmədlidir) oxuduqdan sonra yuxarıdakı qənaətlərimdə, eləcə də həm praktik, həm nəzəriyyəçi, həm də tənqidçi kimi tanıdığım ağsaqqal dostum və həmkarımın özü haqqındakı fikirlərimdə bir daha haqlı olduğumu gördüm.

Mən Cahangir müəllimin hələ 1970-ci illərdə Anarın, Elçinin o zamankı Ümumittifaq mətbuatındakı ədəbi-tənqidi məqalələrini bir ədəbiyyatşünas alim kimi necə təhlil etdiyinin şahidiyəm.  Cahangir Məmmədli, əlbəttə, ixtisasca jurnalistdir. Lakin jurnalistika axı həm də filologiyanın tərkib hissəsidir. Bəlkə də bu elmi yanaşmadandır ki, onun jurnalistika nəzəriyyəsini təmsil edən neçə-neçə kitabları ilə yanaşı, ədəbi-tənqidi görüşlərinin göstəricisi olan kitabları da yaradıcılığının xeyli hissəsini təşkil edir. O, hələ vaxtı ilə nəşr etdirdiyi “Nəsrimiz: düşüncələr, axtarışlar”, “Sənətkar gözü, nəsrin sözü”, “Çağdaş Azərbaycan nəsrinin inkişaf meyilləri” kimi monoqrafiyalarında 1960-1990-cı illər Azərbaycan nəsrinin, xüsusilə,  povestlərimizin dərin təhlilini ortaya qoymuşdu. Bu gün isə artıq tamam yetkinləşmiş bir ədəbiyyat alimi kimi son iki-üç ildə dərc olunmuş ədəbi-tənqidi məqalələrini kitab halında oxuculara təqdim etmişdir.

Əvvəlcədən qeyd edim ki, C.Məmmədli özünün aktual hesab etdiyi publisistik sözünü daha çox ədəbi-tənqiddə deməkdədir. Senzuranın tüğyan etdiyi sovet dövründə C.Məmmədli milli-azadlıq ideyalarını ezop formatında özündə daşıyan sənət əsərlərini daha çox diqqətdə saxlamışdır. Onun ədəbi-tənqidi məqalələrində Rəsul Rzanın, İlyas Əfəndiyevin, Anarın, Elçinin, İsa Hüseynovun, Mövlud Süleymanlının, Sabir Azərinin, Yusif və Vaqif Səmədoğluların... Azərbaycan, Vətən ideallarına bağlı cəsarət dolu əsərlərinin maraqlı təhlilləri var. Onun təxminən 20 il əvvəl çap olunmuş bir kitabına ön söz yazmış Nizami Cəfərov haqlı olaraq deyirdi: “C.Məmmədlinin ədəbi-tənqidi məqalələrinin əsas məziyyətlərindən birincisi zamanın və bədii söz sənətinin bir kontekstdə götürülməsidir. Bu prinsipi zaman və onun ifadəçisinə çevrilən sənət özü diqtə edir: sərt ideoloji kanonlar çağı və bu çağda nəsrin söz deyə bilmək axtarışları. C.Məmmədli bu kontekstdə belə bir həqiqəti aça bilir ki, əsl sənət və əsl  sənətkar zamanın ən çətin sınaqlarında da estetik dəyərlərə söykənməlidir. Əks halda konyukturaya, qrafomanlığa yuvarlanmaq təhlükəsi var”.

C.Məmmədli ədəbiyyatşünaslardan bir az fərqli olaraq, “estetik ideal” anlayışına bütün məqalələrində publisistik rəng verir. Çünki doğrudan da, əgər estetik ideal insanı vətən sevgisinə, gözəlliyə, milliliyə, istiqlala... çağırırsa, bu, elə publisistikanın  birbaşa müraciət etdiyi tematikanın özüdür. Mən bu yerdə görkəmli yazıçı və ədəbiyyatşünas Elçinin də C.Məmmədlinin 1990-cı ildə nəşr olunmuş bir kitabı haqqında elə o zaman dediyi bir fikri misal gətirmək istərdim: “Cahangir Məmmədlinin yeni kitabı... bizi müasir tənqidimizdəki ciddi və səriştəli “nəsr mütəxəssisi” ilə görüşdürür, onun elmi-nəzəri mülahizələri, qiymətləri bizim qəbul edib-etməməyimizdən asılı olmayaraq, lazımi nəzəri-estetik səviyyə daşıyır, onlar fikir mübadiləsinə, sağlam ədəbi mübahisələrə çağırır. Kitabın ən görümlü cəhətlərindən biri budur ki, o, Azərbaycan nəsrini məhdud coğrafi sərhədlər çərçivəsində yox... dünya ədəbi prosesi kontekstində araşdırır və bu mənada Cahangirin özünün yaradıcılıq miqyası genişdir. Həmin cəhət bu istedadlı tənqidçinin bədii-estetik tələblərinin miqyası və ehtiva etmək istədiyi mövzunun, problemin əhatəliliyi baxımından müəyyən coğrafi ərazinin yox, ümumiyyətlə müasir ədəbi prosesin səviyyəsinə qaldırır”.

Qətiyyətlə deyə bilərəm ki, C.Məmmədlinin “Dünya sözə qalacaq...” kitabındakı məqalələrinin hamısında bu keyfiyyət özünü göstərməkdədir. Professor Nəsir Əhmədlinin  maraqlı və səmimi ön sözündəki belə bir fikrinə mən də tamamilə şərikəm: “Cahangir Məmmədlinin kitabdakı məqalələrinin əksəriyyətində “estetik ideal” ifadəsi işlədilir. Çünki onun ədəbiyyatdan, bədii sözdən umduğu əsas məsələ yazıçının, şairin estetik idealıdır. C.Məmmədli müraciət etdiyi əsərlərdə estetik idealın gücünə və səmimiliyinə, oxucunu təmiz bir dünyaya istiqamətləndirməsinə, pisliyə və şərə nifrət yaratmaq keyfiyyətinə çox arxalanır”. Bu sətirlər elə kitabın ilk məqaləsindəcə sübut olunur. “Sənətkarın estetik ideallar sistemi” adlanan bu geniş məqalə bütöv bir ədəbi nəslin müəllimi olmuş, bədii nəsri ilə məktəb səviyyəsinə yüksəlmiş Mir Cəlalın yaradıcılığına həsr edilib. C.Məmmədli şəxsən yaxından tanıdığı, universitet auditoriyasındakı dərslərindən və məhsuldar nəsr yaradıcılığından dərs aldığı Mir Cəlalın estetik ideallarına yaxşı bələd olan bir tədqiqatçı kimi bu böyük sənətkarın yaradıcılıq dünyası haqqında dəyərli fikirlər irəli sürür. Məqalənin lap elə ilk sətirləri müəllifin Mir Cəlal yaradıcılığına məhz bu istiqamətdən yanaşmasını aydınlaşdırır. “Azərbaycan ədəbi-bədii fikir tarixində, milli maarifçilik xəttində, nəsr və publisistikamızın inkişafında, yeni müəllimlik məktəbinin klassik müəllim obrazı ilə uyuşmasında çox böyük xidmətləri olan Mir Cəlal Paşayev oxucularının və tələbələrinin yaddaşında böyük vətəndaş, böyük insan və böyük ustad kimi qalmışdır”. Və sonra müəllif göstərir ki, Mir Cəlal nəsrinin çox böyük bədii-estetik ideallar sistemi var. Bu ideallar xalqı, milləti kamil və ayıq görmək, insanı maarifləndirmək və kamilləşdirmək missiyası daşıyır.

Cahangir müəllim bir filoloq alim kimi Mir Cəlal yaradıcılığı haqqında xeyli söz demişdir. İndiki halda isə tənqidçinin bu məqaləsinə səbəb “Nurlar” nəşriyyatının çap etdiyi “Mir Cəlal: həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti” kitabı olmuşdur. Bu ikicildliyi mən də oxumuşam və həqiqətən də həmin kitablar Mir Cəlal müəllimin çoxistiqamətli sənətindən doğan estetik ideallarını bir sistem kimi oxucuya təqdim edir. C.Məmmədli bu kitabın kontent-analizini ədəbi-tənqidin və publisistikanın birgə iştirakı ilə gerçəkləşdirir. Və mən elə bu anda onu da deməliyəm ki, C.Məmmədlinin nəzəri konsepsiyasında və praktik yaradıcılığında ədəbi-tənqid publisistikaya daha yaxın bir yaradıcılıq növü kimi izah edilir. Mübahisə doğura bilər, amma bu fikrin maraq doğurduğu da şübhəsizdir. Hər halda, C.Məmmədlinin böyük nasirimiz Mir Cəlal yaradıcılığının estetik ideallar sisteminə publisistik yanaşmasından doğan həqiqət bu fikri bir daha sübut edir. Müəllif belə bir məntiqi nəticəyə gəlir ki, “bütöv bir yazıçı ömrünün illərini və fəsillərini təqdim edən bu ikicildlik Azərbaycanın yeni nəsil oxucusunu böyük bir həyatı ləyaqətlə yaşamış, xalqın, millətin yaddaşında pozulmaz iz qoymuş bir sənətkarın bitkin obrazı ilə tanış edir. Yeni nəsil oxucusunun belə kitablara çox ehtiyacı var”.

“Dünya sözə qalacaq...” kitabındakı məqalələrin məntiqi bir kompozisiya düzümü var. Belə ki, Mir Cəlal yaradıcılığını təhlil edən məqalədən sonra müəllif bu böyük ustadın Anar və Elçin kimi tələbə - davamçılarının yaradıcılığına müraciət edir. Tənqidçi “Yazıçıdan artıq məsuliyyət yükü daşıyan sənətkar” məqaləsində yazıçı Elçinin yaradıcılığını “altmışıncılar” kontekstində, rus şairi Yevtuşenkonun poeziyada sənətkarlıqla yanaşı, sənətkarın ədəbi missiyası və vətəndaşlıq təəssübkeşliyini önə çəkən “Poet v Rossii - bolşe çem poet” aforizmini bir tezis kimi götürərək araşdırır. Bir vaxtlar (elə indinin özündə də) postulat kimi qəbul edilən bu dəqiq deyimin “eyni ilə və bəlkə bir az da artıq Azərbaycan gerçəkliyinə də aid olduğunu” Elçin yaradıcılığının çoxtematikalı faktları ilə sübuta yetirir. Müəllif deyir: “Sözün həqiqi mənasında klassika sırasına saldığımız yazıçı və şairlər ölkə və xalq üçün “yazıçıdan  artıq yazıçı” funksiyasını yerinə yetiriblər. Uzun əsrlər boyu bu böyük missiyanın daşıyıcısı olan bədii söz sənətkarlarının həmin yöndə fəaliyyət göstərən nümayəndələrini sovet dövründə tüğyan edən sosializm realizmi “prinsipləri” də öz yolundan döndərə bilmədi. Sürgünlərə və dar ağaclarına aparan yolu onlar yaltaqlıq və məddahlıqla qazanılan “şöhrətə” aparan yoldan şərəfli tutdular. “Cəmiyyətin,  insanın boğulduğu,  təqib olunduğu çağlarda bədii ədəbiyyatı xalqın iniltisini eşitməyə imkan yaradan yeganə tribuna” (A.Gertsen) kimi qiymətləndirən bu sənətkarlar elə bir ənənə qoyub getdilər ki, bu ənənə onların özündən sonra gələn nəsillərə məktəb oldu. Ancaq hamıya yox. Azərbaycanda “yazıçının yazıçıdan artıq olduğunu” duymağa qadir olanlar, - ancaq belələri özündən əvvəlki namuslu klassikanın məktəbinə söykənə bildilər”. Bu mənada istər Rusiyada, istərsə də Azərbaycanda 1960-cı illərdə bədii söz sənətinə gələn və filoloji-elmi düşüncənin  “altmışıncılar” adlandırdığı sənətkarlar sırasında C.Məmmədli yazıçı Elçini ön sırada görür. Və xüsusi qeyd edir ki, Elçinin bədii nəsri hansısa zamana və rejimə deyil, bütün zamanlar - bədii sözün qüvvədə olduğu bütün zamanlar üçün yaradılmışdır. Elçinin “Dolça”, “Ölüm hökmü”, “Ağ dəvə”, “Mahmud və Məryəm” kimi fundamental əsərlərini, bir çox hekayələrini təhlil edən müəllif bu əsərlərin yaşarılıq istiqamətlərini oxucuya çatdırır.

Belə bir ədəbi faktı yada salmaq istərdim ki, “525-ci qəzet” 2016-cı ilin noyabr  ayından etibarən şənbə buraxılışlarında jurnalist Yaşar Əliyevin “Yazıçı Elçinlə ədəbiyyat söhbəti” sərlövhəli iri həcmli müsahibəsini dərc etmişdi. C.Məmmədli elə o vaxt - müsahibə dərc olunub bitəndən və ayrıca kitab halında çap edildikdən sonra həmin “söhbət”lə bağlı iri bir məqalə yazmışdı. İndi müəllif həmin məqaləni “Dünya sözə qalacaq...” kitabında yenidən oxucularına təqdim etmişdir. C.Məmmədlinin Yaşarın  “Elçinlə ədəbiyyat söhbəti”nə bu marağı iki mühüm faktla şərtlənir: birincisi, əlbəttə, bu söhbətin Azərbaycan və dünya ədəbi prosesinə son dərəcə elmi-publisistik yanaşması ilə, ikincisi C.Məmmədlinin özünün də elmi-nəzəri əsaslarını işləyib hazırladığı müsahibə janrında olduğuna görə. Məqalə Elçinin bədii sözə xidmətini belə qiymətləndirir: “Azərbaycan elmi-filoloji, ədəbi-bədii-ictimai dairəsi Elçinin yaradıcılıq istedadına, zəngin mütaliəsinə və bu mütaliədən gələn təfəkkürünə, yazıçı şəxsiyyətinə və bədii sözə nəzəri  qiymətinə çoxdan bələddir. Dünyanı fantastik bir xaosun bürüdüyü səksəninci illərin sonu, doxsanıncı illərin əvvəllərində - mətbuat və söz azadlığının yaratdığı fantasmoqorik bir zamanda bəşəriyyəti min illərdən bəri kamilləşdirə-kamilləşdirə gələn bədii söz sənətinin öləzimə çağından ta bu günə qədər Elçin təkcə Azərbaycan elmi-filoloji fikrində deyil, cəsarətlə demək olar ki, bundan çox-çox böyük bir mühitdə ədəbiyyata sahib çıxan, onun xəstə yatağının başında vicdanlı bir həkim-kardioloq kimi dayanan azsaylı filoloq-alimlərdən biridir. Dostoyevskidən, Rasputindən imtina edən rus oxucusu, Markesdən, Kortasardan, Kobo Abedən... imtina edən dünya oxucusu hər kəsi ruhdan salmışdı, təkcə bizdə deyil, bütün dünyada hər şeyi öz qərəzli baxış bucağından, “qiymətləndirən”lər qarşısında bədii sözə sahib çıxmaq, onun dəyərinin heç vaxt itməyəcəyinə inam bəsləmək də hər kəsin işi deyildi. Elçin özünün ən yeni bədii əsərləri ilə, bədii sənət barədə inadkar nəzəri fikir və mülahizələri ilə öz inamına bizi də inandırdı”.

Müəllifin kitaba daxil etdiyi bu məqalə bir fundamental müsahibə fonunda Elçini təkcə yazıçı kimi deyil, həm də geniş biliyə və yüksək erudisiyaya malik, Azərbaycan və dünya ədəbi prosesinə dərindən bələd olan filoloq-alim kimi təhlil süzgəcindən keçirir.

“Dünya sözə qalacaq...” kitabındakı bu sayaq məqalələrdən biri də yazıçı və ədəbiyyatşünas Pərvinin “Anar dünyası” monoqrafiyasına həsr olunub. “Anar yaradıcılığı zaman, mühit və talelər kontekstində” adlanan məqalənin ilk sətirlərindəcə müəllif göstərir ki, “Azərbaycan və eləcə də dünya ədəbiyyatının klassik nümayəndələri sırasına qoyula biləcək yazıçı Anarın yaradıcılıq dünyası polifonik formatda olub təkcə bədii sözə marağı olan kəslər üçün deyil, habelə elm adamları, filosoflar və digər elitar zümrə üçün də ciddi əhəmiyyət kəsb edir”. Sonra müəllif bu fikrini gənc yazıçı, tənqidçi, filoloq-tədqiqatçı Pərvinin “Anar dünyası” əsəri ilə əsaslandırır. Biz də bu fikirdəyik ki,  Pərvinin  “Anar dünyası” birmənalı olaraq böyük yazıçımızın yaradıcılığını səriştəli və ciddi təhlil edən tədqiqat işidir. Təsadüfi deyildir ki,  Anar özü “Mənim yaradıcılığımı Pərvin qədər müfəssəl bilən ikinci bir tədqiqatçı yoxdur” , - deyir.

C.Məmmədli Anar haqqında öz düşüncələrini demək üçün bu kitabı fon kimi götürmüş, görkəmli yazıçını kitaba düşməyən istiqamətlərdən də təhlilə cəlb etmiş, yeni informasiyalarla zəngin bir materialı ortaya qoymuşdur. Ədalət tərəzisi həssas olan məqalə müəllifi Pərvinin əsərini çox düzgün və yüksək qiymətləndirir: “Anar dünyası” yazıçının ömür və yaradıcılıq faktları fonunda bütöv bir epoxanın təhlili və təsviridir... Pərvinin əsəri Anarı zaman və mühitlə vəhdətdə təhlil edir. Təsadüfi deyil ki, kitabdakı bölmələrdən biri elə belə də adlanır: “Zaman, mühit, talelər”. Burada, əlbəttə, Anarın bir vətəndaş kimi zaman, mühit və talelər kontekstində göstərilməsi də var. Lakin Pərvin daha çox Anarın yaratdığı obrazların zaman, mühit və talelərdə ifadəsinə önəm verir. Çünki bədii əsərdə sənətkar mövqeyi və sənətkarlıq keyfiyyətləri bu üç mühüm anlayışla çox bağlı olur. Zaman, mühit və talelər XIX əsr rus ədəbiyyatının dünya şöhrətli Dostoyevskisində, Gertsenində, Çexovunda, müasir Türkiyə nəsrinin Nobelçisi Orhan Pamukda, kolumbiyalı Markesdə və digər məşhurlarda təzahür etmişdir. Pərvinin Anarı bu aspektdə təhlili yenidir və onun elmi görümünün təzahürüdür. Bu yerdə ədəbiyyatımızın “şedevr” faktı kimi qiymətləndirdiyi “Gürcü familiyası”, “Mən, Sən, O və telefon” kimi hekayələri Pərvin esse - ədəbi tənqid janrında, hətta “elmi oxucunu” belə duyğulandıra biləcək formada bizə təqdim edir”.

Mən Anarın çoxsaylı hekayə, povest, roman və dram əsərlərinin adını çəkmədən məsuliyyətlə deyə bilərəm ki, Pərvin öz kitabında onların hamısının təhlilini vermiş, C.Məmmədli isə bu elmi-nəzəri təhlillərin yeni baxış bucağından interpretasiyası üzərində dayanmışdır.

C.Məmmədlinin kitabındakı məqalələrdən daha biri yuxarıda sözügedən üslubdadır. “Rəşad Məcid yaradıcılığı yeni təhlil işığında” adlanan məqalə  açıq məktub janrındadır. Akademik İsa Həbibbəyliyə ünvanlanan açıq məktub dünya şöhrətli alimin Rəşad Məcid yaradıcılığına həsr etdiyi “Bütün yönləri ilə yaradıcı” adlı tədqiqatına həsr olunub. Məqalədə təhlil iki istiqamətdə aparılır: birincisi, müasir Azərbaycan ədəbiyyatşünaslığının patriarxı İsa Həbibbəylinin şair, yazıçı, publisist və naşir Rəşad Məcidin yaradıcılığına elmi yanaşmasının məziyyətləri, ikincisi, Rəşad Məcidin yaradıcılığına Cahangir müəllimin öz münasibəti. C.Məmmədli akademikə müraciətlə yazır: “Hörmətli İsa müəllim! Bu yaxınlarda əlimə düşən bir kitabınız məni Mirzə Cəlilə həsr etdiyiniz tədqiqatlarınız qədər sevindirdi. Söhbət yaradıcılığına və insanlığına, azərbaycançılığına qibtə etdiyim, Qarabağ dərdinə sonsuz nigarançılığına görə çox-çox istədiyim Rəşad Məcidin ədəbi fəaliyyətinə həsr etdiyiniz “Bütün yönləri ilə yaradıcı” adlı kitabınızdan gedir. Məni bu kitabla bağlı ən çox duyğulandıran cəhətlərdən biri bu, günkü min bir işinizin içində, xalq dili ilə desək, iki daşın arasında hələ bizim gənc hesab etdiyimiz, ədəbi yaradıcılığın magistral yolunda olan və bundan sonra da böyük ədəbiyyat vəd edən şair-yazıçı-publisist haqqında bütöv bir kitabı ərsəyə gətirməyiniz oldu. Həm də bu darmacalda Rəşad Məcidin poeziyasını, nəsrini və publisistikasını bu qədər səbirlə oxumağınız, bu qədər dərin elmi təhlillərə cəlb etməyiniz, bu yaradıcılıq faktını belə aydın izah etməyiniz mənim ürəyimdə bir qürur hissi yaratdı. Bir tərəfdən ona görə ki, bu kitab mənim keçmiş tələbəm, bu gün kafedramızın güvəndiyi bir müəllim, yaradıcılığına pərəstiş etdiyim, jurnalistikası hamıya nümunə ola biləcək dostum Rəşad haqqındadır, digər tərəfdən ona görə ki, bu kitabı Naxçıvan Dövlət Universitetində az-çox birgə fəaliyyətimizlə, mənim də yaradıcılığıma verdiyi qiymətlə öyündüyüm akademik İsa Həbibbəyli ərsəyə gətirmişdir”.  

Akademikin kitabı Rəşad Məcidi “Bütün yönləri ilə yaradıcı” istedad kimi təhlil süzgəcindən keçirdiyi kimi, C.Məmmədlinin açıq məktubu da İsa Həbibbəylinin kitabını səriştəli ədəbi tənqidçi qələmi ilə qiymətləndirə bilmişdir. C.Məmmədli kitabdan xeyli misallar gətirir. Bu misallardan biri həm elmi yanaşması, həm də publisistik üslubu ilə məni də duyğulandırdı. İsa Həbibbəyli yazır: “Rəşad Məcidin estetik idealı mərdanəliyin, bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəmandır. Bu lirik qəhrəmanın ayağı torpaqdadır, başının üstündə isə dövlət bayrağı dalğalanır. Vətən torpağı ilə dövlət bayrağının vəhdəti Rəşad Məcidin estetik idealının mahiyyətidir”. Akademikin R.Məcid yaradıcılığındakı bu dəqiq mahiyyətə verdiyi qiymət həm də ona görə Cahangir müəllimin təqdimatında, təhlilində xüsusi yer tutur ki, yuxarıda da dediyim kimi, bu tənqidçi üçün sənətkarın estetik idealı birbaşa publisistikanın nəzəri tələbindən doğur. R.Məcidin istər nəsri, istər poeziyası, istər publisistikası və yaradıb meydana qoyduğu mükəmməl “525-ci qəzet”in “Azərbaycan milli mətbuatının inkişafında tarixi xidmət” nümunəsi ətrafındakı akademik təhlillər C.Məmmədlinin İsa Həbibbəyliyə ünvanladığı açıq məktubu şərtləndirən mühüm faktorlar kimi izah edilməlidir.

Cahangir müəllimin ədəbi-tənqid üçün obyekt seçimində bir cəhətin həmişə şahidi olmuşam: O, təhlilə cəlb etdiyi, qiymətləndirdiyi əsərləri və onların müəllifini mütləq yaxından tanıyır, illərlə həmin müəllifin əsərlərini izləyir və tamamilə bu qərara gələndən sonra ki, həmin müəllif və onun əsərləri milli ruhumuzun qidası səviyyəsindədir, ondan sonra tam bələd olduğu o yaradıcılığı təhlilin gündəminə gətirir. Bəlkə də buna görədir ki, C.Məmmədli təhlilə cəlb etdiyi əsərlərə birbaşa münasibət istiqamətindən yanaşır, qrafoman, konyuktur əsərlərin deyil, millətin, xalqın milli dəyərlərinə xidmət edən əsərlərin üzərində dayanır. O, müsbətlərin timsalında insanı daha çox kamilləşdirmənin mümkünlüyünə inanır. Tənqidçinin bədii sözə bu yanaşması onun bütün müraciət obyektlərində özünü göstərir. C.Məmmədlinin Azərbaycan filoloji elmində azərbaycançılıq kimi milli ideologiyanın tədqiqini önə çəkən, nəsrində tariximizin yaradıcı ziyalılarının bədii obrazını ustalıqla yaradan Sona xanım Vəliyevanın əsərlərinə müraciət etməsi məhz bu xüsusiyyətdən qaynaqlanır. Onun kitaba daxil etdiyi “Yollara yağan yağışın poetik ovqatı” sərlövhəli məqaləsində müəllif şairə Sona Vəliyevanın poeziyasını onun “Yollara yağış yağır” adlı şeirinə bəstələnmiş eyniadlı mahnıya təsadüfən telekanalların hansındasa qulaq asdıqdan sonra özü üçün kəşf etdiyini bildirir və bu poetik nümunədən sonra Sona xanımın şeirlərinə bütöv şəkildə bələd olmaq qərarına gəldiyini bildirir.

“Bu yağış dostum, yarımmı,
Dərdim desəm ovudarmı?
Mən tanrının yol adamı,
Yollara yağış yağır”

- kimi son dərəcə duyğulu sətirləri misal gətirən C.Məmmədli yazır: “Bu poetik misralar Sona Vəliyeva yaradıcılığı ilə yaxından tanış olmaq zərurəti yaratdı və mən onun “Çəhrayı rəngli dünyam” şeirlər kitabını, bir sıra yeni əlyazma şeirlərini axıradək oxumalı oldum. Oxudum və özüm üçün tamam yeni bir yaradıcılıq dünyası kəşf etdim”. Və müəllif bu yaradıcılığın bədii məziyyətlərini belə bir nəzəri-publisistik dünyagörüşü formatına salır: “Sona xanımın şeirlərini oxuduqca hiss edirsən ki, bu əsərlərin bədii-estetik dəyərini duymaq üçün onları xüsusi ovqatla izləmək lazımdır. Çünki bu şeirlərin hamısında sözün vizual şəkli var və bu vizuallıq hər kəsin fərdi ovqat təxəyyülünə çox bağlıdır. İnsana ilk anda adi görünən hər bir predmet şairin bədii baxışında qeyri-adilik qazanır və poetik görümü ilə yeni, qəribə bir ovqat yaradır. Məni bir oxucu kimi sözə cəlb edən “Yollara yağış yağır”dakı yağış bu poeziyada tək deyil. Sona xanım üçün yağış müxtəlif baxış bucağında qəribə assosiativ məna yaradan təbiət hadisəsidir. “Yaman uzandı bu yaz yağışı”, “Bu yağış mənə bənzəyir” kimi şeirlərin hər birində yağışın poetik obrazı var. Şeirlərin birində uzanan yaz yağışının çiçəkləri “kimsəsiz bir tifili bir insafsız döyən kimi” “başı dəyənəkli” etməsi müəllifdə narahatlıq yaradır”.

Hələ dörd il bundan əvvəl “525-ci qəzet”də dərc olunan bu məqalə Sona xanımın şeirlərini oxucuya yenidən sevdirir. C.Məmmədlinin bu poeziya haqqında aşağıdakı fikirlərini oxuyub, elə o şeirlərin özü qədər duyğulanmamaq mümkün deyil: “Sona xanımın şeirlərinin hamısında poetik məziyyət, obrazlılıq, hadisələrə, predmetə özünəməxsus münasibət var. Bu şeirlər xalq sənətinə, nəsillərdən gələn poetik ənənələrə söykənməklə, ifadə baxımından, düşüncə və duyğular, obrazlı fikirlər baxımından öz arxitektonikası və plastikası ilə yenidir, orijinaldır. Onun şeirlərində Vətən sevgisindən, Tanrıya, insana məhəbbətdən tutmuş təbiətin əsrarəngiz hadisələrinədək böyük tematika bolluğu var. Bu bolluqda fikrin yeri geniş, sözün yeri konkretdir. Vətənə, Tanrıya, təbiətə, insana sevgi dolu bu şeirlər zamanın özündən doğulub gələcəyə ünvanlanmaqdadır”. Biz  də belə hesab edirik ki, Sona xanımın kövrək duyğu və düşüncələrlə halələnmiş poetik yardıcılığına dair məqaləni ancaq o ovqatla, onun şeirlərinə bəstələnmiş mahnıların müşayiəti ilə yazmaq olardı. Vaxtilə Sona xanım haqqında yazdığım bir məqalədəki düşüncələrimi burada təkrar dilə gətirmək istərdim: “Musiqi ruhun qidası, mahnı isə dilidir. İnsanı palçıqdan yaradarkən ruhun bədənə girməkdə tərəddüd etdiyini görən Uca Yaradan onu min bir nota sığmayan ecazkar musiqi ahəngi ilə məst edib, könül oxşayan səmavi ritmlərlə ovsunlayıb. Çox-çox sonralar bəşər övladı insanı ovsunlamağın ikinci bir yolunu - şeiri-sənəti kəşf edib. Haqqında danışdığımız sənət əsərində musiqinin şeirə, bəstənin güftəyə, bəstəkarın şairə, müğənninin mahnıya bu dərəcədə yaraşmasının səbəbi Sona xanımın şeirlərində oxucuya ünvanlanan duyğularının səmimiliyi, paylaşdıqca artan sevgisinin böyüklüyü, misralara hopan xeyirxahlığının təmənnasızlığıdır...”

Sona xanım Vəliyeva 2016-cı ilin ədəbi hadisəsinə çevrilən “İşığa gedən yol” romanını yazdı. Kitab bütövlükdə ədəbi tənqidin (əsər haqqında iyirmi beşə yaxın məqalə yazılıb), o cümlədən, C.Məmmədlinin təhlilindən keçdi. Etiraf edim ki, roman haqqında yazılan iri həcmli məqalələr içərisində Cahangir müəllimin romana bir ədəbiyyatşünas və tənqidçi kimi yanaşması, yazının yüksək nəzəri səviyyəsi məni daha çox cəlb etmişdi. İndi o məqalə müəllifin haqqında bəhs etdiyim kitabında da oxucuya təqdim olunur və mənə elə gəlir ki, bu məqalə romanın ideya məzmunu və mündəricəsini, sənətkarlıq məziyyətlərini son dərəcə dəqiq ifadə edir. Görünür, C.Məmmədlini romana bu qədər bağlayan iki səbəb var: birincisi, əlbəttə, “İşığa gedən yol”un yüksək sənətkarlıq keyfiyyətləri, ikincisi, romanın Azərbaycan milli mətbuatının banisi H.B.Zərdabiyə həsr olunması.

Burada C.Məmmədlinin AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərovun “Afaq Məsud dünyası” kitabına elmi-publisistik baxışı ifadə edən “Afaq Məsud - bütün cizgiləri ilə” məqaləsinə də ayrıca toxunmaq istərdim. O, əvvəlcə “525-ci qəzet”də silsilə məqalələr şəklində, sonra ayrıca monoqrafiya formatında çap edilən “Afaq Məsud dünyası” kitabının mahiyyətini səriştəli bir qələm sahibi kimi axıradək aça bilmişdir. Akademik N.Cəfərov Afaq Məsudu ustad bir yazıçı kimi yaradıcılığının ilk çağlarından bu günə qədər necə təhlil edirsə, C.Məmmədli də onun bu əsərinə həmin ədəbi tərzdə, həmin yöndə yanaşmış və əsəri bütün istiqamətlərdən təhlil etmişdir. Məqalədə müasir Azərbaycan nəsrinin bənzərsiz sənətkarı Afaq Məsudun hekayə dünyası, roman yaradıcılığı və dramaturgiyasına dair N.Cəfərovun nəzəri-estetik görüşləri, yazıçının müasir bədii düşüncədə fərdiliyinə, bu özəlliyin meydana gətirdiyi bədii məziyyətlərə dair elmi qənaətləri ustalıqla araşdırılır.

... Cahangir Məmmədli son illərin Azərbaycan kino sənətində hadisə kimi qiymətləndirilən, görkəmli nasir Aqil Abbasın eyniadlı romanı əsasında çəkilən “Dolu” filmi haqqında maraqlı bir resenziyasını da bu kitabına əlavə etmişdir. Müəllif həyat həqiqətlərinə bağlı olan, Qarabağ savaşı ilə əlaqədar ümumxalq mübarizəsinin kino həllini verən bu əsəri yüksək qiymətləndirmişdir. Məqalənin səmimi məqamlarından birinə diqqət edək: “Mən nə “Dolu” romanının adi oxucusuyam, nə də “Dolu” filminin adi tamaşaçısı. Mən bu romanda və bu filmdəki hadisələrin nə qədər gerçək olduğunu bir qarabağlı şahid kimi, kəndi, kəsəyi, doğmalarının qəbri düşmən tapdağında olan bir insan kimi içindən keçirən minlərdən biriyəm. O biri tərəfdən, mən əsərin nə zaman sənət səviyyəsinə yüksəldiyini az-çox bilən, hiss edənlərdən biriyəm. Bu faktlar fonunda təkrar-təkrar tamaşa etdiyim “Dolu” filmi məni lap yaxın keçmişin ən ağır günlərinə qaytarır: xalqın, vətənin, torpağın, arvad-uşağın yiyəsiz qaldığı o ağır günlərə. Mən  o ağır günlərin ağırlığını özündə əks etdirən onlarca publisistik, bədii əsər oxumuşam, şahidlərin hekayətlərinə qulaq asmışam, onlarca teleproqrama baxmışam. Lakin etiraf edim ki, “Dolu” filminin şüura və duyğulara təsir gücü qədər bir güc görməmişəm...” C.Məmmədli “Dolu” filmini beləcə, bir çox detalları - ssenari, rejissor işi, aktyor oyunu və s. kimi istiqamətlərdən səriştəli bir sənətşünas kimi təhlilə cəlb edə bilib.

“Dünya sözə qalacaq...” kitabındakı bütün məqalələr haqqında ürəkdolusu danışmaq olar. Kitab ömürlərinin müdrik çağlarını yaşayan sənətkarlarla bərabər, orta yaşlı və gənc sənətkarların bədii sözü haqqında maraqlı yazılarla zəngindir. Əlbəttə, bir qəzet məqaləsində belə bir dolğun kitabın bütün məziyyətləri, bəhs olunan sənətkarların hər birinin öz məxsusi keyfiyyətləri haqqında geniş söz açmaq olmur. Amma belə bir yekun qənaətimi mütləq bəyan etməliyəm:  Kitab müasir ədəbi prosesin yaddaqalan, oxucu qəlbində dərin iz buraxan sənətkarlıq nümunələrini təhlilə çəkməklə bizi yenidən bədii söz dünyasına qaytarır, ədəbiyyatımızın unudulmaz nümunələrinə sevgi hissi yaradır və bizləri “Dünya sözə qalacaq...” kəlamının müdrikliyinə inandırır.

 





25.12.2017    çap et  çap et