525.Az

Sivilizasiyalar arasında dialoqa ən böyük maneə: müasir səlib yürüşləri


 

Sivilizasiyalar arasında dialoqa ən böyük maneə: <b style="color:red">müasir səlib yürüşləri</b>

Bəşər tarixi, eləcə də qlobal dünya nizamı əksər vaxtlarda fərqli dinlərin mübarizəsi üzərində qurulmuşdur.

Bizim eranın başlanğıcının xristianlığın yaranması yaxud Hicri təqviminin İslam dininin yaranması ilə müəyyən edilməsi dini faktorun nə qədər mühüm əhəmiyyət kəsb etdiyini daha aydın göstərir. Qədim dünya isə Şərqdə Çin fəlsəfəsi Konfutsi, Hind fəlsəfəsi Vedalar və Yoqa, İran dünyagörüşü Zərdüştlük, Türk Tanrıçılığı üzərində qurulmuşdu. Qərbdə isə xristianlığa qədər qədim Yunan və Roma fəlsəfi məktəbləri hakim idi. Dünya nizamı isə qlobal xarakter daşımırdı və fərqli ölkələrdə cəmiyyətin idarəedilməsi izolyasionizmə, öz dəyər və qanunları ilə yaşayışa əsaslanırdı. Həmin tarixi mərhələdə qlobal dünya nizamı olmasa da fərqli sivilizasiyalar arasında daim dialoq olmuş və bu dialoq fərqli dəyərlərin zənginliyinə xidmət etmişdir. Fərqli dəyər daşıyıcıları özgə dəyərləri qəbul etməsələr belə, başqalarına öz dəyərlərini zorla sırımağa da çalışmamışlar. Belə demək mümkünsə fərqliliklər özü bir dəyər sayılırdı.

Tarix göstərir ki, müxtəlif sivilizasiyalar arasında bu cür münasibətlər, fərqli dəyər daşıyıcılarının yanaşı mövcudluğu, öz dəyərlərinə əsaslanan həyat tərzi və ən nəhayət "dünya nizamı'' məhz Qərbdə xristianlığın yaranması ilə fundamental olaraq dəyişmişdir. Məqsədimiz əsla hər hansı bir dini inancı və dünyagörüşünü, indiki halda xristianlığı günahlandırmaq deyil. Sadəcə qloballaşan dünyada sivilizasiyalararası dialoqun qarşısına çıxan maneələrin əsl mahiyyətinə diqqət yetirməyi zəruri hesab edirik. Bu mənada dünya nizamının sırf dini müxtəlifliklər üzərində qurulduğu qədim və orta əsrlərdən və hətta keçən əsrdən fərqli olaraq yeni minillikdə də "orta əsrlər zehniyyəti''nin davam etdirilməsi sivilizasiyalar arasında harmoniyaya və dialoqa xidmət etmir. Ən təzadlı məqam isə bu işlərdə Qərbin siyasi, dini, akademik elitasının mövqeyi ilə bağlıdır. Belə ki, Qərb ölkələrində bəzən hətta ən yüksək səviyyədə belə dini təfriqə siyasəti, fərqli dəyərlərə hörmətsizlik müşahidə olunur ki, bu da məlum demokratiya və insan haqları idealları ilə qətiyyən uzlaşmır.

Müasir dövrdə Qərbdə İslam dininin, bu dinin daşıyıcılarının, islami həyat tərzinin təhlükə mənbəyi kimi göstərilməsi bir trenddir. Gündəlik leksikonumuza daxil olan islamofobiya meyllərinin arxasında təkcə dini faktorlar deyil, geosiyasi amillər də dayanır. Lakin Qərbdə əksər akademik dairələr, tədqiqatçılar bu geosiyasi amilləri, siyasi niyyətləri ört-basdır etmək üçün Samuel Hantinqtonun hamisi və yaradıcısı olduğu "sivilizasiyaların toqquşması və ya barışmazlığı'' tezisini geniş şəkildə təbliğ edir, elmi tədqiqatların əsas istinad mənbəyinə çevirirlər. Müsəlman Şərqində və ümumilikdə dünyanın digər ölkələrində bunun əksini isbatlayan, Qərbin siyasi-dini-elmi elitasının məqsədyönlü dini təfriqə siyasətinin Qərbin qlobal məkanda geosiyasi məqsədlərinə və iqtisadi inhisarına xidmət etməsi ilə bağlı çoxsaylı tədqiqatlar ortaya qoyulur. Lakin təəssüf ki, qlobal informasiya məkanının inhisara alındığı bir dövrdə bu cür tədqiqatlar lokal məkanın sərhədlərini aşa bilmir, hətta aşsa belə beynəlxalq media orqanlarının gündəlik şüuraltı informasiya siyasətini üstələyə bilmir.

Bununla belə Qərbin geosiyasi hədəflərinin açıqlanmasına yönəlmiş bu tədqiqatlar daim öz aktuallığı qoruyur. Bu mənada AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin "Müasir səlib yürüşlərinin hədəfi: terrorizm yoxsa İslam” adlı kitabı günümüzdə baş verən hadisələrin əsl mahiyyətini göstərməyə yönəlmiş dəyərli tədqiqatdır.

Müəllif sivilizasiyalar arası dialoqa həm tarixi müstəvidə xristian-islam münasibətləri, həm də dəyərlərə qarşılıqlı hörmət prizmasından yanaşır. Eyni zamanda müasir dünya nizamının geosiyasi reallıqları, islam və terror anlayışlarının bərabərləşdirilməsinin məkrli siyasi motivləri, dini toqquşmaların, səlib yürüşlərinin müasir formasının əsas hədəfləri siyasi və tarixi aspektdən tədqiq olunmuşdur.  Araşdırmada müasir dövrdə dinə yanaşma tərzinin və ümumbəşəri dəyərlərin geosiyasi maraqlara xidmət etməsi birmənalı şəkildə ortaya qoyulmuşdur. Kitabda göstərilir ki, "Günümüzdə "din'' dediyimiz zaman ağla sivilizasiyalar arasındakı qarşıdurmalarda modelə uyğun bir tərif gəlir. Belə bir vəziyyətdə dinlər arasında əzəldən əbədiyyətə qədər davam edəcək bir münaqişəni qəbul etmiş oluruq. Hazırda dünyada Qərb mentalitetinə əsaslana "universal qanunlar'' deyə bir model mövcuddur. Bu qanunları "universal qanunlar'' olaraq deyil, "universallaşdırılmış qanunlar'' şəklində xarakterizə etmək daha məqsədəuyğundur''. Müəllifin bu qənaəti dünyamızın mövcud reallıqlarını tam əks etdirir. Həqiqətən də, hazırda sivilizasiyalar arasında uyuşmazlığın əsas səbəbinin arxasında yalnız Qərb dəyərlərinə və dünyagörüşünə əsaslanan dəyərlərin və dünya nizamının universal olaraq qəbul etdirilməsi cəhdləri və dünyanın müxtəlif yerlərində buna qarşı mübarizə dayanır.

Qeyd etməliyik ki, sivilizasiyalar arası dialoq ilk növbədə müxtəlif dinlərin və mədəniyyətlərin daşıyıcılarının etiqad və dəyərlərinə hörmətə əsaslanan yanaşmanı zəruri edir. Ancaq təəssüf ki, hazırda din amilindən siyasi vasitə kimi istifadə edilməsi sivilizasiyalar arasında toqquşmaya, radikal dini terrorçu obrazının formalaşdırılmasına səbəb olur.  Müəyyən dairələr tərəfindən məqsədyönlü şəkildə "islam terroru” anlayışı cəmiyyətə təlqin olunmağa çalışılır. Halbuki heç bir din əslində zorakılığı təbliğ etmir. Özünü "İraq Şam İslam Dövləti'' adlandıran terrorçu qruplaşma, "Taliban'', "Əl-Qaidə'' islamı təmsil etmədiyi kimi, müxtəlif terror aktlarının müəllifi olan xristian dini dəyərlərinin qoruyucusu ideyasını özünə şüar edən Amerikada "Fines keşişləri'', Afrikada "Tanrının müqavimət ordusu'', Misirdə "İsanın oğulları'', Myanmada "Tanrı ordusu'', Hindistanda "Nagaland Rebels'' terrorçuları da xristianlığı təmsil etmirlər. Bununla belə Qərbin media inhisarları "islam terroru” deyilən qondarma məfhumu gündəmə gətirir, "xristian terroru'' anlayışı isə heç yerdə istifadə olunmur. Paralel olaraq Qərbin demokratiya və söz azadlığı idealları İslam dininin müqəddəs dəyərlərinə qarşı təhqirlərə imkan yaradır. Avropada peyğəmbərin karikaturası, dini dəyərlərin təhqir olunması isə müxtəlif radikal qüvvələrin vəziyyətdən öz məqsədlərinə uyğun istifadə edərək tərəfdarlarının çoxalmasına səbəb olur. Müəllif bu yanaşmanın sivilizasiyaların toqquşmasının səbəb olduğu qənaətindədir. Kitabda göstərilir ki, "Qərbin anlayışına görə "sülh'' deyilən anlayış insanların məcburən Qərb mədəniyyətini və qanunlarını mənimsəməsidir. Belə bir vəziyyətdə "terrorizmə istiqamət verən və yol göstərən islamdır'' başlığı adı altında şüarların irəli sürülməsi sivilizasiyalar arası dialoqu reallaşdıra bilməz''.

Əslində isə sivilizasiyaların dialoquna mane olan faktor məhz məsələyə dini və siyasi baxımdan yanaşan Qərb təfəkkürüdür. Bu bir reallıqdır ki, İslam dini Qərbdə cəmiyyətə düzgün təqdim olunmur və mediada adı terror anlayışı ilə yanaşı çəkilir. Müəllif tarixi hadisələrin doğru müşahidə edərək bu qənaətə gəlmişdir ki, "Tarixə nəzər saldıqda, Avropada islama qarşı sərgilənən münasibət bir zamanlar digər dinlərin daşıyıcılarına da tətbiq olunurdu. Tarix boyunca yəhudilər fərqli dini əqidənin nümayəndələri olduğu üçün təqiblərə məruz qalmışlar''. Qədim Roma imperiyasında sürgün olunan yəhudilər, 1290-cı ildə İngiltərədən, 1394-cü ildə Fransadan, 1492-ci ildə İspaniyadan qovulmuş, II dünya müharibəsi zamanı isə almanlar tərəfindən soyqırımına məruz qalmışlar. Bu da bir həqiqətdir ki, 2 min il boyunca yəhudilərə qarşı törədilən bütün cinayətlərdə və təzyiqlərdə kilsənin də rolu olmuşdur. Tarixi proseslər göstərir ki, Qərbin dini tolerantlıq dəyərləri yalnız öz dini dəyərlərinin digərlərinə qəbul etdirilməsi üzərində qurulmuşdur.

Bu baxımdan hazırda Qərbdə getdikcə güclənməkdə olan islamofobiyanın əsas səbəbi heç də islam-xristian dini dəyərlərinin barışmazlığı deyil, ümumilikdə dini faktorun Qərbin geosiyasi aləti olması ilə əlaqədardır. Bu mənada müəllifin xristian-islam və xristian-yəhudi münasibətlərinə yanaşması da olduqca düşündürücüdür: "Məsələnin mahiyyəti bundan ibarətdir ki, Qərb xristian-yəhudi qarşıdurmasını unutdurmaq istəmiş və beləliklə bu dini toqquşma öz yerini yəhudi-müsəlman qarşıdurmasına vermişdir. İsrail dövlətinin Yaxın Şərqdə yaranmasının da səbəblərini bunda axtarmaq lazımdır”.

Yeni minillikdə qlobal geosiyasi proseslərin əsl mahiyyətinin araşdırılması baxımından da Emin Arifin baxış bucağı diqqəti cəlb edir. Bu bir reallıqdır ki, Sovetlər İttifaqının süqutundan sonra Qərb öz qarşısında sadəcə iki – İslam dünyası və Çin mədəniyyətini rəqib olaraq görür. Misal üçün, Samuel Hantinqton yazır ki, "Qərb üçün əsas təhlükə islam fundamentalizmi deyil, bilavasitə islamın özüdür''. Qərbin siyasi planlarında bir zamanlar Sovetlərə qarşı əməkdaşlıq edilə biləcək güc olaraq görülən islam ölkələri sonradan nəzarət altına alınması vacib olan bir gücə çevrilmişdir.

Hazırda Qərbdə – həm ABŞ-da, həm də Avropa ölkələrinin bir çoxunda siyasi liderlərin ritorikasında açıq islamofobiya özünü göstərir. Belə bir fikir formalaşdırılmağa çalışılır ki, Qərbdə islamın təhdid olaraq görülməsi 11 sentyabr terror hadisələrindən sonra yaranmağa başlanmışdır. Prezident Corc Buşun 11 sentyabrdan sonra "terrorizmə qarşı xaçlı yürüşləri'' ifadəsi də məhz terrora qarşı yönəlmişdir. Lakin hadisələrin sonrakı inkişafı bir daha göstərdi ki, terrorizm adı altında məhz islam ölkələrinə hücum nəzərdə tutulmuşdur. Corc Buşun 2006-cı ildə "Amerikanın islamçı faşistlərlə müharibə şəraitində'' olmasını bildirməsi də bu təfəkkürün davam etdiyini göstərdi. Bundan əvvəl isə ABŞ Prezidenti Bill Klintonun 1995-ci ildə Oklahamada terror törədən şəxsin kimliyi müəyyənləşdirilməzdən əvvəl baş verən hadisənin "islam terrorçuları'' ilə əlaqələndirməsi də baş verənlərin təsadüf olmadığını göstərir.

Bu yerdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbdə artan islamofob meyllərin dünya miqyasında yaratdığı problemlərə toxunaraq bildirdiyi fikirləri xatırlamaq istərdik. Prezident 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirmişdi ki: "İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm də müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop İslam" deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb".

Hazırkı kitabda diqqət çəkən məqamlardan biri də Türk sivilizasiyasına müstəqil bir sivilizasiya kimi baxılmasının səbəblərinin tədqiq olunmasıdır. Müəllif türk sivilizasiyasına müxtəlif tarixi mərhələlərdə fərqli mədəni-etnik kimlik daşıyıcısı olaraq baxır və Qərb-İslam qarşıdurmasında Türk faktoruna ayrıca yanaşaraq müasir siyasi proseslərdə bunun nəticələri ilə bağlı maraqlı faktlar ortaya qoyur. Kitabda doğru olaraq göstərilir ki, "Tarixi proseslərin təhlilinə əsaslanaraq qeyd etmək mümkündür ki, xaçlı müharibələri ümumilikdə Qərbin qeyri-xristianlara qarşı yürüşləri olsa da, konkret olaraq məhz xristian Latın-Germanların müsəlman türklərlə toqquşmasıdır. Çünki bütün xaçlı səfərlərində xristian Qərbin qarşısına çıxanlar hər zaman türklər olmuşlar''. Görünən odur ki, Qərb sivilizasiya daşıyıcıları tarix boyunca türklərə məğlubiyyətlərini unutmamışlar və əsrlərdir ki, müsəlman türklərə ən böyük rəqib, hətta düşmən gözüylə baxırlar.

Beləliklə, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin oxucuların mühakiməsinə təqdim etdiyi "Müasir səlib yürüşlərinin hədəfi: terrorizm yoxsa İslam'' adlı kitab müasir dövrümüzün geosiyasi mübarizəsinə həsr olunmuş dəyərli bir tədqiqatdır. Kitabda sivilizasiyalar arası münasibətlərdə, xüsusən Qərb-İslam münasibətlərində formalaşmış stereotiplərə xüsusi diqqət edilir, müasir siyasi proseslərin həqiqi mahiyyəti oxucuya çatdırlır. Müəllifin qənaətinə görə böyük geosiyasi hədəfləri olan iri dövlətlər Şərq-Qərb mədəniyyətlərinin inteqrasiyası, demokratiya və insan hüquqları adı altında İslam aləmini mənfi dəyişikliyə uğratmaq üçün müxtəlif addımlar atırlar. Belə bir yanaşma sivilizasiyaların dialoqu ilə deyil, qanlı toqquşmalarla nəticələnə bilər. Ümumiyyətlə əgər qloballaşma hər yerdə "Qərb üslubunun” mənimsədilməsidirsə, o zaman dünya miqyasında bunun nəticələri olduqca təhlükəli olacaq.  İnanırıq ki, bütün bu istiqamətlərə çoxsaylı faktlarla işıq salan tədqiqat əsəri geniş oxucu kütləsinin təqdirini qazanacaq.

Newtimes.az

 





25.12.2017    çap et  çap et