525.Az

Qüds - Fikrət Qocanın şeiri


 

Qüds - <b style="color:red">Fikrət Qocanın şeiri </b>

Bu şeiri 1954-cü ildə yazdım, yarımçıq qaldı. 2017-ci il 24 dekabrda vaxtı gəldi, tamamladım. Vaxtı gəlməmiş, tamamlanmamış olsa da, məni bağışlayın. Yaşım çoxdu, vaxtım azdı, vaxta güvənə bilmərəm.

Qüds -
Bütün dinlərin
Həqiqət paytaxtıdı.
Qüds
Fələstin xalqının
Açılmayan baxtıdı.
Qüds -
Vicdan şəhəridi,
Haqsızlıq səhnəsidi.
Qüds
Dili kəsilmiş
Həqiqətin səsidi.
Həm var, həm yox həqiqət,
Tapılmayan həqiqət,
Hər şeydən çox həqiqət...
Həqiqəti axtaran
Axırda dəli olar,
Zəmanədə ucalmaz!
Qocalar gedər zaman,
Qocalar gedər dövran,
Həsrətini çəkdiyim
Həqiqətsə qocalmaz!
Başımın ağarmağı,
Mənim cavan çağımda,
Yaşamaq xatirinə
Yalan danışmağımda,
Deməyin ki, adətdir,
Bu da bir həqiqətdir!
Bir həqiqət axtaran
Daş zindanda olanda,
Üz-gözünə süzülmüş,
Laxtalanmış o qan da,
Onun qulaqlarına
Pıçıldadı xəlvəti:
- Budur mənəm - həqiqət
Axtarma həqiqəti!
Bax başın dəydi daşa...
Bundan sonra əzizim,
Vicdanla ver başbaşa.
Həqiqəti axtarma!
Get həqiqəti yaşa!

1954-2017

 





26.12.2017    çap et  çap et