525.Az

Ailə dəyərləri sistemi cəmiyyətin özəl sütunudur


 

MDB ölkələri Yaradıcı və Elmi Ziyalılarının XII Forumundan bəzi qeydlər

Ailə dəyərləri sistemi cəmiyyətin özəl sütunudur<b style="color:red"></b>

Dekabrın 11-12-də Moskvada MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə MDB ölkələri Yaradıcı və Elmi Ziyalılarının XII Forumu keçirilib.
 
Forumda vaxtilə SSRİ-nin tərkibinə daxil olmuş səkkiz ölkənin nümayəndələri iştirak ediblər. 70 il bir ailənin üzvləri kimi yaşamış bu səkkiz ölkənin xalqları ortaq mənəvi əxlaqi dəyərlər fonunda birləşməklə, həm də öz milli-etnik xüsusiyyətlərinə, adət-ənənələrinə, dini ayinlərinə sadiq qalıblar. Forumda müzakirəyə çıxarılmış əsas mövzu da məhz MDB ölkələrində mənəvi, xüsusən ailə dəyərlərinin birgə qorunub saxlanılması idi.

Bəziləriniz düşünəcəksiniz ki, bu qədər qlobal iqtisadi və siyasi problemlərin mövcud olduğu bir vaxtda nə üçün məhz mənəvi-əxlaqi dəyərlər önə çəkilir, müzakirəyə çıxarılır? Əslində, haqlısınız. Amma etiraf edək ki, mənəvi-əxlaqi dəyərlər heç də iqtisadi və siyasi problemlərdən az əhəmiyyətli mövzu deyil. Hətta mən deyərdim ki, həyati əhəmiyyətli məsələdir. Mənəviyyatı xəstə olan cəmiyyət parçalanmağa, məhvə doğru gedir və bu proses bir gün mütləq son həddə çatır. Tarix bunu dəfələrlə tsədiq etmişdir. 25 ildən də artıq dövrü əhatə edən zaman kəsiyində Qərbin bir çox dairələri tərəfindən illərlə öyrəndiyimiz mənəvi-əxlaqi dəyərlərə hücumlar, əxlaqsızlığın geniş təbliği, məncə, silahlı münaqişələrdən daha qorxulu və təhlükəlidir. Bu müdaxilə istənilən cəmiyyətin, xüsusilə də onun həssas təbliğat hədəfi olan gənclərin şüurunu dəyişmək, əsrlərin sınağından çıxmış şüurları və ürəkləri fəth etmiş dəyərləri tədricən məhv etmək, min illər ərzində formalaşmış, əcdadlardan miras qalmış adətləri avropasayağı yad elementlərlə əvəzləmək gücünə malikdir. Odur ki, mədəniyyətimiz, adət-ənənələrimiz, ümumilikdə həyatımız üçün təhlükəli olan hücumlara müqavimət göstərmək imkanına malik olması baxımından mənəvi dəyərlər çox önəmli məna yükünə malikdir.
 
Homoseksualizm, pedofiliya və eynicinsli nikahların təbliğatçıları - onların yerli "bacı-qardaşları", müdafiəçiləri mənəviyyata zidd yeni ideyaların bizim cəmiyyət tərəfindən də qəbul olunması üçün əl-ayağa düşüblər, xeyli müddətdir əl-ələ verib mənəvi dayaqlarımızı baltalayırlar. Bu, həm bizim milli mənliyimizin, həm də dini mənsubiyyətimizin əleyhinə yönəlmiş təxribatdır. Lakin belə hərəkətlərə barmaqarası baxmaq, "guya hər şey öz-özünə düzələr" məntiqi ilə düşünmək ciddi səhv olardı. Qərbdə belə münasibət həm də onların ailə dəyərlərinin onurğa sümüyü olmuş dinə, xüsusən də kotolikliyə qarşı yönəlmişdir. Bu isə bu gün həmin dini konfessiyanın cəmiyyətdə, insanların tərbiyəsindəki rolunu, demək olar ki, sıfıra endirmişdir. Bu səbatsızlığın nəticələrinin acı bəhrəsini Avropa hələ çox görəcəkdir. Etiraf etməliyik ki, ictimai münasibətlərin formalaşmasında dini dəyərlərin mühüm rol oynadığı cəmiyyətdə müxtəlif yollarla dinin inkar olunması insanlar tərəfindən birmənalı qarşılanmayacaq. Qərbdə belə ikiyə bölünmə prosesi çoxdan başlayıb. Bu isə öz növbəsində ictimai sabitlik və mənəvi dinclik baxımından  çox təhlükəli məqamdır. Gənc nəslin tərbiyə üsulları siyahısından din elementinin kobudcasına, heç nə ilə əvəzlənmədən zor gücünə çıxarılması son nəticədə sahib olduğumuz mənəvi-əxlaqi dəyərləri dinə zidd olan Qərb standartları qarşısında aciz vəziyyətə sala bilər. Söhbət eynicinsli nikahları və homoseksuallığı qanuniləşdirməyi tələb edən Avropa İttifaqının Şərq tərəfdaşdığı siyasətinin tərkib hissəsindən gedir. Səsləndirdiyim fikrə dair yüzlərlə fakt göstərə bilərəm. Məsələn, bu yaxınlarda Almaniya Bundestaqında vətəndaşların şəxsiyyətini təsdiq edən sənəddə cinsi bildirən bənddə "qadın" və "kişi" ilə yanaşı, həm də "digər" sözünü yazmaq barədə qanun səs çoxluğu ilə qəbul olundu. Bu yeniliyə ölkənin Konstitusiya məhkəməsi də razılıq verdi.

Başqa bir nümunə:  ABŞ-da Konqressin və Senatın qərarı ilə işə qəbul zamanı doldurulan məlumat blankında cinsi göstərməmək barədə qanun layihəsi imzalandı. Belə ki, işə götürən vakansiya üçün müraciət etmiş potensial namizədlə görüşənə kimi onun cinsi mənsubiyyəti barədə heç bir məlumata malik olmur. Yalnız qəbul zamanı vizual şəkildə müəyyənləşdirilən cinsi mənsubiyyət işlə bağlı müraciətin rəddi üçün bəhanə olaraq istifadə edilə bilməz. Buna əməl etməyən şəxs cinsi diskriminasiyaya görə qanun qarşısında cavab verəcək və cinayət məsuliyyətinə cəlb olunacaq. Belə yerdə deyiblər: "Keçi can hayında, qəssab piy axtarır".

Avropa və ABŞ dövlətlərinin qanunverici orqanlarının əxlaqa və normal sağlam məntiqə zidd bu cür biabırçı qanunları ilə bağlı nümunələr siyahısını istənilən qədər uzatmaq olar. Amma əmin olun ki, həmin siyahıda yaxşı heç nə tapmayacaqsınız. Yəqin ki, son dəfə Moskvaya toplaşmağımızın əsl səbəbi sizə aydın oldu. Bəli, məqsədimiz Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkə vətəndaşlarını, onların mənəvi-əxlaqi dəyərlərinin birgə müdafiəsi ilə əlaqəli müzakirələr aparmaq idi. Gündəmin məğzi olan bu mövzu ilə bağlı kifayət qədər maraqlı fikir mübadiləsi aparıldı. MDB məkanında ailə dəyərlərinin, milli, dini və mənəvi-əxlaqi normaların qorunmasına dair xeyli faydalı təkliflər irəli sürüldü. MDB-də ailə dəyərlərinin və ənənələrinin qorunub möhkəmləndirilməsi və dəstəklənməsində xalqlarımız arasında humanitar əməkdaşlığın rolu mövzusunda aparılan qızğın müzakirələr iki gün davam etdi. Sonda Yaradıcı və Elmi Ziyalılarının XII Forumunda müxtəlif respublikaları təmsil edən nümayəndələr cəmiyyətə ayaq açmış yad ünsürlərlə mübarizənin yalnız birgə səylər sayəsində fayda verəcəyi qərarına gəldilər və bunu sonrakı əməkdaşlığımızın əsası hesab etdilər.

Şəxsən mən bu cür forumların təşkilinin mümkün və ya lazım yox, vacib olduğunu düşünürəm. Ziyalıların əksər hissəsi hər zaman təkcə gənc nəslə deyil, bütün xalqa bələdçilik edib, öz davranışları ilə örnək olublar. Forumda bir araya toplaşmış 8 MDB dövlətinin elm və mədəniyyət xadimləri cəmiyyətin mənəvi sabitliyinin qorunub saxlanılmasında təhsil, mədəniyyət və əxlaqın mühüm rol oynadığını bir daha təsdiqlədilər. Dəyərlər sistemi nə qədər dayanıqlı, dözümlü olsa, birgə yaşayış qaydaları, ailə dəyərləri, mənəvi-əxlaqi normalar yad ünsürlərə bir o qədər güclü müqavimət göstərər. Mənəvi dəyərlər bu gün daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi fəaliyyət göstərir.

Adət-ənənə ilə əxlaq arasında qırılmaz bağlılıq var. Hər bir ənənə müəyyən əxlaqi məna yükü daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin yaranmasına, şişirdilib qarşıdurmaya səbəb ola bilər. Çünki milli-mənəvi dəyərlər xalqın milli ruhunu yaşadır. Hazırda bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda, milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib. Foruma qatılan 8 MDB ölkəsinə diqqət yetirsək, onların hər birinin nə qədər zəngin mənəvi irsə sahib olduğunu görərik. Həmin dəyərlər kütlənin şüuruna, davranışına, düşüncə tərzinə təsir göstərmək imkanlarına sahibdir. Təsadüfi deyil ki, bundan ehtiyat edən Qərb dövlətləri son vaxtlar MDB xalqlarının maraqlarına zidd dəyərləri təbliğ etməklə məşğul olur. Ən acınacaqlısı isə xarici jurnallar, televiziya kanalları və digər informasiya vasitələri ilə Avropanın mənəviyyat sahəsində nə problemlər, nöqsanlar varsa, hamısı bizim məkana daxil olur. Gənclərin xeyli hissəsi ümumi axın istiqamətində gedir, öz dəyərlər sistemini qorumaqda ya çətinlik çəkir, ya da hər  kəs yorğanı öz üstünə çəkməklə məşğuldur. Onların böyük bir hissəsi, demək olar ki, mənəvi, etik, hətta məişət dəyərlərindən tamamilə xəbərsizdir, yalnız Qərb həyat tərzini nümunə kimi qəbul edir. Bu yola düşənlər öz sıralarına mümkün qədər çox adam cəlb etməyə çalışırlar. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarır. Məsələn, geylərin paradını dəstəkləməyi müasirliyin əlaməti kimi qəbul edir, Avropa dəyərlərini hər cür milli elementlərdən üstün tutanlar. Bu isə ümumiyyətlə, dəyərlər sistemini məhvə doğru aparmağa cəhd kimi qiymətləndirilməlidir.

Bax beləcə, bəzi kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının təbliğ etdikləri açıq-aşkar bayağılıq gənclərimizin böyük hissəsi üçün adi davranış normasına çevrilir. Hamımıza yaxşı bəllidir ki, Qərbin bəzi dairələrinin bu çirkin niyyətinin arxasında mütləq həm iqtisadi, həm də siyasi maraqlar durur. "Sapı özümüzdən olan baltalar" isə onların quyusuna su tökməklə əcdadlarımızdan xalqa miras qalmış mənəvi-əxlaqi dəyərləri təhlükə altına atırlar. Bir sıra müasir iş adamları - biznesmenlər gəncliyin bugünkü mənəvi və maddi tələbatına yaxşı "bələddir"lər. Gənclər həyatda özlərinə yer tapsınlar deyə onlar səhərə kimi işləyən gecə klublarının, barların sayını günbəgün artırırlar. Nəticədə MDB-nin iri, əsasən də paytaxt şəhərlərində gecə həyatı qaynayır, qədəhlər dolub boşalır, tüstü göyə qalxır, beyinlər dumanlanır. Bu üzdəniraq əyləncə məkanları 24 saat işləyir, pul-para qazanır və şübhəsiz ki, kimlərinsə himayəsində fəaliyyət göstərirlər. Kapital həm gözləri, həm qulaqları bağlayıb özünə istədiyi yolu açır. O, artıq cəmiyyətdə hakim mövqe tutmuşdur. Ona tabe olan qulların həyat tərzini müəyyənləşdirir, onları dəyərlər sistemindən ayırır. Neqativ ənənəvi adətlər cəmiyyətin orqanizmində sərbəst hərəkət edən viruslara çevirir.

Beləliklə, nəticədə sırf homoseksuallara xidmət göstərən, onların ad günlərini, toylarını təşkil edən gecə barları, kafelər açılır. Heç şübhəsiz ki, bu məkanlar yerli biznesmenlərdən əlavə, homoseksual xarici təşkilatlar - siyasətçilər, məmurlar, beynəlxalq təşkilatlarda və korporasiyalarda yüksək vəzifələrdə çalışanlar tərəfindən dəstəklənir, hətta maliyyələşdirilir, nəzarətdə saxlanılırlar. Bu transmilli nüfuzlu təşkilatlar, gördüyümüz kimi, bütün dövlət qurumlarına, maliyyə şirkətlərinə, partiya, konqress, senat və parlamentlərə yol tapıblar. Onların maraq dairəsinə də MDB dövlətləri, o cümlədən, biz də varıq. Bütün MDB xalqları üçün eyni dərəcədə əhəmiyyətli olan ailə dəyərləri, sahib olduğumuz ortaq mədəniyyət, incəsənət, ədəbiyyat, kino və digər sahələr üçün bu, əsl təhlükə mənbəyidir. Təbii ki, bu böyük çağırışa qarşı təkbaşına aparılan mübarizə müsbət nəticə verə bilməz və onlara qarşı yönələn təbliğat öz gücünü itirir, zəifləyir. Odur ki, xalqlarımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi, xüsusən ailə dəyərləri qoruyub saxlamaq MDB ölkələrinin bütün xalqları üçün əsas vəzifəyə çevrilməlidir.

Son vaxtlar ailə dəyərlərinə qarşı hücumlar o qədər intensivləşib ki, bu vacib məsələni daima nəzarətdə saxlamaq artıq zərurətə çevrilib. 70 il nəhəng Sovet imperiyanın tərkibində bir ailənin üzvləri kimi yaşamış qonşu xalqların yaratdığı ortaq tarix, mədəniyyət və incəsənətdə ən kiçik etnik qrupların, milli azlıqların da rolu az deyil. Sovet İttifaqının qeyri-obyektiv səbəblər əsasında qəflətən süqutu nəticəsində əsası sarsılmış həmin mənəvi dəyərlər istər-istəməz parçalanmaya məruz qaldı və tezliklə reallaşdı. Hərə özünə aid olanı götürüb bir kənara çəkildi. Elə düşünməyin ki, milli dəyərlərin lokal sistemini yaratmaq asan işdir. Əsla! Bu proses kifayət qədər intellekt, zəhmət, vaxt və maliyyə tələb edir. Üstəlik, SSRİ-nin süqutu nəticəsində Qərb dövlətləri ilə sərhədlər də açıldı və istənilən ideyanı çox qısa vaxt ərzində asanlıqla MDB ölkələrində təbliğ etmək sadə, heç bir müqavimətə rast gəlməyən məsələyə çevrildi.

Bir məqamı da qeyd edim ki, uzun dövr ərzində SSRİ-nin soyuq müharibə şəraitində yaşadığı Qərb aləminə uduzması zəifliyin deyil, siyasi satqınlığın nəticəsi idi. Həmin planın davamı olaraq sovet xalqlarının mənəviyyatına, dininə, həyat tərzinə ziddi yad ünsürlər, başqa sözlə desək, çox hay-küylə təqdim olunan Avropa standartları MDB ölkələrində təbliğ edilməyə, bəzi hallarda isə güclə qəbul etdirilməyə başlanıldı. Keçid dövründə təbii olaraq milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edən xarici qüvvələr yanlış ideologiyaları, qondarma adətləri MDB xalqlarının şüuruna yeritmək cəhdləri əksər hallarda onlar üçün gözlənilən nəticəni verdi. Heç şübhəsiz ki, zərərli vərdişlərə meyl cəmiyyətdə hər zaman özünə asanlıqla yol tapıb. Bu səbəbdən mənşəyi bizə məzmunu yaxşı bəlli olmayan Avropa qaydaları cəmiyyətin çoxluğu  tərəfindən bəhbəhlə qəbul edildi. Həqiqəti dərk edənlər isə sayca o qədər azdırlar ki, çoxluğa məğlub olacaqlarından ehtiyat edərək susmağa qərar veriblər. Hərçənd ki, bu, düzgün münasibət sayıla bilməz. Bu gün mədəniyyətimiz, incəsənətimiz, musiqimiz açıq-aşkar zorakılığa məruz qalır və mümkünsə digər xalqların nümayəndələri tərəfindən mənimsənilir, özününküləşdirilir. Qarışan təkcə anlayışlar deyil, həm də davranış normalarıdır. Keçid dövrünün boşluğundan yararlanan Qərb aləmi öz məkrli niyyətini həyata keçirmək üçün çox əlverişli vaxt seçib.

Əvvəlki nəsli əvəzləyən yeni nəsil də bu işdə onlara öz "töhfə"sini verir. Mənşəyi bilinməyən Avropa standartlarını milli-mənəvi dəyərlərdən üstün tutmaqla xarici qüvvələrə kömək etmiş olurlar. Heç şübhəsiz ki, bu işdə müxtəlif xristian təmayüllü dini icmaları təmsil edən və xaricdən maliyyələşdirilən missionerlərin gizli və ya açıq şəkildə keçdikləri təlim-təbliğat da az rol oynamır. Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində "əriyib" yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir.

Mədəni ekspansiya adlanan bu variant siyasətdə həmişə məharətlə istifadə olunur. Amma taleyin sərt üzünü görmüş, əsrlərin sınağından çıxmış xalqımız ən çətin məqamlarda belə, milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini qorumağa müvəffəq olub. Qloballaşan dünyanın guya həqiqi mahiyyətini əks etdirən "qərbləşmə" və "avropalaşma" kimi həyat tərzi zorla ayrı-ayrı millətlərə sırınsa da, MDB xalqları, o cümlədən də Azərbaycan xalqı bu hücumlara qarşı layiqli müqavimət aparmaq gücündə olduğunu təsdiqləməkdədir. Odur ki, MDB ölkələri Yaradıcı və Elmi Ziyalılarının XII Forumu xalqlarımızın həmrəyliyi, eləcə də elm, mədəniyyət və incəsənət xadimlərimizin bir araya gəlmələri baxımından mühüm əhəmiyyətə malik tədbir kimi qiymətləndirilməlidir. Mənim fikrim məhz bunun ətrafında birləşməyə yönəlib. Bunu bütün ziyalı təbəqəsinə bildirmək və onları ailə dəyərlərimizin qorunmasında ciddi iştirak etməyə dəvət edirəm. Qoy, əxlaqımız səmimi, təmiz, incə hisslərə söykənsin!

 





27.12.2017    çap et  çap et