525.Az

"Sevgi planeti"nin şairi - Əbülfət Mədətoğlu...


 

"Sevgi planeti"nin şairi - <b style="color:red">Əbülfət Mədətoğlu...</b>

Seçim özünündü...
Sən dizini qatla, otur.
Mən diz çöküm
Sevginin önündə!
... Gəl ürəkdə yaradaq,
Planet özümüzə.

Mən "Uçan xalça"nı görmüşəm.

Uçan boşqabı da!

Planetlər içində bir planet də varmış: "Sevgi planeti".

Mən onu da gördüm.

Şair Əbülfət Mədətoğlunun şeir kitablarını oxuya-oxuya. Eşqini bayraq etmək istəyir bu adam.

... İnsan ürəksiz yaşaya bilməz. Əbülfət ürəkdə planet yaratmaq istəyir.

Və yəqin ki, o belə bir planet yaratsaydı, adını da özü qoyardı: "Sevgi planeti".

Nağıllarımızda "Sim-sim" adlı bir qapı da var. Əbülfətin "Sevgi planeti"nin qapısını da ancaq bircə şərtlə açmaq olar: "Sim-sim!" (Açıl, görüm! - deməklə...)

Bütün planetlər kimi onun da planeti sirlərlə doludur. Onun şeirlərini oxuduqca yadıma "Adamların planeti"ni  yaratmış fransız yazıçısı Antuan de-Sent Ekzuperinin "Balaca şahzadə" əsəri düşdü. O da həmin şahzadə kimi bütün hərəkətləriylə (bütün şeirləriylə) çox qəribə və maraqlı görünür. Elə bil, şahzadə ulduzlarla oyun oynadığı kimi Əbülfət də sözlərlə gizlənpaç oynayır. Hərdən də bu şairin səsi "Tapdınmı, yox, tapmadım" deyən anadillərin səsinə, harayına, iniltisinə qarışır.

C.Rumi deyirdi ki, şəfamız  içimizə nəzər sala bilməyimizdə, içimizə  səyahət etməyimizdədi.

Əbülfətin istəyi də ap-aydındı. O, istəyir ki, biz də "Sevgi planeti"nin  sakinləri olaq. "Adam balası kimi bir-birimizə içimizi danışaq".

Quranda deyilir ki, ən böyük günah ümidsizlikdir. "Sevgi planeti"nin şairi də  ümidsizliyin əleyhinədir. Sevgisi olduğuna görə. İman sahibi olduğu üçün. Odur ki, deyir:

Bütün olacaqları
Olmuşlartək çözürəm.
Tək ümidə güvənib.
Bu dünyaya dözürəm.

Əbülfətin "Sevgi planeti" öz səsi (səsləri) olan planetdir. Öz səsi var bu şairin. O, başqalarının da öz səsinin olmasını istəyir. (Sevgidən, dünyadan, insandan muğayat olurmuş kimi!)

Səsini düşün,
Səsini qoru!
Onunla varsan.
Bil
Və tərk et
Özün kimilərdən
ibarət xoru!

"Sevgi planeti"nin şairi doğru buyurur. Bu planetə öz səsi olan bilən adamlar yaraşır. Bu planetə hər adam ayaq basa bilməz. Öz səsi olanlardan başqa!

Ə.Mədətoğlunun özünəməxsusluğunu olsun ki, görənlərlə yanaşı görməyənlər də var.

Hardan görsünlər ki?

Axı, o da əslində, bizim Yer adlı planetdə yox, "Sevgi planeti"ndə yaşayır.

lll

Əbülfət Mədətoğlu köhnə zamanlardan qalmış dərvişləri xatırladır. Belə dərvişlər dünyaya tək-tək gəlirlər. Onları təkləyirlər, perik-perik salırlar.

Bəzən təkləməsələr də, özləri təklənirlər, təklənməyə məcbur olurlar.  "Özgə-yad" planetdə-yerdə özü bu haqda belə deyir:

...Gör necə təklənmişəm,
Elçim-ölüm ağlayır!
...Olmuşam çilik-çilik,
Özüm-özümdən düşüb.

Əbülfətin yaratdığı "Sevgi planeti"nin adamları çox danışa bilmirlər. (Axı sevənlər dilsiz olurlar.) Bircə söz bilirlər: "Sevirəm" sözünü!

Yanılıb hamının gözündən,
Qapını bağlayıb,
Pərdəni çəkək...
Dörd divar arasında
Bir tala  kədər əkək...
Suyu-
Qanımız.
Günəşi-
Nəfəsimiz...
Göyərsin,
Boy atsın,
Lap buludlara çatsın.
Biri maraq
oyatsın-
kədərimiz
və ona
sarılmış sevirəm! - pıçıldıyan
səsimiz...

Əbülfət Dar ağacına çəkilmək, Dar ağacında olmaq istəyir. Yarsız (sevglisiz) qaldığı vaxtlarda (hətta anında!) söyləyir:

Məni asın sorğusuz,
Yarsız ölən anımdan.

Əziz oxucu, inanmırsan bəlkə belə şeyə, belə eşqə, sevgiyə, eləmi? Onda gəl şairin özünə qulaq asaq:

Ürəyim sevgi kitabı,
Amma üstə bir şəkil var.
Bu kitabın hər səhifəsi
Sənin adınla başlar,
Oxumasan, inanmazsan!

...Ürəyim sevgi kitabı,
Bağbanam öz əkdiyimə.
Burax bir yana inadı,
Mənim nələr çəkdiyimə
Yoluxmasan, inanmazsan!
Bir də hardan inananasan ki?
...qınayırıq zamanı,
Qınayarıq fələyi.
Girova çevirərək
Düşüncəni, ürəyi!..

lll

"Sevim planeti"nin sakinləri çoxdu. İnsanla yanaşı məhəbbətdi, dağdı, daşdı, izdi, yoldu, Sözdü bu "sakinlər".
Əbülfət Söz naminə (sözə olan  Sevgisi naminə!) Namaz qılanlardandır. Sözün səcdəsində dayananlardandı. Söz dalınca gedənlərdəndi:

Gedim sözün dalınca
Nökər kimi, şah kimi.
Səcdəsində dayanım,
Sözün də Allah kimi!

Əbülfət dərdi də sevgiylə çəkir, sevə-sevə çəkir. Deyir ki, hər adam dərd çəkə bilməz və çəkməyə ixtiyarı yoxdur.

Dərdi də pullu edin,
Bacaran alıb çəksin.
Çəkdikləri dərdlərin
Dərdinə qalıb çəksin.

Şair düz deyir!

Sevgisinə gülənlərə ən gözəl cavab, məncə, bu misralardı:

Gülüb sevinmə, dedin ki,
Arıyam, şirə çəkirəm.
Bilmədin ki, ürəyimdə
Hər gün kirkirə çəkirəm!

"Dünyaya sığındığım tanrı, güvəndiyim isə sevməyi bacaran oxuculardı. Bu kitabda nə varsa hamısını sevənlərə yazdım, sevgidən yazdım, sevə-sevə yazdım. Əgər sevirsənsə, sevgiyə önəm verirsənsə, ən azı sevənləri anlayırsansa, onda oxu bu şeirləri!

...Mənim günümdə olmaq, mənim duyğularımla həmahəng duyğulara könül vermək istəyirsənsə qoşul mənə"...

Oxucuya ünvanlanmış müəllifin bu mənalı sözləri çox düşündürücüdür. Dünyaya sevərək baxmayanlar üçün bir dərsdir.

Sevənə gülmək olmaz.

Sevəni duymaq, anlamaq, sevmək gərəkdir. Şair şeirlərindən birində bir künc axtardığını bildirir. Həmin küncdən bir şəkil asmaq istəyir. Yəni ki, sevən adamın şəklini. Bu şair də belə Məcnundur. Dünyada şəkil asmağa bir künc, yer tapa bilmir. Necə ki, Məcnunla Leyli də adamlar arasında özlərinə bir yer tapa bilməmişdilər.
Şəkillərini "böyüdüb" bir küncdən asa bilməmişdilər.

Qaldım ortalıqda, fikrim qarışıq,
Nə qapım döyülür, nə də pəncərəm.
...Hər gün sevəcəyəm Məcnundan betər,
Hər an cəhd edəcəm, sənə tək gələm.

lll

Əbülfət Mədətoğlunun şeirlərini oxuyanlar dünyada daha bir planetin də, "Sevgi planeti"nin də olduğunu hiss edəcəklər.

Və bu planetin sakini olmaq istəyəcəklər...

Və bu planetin sakinləri yəqin ki, getdikcə artacaqlar.

Hər şeyin öz kodu olduğu kimi "Sev gi planeti"nin də öz kodu var. Bu kodu əldə edənlər Ə. Mədətoğlunu axtarıb tapacaqlar kitab şəklində, söz şəklində, Sevgi şəklində!

Təkcə sözüylə yox, özüylə də söhbət edəcəklər. Bir təklifim var: Gəlin bu şairin şeirlərini oxuyaq. Sevgi məktubu kimi. Sevgi ismarıcı kimi. Ürəyimiz olsun, ürəyimizdə sevgimiz. Ürəklər, sevgilər (sevgi planeti!) olduğunu duyaq, anlayaq, sevək, sevilək, "Sevgi planeti"nə uçaq!

Bacarsan
 bu təklifdən
xilas olmaq üçün
ovut ürəyini...
İndi
 dözümün,
 gücün çatsa
 və ürəyin ovunsa,
 onda...
üzülmə,
sevin ki,
ovutmusan
mənim də ürəyimi!
Məzarda...

P.S. o adam ölməyəcək!
Orda da sevəcək.

Orda da hamını, bütün insanları sevməyə, sevilməyə, Əbədiyyət məkanına -"sevgi planeti"nə səsləyəcək!

 





28.12.2017    çap et  çap et