525.Az

"XXI əsrin salnaməsi" sənədli televiziya filmini izləyərkən...


 

"XXI əsrin salnaməsi" sənədli televiziya filmini izləyərkən...<b style="color:red"></b>

Medianın müasir inkişaf prosesini şərtləndirən əsas faktorlar sırasında informasiya texnologiyasının gətirdiyi inqilabi yeniliklər dayanır.

Bir az əvvəl yeni texnologiyanın gücü və imkanları qarşısında ənənəvi jurnalistikanın narahatlıq keçirəcəyi barədə hətta ciddi elmi-nəzəri söhbətlərin özündə belə pessimist proqnozlar görünməyə başladı. Artıq özünün yaranma tarixindən bu günədək çox yüksək inkişaf səviyyəsinə çatmış televiziyanı da ənənəvi media sisteminə aid edərək deyə bilərik ki, KİV-in bu qolu haqqında da həmin pessimist fikirlərə rast gəlmək olurdu. Lakin televiziyanın müasir təcrübəsi qəti şəkildə sübut edir ki, onun vizuallıq xarakteri - söz və görüntünün sinxronluğu heç bir yeni texnologiyanın - bu kontekstdə internet imkanlarının qarşısında nəinki təslim olmayacağını, habelə öz dominantlığını uzun müddət qoruyub saxlayacağı fikrini təsdiq etməkdədir. Telejurnalistika ilə bağlı nəzəri fikrin bu istiqaməti TV yaradıcılığının bir çox sahəsində öz təsdiqini tapmaqdadır. Və mən bu təsdiqi özündə daşıyan bir telefakt ətrafında dayanmaq istərdim. Bu fakt Azərbaycan Televiziyasında bir neçə gün praym-taym - çoxbaxılan zaman kəsiyində nümayiş etdirilən bir televiziya filmi ilə bağlıdır. "XXI əsrin salnaməsi" adlanan  bir neçə hissəli bu sənədli televiziya filmi Azərbaycanın müstəqillik dövründəki inkişafını göstərən (bu yerdə "göstərmək" sözünü müstəqim mənada anlamaq daha doğru olar) faktların yüksək səviyyəli ssenari, rejissor, operator və digər telepeşələrin birgəliyi ilə təqdim olunan maraqlı bir format kimi diqqəti cəlb edir.

Film, əlbəttə, ilk növbədə müraciət etdiyi mövzunun ümummilli xarakterinə görə son dərəcə maraqlıdır. Bu salnamə XXI əsrin ilk onilliklərində Azərbaycanın keçdiyi inkişaf yolunun yüksək publisistik təqdimat  faktıdır. Filmdə belə bir doğru və hətta belə bir elmi yanaşma tamamilə təbiidir ki, bu inkişafın təməli xüsusi bir idarəçilik məktəbi yaratmış Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ancaq o da var ki, məktəbi yaşatmaq və onu daha da zənginləşdirmək də hər yeni nəslə, hər yeni rəhbərə nəsib olmur. "XXI əsrin salnaməsi" televiziya filmi bir daha sübut edir ki, Azərbaycanın müasir Prezidenti İlham Əliyev bu məktəbin sədaqətli davamçısı olmaqla, həm də zamanın çağırışlarına uyğun şəkildə özünün yeni-yeni ideyaları ilə, bu ideyaların gerçəkləşməsi uğrunda göstərdiyi xidmətləri ilə yeni Azərbaycan naminə necə böyük işlər görmüşdür. Filmin ssenari və rejissor işinin maraqlı göstəricilərindən biri əsərin əvvəlinin - həm də hər bölümün əvvəlinin - Azərbaycanın son illərdəki inkişaf tempini göstərən dinamik bir videoçarxla başlamasıdır. Cəmi bir neçə saniyəlik bu videoçarx Azərbaycanın baş şəhəri Bakıdan tutmuş uzaq regionlarınadək hər yerdə özünü göstərən quruculuq, sənaye, kənd təsərrüfatı, milli-mənəvi dəyərləri, xarici əlaqələri, siyasi uğurları və s. kimi bir çox mətləbə aydınlıq gətirir. Mən bu yerdə, əlbəttə, bütün çəkilişlərin özülündə rejissorun dayandığını nəzərə almaqla, videoçarxın və bütövlükdə filmin operatorlarının peşəkarlıq (hətta sənətkarlıq) bacarıqlarını da xüsusi qeyd etmək istərdim.

"XXI əsrin salnaməsi" telefilminin maraqlı bir kompozisiyası var. Bir neçə  hissədən ibarət bu filmin baş qəhrəmanı Azərbaycan və onun Prezidenti İlham Əliyevdir. Bu kompozisiya nə ilə başlayıb, nə ilə bitməli idi? Əlbəttə, gendən baxana döyüş asan gələ bilər! Amma əsl işə gələndə bu sual çox böyük məsuliyyət tələb edir. Və filmin yaradıcıları, bizcə, doğru olaraq, Azərbaycanın inkişafı yolunda Prezidentin xidmətləri içərisində özünü göstərən ordu quruculuğunu ilk sıraya qoymuşlar. Axı, hər hansı bir ölkənin stabil inkişafı onun təhlükəsizliyindən başlayır.

Mən bu qeydlərimin əvvəlində televiziyada sözün və vizuallığın sinxron vəhdətindən bəhs edəndə, məhz filmdəki belə səhnələrin effektini nəzərdə tuturdum. Burada Azərbaycan Prezidentinin ordu quruculuğu sahəsindəki xidmətlərini əks etdirən dinamik süjetlər tamaşaçıya emosional təsir göstərməklə, onda ordumuzun qüdrətinə, qadirliyinə böyük inam yaradır. Həm də quruculuğun inkişaf dinamikası filmin adında olan "salnamə" semantikasına, çox mürəkkəb xarakterli bir janr və ya format olaraq qəbul edilən bu terminin mahiyyətinə uyğun şəkildə təqdim olunmaqdadır. Filmin bu hissəsi Prezidentin bir sıra təsirli və dəqiq tezisləri üzərində qurulmuşdur: "Müharibə şəraitində yaşayan ölkə öz hərbi qüdrətini təmin etməlidir"; "Ölkədə ordu quruculuğu bir nömrəli vəzifədir"; "Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır" və s. Filmin ordu quruculuğu ilə bağlı hər süjetinin əsasında Prezidentin bu tipli tezislərindən gələn mahiyyət dayanır. Və filmin bu hissəsində tamaşaçı Prezident İlham Əliyevi hər məqamda Ali Baş Komandan kimi görür və onun xidmətlərinin qiymətini, nəticəsini hiss edir. Film ordumuzun havada, suda və qurudakı inkişafını, Milli Qvardiya, Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Fövqalədə Hallar Nazirliyi, Daxili İşlər Orqanları və s. kimi neçə-neçə təhlükəsizlik sahələrinə dair Prezidentin imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların gerçəkləşməsindən gələn inkişafın həqiqi salnaməsini tamaşaçıya çatdırır. Bu yerdə filmin belə bir peşəkarlıq cəhətini də qeyd etməliyəm ki, əsərin süjetində və kompozisiyasında formalaşan salnamə birbaşa tarixi faktlara söykənir və ölkəmizin bu qısa tarixində görülən ordu quruculuğu adamda heyrət doğurur.

"XXI əsrin salnaməsi" telefilminin digər bir hissəsində Azərbaycanın geosiyasəti, iqtisadiyyatı, xarici siyasəti və bunlarla əlaqədar olaraq Prezident İlham Əliyevin siyasi fəallığı ilə bağlı faktlar təqdim olunur. Bu yerdə Prezidentin "Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır" kimi gerçək həyatda özünü sübut etmiş postulat səciyyəli bir fikri filmin leytmotivinə çevrilir. Burada, xüsusi olaraq, Dağlıq Qarabağ ətrafında Ermənistanın işğalçılıq siyasətinin dünyanın nüfuzlu qurumlarının tribunasından ifşası, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə Ermənistanın etinasızlığı, beynəlxalq qurumların hadisələrə ikili münasibətlərinin doğurduğu fəsadlar və bütün bunların ən mühüm beynəlxalq kürsülərdən Azərbaycan Prezidentinin cəsarətlə dünya birliyinə çatdırması dəqiq faktlarla tamaşaçıya təqdim olunur. Və effekt yaradan, inandırıcılığı təmin edən əsas fakt isə ondan ibarətdir ki, film müəlliflərinin bütün bu məsələlərlə bağlı ideyası ardıcıl olaraq, Prezidentin illər boyu çıxışlarından misallarla gerçəkləşdirilir. Prezidentin Qarabağ problemi ilə bağlı mübarizədə hansı maneələri dəf etməsi, dünyanın ən sayılıb-seçilən siyasi xadimləri, xarici ölkələrin prezidentləri ilə görüşləri, bütün bunların Azərbaycanın artan beynəlxalq nüfuzu fonunda baş verməsi onun yorulmaz fəaliyyətinə böyük inam və qürur hissi oyadır.

Filmin bu hissəsində Azərbaycanın beynəlxalq arenadakı uğurları, həyata keçirdiyi və proqramlaşdırdığı layihələrin gətirdiyi siyasi, iqtisadi dividentlər, əsrin çağırışlarına reaksiya, Azərbaycanın sülhməramlılıq fəaliyyəti, milli dəyərlərimiz, mədəniyyətimizin dünya arenasına çıxarılması və s. kimi onlarca məsələ özünə yer tapıb. Və filmin süjeti tamaşaçıda belə bir inam yaradır ki, bütün bunların cəmi bir neçə ildə həyata keçirilməsinə rəhbərlik etmiş bir ölkə başçısı Azərbaycanımızın sabahı naminə hələ çox uğurlara imza atacaq.

Hissədən-hissəyə maraqlı keçidlər edən filmin daha bir bölməsi Azərbaycanın dövlət siyasətində Prezidentin uğurlarına həsr olunub. Burda da Prezidentin çıxışlarından fraqmentlər film müəlliflərinin söykəndikləri əsas faktlar sırasındadır. Filmin bu hissəsi niyə daha çox neft-qaz üzərində dayanır? Bu suala Prezidentin özü çıxışlarının birində aydın cavab verir: "Çünki bu sahə inkişafımızı təmin edəcək!" Həqiqətən də Azərbaycanın filmdə göstərilən inkişaf sürəti xeyli dərəcədə ölkəmizin neft və qaz hasilatı, bu hasilatın Avropaya ixracı kimi bir faktla çox bağılıdır. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə böyük dövlətlərin böyük şirkətlərinin imzaladığı "Əsrin müqaviləsi", onun bu günü və perspektivləri filmin bu hissəsindən qırmızı xətlə keçir. Burada SOCAR-ın beynəlxalq arenadakı fəaliyyəti, Dövlət Neft Şirkəti, Neft-Kimya Sənayesinin inkişafı, Qara Dəniz terminalı, TANAP layihəsi və bu tip neçə-neçə layihənin gerçəkləşdirilməsi kimi tarixi hadisələr özünə yer tapıb. Film  bu qısa tarixin müasir günlərinə qayıdır, "Əsrin müqaviləsi"nin yenidən uzadılması və bunun Azərbaycana verdiyi böyük vədlərin artıq reallıq olduğunu faktlarla sübut edir.

Filmin digər bir hissəsi çox kövrək bir mövzunu əhatə edir. Bu hissə Azərbaycan Prezidentinin Ermənistanın işğalçılıq siyasətinin nəticəsində özlərinin doğma yurd-yuvasından qaçqın və köçkün düşmüş insanlarımızın sosial problemlərinə intəhasız diqqəti ilə əlaqədardır. Filmin təqdim etdiyi faktlar bir daha sübut edir ki, Prezident İlham Əliyev bu problemi təkcə bir dövlət başçısı, ölkə rəhbəri kimi deyil, həm də  şəxsi duyğuları ilə yaşamaqdadır. Bunun nəticəsidir ki, onun göstərişi ilə bu illərdə qaçqın və köçkün ailələri üçün 90-dan çox qəsəbə, şəhərcik salınmışdır. Mən Qarabağ dərdini həm də bir qarabağlı kimi yaşadığıma görə neçə illərdən bəri üzü doğma diyara sarı getdiyim o yollarda qaçqın və köçkünlərin qamışdan tikilmiş daxma şəraitini, köhnə, yararsız vaqonlarda keçirdikləri həyat tərzini gördükcə ürəyim dağlanırdı. Biz hamımız bir vaxtlar böyük Heydər Əliyevin Biləsuvarda məskunlaşmış qaçqın düşərgəsində camaatla görüşünü, onun üç qoşa gəncin toy məclisində səmimi iştirakını yaxşı xatırlayırıq. Bu görüşdə Heydər Əliyev düşərgədə yaşayan insanların doğma yurd həsrətinin, onların ağır məişət şəraitinin ağrısını da necə yaşadığının, bu anlarda necə kövrəldiyinin də şahidi olmuşuq. Haqqında bəhs etdiyimiz TV filminin faktları göstərir ki, Heydər Əliyevin o kövrək məqamlardakı arzularını İlham Əliyev necə fədakarlıqla reallaşdıra bildi. İlham Əliyev özünün 50 yaşındakı doğum gününü artıq gözəl mənzillərə köçəcək Ağcabədi rayonunda məskunlaşan qaçqın ailələrinə mənzillərin açar təqdimatında deyir: Mən özümə ad günü keçirmirəm. Amma bu gün mən ad günümü sizinlə - özümə ailə bildiyim insanlarla, yəni ailəmlə birgə qeyd edirəm. Həm də gözəl Qarabağımızda. Prezident bu sözləri deyir və tamaşaçı onun necə kövrəldiyini də hiss edir... Prezidentin "Azərbaycan", "xalq" anlayışlarını dilə gətirdiyi bütün anlarda necə qürur hissi keçirdiyini filmin bütün epizodlarında aydınca görürük.

Filmin sonuncu hissəsi İlham Əliyevin Prezident seçildiyi 2003-cü ildən bu yana gördüyü tarixi işlərin üzərində dayanır. Bu tarixi xidmətləri təmin edən faktoru biz Prezidentin öz nitqindən eşidirik: "Xalq, millət anlayışları ön planda olanda istənilən ideyanı yerinə yetirmək mümkündür". İlham Əliyev Azərbaycanın qələbələrini xalqın birliyində görür ki, bu da filmin əsas leytmotivini təşkil edir.

Filmdə Prezidentin dövlət strukturlarındakı islahatları, bu konteksdə Azərbaycan brendi sayılan ASAN xidmət modeli, xarici siyasət kursu, bu kursun BMT tribunasından açıqlamaları, Bakının beynəlxalq tədbirlər və beynəlxalq idman yarışlarının mərkəzinə çevirilməsi, diplomatik münasibətlərdə enerji siyasəti, sənaye və aqrar istiqamətlərindəki uğurlar, sahibkarlığa dəstək, yeni Bakının yeni rəmzləri, dünyaya istiqamətlənən nəqliyyat layihələrinin reallaşması və sair kimi onlarca qələbə faktı son dərəcə maraqlı vizual görüntülərlə tamaşaçıya çatdırılır. Burada habelə, yenə də ordu quruculuğu, ordumuzun qələbə əzmi, xalqın sosial rifahının yüksəldilməsinə yönələn layihələr və onların uğurlu həlli öz ifadəsini tapmışdır.

Filmin finalı maraqlı faktlarla tamamlanır: Bütün bu uğurlar Azərbaycan və azərbaycançılığın qələbəsi kimi səslənir və bu qələbənin simvolu olaraq Prezident dünyada analoqu olmayan Dövlət Bayrağı meydanında Azərbaycanın müstəqillik rəmzi olan bayrağımızı göylərə qaldırır... Bu, Prezidentin öz sözləri ilə desək, "milli - mənəvi dəyərlərimiz üzərində qurulan müasir Azərbaycan dövlətinin sarsılmazlığına, müstəqilliyimizin əbədiliyinə aparan yolun uğur xatirəsidir. "XXI əsrin salnaməsi" televiziya filminin əsas mahiyyəti bu həqiqəti xalqa, millətə çatdırmaq missiyasına xidmət edir. Azərbaycan televiziyası-AzTV bu sənədli televiziya filmində müasir dövlətimizin tam formalaşması, gücləndirilməsi, dünya arenasında öz yerini təsdiq etməsi, bütöv bir xalqın taleyüklü probleminin bütün istiqamətlərdən həlli, Qarabağ kimi ciddi bir məsələnin daim diqqətdə saxlanması və s. sahələrdə Azərbaycan Prezidentinin yorulmaz xidmətinin və bu xidmətin danılmaz uğurlarının bir daha xatırlanması, xalqa çatdırılması kimi son dərəcə vacib bir missiyanı yüksək peşəkarlıqla yerinə yetirmişdir. Film boyu maraqlı bir  faktın da şahidi oluruq ki, AzTV-nin arxiv sənədləri bu telefilmin ideyasının gerçəkləşməsinə tam şərait yaratmışdır. Filmin sərlövhəsindəki "salnamə" sözü məhz arxiv sənədlərinin bolluğu ilə özünü doğrultmuş və onu peşəkarlığın zirvəsinə qaldırmışdır. Tamaşaçı filmdə belə bir cəhəti də hiss edir ki, AzTV-nin "Xəbərlər" informasiya proqramı efirə çıxardığı bütün telereportajlarda dövlətçiliyimizə bağlı hadisə və faktları yüksək peşəkarlıqla lentə köçürmüş, günümüzə çatdırmış və  sabahımıza daşımaqdadır.

 





28.12.2017    çap et  çap et