525.Az

“BDU-nun tələbələri qabaqcıl xarici təcrübələrlə tanış olurlar”


 

“BDU-nun tələbələri qabaqcıl xarici təcrübələrlə  tanış olurlar”<b style="color:red"></b>

“BDU-nun tələbələri qabaqcıl xarici təcrübələrlə və beynəlxalq elmi mühitlə yaxından tanış olurlar”

Müsahibimiz Yeni Azərbaycan Partiyasının V qurultayında çıxış etmiş BDU-nun Hüquq fakültəsinin tələbəsi Yavər Məmmədovadır. 

XX əsrin 90-cı illərin əvvəllərində mürəkkəb ictimai-siyasi şəraitdə yaranan Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqələrindən olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdı. 1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirdi. 600 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası bu günlərdə V  qurultayını keçirdi. Qurultayda YAP sədri, Prezident İlham Əliyev çıxış etdi, bəzi məsələlərə toxundu, eyni zamanda, dövlət başçısının 2013-cü il prezident seçkilərində namizədliyi irəli sürüldü. Qurultayda çıxış edənlər arasında Bakı Dövlət Universitetinin tələbəsi Yavər Məmmədova ilə həmsöhbət olduq.

– Mən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 3-cü kurs tələbəsiyəm. Yeni Azərbaycan Partiyasının V qurultayında Azərbaycan gəncləri adından çıxış etmək xoşbəxtliyi mənə nəsib oldu. Belə bir ali məclisdə, xüsusilə də cənab Prezident İlham Əliyevin qarşısında çıxış etmək hər bir Azərbaycan gənci kimi, mənim üçün də sözlə ifadə edilməyəcək qədər böyük bir şərəf idi.

– Çıxışında belə bir ifadə işlətdin ki, Yeni Azərbaycan Partiyasını dahi siyasətçi Heydər Əliyevin şah əsəri hesab edirik...

– Əlbəttə, bu günkü Azərbaycan gəncliyi ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı nəhəng xidmətlərini taleyüklü misilsiz işlər kimi dəyərləndirir, onun xalqımıza bəxş etdiyi minlərlə əvəzsiz nemətlər içərisində Azərbaycanın müstəqilliyini, elmin-təhsilin inkişafını, iqtisadi yüksəlişi, gəncliyə açılan yolları və nəhayət Yeni Azərbaycan Partiyasını dahi siyasətçi Heydər Əliyevin şah əsəri hesab edir.

– Gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir, beynəlxalq miqyasda uğurlar qazanırlar. Bundan sonra səni də aktiv həyatda görmək olacaqmı?

– Mən hər zamanda ictimai proseslərdə aktiv olmağı sevmişəm. Hələ məktəbdə oxuduğum vaxtlardan ictimaiyyətçi olmuşam. Siz çox doğru dediniz ki, ulu öndərimiz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin, cənab Prezident tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz həm ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir, həm də beynəlxalq miqyasda ardıcıl uğurlar qazanırlar. Gənclərimiz fəxr edir ki, bu gün dövlətimiz inkişafın Azərbaycan modelini yaradaraq yüksək və dinamik sosial-iqtisadi sıçrayışa nail olmuş, geniş beynəlxalq müqavilələr sisteminə qoşulmuş, mühüm beynəlxalq təşkilatların üzvü olmuş, özünün demokratik və hüquqi dövlət imicini beynəlxalq aləmdə tam formalaşdırmışdır. Nəhayət, dövlətimizin ən ali qurum olan BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi ölkə rəhbərinin, Azərbaycan dövlətinin tarixi qələbəsidir.

– Səncə uğurlar bununla məhdudlaşır?

– Təbii ki, xeyr! Uğurlarımız çoxdur və bunun davamlı olacağına şübhə yoxdur. Mən çıxışımda da dedim ki, dövlətin gənclər siyasətinin uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı hörmətli Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Məhz Mehriban xanımın yüksək təşkilatçılıq bacarığı nəticəsində Bakıda keçirilən “Eurovision” musiqi yarışması bu gün də digər dövlətlərə nümunə göstərilir. Təsadüfi deyil ki, məhz bu uğurları rəhbər tutaraq beynəlxalq idman ictimaiyyəti ilk Avropa İdman Olimpiadasının Bakıda keçirilməsinə qərar verilib və s.

– Yavər xanım, bir tələbə kimi BDU-da aparılan yeniliklər haqqında nə deyə bilərsən?

– Mən çıxışımda, cənab Prezidentin qarşısında dedim ki, həyata keçirdiyiniz dərin məzmunlu siyasət nəticəsində vaxtilə ulu öndərimiz Heydər Əliyevin də təhsil aldığı və bu yaxınlarda 100 illik yubileyini qeyd edəcəyimiz Bakı Dövlət Universitetində təhsil sahəsində aparılan islahatların, Boloniya sisteminə keçidin müsbət təsirinin, informasiya-kommunikasiya texnologiyalarının tələbələrin qlobal dünyaya inteqrasiyası üçün yaratdığı imkanların şahidiyəm. Həqiqətən də bu belədir. Təhsil aldığım Bakı Dövlət Universitetində cənab Prezidentin dəstəyi və köməyi ilə Avropanın, Amerikanın qabaqcıl ali məktəblərində oxuyub qayıdan gənc müəllimlər auditoriyalarda bizə müxtəlif fənnləri yüksək peşəkarlıqla tədris edirlər.  Auditoriyalarımıza tez-tez dəvət olunan əcnəbi mütəxəssislər, keçirilən beynəlxalq tədbirlər nəticəsində tələbələrimiz qabaqcıl xarici təcrübələrlə, beynəlxalq elmi mühitlə yaxından tanış olurlar. Məsələn, mənim oxuduğum Hüquq fakültəsində ən prioritet elmi ixtisaslar üzrə magistr hazırlığı xarici mütəxəssislərin cəlb olunması ilə yalnız ingilis dilində aparılır və məzunlara Avropanın qabaqcıl universitetlərinin ikili diplomları verilir. Düşünürəm ki,  bu nailiyyətlər cənab Prezidentin “Neft kapitalını insan kapitalına çevirək!” şüarı ilə uğurla səsləşməkdədir.

– “Biz qurtuluşun övladlarıyıq”. Etiraf edim ki, maraqlı ifadə idi.

– Bu günlərdə respublikamızın hər yerində ulu öndər Heydər Əliyev tərəfindən Vətənin xilasının növbəti ildönümünü – Qurtuluş gününün 20 illiyi təntənə ilə qeyd edilməkdədir. Bundan iki ay sonra isə mənim və bəlkə mənim kimi minlərlə gəncin 20 yaşı olacaq. Biz Qurtuluş günü ilə həmyaşıdıq. Bəli, biz Qurtuluşun övladlarıyıq! Biz bunu fəxrlə deyirik, məsuliyyətini isə qürurla daşıyırıq! Bu Dövlət, bu Vətən ulu öndər tərəfindən bizlərə əmanətdir və onun müstəqilliyi, tərəqqisi naminə Prezident İlham Əliyevin rəhbərliyi altında canımızdan da keçməyə hazırıq!

– Bəlkə sonda “Azərbaycanın xaos mühitindən kosmik proqram qəbul edəcək səviyyəyə qədər yüksəlməsindən” danışasan...

– Mənim fikrimcə, bu xalq, bu millət cənab prezidentdən ilham alır. Prezident İlham Əliyev Azərbaycanımızın uğur simvoludur. O, böyük Azərbaycanlı, ən böyük vətənpərvərdir. Məhz onun fövqəladə zəhmətinin, yaradıcı zəkasının nəticəsidir ki, bu gün doğma paytaxtımız Bakı dünyanın ən gözəl və sürətlə inkişaf edən şəhərlərindən birinə çevrilib. Bəli, Azərbaycan xaos mühitindən kosmik proqram qəbul edəcək səviyyəyə qədər yüksəlib.

Xəyalə QULAMOVA

 





12.06.2013    çap et  çap et