525.Az

İçində Vətən, Universitet, elm sevgisi yaşadan adam: İsmayıl Məmmədov


 

İçində Vətən, Universitet, elm sevgisi yaşadan adam: <b style="color:red">İsmayıl Məmmədov</b>

Hər kəsin ömür yolunda enişli-yoxuşlu mərhələlər olur və bəzən də enişli-yoxuşlu mərhələlər sistemində bir bəxtigətirməklik faktı da özünü göstərir.

Hələ 53 il bundan qabaq Kamçatka deyilən bir rus diyarından əsgərliyi bitirib Bakıya düşdüyüm, universitetin filologiya fakültəsindəki Jurnalistika şöbəsinə qəbul olduğum günü elə bügünkü kimi xatırlayıram. Bir az sevincli, bir az kədərli o günü unutmaq olmur, ona görə ki, universitet tələbəsi adını almağım bir sevinc hadisəsi idisə, uşaqlıq illərini kənddə keçirmiş kimsəsiz bir cavan oğlanın bu böyük şəhər həyatındakı tənhalığı da məni çox sıxırdı. Belə bir vaxtda universitetin yataqxanasında məskunlaşmaq üçün bu gənc tələbəyə bir yer verirlər və mən ürkək, çəkingən bir narahatlıqla heç birini tanımadığım tələbələrin qaynaşdığı o yataqxanaya, əlimdəki icazə kağızında ünvanı göstərilən otağa gəlirəm. Otağın divarları, köhnə dəmir çarpayı, nimdaş “yataq dəsti” - hər şey adamın ovqatının əleyhinə işləyir və elə bu anda otağa qarayanız, qaradinməz bir oğlan girir. O gün əvvəlcə onun ilk münasibətində bir etinasızlıq hiss etdim. Amma mənim birinci kurs tələbəsi olduğumu bilən kimi onda xüsusi bir rəğbət ovqatı gördüm. Və elə o andan bu qarayanız oğlanın filologiya fakültəsinin III kursuna keçdiyini, əslən Qarabağın Cəbrayıl rayonundan olduğunu öyrəndim. Beləliklə, tanışlığımızın ilk günündən münasibətində bir ciddilik, mükəmməl savad sahibi kimi gördüyüm bu III kurs tələbəsi ilə tanış oldum: İsmayıl Məmmədov.

İsmayıl Məmmədov yataqxanada bir otaqda qaldığımız o ilk günlərdən mənə bir çox istiqamətlərdən  arxa oldu. Əsas məsələ onda idi ki, bu üçüncü kurs tələbəsi mənim üçün yetkin bir dilçi, Azərbaycan və dünya ədəbiyyatını yaxşı bilən bir ədəbiyyatşünas oldu. Doğrusu, mən elə onunla tanışlığımın başlanğıcında ixtisasa elmi münasibətin nə olduğunu dərk etməyə başladım. Taleyimdə mənə bir talisman olmuş iki-üç adamdan biri məndən cəmi iki kurs yuxarıda oxuyan o İsmayıl Məmmədov oldu. Yaxşı oxumağın insanı hara apardığını, universitet təhsilinin vacibliyini, özünü qurmağın yollarını bu cavan tələbə yoldaşımdan öyrəndim. Bu gün mən hər yerdə qürur hissi kimi deyirəm ki, həyatda qazandığım az-çox nəyim varsa, bunlara görə mən o cavan tələbə dostuma borcluyam.

...Bir az keçdi və İsmayıl universiteti bitirib Şamaxı məktəblərindən birinə müəllim təyinatı aldı. Amma mən qəti bilirdim ki, filoloji elmin bu istedad sahibi heç vaxt əyalətdə qalmayacaq. Cəmi iki ildən sonra İsmayıl Məmmədov Bakıya qayıtdı. Həm mənim dayağım kimi, həm də bir az daha formalaşmış filoloq-alim kimi. Bəxtimiz onda gətirmişdi ki, İsmayıl Məmmədovu filologiya fakültəsinin bütün kollektivi  elm adamı kimi hələ tələbəliyindən yaxşı tanıyırdı. Bizim əziz müəllimimiz, böyük dilçi alim, professor Əlövsət Abdullayev onun qədir-qiymətini elan edib İsmayılı öz kafedrasında müəllim kimi işə qəbul etdi. Onda mən də universiteti təzəcə bitirib Şirməmməd Hüseynovun-əziz müəllimimin dəstəyi ilə universitetdə laborant işləyirdim. Bütün səmimiyyətimlə bir daha elan edirəm ki, mənim elmi işə həvəsimin əsas səbəbkarı yoldaşlıqda yenidən qovuşduğumuz İsmayıl Məmmədov oldu. Bu gün etiraf edən də olar,  bəlkə etiraf etməyən də olar, amma həqiqət budur ki, filoloq-alimlərin əməlli-başlı bir dəstəsi İsmayılın “şinelindən” çıxıb. Bu adamların içərisində neçə-neçə elmlər doktoru, professor var. Yadımdadır ki, mən Azərbaycan filologiyasının istedad sahibi, xalqımızın yaddaşında müstəqillik mücahidi kimi qalmış Aydın Məmmədovla İsmayıl müəllim vasitəsilə  tanış olmuşdum. İndi çoxları nəsə deyə bilər, amma Aydın Məmmədovun istedadının gerçəkləşməsi, onun həyatının bir çox narahat anlarının aradan qaldırılması dostu İsmayılın tövsiyə və məsləhətlərinə çox bağlı oldu.

O zamankı kasıb və evsizlik çağımızda İsmayıl Məmmədov “naxalstroy” deyilən bir məhəllədə - 3-cü mikrorayondakı Xutor məhəlləsində özünə kasıbvari bir otaq düzəltdi. Və çox keçmədi ki, elə həmin tipli bir evi mənim də almağıma kömək etdi. Bu faktı xatırlamaqla demək istəyirəm ki, birincisi, İsmayıl müəllim mənim ilk evimin səbəbkarı oldu və divar-divara tikilmiş o “naxalstroy” evinin İsmayıla məxsus tərəfi bir universitet mahiyyəti daşıdı. Gecələr o mənzildə İsmayıl Məmmədovun universitet dərslərini çox dinlədik. Filologiya elmimizin Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlu, Kamal Abdulla kimi tanınmış alimləri, Ramiz Rövşən, Vaqif Bayatlı, Vidadi Məmmədov, Azər Abdulla, Tofiq Abdin  kimi şair və yazıçıların  mən o “universitet” gecələrindəki polemikalarından ədəbiyyata, doğma dilimizə sevgi hissi öyrənmişəm. O “universitet” dərslərində böyük alimimiz, türk dünyasının elmi vicdanı sayılan akademik Tofiq Hacıyevin - İsmayıl müəllimin doğmalarından olan bir adamın elmi söhbətlərini dinləmişik...

Ömrümüzün ən qaynar cavanlıq mərhələsini bir yerdə keçdirdiyimiz İsmayıl Məmmədovda tələbəlik illərindən yaranmış böyük bir universitet sevgisi var. Günlərin bir günü İsmayıl müəllimlə Şuşada yay istirahətində idik. Birdən hardansa xəbər eşitdi ki, filologiya fakültəsinin tanınmış dilçi alimi Hadi Mirzəzadə dünyasını dəyişib. Mən bu bəd xəbərdən İsmayıl müəllimin necə sarsıldığını, hönkür-hönkür necə ağladığını bu gün də  unuda bilmirəm. İsmayıl Məmmədov təkcə çox-çox sevdiyi bir müəlliminin deyil, həm də böyük bir filoloq-alimin ölümündən sarsılmışdı. Mən onun hamımızın müəllimimiz Əlövsət Abdullayevin, akademik Ağamusa Axundovun, professor Yusif Seyidovun ölüm xəbərindən sonra beləcə sarsıntı keçirdiyinin şahidi olmuşam.

İsmayıl Məmmədovun içində bir Azərbaycan sevgisi var. Düşmən tapdağında qalan Cəbrayılın itirilməsi onun şəxsi ağrısıdır. Biz ondan o zaman da, elə indinin özündə də Vətənə xidmət dərsləri öyrənirik. Azərbaycan ordusunun Aprel döyüşlərindəki tarixi qələbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndinin, Lələtəpənin azad edilməsi onun içində torpaqlarımızın azadlığına böyük bir ümid yaradıb.

Bütün bunlar belədir və o da var ki, İsmayıl Məmmədov bu gün çox sevdiyi və hər an qoruduğu Azərbaycan dilinin tədrisi ilə məşğuldur. Onu elmə, universitetə, filologiya fakültəsinə bağlayan ən böyük səbəb Azərbaycan dilinə və dilçiliyinə sönməz məhəbbətidir. Mən onun bir müəllim, bir dilçi kimi fəaliyyət göstərdiyi Müasir Azərbaycan dili kafedrasındakı fəaliyyətinə də yaxşı bələdəm. Amma bu yerdə sözü həmin kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əlizadəyə verirəm:

“Kafedramızda bir müəllim var... Nüfuzlu alim sözünə, dilçilik tarixinin və təfəkkürünün ən fundamental məsələlərinin izahına, elmi konsepsiya və nəzəri ümumiləşdirmə tələb olunan problemlərin həllinə ehtiyacımız olduğu zaman kömək üçün ilk ağlımıza gələn həmişə o olur. Kafedramızın dayaq sütunlarından biri, fakültəmizin sayılan-seçilən müəllimlərindəndir o. Söhbət İsmayıl Teymur oğlu Məmmədovdan gedir.

İsmayıl müəllim istər kafedrada, istərsə də fakültədə “söz sahibi”dir. Bu söz bəzən kəskin də ola bilir. Qətiyyətli adam olduğundan hər işdə dəqiqliyi sevir və hər cür “yarımçıqlığa”, qeyri-müəyyənliyə qarşı çıxır. Zahirən sərt görünsə də, əslində, yumşaq bir ürəyə sahibdir İsmayıl müəllim. İsmayıl müəllim çoxlarının xeyirxahı olub. Çox zaman ehtiyacı olana xahiş gözləmədən  öz köməyini təklif edib. Xeyirxah işlərinə görə təşəkkür də gözləməyib. Bəziləri kimi üzəvarı danışmaq,  xoşa gəlməyə çalışmaq onun xarakterinə yaddır. İsmayıl müəllim prinsipial mövqe sahibidir. İsmayıl Məmmədov “Akademiya məktəbi” keçib. Bu, onda elmi təfəkkür, nəzəri hazırlıq və tədqiqatçılıq səriştəsi formalaşdırıb. Eyni zamanda, İsmayıl müəllim “Universitet məktəbi” keçib, uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, filologiya fakültəsində qiyabi şöbə üzrə dekan, fakültə Metodiki Şurasının sədri, Ali Attestasiya Komitəsinin Elmi seminarının sədri, fakültə Elmi Şurasının sədri, Respublika Koordinasiya Şurasının üzvü vəzifələrdə çalışıb. Amma əminliklə demək olar ki, İsmayıl müəllimin özü bir məktəbdir. Çevik düşüncə, dəqiq ifadə tərzi, geniş təfəkkür diapazonunu öyrənmək üçün bir məktəb. Kafedramızın əməkdaşlarının çoxu özünü bu məktəbin yetirməsi hesab edir.

İ.Məmmədovun elmi fəaliyyəti, əsasən, leksika məsələlərini əhatə edir. “Azərbaycan dilində qrammatik sinonimlik” mövzusunda namizədlik dissertasiyası müdafiə edən İ. Məmmədov sonralar da bu sahə üzrə araşdırmalarını davam etdirmiş, “Azərbaycan dilində qrammatik sinonimlik”, “Azərbaycan dili semasiologiyasına giriş”, “Azərbaycan dilində sinonimlər lüğəti”, “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”, “Azərbaycan dilinin semantikası” kimi dəyərli əsərlər yaratmışdır. İsmayıl müəllim AMEA-nın Dilçilik İnstitutunun nəşr etdiyi üç cildlik “Müasir Azərbaycan dili” əsərinin və Bakı Slavyan Universitetinin nəşr etdiyi “Azərbaycanşünaslığa giriş” kitabının əsas müəlliflərindən biridir.  Ümumilikdə, İsmayıl müəllim 9 monoqrafiya və dərs vəsaitinin, 2 lüğət, bir neçə metodik göstəriş və fənn proqramının, 100-dən artıq elmi məqalənin müəllifidir. O, Moskva, Alma-Ata, Kayseri, Ankarada elmi konfranslarda məruzələrlə çıxış etmiş, Azərbaycan dilçilik məktəbini layiqincə təmsil etmişdir. Uzun illər AAK-ın Dilçilik üzrə Respublika Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. İsmayıl müəllim “Azərbaycan dilinin semantikası” adlı fundamental monoqrafiyası ilə semasiologiya sahəsində sanballı alim sözünü desə də, doktorluq dissertasiyasını müdafiə etməyi lazım bilməyib. Məlum həqiqətdir ki, müdafiə bir qədər “kağız-kuğuz işi”dir. Gərəkli prosedurların yerinə yetirilməsi təbiətindəki hövsələsizliklə bir araya sığmayan İsmayıl müəllimin sözləridir: “O əsəri ona görə yazdım ki, hamı bilsin ki, mən yaza bilirəm. Müdafiə etmək isə vacib deyil”. Professorluq həvəsində olmasa da, tələbələri və həmkarları ürəklərində ona bu adı çoxdan veriblər. El arasında “professor” sözü çox ağıllı, bilikli adam mənasında işlədilir. Deməli, İsmayıl müəllim əsl professordur.

İsmayıl müəllimin 75 yaşı tamam olur. Bu, ömrün müdriklik çağıdır. İsmayıl müəllimin özünəməxsusluğu ondadır ki, o, həm müdrik ağsaqqal, həm də çox müasir təfəkkürə sahib bir insandır. Çox zaman hansısa yığıncaqda - kafedra iclaslarında, müzakirələrdə ən yeni elmi tədqiqatlar, müasir nəzəriyyə və istiqamətlər haqqında məlumatlılığı ilə bizi təəccübləndirən də İsmayıl müəllimdir. İsmayıl müəllim zamanla ayaqlaşır, uzun illərin təcrübəsi ilə kreativ düşüncənin sintezi onu daim diqqət mərkəzinə çevirir, maraqlı müsahib, etibarlı məsləhətçi edir.

İsmayıl müəllim yaşına meydan oxuyur. Həmişə dəblə geyinən, yaxşı fiziki formada olan İsmayıl müəllim yaşadığı illərin yükünü şərəflə daşıyır, öz yolu, öz cığırı ilə irəliləyir. Biz, onun həmkarları və yetirmələri də böyüyümüz və ağsaqqalımız olaraq ona arxalanır, onun arxasınca addımlayırıq. İstəyirik ki, onun getdiyi elm yolunun yolçuları artsın, çoxalsın. Hörmətli müəllimimizə bu yolda uğurlar, diləyirik. Arzu edirik ki, İsmayıl müəllim uzun ömür yaşasın, hər zaman indiki gənclik enerjisi ilə işləsin, yaratsın. İllərin yorğunluğu, həyatın qırğınlığı ondan uzaq olsun. Hər zaman üzü də, qəlbi də gülsün. Təbrik edirik!”

Mən Mehriban xanımın dostum haqqında bu obyektiv və xoş sözlərinə nəsə əlavə etməyi lazım bilmədim. Təkcə o qalır ki, mən də ömrümün elə bu ahıl çağında mənə Azərbaycanı, universiteti, elmi sevdirmiş əziz dostuma minnətdar olduğumu bir daha dilə gətirim.

 





02.01.2018    çap et  çap et