525.Az

Narkotika yuvasına çevrilən Dağlıq Qarabağ


 

Narkotika yuvasına çevrilən Dağlıq Qarabağ<b style="color:red"></b>

ERMƏNİLƏRİN İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİMİZDƏKİ NARKOTİKA BİZNESİNƏ BEYNƏLXALQ ALƏM NİYƏ GÖZ YUMUR? 

Son günlərdə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələrinin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib. Onlardan ümumilikdə 40 kiloqrama yaxın narkotik vasitə götürülüb. Müəyyən edilib ki, həmin narkotik vasitələrin əkilməsi, yetişdirilməsi, toplanması işğal altında olan Azərbaycan torpaqlarında təşkil edilib. Sonradan isə həmin narkotik vasitələri buradan İrana, oradan isə Azərbaycana gətirilib. Ümumiyyətlə, İranın bölgədə ağ ölüm şəbəkəsi qurması faktı yeni deyil. Bu bir faktdır ki, İran Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər rayonlarında da geniş şəkildə narkotik dövriyyə həyata keçirir.

Bu, Dağlıq Qarabağ ərazisində narkotik vasitələrinin yetişdirilməsi ilə bağlı rast gələnin ilk fakt deyil. Tez-tez belə halların mövcudluğu ilə bağlı xəbərlər eşidirik. Maraqlıdır ki, Ermənistan zabitləri və əsgərləri tərəfindən sifarişlər əsasında Dağlıq Qarabağda yetişdirilən narkotika vasitələri ilk olaraq İrana oradan isə digər ölkələrə aparılır. Artıq bu ərazilər beynəlxalq narkotranzit ərazisinə də çevrilib. Qarabağdan keçən narkotik vasitələr Avropaya, hətta Uzaq Şərqə – Yaponiyaya daşınır. Görünür ermənilər bu ərazilərdən öz çirkin niyyətlərinin həyata keçirmək üçün əməlli-başlı istifadə edirlər. Son fakt isə bir daha Azərbaycanın erməni tapdağı altında olan nəzarətsiz torpaqlarının narkotik alverçilərinin, eləcə də digər qeyri-qanuni hərəkətlərin məkanına çevirilməsinin göstəricisidir.

Separatçıların işğal altındakı torpaqlarımızda iri narkotik bitkilərin plantasiyalarını salmaları ilə bağlı Azərbaycan tərəfi müntəzəm olaraq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır. Hətta hər il cəbhə xəttində baş verən yanğınların da məhz Qarabağda yetişdirilən narkotikanın əlamətlərindən biri hesab olunur. Belə ki, ermənilərin narkotik maddələr yığıldıqdan sonra izi itirmək üçün həmin plantasiyaları yandırdıqları bildirilir. Maraqlı məqam isə erməni tərəfinin narkotika satışından əldə olunan vəsaitlə silah əldə etməsidir.

Bəs görəsən beynəlxalq aləm dünya üçün böyük təhlükə olan bu məqamı görmür?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı “525”ə açıqlamasında Dağlıq Qarabağda ermənilərin narkotik plantasiyarı saxlaması hadisəsinin yeni fakt olmadığını bildirib. Onun sözlərinə görə, ermənilər Qarabağda geniş ərazilərdə narkotik istehsal edirlər: “Ermənilər bilirlər ki, həmin zonalara beynəlxaq nəzarət yoxdur. Buna görə də narkotikanın çox gəlir gətirən sahə olduğunu bildikləri üçün bu yola əl atırlar. Ermənilərin Qarabağda bu qeyri-qanuni əməlləri ilə bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb.

Düşünürəm ki, bir daha Azərbaycan tərəfi bu məsələni gündəmə gətirməli və beynəlxalq təşkilatlar həmin ərazilərə baxış keçirməlidir”.

Politoloq Elman Nəsirlinin sözlərinə görə, ölkəmizə narkotik maddələr gətirməklə İrandakı dairələr bir tərəfdən qazanc əldə etməyi düşünürlərsə, digər tərəfdən də Dağlıq Qarabağdakı separatçıların və terrorçuların silahlanmasına rəvac verirlər: “Ölkəmizə gətirilən narkotik maddələrin mənbəyi beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunduğu kimi Əfqanıstandan başlayıb İrana keçir. Buradan da nəzarətdən kənarda qalan Dağlıq Qarabağa gətirilir. Həmin yerdən də narkotik maddələr Ermənistan, Gürcüstan, Rusiya istiqamətləri üzrə Avropaya daşınır. Yəni narkotik maddələrin daşınması marşrutu bəllidir. Bu marşrutlar barədə yerli və xarici kütləvi informasiya vasitələri dəfələrlə yazıb. İrandakı bəzi dairələr Azərbaycana narkotik maddələr gətirməklə bir sıra məqsəd güdürlər. Narkotik maddələrin qeyri-qanuni dövriyyəsindən gələn gəlir faktiki olaraq dünyada ən çox qazanc verən üç sahədən biridir. Bu baxımdan narkotik maddələrin ölkəmizə keçirilməsini təşkil edən İrandakı qüvvələr həmin yolla külli miqdarda qazanc əldə edirlər. Digər tərəfdən, İrandan işğalda olan Dağlıq Qarabağ və digər ərazilərimizə narkotik maddələrin daxil olması çox rahatdır. Çünki həmin ərazilər Azərbaycanın nəzarətindən kənarda qaldığından oradakı erməni narkobaronlar prosesdə fəal rol oynayır. Onların bu məsələdə iranlı həmkarları ilə güclü təmasları mövcuddur. Dağlıq Qarabağda qeyri-qanuni narkotik maddələr alverindən gələn gəlir isə separatçı rejimin silahlanmasına, mövqelərinin möhkəmlənməsi və onların torpaqlarımızın işğal altında saxlanılması siyasətini davam etdirmələrinə, xüsusən də terror aktlarını həyata keçirmək üçün istifadə edilir. Hesab edirəm ki, bu məsələ ilə bağlı İranda paradoksal vəziyyət yaranıb. Əslində İranda narkotik maddələrdən istifadəyə görə ən ağır cəza nəzərdə tutulur. Amma buna baxmayaraq, İran ərazisində göz yumulduğuna görə narkotik maddələrin tranziti rahat şəkildə həyata keçirilir. Halbuki İran istəsə, həmin məsələni qısa zamanda həll edə bilər. Həll etmirlərsə, deməli, bunda maraqlı deyillər. Dağlıq Qarabağ istisna olmaqla digər ərazilərimizdən narkotik maddələr keçiriləndə Azərbaycanın müvafiq qurumları həmin qüvvələri zərərsizləşdirməyə nail olur. Problem yalnız işğal olunmuş ərazilər ətrafındadır. Orada da nəzarət olmadığından narkotik maddələrin tranziti üçün əlverişli şərait yaranıb. Həmin ərazilərdə bu səbəbdən də Azərbaycan hüquq-mühafizə orqanlarının prosesin qarşısını almaq imkanları yoxdur”.

Millət vəkili Zahid Orucun sözlərinə görə, Dağlıq Qarabağın hərbi rejimi özünün iqtisadi gəlir mənbəyini yalnız qanunsuz fəaliyyətdə görür. O bildirib ki, Azərbaycan uzun illərdir ki, Dağlıq Qarabağ ərazisində ermənilərin qanunsuz hərəkətlərin barədə beynəlxalq qurumlara məlumat verir, öz rəsmi münasibətini bildirir və bu günlərdə aparılan əməliyyatlar bir daha Azərbaycanın haqlı olduğunu sübut edib.

Beynəlxalq təşkilatların narkotrafikə qarşı çox kəskin münasibətinin olduğunu deyən Z.Oruc onların Qarabağ bu mənada nəzərə almadıqlarını söyləyib: “Bizim üçün tamamilə real əsaslar var ki, Ermənistan və Dağlıq Qarabağın hərbi rejimi məhkəməyə verilsin. Biz açıq şəkildə ermənilərin qanunsuz fəaliyyətini sistemləşdirərək beynəlxalq hüquqi qurumlara təqdim etməliyik. Necə olur ki, Əfqanıstandan, İrandan və digər dairələrdən bu cür narkotik tranzitinə və əməliyyatlarına, qanunsuz maliyyə dövriyyəsinə sanksiyalar, ciddi reaksiyalar göstərilir, amma Qarabağ sanki himayə altındadır. Ermənistan tərəfi bu fəaliyyəti Azərbaycana qarşı real silah mənasında istifadə edir və həbs olunan insanlar ermənilərin əli ilə vurulmuş oldular”.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirilməsi və trafiki haqqında Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara məlumat verib, bu barədə kifayət qədər fakt açıqlanıb. Onun sözlərinə görə, bu dəfə isə növbəti ciddi bir arqument ortaya çıxıb: “İşğal olunmuş ərazilərin İranla sərhəd bölgələrində İranda narkotik yetişdirilməsi ilə məşğul olan dəstələr Dağlıq Qarabağda yetişdirilmiş narkotiki əldə edərək onu Azərbaycana ötürməyə çalışırlar. Qarabağ dünyadan təcrid olunduğuna və inkişafı üçün heç bir perspektiv görünmədiyinə görə o ərazilər müxtəlif çirkli pullar qazanmaq üçün istifadə edilir. Həmin zonalar erməni silahli qüvvələrinin nəzarətində olduğuna görə orada böyük narkotik plantasiyaları salınır və narkotika İran vasitəsilə Azərbaycana və oradan da Rusiya və Avropaya ötürməklə böyük gəlir əldə etməyə çalışırlar. Bunun Əfqanıstandakı narkotik ticarəti ilə heç bir fərqi yoxdur”.

Millət vəkili bununla bağlı Azərbaycanın dəfələrlə beynəlxalq təşkilatlara müraciətində həyəcan siqnalı qaldırdığını deyərək, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatın bununla bağlı əlavə təsdiqedici faktlar ortaya çıxardığını söyləyib.

AQİL

 





13.06.2013    çap et  çap et