525.Az

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi


 

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi<b style="color:red"></b>

Anar İSGƏNDƏROV
Tarix elmləri doktoru, professor


(Əvvəli 5 iyun sayımızda)

1995-ci il avqustun 18-də Heydər Əliyev Həzrət Məhəmməd Peyğəmbərin Mövlud günü münasibətilə Təzəpir məscidində dindarlarla görüşü zamanı demişdi: “Xoşbəxtliyimiz ondan ibarətdir ki, uzun illərin məhrumiyyətindən sonra biz dinimizə–İslam dininə sahib olmuşuq. İslam dini bütün qadağalardan, bütün məhrumiyyətlərdən qurtarıb Azərbaycan müsəlmanlarının hər biri üçün onun ürəyinin istədiyi kimi mənəviyyatını yaradan, mənəviyyatını quran bir mənbə olubdur. Bu böyük nailiyyətdir, böyük xoşbəxtlikdir. İndi artıq məscidlərin də qapısı açıqdır. Günü-gündən yeni-yeni Allah evləri, məscidlər açılır. Xalqımız öz dininə qayıdır, dinini qüvvətləndirir, islam dininin xalqımız üçün nə qədər əhəmiyyətli olduğunu dərk edir. Bu, böyük nailiyyətdir. Ona görə də mən bu gün Allaha itaət edərək, islam dinimizə itaət edərək Həzrət Məhəmməd Peyğəmbərin Mövlud günü məhz buraya, Allah evinə, məscidə gəlmişəm. Sizin hüzurunuza gəlmişəm ki, bu xoşbəxtliyimizi, bu nailiyyətimizi, bu bayramları sizinlə birlikdə qeyd edək”.

Heydər Əliyev dəqiq bilirdi ki, islama qayıdış, bu zəngin sivilizasiyanın yenidən dirçəlməsi üçün din ilə dövlət və İslam ilə müasir demokratik qurumlar arasındakı münasibətlər sivil qaydada tənzimlənməlidir. Buna görə də H.Əliyev hakimiyyətinin ilk günlərindən dövlət ilə din arasında səmimi ünsiyyət yaratmağa müvəffəq oldu. 1993-cü il sentyabrın 5-də Peyğəmbərin mövludu münasibəti ilə Təzəpir məscidindəki çıxışında diqqəti məhz bu məsələyə yönəltdi: “Biz bir dövlət kimi İslam dininin son dövrdə geniş və çox surətlə inkişaf etməsini alqışlayırıq və bundan sonra da Azərbaycan Respublikasında, müstəqil ölkəmizdə hər bir insanın öz dini adətlərinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq, biz islam dininin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlərin hamısını görəcəyik”. Heydər Əliyev çıxışında başqa bir məsələyə də aydınlıq gətirir. İslama qarşı yönələn əsassız ittihamlardan biri onun fundamentalizmə meyillənməsi ilə bağlı irəli sürülən əsassız bir iddiadan ibarətdir. Bu iddianın qərəzli və yanlış olduğunu İslamın öz mahiyyəti təsdiq edir. Heydər Əliyev çox aydın və məntiqi dəlillərlə bu məsələni şərh etdi: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayırlar. Azərbaycan müstəqil, demokratik prinsiplərə söykənən bir dövlət kimi öz ərazisində yaşayan bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. Hər bir kəs hürdür, azaddır. Bizim Qurani-Kərim bunu göstərir və biz bu yolla gedirik ki, İslam dini başqa dinlərə hüsn-rəğbətlə yanaşıb, başqa dinlərə mənsub adamlarla dostluq əlaqələri yaratmağa çalışıb”. H.Əliyev, eyni zamanda, dinlər arasında qarşılıqlı hörməti vacib sayır və İslam dininə qarşı təcavüzün yolverilməz olduğunu da vurğulayır: “Biz öz dinimizi qoruyub saxlamaqla bizim dinimizə, əxlaqımıza, mənəviyyatımıza təcavüzlərin qarşısını almaqla yanaşı, heç bir başqa millətə, heç bir başqa dinə təcavüz etməyəcəyik. Hər bir millətə və dinə hörmətlə yanaşmışıq. Bu, Allahın əmridir və Ulu Peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın bizə tövsiyəsidir”.

Azərbaycan Respublikası tarix boyu dini dözümlülük ölkəsi olmuşdur. H.Əliyev bu məsələyə öz münasibətini bildirərkən belə demişdir: “Azərbaycanın ən mühüm xüsusiyyətlərindən biri də burada çoxlu millətlərin yaşaması və üç əsas konfessiyanın sərbəst fəaliyyət göstərməsi üçün normal şəraitin mövcud olmasıdır. Bütün dinlər insanları həmişə sağlam mənəviyyata, düz yola dəvət ediblər. Azərbaycanda əhalinin əksəriyyətini İslam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Azərbaycanda eyni zamanda, xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri də yaşayırlar. Bu, əslində, Azərbaycanın reallığını, eyni zamanda Azərbaycan xalqının dini dözümlülüyünü göstərir”. H.Əliyev dinlər və mədəniyyətlər arasında qarşılıqlı ehtiramın zəruriliyini söyləyir: “Hesab edirəm ki, insanlar hansı dinə, mədəniyyətə mənsubluğundan asılı olmayaraq bütün başqa dinlərə, mənəvi dəyərlərə hörmət etməlidir”. H.Əliyev Təzəpir məscidində çıxışında möminlərə xitabən bütün ilahi dinlərin birliyini belə ifadə etmişdir: “İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Cünki bu dinlərin hamısı Allahdan gəlir”.

H.Əliyev uzaqgörən bir siyasi xadim və həm də xalqın dini etiqadına və hisslərinə hörmətlə yanaşan müdrik bir insan kimi Azərbaycanda dövlət-din münasibətlərini qarşılıqlı anlaşma, ümummilli mənafe, vətəndaş həmrəyliyi və cəmiyyətin milli-mənəvi birliyi məcrasına yönəltdi. H.Əliyev deyirdi: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik. Din ilə dövlət arasında sıx əməkdaşlıq var və hesab edirəm ki, Azərbaycanda İslam dini özünün gözəl mənəvi dəyərləri Azərbaycan vətəndaşlarına aşılayaraq, Azərbaycan vətəndaşlarını İslam dininin bu gözəl mənəvi dəyərləri əsasında tərbiyələndirərək Azərbaycan cəmiyyətini mənəviyyatca daha da yüksəldəcək və insanlar bu demokratiyanı, bütün azadlıqları doğru-düzgün başa düşəcəklər”.

H.Əliyev insanların və cəmiyyətin bütün problemlərin həlli üçün mənəviyyatı örnək kimi qəbul edirdi. O, islamı zəngin və mötəbər mənəvi dəyərlər qaynağı olaraq cəmiyyətin ayrılmaz hissəsi hesab edirdi. Din və bəşər, islam və cəmiyyət ruhla bədən kimidir. H.Əliyev bu barədə deyirdi: “Biz Azərbaycanda demokratik, hüquqi dövlət qururuq. Biz bu yolu seçmişik və bu yolla gedirik. Ancaq bununla bərabər bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dinimizdən, dini adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik. Bu baxımdan mən dinin inkişafını təmin etmək üçün nə lazımdır edirəm və bundan sonra da edəcəyəm”.

H.Əliyev islamı dəyərlərin qorunub saxlanması və təbliğində məscidlərin hansı gücə malik olduğunu yaxşı bilirdi. Ona görə də sovet rejimi dövründə yerlə-yeksan edilmiş məşhur Bibiheybət məscidinin yenidən tikilib xalqın istifadəsinə verilməsi H.Əliyevin dinimizə, milli-mənəvi dəyərlərimizə böyük, daimi diqqət və qayğısının daha bir nümunəsi idi.

1998-ci il iyulun 12-də Məhəmməd Peyğəmbərin müqəddəs mövludu günü və əsaslı şəkildə yenidən tikilmiş Bibiheybət məscid-ziyarətgah kompleksinin rəsmi açılışında çıxış edərək H.Əliyev dedi: “Bu, böyük memarlıq abidəsidir, əzəmətli kompleksdir, gözəl tikilibdir. Deyəsən, Bibiheybət məscid-ziyarətgahı Təzəpir məscidini kölgədə qoyacaqdır. Şübhəsiz, zarafat edirəm”.

H.Əliyev İslam dininin təbliğində Şeyxülislam Hacı Allahşükür Paşazadənin xidmətlərinə də xüsusi önəm verərək dedi: “Bizim doğma islam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidməti vardır. Mən, bu fürsətdən istifadə edərək, respublikamızda islam dininin bütün tələblərinin yerinə yetirilməsi və insanlara vicdan azadlığının verilməsi sahəsində əldə etdiyi nailiyyətlərə, Azərbaycanda xalqın, millətin birliyinin, həmrəyliyin möhkəmləndirilməsində, inkişaf etməsində göstərdiyi fəaliyyətə görə Qafqaz Müsəlmanları İdarəsinə və hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadəyə hörmət və ehtiramımı bildirirəm, ona və ətrafında olan bütün din xadimlərinin hamısına təşəkkür edirəm”.

(Ardı var) 

 





13.06.2013    çap et  çap et