525.Az

“Azərbaycanda fərqli mədəniyyətlərin və dinlərin birgə yaşayışının xüsusi modeli bərqərar olub” (davamı)


 

“Azərbaycanda fərqli mədəniyyətlərin və dinlərin birgə yaşayışının xüsusi modeli bərqərar olub” <b style="color:red">(davamı)</b>

Müsahibimiz fəlsəfə elmləri doktoru Füzuli Qurbanovdur. Söhbətimizin mövzusunu əsasən tolerantlıq anlayışına fəlsəfi aspektdən baxış, milli birliyin təmin olunmasında tolerantlığın rolu, xoşgörünün Azərbaycan modeli ilə bağlı düşüncələr təşkil edir.

 – Qeyd etdiniz ki, Azərbaycanda tolerantlıq əsrlərə söykənən yaşayış tərzidir. Bəs necə olur ki, belə dərin tolerantlıq ənənəsinin mövcud olduğu ölkəmizdə müstəqilliyin ilk illərində separatçılıq meylləri baş qaldırmışdı?

– Bunun səbəbləri sırf geosiyasi və siyasi faktorlara bağlıdır. Hər bir imperiya  dağılanda o imperiyanın tərkibində olan xalqların tarixi seçim, yol seçmək məsələsində tərəddüdləri olur. Bundan da kənar qüvvələr, xarici qüvvələr, daha güclü olanlar bu prosesi daha gözəl bilənlər istifadə etməyə çalışırlar. Azərbaycanda sırf etnik separatizm adlanan anlayışın səbəbi heç vaxt Azərbaycanın daxilində olmayıb. Məsələn, ermənilər Dağlıq Qarabağda Azərbaycanın digər regionlarına nisbətən daha yaxşı yaşayıblar. Onların potensialı daha yaxşı olub. Ermənilərə Azərbaycanda heç vaxt ikinci dərəcəli xalq kimi baxılmayıb.

– Əksinə, burada özlərini suda balıq kimi hiss ediblər.

– Bəli, tamamilə doğrudur. Bir çox üstünlüklərə malik olublar, güzəştləri olub, hətta Bakının özündə bizim başımızda qoz qırıblar. Həm maddi baxımdan, həm rəhbər vəzifələri tutmaq baxımından, həm də dil baxımından. Bunun xüsusi bir tarixçəsi var. 17-18-ci əsrdən başlayaraq avropalılar Osmanlı imperiyasının buradakı mövqeyini zəiflətmək, onu parçalamaq üçün xüsusi layihə- proqram işlədi. Onun mahiyyətində nə dayanırdı? Osmanlı ərazisindən yaşayan ermənilərə xüsusi təhsil verməklə, onların beynində müəyyən fikirlər oyatmaqla vətəndaşı olduqları dövlətə qarşı çıxarmaq. Burada da Osmanlı imperiyasının müəyyən mənada qüsurları vardı. Çünki Osmanlıda təhsil, elm Avropadakı qədər inkişaf etməmişdi, müəyyən mənada geridə qalmışdı. Bu fürsətdən istifadə edərək erməniləri tam qondarma ideologiya ilə silahlandırdılar, ilk erməni inqilabçı qrupları yarandı və o qruplar sonra Avropaya transfer etdilər. Keşişlər gəlib Anadolunun müxtəlif bölgələrində ermənilərə dərslər verirdilər. Onların beyninə yeritməyə çalışırdılar, deyirdilər ki, axı siz niyə müsəlman dövlətində yaşamalısınız? Siz böyüksünüz, qədimsiniz, sizin özünüzün mədəniyyətiniz var, sizin özünüzün dövləti olmalıdır. Onun üçün neyləmək lazımdır, müsəlmanları, türkləri öldürmək. Belə –belə absurd fikirlərlə erməniləri bədbəxt elədilər. Onlardan bütövlükdə terror kütləsi yaratdılar. Sonra rus imperiyası ilə ingilis imperiyasının Qafqaz uğrunda mübarizəsində ruslar təşəbbüsü ələ keçirdilər. Erməni faktorundan istifadə edərək bu bölgəni qarışdırdılar. Bizim üçün süni erməni problemi yaratdılar. Bu süni olaraq xaricdən yaradılıb, vaxtilə bizdə baş qaldıran separatçılıq  meyillərinin daxili səbəbi yoxdur. O xaricdən gələn imperialist qüvvələrdən gələn sifarişlərdir. Burada əsas məqsəd nədir? Yeni yaranacaq dövləti kim daha artıq öz təsiri altında saxlasın.

– Deməli, belə qüvvələr üçün süni yaratdıqları etnik münaqişələr idarə etmək üçün rıçaq rolunu oynayır?

– Bəli, təəssüf ki, bu, indi müasir geosiyasətdə bir dəbə çevrilib. Bu haqda tanınmış analitiklər, böyük siyasətçilər təəssüflə danışırlar. Amma heç nə düzəlmir. Harda ki imperiya var, bir və ya bir neçə dövlətin başqa millətlər üzərində hegemonluq iddiaları var, orada həmişə belə şeylər baş verəcək.

– Sizcə, gələcəkdə buna yenidən zəmin yaranmaması üçün nə etmək lazımdır?

– Bunun üçün Azərbaycan güclü bir dövlət kimi qalmalıdır. Bunun üçün güclü cəmiyyətin olması vacibdir. Güclü cəmiyyətin olması azad insan, azad vətəndaş, fərqli inanc sahiblərinin bir yerdə yaşaması, seçim azadlığının, vicdan, söz azadlığının təmin olunması və milli- mənəvi dəyərlərə bağlılıq, gələcəyin naminə keçmişi həmişə xatırlamaq, demokratik idarəetmə sistemini inkişaf etdirmək, təkmillişdirmək, bir sözlə, güclü vətəndaş cəmiyyəti yaratmaqla, güclü dövlətə sahib olsaq, heç kəs burada keçən əsrin 90-cı illərin hadisələrini bir daha təkrarlaya bilməz.

– Milli birliyin əldə olunmasında tolerantlığın rolu nədən ibarətdir?

– Milli birlik deyəndə indi etnik qan eyniliyi məsələsindən söhbət getmir. Müasir cəmiyyətlərdə milli birlik siyasi anlamda, yəni cəmiyyətin siyasi, sosial, mədəni aspektlərdə birliyinin təmin olunmasından gedir. Burada da əgər yuxarıdakı tolerantlıq haqqında dediyimiz xüsusiyyətlərə bir daha nəzər salsaq, görərik ki, insanların bir-birinə qarşı hörməti, hüquqlarını tanıması olmasa, siyasi mənada milli birlik mümkün deyil. Bunun da mexanizmləri demokrtik vətəndaş cəmiyyətlərində, demokratik idarəetmə üsullarında olur. Azad vətəndaşların cəmiyyətlərində siyasi mənada milli birlik ola bilər. Bu baxımdan milli birliyin təmin olunmasında tolerantlığı əsas şərtlərdən biri hesab etmək olar.

– Bəs milli birliyin təminatında bayaq vurğuladığınız azərbaycançılıq ideologiyasının əhəmiyyəti barədə nə demək olar?

– Bunda azərbaycançılıq ideyasının birbaşa rolu var. Bu çox gözəl ideologiyadır. Burada bir tərəfdən etnik, bir tərəfdən dini kimliyə işarə var, digər tərəfdən isə bunların hər ikisi müasirlik məsələsində bir-biri ilə bağlanır. Yəni, müasirləşmək tələbi azərbaycançılıqda digər iki tələblə bir sırada qoyulur və hətta onlardan da daha önəmli hesab olunur. Çünki söhbət dövlətdən, dövlət quruculuğundan, dövlətin gələcəyindən gedirsə, daim müasirləşmək ehtiyacı olur. Azərbaycançılıq bu əsasda milli etnik- mədəni dəyərlərlə yanaşı, müasirləşməni, fərqli mədəniyyətə sahib olmanı, ümumbəşəri dəyərlərə yiyələnməyi  açıq şəkildə qoyur. Məsələn, Heydər Əliyev Dünya Azərbaycanlılarının Birinci Qurultayında azərbaycançılığı xarakterizə edərkən belə deyib: “Azərbaycanlılar öz milli, mənəvi, əxlaqi dəyərlərini qorumalıdırlar. Amma eyni zamanda onlar dünyada gedən proseslərə qoşularaq milli ilə yanaşı, ümumbəşəri dəyərləri də əxz eləməlidirlər. Yaşadıqları ölkənin cəmiyyətlərinə inteqrasiya olmalıdırlar”. Və bu inteqrasiyanın baş verməsi üçün başqa mədəniyyət elementlərinə hörmətlə yanaşmaq, onu qəbul etmək lazımdır. Bu, azərbaycançılığın mahiyyətindədir. Buna görə də azərbaycançılığı XXI əsrin ən perspektivli ideologiyalarından hesab etmək olar.

– Müstəqilliyimizin ilk illərində türkçülük və islamçılıq önə çəkilmişdi. Sizcə, niyə bu ideologiyalar özünü doğrulda bilmədi və azərbaycançılıq ideologiyasının yaranma zərurətini meydana çıxardı?

– Türkçülük ideologiyasından danışılanda da bu, siyasi mənada vurğulanıb, etnik kimlikdən bəhs olunmayıb, söhbət damarlarında türk qanı daşıyanlardan getmir. O ideologiyalar ortaya atılan zaman türk –müsəlman topluluğu nəzərdə tutulub. Azərbaycan əhalisinin əksəriyyətini məhz bu topluluq təşkil edir. Belə bir şəraitdə türkçülükdən başqa bir şey ola bilməz, amma söhbət etnik qan eyniliyindən, yaxud fərqliliyindən getmir, söhbət siyasi mənadan gedir. Burada islamçılıq və türkçülüyün paralel qoyulmasının mahiyyəti bundan ibarət idi.  Bizi birləşdirən, mentalitetimizdə artıq oturuşmuş dini elementlər, dini xüsusiyyətlər heç zaman unudulmamalıdır. Yəni biz həm ümmətik, həm millətik. Biz təkcə etnik mənsubiyyətinə görə bir-birimizlə oxşar deyilik. Azərbaycanda yaşayan hər kəs etnik kimliyindən asılı olmayaraq azərbaycanlıdır. Azərbaycançılıq bunu qəbul edir və bu mənada türkçülük qətiyyən kölgədə qalmır, əksinə, o, yeni siyasi, daha müasir məna kəsb edir. Təbii ki, burada Vətən obrazı, dövlətçilik şüuru, cəmiyyətin bütövlüyü, müxtəlif mədəniyyətlərin bir yerdə yaşaması və sair amillər önə çıxır. Bu da birbaşa müasirləşməklə, dünyada gedən qloballaşma proses ilə bağlıdır. İndi Avropada, dünyada millətlərüstü inteqrasiyadan danışırlar. Yəni, hətta millətlərin milli kimliyinin üstündə duran inteqrasiya modelləri meydana çıxır. Belə bir şəraitdə təbii ki, məhdud milliyətçilik düşüncəsində qalmaq olmaz, inkişaf mütləq lazımdır.

– Bayaq dini amildən söz açdınız. Yəqin bu fikirlə razısınız ki, bizim tolerantlığımızda əhalimizin böyük əksəriyyətinin tapındığı islam dininin də çox böyük rolu var?

– Razıyam, çox böyük rolu var. Mən bayaq səbr anlayışını da elə-belə demədim. İslam elə bir dindir ki, orada insanların təvazökarlığı, sadəcə var olmağından sevinmək ön plana çəkilib. Məhəmməd əleyhissəlam deyib ki, əgər hər bir bəndə hər an var olmağından, mövcudluğundan sevinə bilmirsə, razı deyilsə, o sevə bilməz. Fikrə diqqət yetirin: yəni, nə mənada sevə bilməz? Allahı sevə bilməz, onun yaratdıqlarını sevə bilməz, Vətəni, insanları sevə bilməz. Deməli, mən öz içimdə təvazökar, dürüst, tolerant, digərlərini hörmətlə qəbul eləyən, var olmağımdan razı qalan, şükür edən birisi olmalıyam ki, normal bəndə olum. Səbrin böyük fəlsəfəsi var. Səbr passivlik deyil. Səbr nə gözləmək deyil, nə də tələsmək. Səbr vaxtında addım atmaq deməkdir. Amma vaxtında addım atmaq üçün insan nəfsinə görə, ehtirasına görə də hərəkət edə bilər, bu, səbrə aid deyil, islam bunu qəbul etmir. Səbr onu deyir ki, sən hər hansı bir hadisənin baş verməyində dərhal başqasını günahlandırmağa tələsmə. Səbrin arxasında duran məqam bundan ibarətdir. Hirslə qalxan zərərlə oturar- deyiblər. Bax, səbr buna görə lazımdır, islamda da səbrin fəlsəfəsi budur. Yəni, Şərq fəlsəfi terminologiyası ilə desək, qızıl ortanı tapmalıyıq.

– Amma bəzən bizdə tolerantlıq, xoşgörü, səbr o səviyyəyə çatır ki, öz milli kimliyimizi də arxa plana keçiririk.

– Burada maraqlı bir məqam var: xoşgörü və tolerantlıq heç də özünün başqalarından aşağı olması anlamına gəlmir və gəlməməlidir. O cür başa düşmək yanlışdır. Mənim fikrimcə, dövlətin dili cəmiyyətin bütün sahələrində hakim olmalıdır, azərbaycanlılar bir-biri ilə ana dilində danışmalıdırlar. Biz rus dilini də, ingiliscəni də, almancanı da, fransızcanı da... nə qədər çox dil bilsək bir o qədər yaxşıdır. Buna şübhə yoxdur. O dillərdə əsərlər oxuyaq, kitablar yazaq, çox gözəl olar. Amma mentalitetə yad dili buraxıb onun təsiri altına düşmək yolverilməzdir.

– Öz dilimizi qoyub bəzən başqa dildə, konkretləşdirsək rusca, yaxud ingilscə danışmağı milli özünüdərkin aşağı səviyyəsi ilə əlaqələndirmək olarmı?

– Əlbəttə, bu  elə o anlama gəlir. Gəlin belə danışaq, Azərbaycanda milli özünüdərk prosesi bir az çətin gedir. Bunun da səbəbləri var. Bu xalq 300 il yad dövlətin təsiri, işğalı altında olub. Rusiya imperiyası sonra sovetlər birliyinə çevrildi. Bundan başqa hələ XIX əsrdə Azərbaycan iki yerə ayrıldı, mədəniyyətin bir hissəsi müsəlman mədəniyyəti, o biri hissəsi rus-Avropa mədəniyyəti kontekstinə keçdi. Bütün bunlar hamısı əlbəttə ki, milli şüura, milli özünüdərkə təsir edir. Elmdə belə bir şey var: əgər hər hansı bir proses iki-üç nəsil gedirsə, o millətin təhtəlşüuruna keçə bilər və yalançı ənənələr yarana bilər. İmperiya və sovetlər dönəmində çoxlu belə psevdoənənələr yaranıb. O yalançı ənənələrdən biri də azərbaycanlının qonaqpərvərliyini yanlış ifadə etməkdir. Biz qonaqpərvərik, deməli, kim gəlsə, gərək başımızın üstündə olsun, biz ona qulluq edək. Mirzə Cəlil, Sabir bunları çox gözəl şəkildə tənqid edib. Çox şükür ki, bu qədər yad təsirlərə baxmayaraq bu millət hələ yaşayır və hər zaman öz sözünü deyəcək, bütün belə psevdoənənələr sıradan çıxacaq. Şübhə eləmirəm ki, Azərbaycanda olan ənənələr getdikcə yad elementlərdən təmizlənəcək. Amm eyni zamanda biz həm də ümumbəşəri olmalıyıq, digər xalqlara, mədəniyyət nümunələrinə sayğısız yanaşmaq yolverilməzdir.

Sevinc MÜRVƏTQIZI

 





13.06.2013    çap et  çap et