525.Az

Azərbaycan sosial ipotekanı genişləndirməyi planlaşdırır


 

Azərbaycan sosial ipotekanı genişləndirməyi planlaşdırır<b style="color:red"></b>

Azərbaycanda dövlət sosial ipoteka kreditlərindən gənc ailələrlə yanaşı, gənclər də yararlana biləcəklər.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
 
Nazir müavini bildirib ki, hazırda sosial ipoteka üçün dövlət tərəfindən ayrılan vəsait bütün ailələrin mənzil problemini əhatə etmir və sosial ipoteka kreditlərinin artırılması gözlənilir: «İpoteka kreditinin maksimal həcmi əvvəllər 35 min manat olub, sonradan isə 50 min manata qaldırılıb. İndi isə bu məbləğin 70 min manata çatdırılması gözlənilir».
 
İ.Babayev sosial ipotekanın faiz dərəcəsi ilə bağlı məsələyə də aydınlıq gətirib. O, vurğulayıb ki, hazırda sosial ipoteka illik 4%-lə ayrılır və bu rəqəmin əhəmiyyətli şəkildə azaldılması gözlənilmir.
 
Nazir müavini qeyd edib ki, sosial ipoteka ilə bağlı yeni hazırlanacaq qanun layihəsinə olunan təkliflərə görə, gənc ailələrlə yanaşı digər gənclər də ipotekadan yararlana biləcək: «Lakin gənc ailələr üçün yaş həddi 35 yaş müəyyənləşibsə, gənclər üçün bu yaş həddi 29 olacaq. Təkliflərə görə, ipoteka veriləcək gənclərin və gənc ailələrin kateqoriyalarının artırılması nəzərdə tutulur və burada məqsəd həm ipotekanın məbləğinin artırılması, həm də ipoteka alacaq gənclərin əhatəsinin genişləndirilməsindən ibarətdir».

 





14.06.2013    çap et  çap et