525.Az

“Nizami dünyasının rəngləri” Romada nümayiş olunacaq


 

“Nizami dünyasının rəngləri” Romada nümayiş olunacaq<b style="color:red"></b>

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan şairi Nizami dünyasının rəngləri” layihəsini həyata keçirir. Layihə çərçivəsində iyunun 17-dən 22-dək  Romada Azərbaycan və İtaliya qadın rəssamlarının birgə sərgisi təşkil olunacaq. Sərgidə iki ölkənin gənc qadın rəssamlarının Nizami Gəncəvinin əsərlərinə çəkdiyi rəsmlər nümayiş olunacaq.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasını professoru Şəhla Nağıyevanın bildirdiyinə görə sərgidə Azərbaycanı Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənova, İtaliyanı isə iki gənc qadın rəssam təmsil edəcək. Sərgi Romanın məşhur “Galleia d’Arte Consorti” rəsm qalereyasında keçiriləcək.

Şəhla Nağıyeva layihənin reallaşmasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə Azərbaycanın İtaliyadakı səfirliyinin, İtaliya-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan parlamentinin Azərbaycan-İtaliya dostluq qrupunun yaxından kömək etdiyini vurğulayıb. O, bildirib ki, sərginin təşkili üçün altı aya yaxın hazırlıq işləri görülüb, İtaliya rəssamları ilə müzakirələr aparılıb, rəsmlərdə qadın rəssamların Nizami dünyasına, Nizami fəlsəfəsinə fərdi baxışı əks olunub. Ona görə də ictimai birliyin sədri bu layihənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, xüsusən Nizami Gəncəvi yaradıcılığının İtaliyada təbliğinə yardımçı olacağına, iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini söyləyib.

Sərginin rəsmi açılış mərasimində Azərbaycanın İtaliyadakı səfirliyinin və İtaliya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələrinin, eləcə də yerli mədəniyyət xadimlərinin iştirakı gözlənilir.

Məlumat üçün bildirək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi bundan əvvəl ABŞ-ın Corc Meyson Universitetində və Almaniyanın Berlin şəhərində də oxşar layihələr həyata keçirib.

 





14.06.2013    çap et  çap et