525.Az

Orfoqrafiya qaydalarının dəyişdirilməsi zamanın tələbi kimi


 

Orfoqrafiya qaydalarının dəyişdirilməsi zamanın tələbi kimi<b style="color:red"></b>

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” - deyən Ümummilli lider Heydər Əliyev müstəqillik illərində milli dilimizin qorunması, inkişafı üçün bir çox dövlət əhəmiyyətli məsələləri həyata keçirdi.
 
Ölkə prezidenti İlham Əliyev də Ümummilli liderin milli dil siyasətini daha da irəli apardı. Ölkə prezidentinin sərəncamı ilə Dövlət proqramı təsdiq edildi, yeni tərkibli Dövlət dil komissiyası yaradıldı. Milli dil siyasətinin tərkib hissəsi kimi tərcümə mərkəzi, terminologiya komitəsi, orfoqrafiya komissiyası meydana çıxdı. Dilimizin mühüm sahələri olan terminologiya və orfoqrafiya sahəsində AMEA-nın koordinatorluğu ilə işlər genişləndirildi. Dilimizin yazı şəklini tənzim edən orfoqrafiya qaydaları bir neçə dəfə nəzərdən keçirildi, dilimizin orfoqrafiya lüğəti müstəqillik dövründə iki dəfə; 2004 və 2013-cü ildə yenidən nəşr edildi. Bunlara baxmayaraq, bizim orfoqrafiyamızda problemlər hələ də qalmaqdadır və bu, təbii haldır. Bu baxımdan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun orfoqrafiya lüğətlərinin hazırlanmasında müəyyən təcrübəyə malik olan elmi qurum kimi bu işlərdə fəallıq göstərməsi təqdirəlayiq haldır.

Məlumdur ki, orfoqrafiya lüğəti sözlərin düzgün yazılışını özündə ehtiva edən, hər bir vətəndaşın istinad və istifadə edə biləcəyi bir qaynaqdır. Dünya xalqlarının dil praktikası göstərir ki, orfaqrafiya qaydalarının düzgün təsnifatı nəzəri dilçiliyin səviyyəsindən çox asılıdır. Bu mənada Azərbaycanda nəzəri dilçilik bazasının səviyyəsi orfoqrafiya qaydalarının yenidən tərtib olunmasına tam şəkildə imkan verir. Onu da qeyd edim ki, düzgün orfoqrafiya qaydalarının müəyyən olunması, durğu işarələrindən istifadə qaydalarının tənzim olunması bilavasitə linqivistika məsələsidir. Eyni zamanda, tərtib olunan yeni orfoqrafiya qaydalarının ümumxalq müzakirəsinə verilməsi hüquqi dövlətdə demokratiyanın gərəyi kimi normal hal hesab olunmalıdır.

Mən bir müddətdir ki, mətbuatda və internet saytlarında orfoqrafiya haqqında irəli sürülən mülahizələri, verilən təklifləri izləyirəm. Bu baxımdan, Orfoqrafiya Komissiyasının üzvü kimi, bir mütəxəssis kimi bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm.

Hər şeydən əvvəl bəzi saytların bu məsələdə qızışdırıcı mövqedən çıxış etməsini mən xoşagəlməz hal hesab edirəm. Belə ki, orfoqrafiya lüğətində bəzi təmizləmələr aparılması təbii haldır. Çünki əvvəlki nəşrdə lüğət tərkibinin zənginliyini göstərmək, nümayiş etdirmək xatirinə tərtibçilər dildə işlənməyən, amma nəzəri cəhətdən yaradılması mümkün olan bəzi sözləri uydurub orfoqrafiya lüğətinə daxil ediblər və onların çıxarılması fikrinə mən müsbət baxıram. Dilçilik İnstitutunun rəhbərinin adından orfoqrafiya lüğətindən 10000 sözün çıxarılması fikrinin bəzi saytlarda səsləndirilməsini təxribat hesab edirəm. Çünki mən həmin institutunun direktoru ilə əlaqə saxladım, belə bir bəyanat vermədiyi məlumatını eşitdim. Bəzi saytlarda səslənən “orfoqrafiya qaydaları dəyişdirilməsin” hökmü ilə də razılaşmaq mümkün deyil. Çünki bu proses zamanın tələbidir.

Bəzi təklif olunan orfoqrafiya qaydaları haqqında mən də öz münasibətimi bildirmək istəyirəm. Orfoqrafiyanın prinsipləri var. Sözlərin yazılış qaydaları məhz bu prinsiplərə görə müəyyən olunur. Məsələ bundadır ki, bizdə bəzi sözlərin yazılışında fonetik prinsip aparıcı prinsip kimi əsas götürülür. Amma bütün hallarda bu prinsipdən çıxış etmək həmişə özünü doğrultmur. Məsələn, Türkiyə türkcəsində bu prinsipə üstünlük verilməsi bəzi arzuolunmayan nəticələr vermişdir. Belə ki, Türkiyədə xəstəxana əvəzinə hastane, əczəxana əvəzinə eczane və s. yazırlar. Ona görə də bizdə sözlərin yazılış qaydalarında bir çox hallarda morfoloji prinsipə üstünlük verilməsi elmi cəhətdən özünü daha çox doğruldur. Bu baxımdan yeni orfologiya qaydalarına təklif edilən əsgər, İsgəndər, əsginas sözlərində g yerinə k təklif olunması, bizcə, ən məqbul variantdır. Çünki kar samitlərin bir-birini izləməsi qanunu bunu tələb edir. Digər tərəfdən, bu sözlər mənbə dildə də k ilə yazılır. Eyni zamanda, türk və rus dillərində əsgər və İsgəndər sözləri k ilə yazılır. Düzəltmə isimlərdə -iyyat/-iyyət şəkilçisinin bir y ilə yazılması da fonetik cəhətdən məqbul hesab edilməlidir. Bu qaydanı indi -iyyə formasında yazdığımız düzəltmə isimlərə də şamil etmək lazımdır. -iyyə şəkilçisi ilə düzələn isimlər də bir y ilə, yəni -iyə şəkilçisi ilə yazılmalıdır. Məsələn, maliyə, nəzəriyə, fərziyə, zilfiyə, ruhiyə və s. Təsadüfi deyildir ki, görkəmli akademik A.Axundov hələ 70-ci illərdə bu şəkilçilərin bir y ilə yazılmasını əsərlərində təklif edirdi.

Ümumiyyətlə, orfoqrafiya qaydalarının təkmilləşdirilməsi, sadələşdirilməsi dilçiliyimizin qarşıda duran əsas vəzifələrdəndir.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü, Dövlət Dil Komissiyasının üzvü 

 





20.01.2018    çap et  çap et