525.Az

Ötən ilin uğurları


 

Ötən ilin uğurları<b style="color:red"></b>

2017-ci il Azərbaycan üçün çox uğurlu il olub və bütün sahələrdə yaddaqalan nailiyyətlər əldə edilib.

Hörmətli cənab Prezident İlham Əliyevin sərəncamı ilə İslam həmrəyliyi ili kimi yaşadığımız bir il də artıq tarixə çevrilib və bu il Azərbaycanın bütün islam dünyasında lider dövlətə çevrilməsinə gətirib çıxaran uğurlarla yadda qalıb. Bakıda çox yüksək səviyyədə İslam Həmrəyliyi oyunlarının keçirilməsi, İslam ölkələri rəhbərlərinin Bakı forumunun yüksək səviyyədə təşkili və burada təkcə islam dünyası üçün deyil, bütövlükdə bəşəriyyət üçün, sivilizasiyaların inteqrasiyası üçün çox əhəmiyyətli qərarların qəbul edilməsi yola saldığımız ilin uğurlu olmasını şərtləndirən əsas amillər olmuşdur.

Ötən il mədəniyyət sahəsində də yaddaqalan nəticələrlə əlamətdar olmuşdur və son illərdə cənab Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasəti öz gözəl bəhrələrini verməyə başlamışdır. Mədəniyyətlərarası dialoq, qərb və şərq mədəniyyətinin qarşılıqlı inteqrasiyası, mədəniyyət  sahəsində əlaqələrin genişlənməsi ötən ildə bu sahədə qazanılan uğurların əsas bünövrəsini təşkil etmişdir.

 2017-ci il kitabxana sahəsində də əlamətdar olmuşdur və ölkəmizin mədəni həyatının əsas flaqmanlarından biri olan Azərbaycan Milli Kitabxanası üçün də yaddaqalan ilə çevrilmişdir. Bu il ərzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə Milli Kitabxana milli mənəvi dəyərlərimizin təbliği istiqamətində böyük işlər görmüş, kitabın və mütaliənin kütləviləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Bunun bariz nümunəsi kimi hər iki ildən bir keçirilən Bakı Beynəlxalq Kitab Sərgisini xüsusilə qeyd etmək lazımdır. Ölkəmizdə artıq beşinci dəfə keçirilən bu möhtəşəm tədbirin miqyası ildən-ilə genişlənərək daha böyük coğrafiyanı əhatə etməyə başlamışdır. Belə ki, V Bakı Beynəlxalq Kitab sərgisində 10-dan artıq xarici milli kitabxana öz ekspozisiyası ilə iştirak etmişdir və bu il iştirakçıların sırasına ilk dəfə olaraq uzaq Amerikadan, İngiltərədən və Malayziyadan milli kitabxanalar qatılmışlar ki, bu da ildən-ilə bu tədbirin sözün əsl mənasında beynəlxalq miqyas almasından xəbər verir.

Mütəmadi olaraq Bakıba keçirilən bu sərgilər ölkədə kitabın və mütaliənin kütləviləşdirilməsinə xidmət etdiyindən, ötən il Milli Kitabxana V Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində 15 xarici ölkədən kitabxana mütəxəssislərinin iştirakı ilə "Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirmişdir. Burada informasiyalı cəmiyyətdə kitabxanaların yeri və vəzifələri, İnnovativ yeniliklərin və kreativ düşüncənin kitabxana təcrübəsinə tətbiqi, yeni iş formalarından istifadə və digər məsələlərə dair geniş elmi müzakirələr aparılmış və mühüm nəticələr əldə olunmuşdur. Fərəhli haldır ki, ABŞ-ın məşhur Kaliforniya Universitetinin kitabxanasından, Britaniya, Malayziya Milli Kitabxanasından və digər aparıcı ölkələrin kitabxanasından gələn mütəxəssislər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq kitabxana"-nın işi ilə tanış olarkən heyrətlərini gizlədə bilməmiş və dünyada analoqu olmayan bu təcrübənin öyrənilməsinə böyük maraq göstərmişlər. Yeri gəlmişkən qeyd edək ki, ötən ildə  "Açıq kitabxana" fəaliyyətinin bir ilində artıq oxucularına və şəhərimizin qonaqlarına özünün elektron xidmətlərini təqdim etmişdir. İyul ayında "Açıq kitabxana"-nın saytı, elektron kitabxanası, oxuculara göstərdiyi onlayn xidmətlər və yeni kreativ düşüncənin məhsulu olan iş formalarının geniş ictimaiyyətə təqdim etmişdir. Təqdimat mərasimində çıxış edən və bu layihənin təşəbbüskarı olan hörmətli nazirimiz Ə.Qarayev Milli Kitabxananın "Açıq kitabxana" layihəsini gələcəyin layihəsi və Azərbaycan brendi adlandırmışdır.

Əvvəlki illərdən fərqli olaraq bu tədbirə respublikamızın şəhər və rayon kitabxanaları da cəlb olunmuş və xarici qonaqların iştirakilə kitabxana işçilərinin Respublika Müşavirəsi də keçirilmişdir. Bu tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev informasiya texnologiyalarının, İNTERNET-in və innovasiyaların dominantlıq qazandığı müasir mərhələdə kitabxanalarımızın və kitabxanaçılarımızın qarşısında mühüm vəzifələr qoymuş və bu günün tələblərinə cavab verməyən iş üsulları ilə işləyən kitabxana və kitabxanaçıların tezliklə zamanın burulğanında itib-batacaqlarını söyləyərək hamını yeni iş formaları və ideyalarla silahlanmağa çağırmışdır. Cənab Nazir Milli Kitabxananın bu sahədəki təcrübəsini yüksək qiymətləndirərək hamını bu təcrübədən bəhrələnməyə çağırmış və oxuculara xidmət işində innovasiyalardan daha çox istifadəni günün çağırışı hesab etmişdir.

Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində sərgiyə gələn xarici ölkə milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair Memorandumların imzalanması da artıq ənənə halını almışdır və bu dəfə Misir Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında kitab, informasiya və təcrübə mübadiləsini, qiymətli kolleksiyaların və əlyazmalarının qarşılıqlı tədqiqini, hər iki ölkə oxucularının milli kitabxanaların elektron resurslardan qarşılıqlı istifadəsinin təmin olunmasıni nəzərdə tutan Memorandum imzalanmışdır. Tədbirin sonunda 10-dan artıq milli kitabxananın sərgi-yarmarkada nümayiş etdirdiyi 500 nüsxə ədəbiyyat  Azərbaycan Milli Kitabxanasına hədiyyə edilmişdir.

Ötən il ərzində Milli Kitabxana Azərbaycan həqiqətlərinin, bugünkü iqtisadi yüksəlişimizin daşıyıcısı olan ölkəmizin mədəniyyətinə, tarixinə, iqtisadi quruculuq işlərinə, yaralı yerimiz olan Dağlıq Qarabağ məsələsinə və digər mövzularda kitabların ölkə ərazisində və xaricdə təbliği istiqamətində də xeyli işlər görmüşdür. Bakı, Frankfurt, Tehran, Təbriz, Moskva, İstanbul, Düşənbə və digər şəhərlərdə keçirilən beynəlxalq kitab sərgilərində Azərbaycana dair ekspozisiyalarla iştirak etmişdir. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi geniş qeyd olunmuşdur və Milli Kitabxana bununla əlaqədar həm ölkəmizdə və həm də ölkəmizdən xaricdə bir sıra tədbirlər keçirmişdir. İlk dəfə olaraq M.P.Vaqifin fundamental biblioqrafiyası hazırlanaraq "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından nəfis tərtibatla nəşr olunmuşdur, şairin əsərlərini və haqqında materialları əks etdirən Elektron-Məlumat bazası hazırlanaraq dünya oxucularına təqdim olunmuşdur.

Beynəlxalq TÜRKSOY təşkilatının 2017-ci ili "M.P.Vaqif ili" elan etməsi çərçivəsində il ərzində TÜRKSOY-la birlikdə Türkiyənin Ankara, İstanbul və Sakarya şəhərlərində, Qazaxıstanın Astana və Türküstan şəhərlərində, Qırğızıstanda yubiley tədbirləri, elmi konfranslar, kitab sərgiləri və Milli Kitabxananın TÜRKSOY-la birlikdə nəşr etdirdiyi və şairin18 dildə şeirlərini əhatə edən "M.P.Vaqifin şeirləri dünya dillərində",  akademik Nizami Cəfərovun "Molla Pənah Vaqif",  Milli Kitabxananın nəşr etdiyi "Molla Pənah Vaqif. Biblioqrafiya" kitablarının təqdimat mərasimlərini keçirmişdir.

Ötən ildə Açıq Kitabxanada oxuculara yeni xidmət növləri təqdim edilmiş, açıq səma altında poeziya günləri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər, təqdimat mərasimləri, imzalı görüşlər təşkil olunmuş, "Kitab satışı mərkəzi" yaradılmışdır. Gəncləri kitabxanaya cəlb etmək, onlar arasında bədii ədəbiyyatın təbliğini gücləndirmək məqsədilə fəal oxuculardan, yuxarı sinif şagirdlərindən, tələbələrindən, kitabxananı və kitabı sevən oxuculardan ibarət "Könüllülər  qrupu" yaradılmışdır. Bu qrup  Açıq kitabxanada keçiriləcək tədbirləri  sosial şəbəkələrdə paylaşır və öz oxuduqları maraqlı kitablar haqqında fikir mübadiləsi edirlər. Bu da gənclər arasında mütaliənin təbliğini genişləndirir. İl ərzində "Gəlin kitab oxuyaq", "Evlərə kitab ataq", "Ən çox oxunan kitablar" layihələri həyata keçirilmişdir. Kiçikyaşlı oxucular üçün "Ən çox kitab oxuyan oxucu" müsabiqəsi  həyata keçirilmiş, ətrafdakı məktəblilər müsabiqəyə cəlb olunmuş, həvəsləndirmə məqsədilə müsabiqənin qaliblərinə kitab hədiyyə edilmişdir.

Bütün bu tədbirlər kitabın, mütaliənin kütləviləşdirilməsinə xidmət etmiş, gənclərin kitabxanalara cəlb olunmasında əhəmiyyətli rol oynamış və oxucuların sayının xeyli artmasına səbəb olmuşdur. Nəticədə 2017-ci ildə Milli Kitabxananın daimi oxucularının sayı 152 min nəfərə, kitabxanaya gələnlərin sayı 200 min nəfərə çatmış, virtual oxucularımızın sayı 1 milyon nəfəri ötmüşdür, kitabxananın saytına və elektron kitabxanamıza və bazalarımıza 3 milyon 050 min giriş olmuşdur.   

İl ərzində Milli Kitabxananın həyata keçirdiyi 100-dən artıq kütləvi tədbirlərlə respublikamızın mədəni-kütləvi və ictimai həyatında fəal rol oynayan bir mənəviyyat mərkəzinə çevrilmiş, kitab təqdimatlarının, oxucu konfranslarının, yazıçı və şairlərlə, kitab müəlliflərilə oxucuların fəal görüşlərinin keçirildiyi məkana çevrilmiş, kitabın, ədəbiyyatın aktiv təbliğatçısına çevrilmişdir.

Ötən ildə Milli Kitabxananın fəaliyyətinin əsas istiqamətlərindən birini də müasir dövrdə oxuculara kitabxana-informasiya xidmətinin təkmilləşdirilməsi, günün tələbləri səviyyəsinə qaldırılması məqsədilə elmi konfransların, treninqlərin, seminarların və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə digər tədbirlərin keçirilməsi təşkil etmişdir. Bu məqsədlə həm respublikamızın regionlarında, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə fəal iştirak etmiş və belə tədbirlərin təşkilatçısına çevrilmişdir. Ölkəmizin regionlarında innovasiyaların kitabxana təcrübəsinə tətbiqi, oxuculara kitabxana xidmətinin təşkilində yeni iş formalarından istifadə olunması, kitabxanadankənar xidmət işinin gücləndirilməsi və s. mövzularda treninqlər və seminarlar keçirilmiş, bu sahədə qabaqcıl təcrübə təbliğ olunmuşdur.

Kitabxanamızın mütəxəssisləri il ərzində qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə xarici ölkə kitabxanalarında ezamiyyətlərdə olmuş və əldə etdikləri bilik və təcrübələri vaxtaşırı regionlarda keçirilən treninqlərdə, seminarlarda və görüşlərdə öz həmkarları ilə bölüşmüş, respublikamızın kitabxanalarında tətbiqinə çalışmışlar. Milli Kitabxanamız ötən il ərzində Minskdə, Astanada, Daşkənddə, Ankarada, Almaniyanın Aqsburq şəhərlərində keçirilən beynəlxalq elmi konfanslarda, simpoziumlarda, seminarlarda iştirak etmiş, kitabxana işinin müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişlər. 2017 -ci ildə Kitabxanamız tərəfindən 36 adda, 6560 nüsxə tirajla, 439,9 çap vərəqi həcmində fundamental biblioqrafiyalar, bibloqrafik və metodik vəsaitlər, məlumat və informasiya bülletenləri çap olunmuşdur.

Artıq yaşadığımız 2018-ci ildə Milli Kitabxana özünün 95 illik yubileyini, Ulu Öndər Heydər Əliyevin 95 illik, dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib Mir Cəlal Paşayevin 110 illik yubileylərini layiqli uğurlarla qarşılamağa hazırlaşır. Bu ilin yanvarında Milli Kitabxana ABŞ-ın məşhur Los-Anceles Universitetinin Kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalamışdır və bu Amerika kitabxanaları ilə ilk əlaqələrimiz olacaqdır uzaq ölkədə Azərbaycan həqiqətlərinin və bugünkü iqtisadi və mədəni uğurlarımızın təbliğinə əhəmiyyətli kömək göstərəcək.

 





26.01.2018    çap et  çap et