525.Az

Geriyə baxmağa dəyər


 

Geriyə baxmağa dəyər<b style="color:red"></b>

Ömrün və yaradıcılığın müdriklik zirvəsinə yüksəlişin hər mərhələsinin bədii-fəlsəfi, ictimai-sosial tutumunu bu zirvəyə doğru irəliləyişin zaman və məkan hüdudları müəyyən edir. Zirvəyə doğru qalxdıqca təbiət də dəyişir, insanın aldığı nəfəs, ürəyinin döyüntüləri də dəyişir, eyni çiçəyin fərqli, daha cazibəli ətrini və rəngini duyursan, dağın zirvəsinə qalxdıqca dağ əzəməti, qartal qüruru ilə ağ bənövşə kövrəkliyi, “kölgədə bəslənmiş quzey qarının” zərifliyi ömür yolu haqqında müdriklərin danışdığı nağılı-əfsanəni xatırladır.       

Müşahidə edənlər bilər: dağların zirvəsində insan özünü daha əzəmətli, daha vüqarlı hiss edir. Bu hissiyyat zirvəyə alın təri ilə çıxanlara təbiətin bəxşişidir. Sənətkar ömrünün müdriklik çağı dağ silsiləsinin zirvə yüksəlişini xatırladır. Bu zirvəyə ucalmağın, onu fəth etməyin parlaq nümunələrindən biri müasirimiz, ədəbi-ictimai fikrimizin əsas söz sahiblərindən olan Elçin müəllimdir. Yetmiş illik ömrün və 50 illik yaradıcılığın zirvəsindən geriyə baxmağa dəyər. Bu zirvədən sənətkar ömrünü səhifələdikcə xalqın bədii yaddaşına çevrilmiş iki obraz nəzərimizdə canlanır: sənətkarın obrazı və onun yaratdığı xalq obrazı. Bu gün multkulturalizmdən bəhs edənlər, onu dövriyyəyə gətirənlər bəşəriyyətin tarixən əldə etdiyi qənaətlərə, həyat vərdişlərinə yeni bir şey əlavə etmirlər, sadəcə olaraq bunu konkret siyasi kontekstə yönəldirlər. Əslində isə, hər bir xalqın tarixi onun tarix boyu yaratdığı obrazların tarixidir. Xalqlar bir-birindən öz tarixləri ilə yanaşı öz obrazları ilə də fərqlənirlər. Yazıçı yaradıcılığı boyu mənsub olduğu xalqın obrazını yaradır. Xalq içərisində isə hər bir yazıçının öz obrazı var. Klassiklərin obrazını onların əsərləri, bu əsərlərin germenevtik, aksioloji şərhi yaradırsa, müasir yazıçının obrazı, daha konkret bu gün böyük yaradıcılıq yolu keçmiş Elçin müəllimin sənətkar, ictimai xadim, vətəndaş obrazı onu təyin edən ictimai, mənəvi estetik  daşıyıcıları ilə vəhdətdə yaranıb.

İndi fəlsəfi-estetik fikirdə dünyanın bədii obrazının Amerika, İtaliya, Fransa, Rusiya və s. tipləri haqqında sanballı tədqiqatlar dövriyyəyə gəlib. Milli bütövlüyün bədii təsdiqi kimi təbiət, ətraf mühit, xalqın psixikası, xarakteri və təfəkkür tərzinin reallaşması milli obrazı şərtləndirən amillər kimi vəhdətdə götürülür.

Elçinin yaratdığı milli obraz tipajının, onun mahiyyətini və buna paralel müəllif obrazını bütün zənginliyi, rəngarəngliyi ilə dərk etmək baxımından yarım əsrin sənət göstəriciləri ilə yanaşı, fərdi istedad və şəxsiyyət də müstəsna rol oynayır. Elçin istedadının ictimai-fəlsəfi məzmunu, vətəndaşlıq tutumu 50 illik zəngin ədəbi-ictimai fəaliyyəti prosesində üzə çıxıb. Ədəbi-ictimai fikrimizə liderlik səlahiyyətini 70 illik ömrün sənət və vətəndaşlıq meyarları reallaşdırıb.   

Elçin yarım əsrlik yaradıcılığı boyu doğma xalqının obrazını zəngin tarixi dəyərlər fonunda yaradır. O bunu hekayə, povest və dramlarında tarixi və müasir əhvalatlar, hadisələr mühitində formalaşan xarakterlər, təbiətlə şəxsiyyətin harmoniyası və bütün bunları cazibəli, ahəngdar bədii biçimdə bizə çatdıran müəllif obrazı, təhkiyəsi ilə reallaşdırır. Tənqid və ədəbiyyatşünaslıq janrında isə klassik və müasir ədəbiyyatımızın Nizami, Füzuli, Sabir, Qurbani, Aşıq Ələsgər, Mirzə Cəlil, Ü.Hacıbəyov, Səməd Vurğun, Mikayıl Müşfiq və digərlərinin yaradıcılığı, mühiti, taleyi fonunda milli yaddaşımızı yaradır. Təəssüf ki, adını unutduğum müəlliflərdən biri haqlı göstərir ki, hələ məlum deyil Kutuzovun tarixi xidmətləri böyükdür, yoxsa Tolstoyun “Hərb və sülh”ündəki Kutuzov obrazının. Bu mənada müasirlərimiz, gələcək nəsillər ədəbi yaddaşı tarixi və müasir yaddaşa çevirən sənət adamlarına minnətdar olmalıdırlar. Klassik şairimiz Molla Pənah Vaqifin bədii fikir tariximizdəki xidmətləri fonunda Səməd Vurğunun Vaqif obrazının milli təfəkkürümüzün, milli varlığımızın bütövlüyü baxımından oynadığı rol heç də geridə qalmır. Bu tarixi yanlışlıq deyil, bu tarixin müasir bədii-ictimai  təsdiqidir.

Bu gün klassik irsə münasibətdə anlaşılmaz, siyasi ambisiyalardan doğan məqamlar baş alıb gedir. Elçin müəllimin ədəbiyyatımızın Füzuli-Axundov-Sabir mərhələləri haqqında elmi mülahizələrini xatırlamaq yerinə düşər və onu da qeyd etməyi lazım bilirik ki, onun bədii düşüncənin təkamülündə aparıcı ədəbi şəxsiyyəti şərtləndirən bədii-estetik prinsiplər haqqında mülahizələri klassik irsimizə münasibətdəki ifratların mahiyyətini üzə çıxartmaqda metodoloji fon yaradır.

Ədəbi demokratizmi tarixi ədəbi kanonların yarışmasına çevirən mətbuat və televiziyanı – qafiyəpərdazlıq, meyxana meydanına çevirən, bu gün bədii tərəqqidə bir ənənə kimi xüsusi çəkisi və rolu olmayan ədəbi nümunələrin həndəvərində dolanmaq ədəbi tərəqqiyə qətiyyən xidmət etmir, əksinə ədəbi zövqləri korşaldır, sənət meyarlarını müəyyən etməkdə çətinlik çəkən oxucu və dinləyicini əsl ədəbiyyatdan uzaqlaşdırır.

Elçin müəllimin yaradıcılığının müxtəlif istiqamətləri haqqında görkəmli ədəbiyyatşünaslarımızın son illərdəki tədqiqatları ortadadır. Mən yenə də sənətkar və xalq obrazının reallaşması baxımından yazıçının on cildlik əsərlərindəki bəzi məqamlara qayıdacağam.

Son aylar bu oncildliyi oxuduqca sənətkarı, ümumiyyətlə sənəti dərk etmək, mənimsəmək, dəyərləndirmək baxımından mənə son dərəcə maraqlı olan nüyanslar ortaya çıxdı. Elçin müəllim haqlı olaraq qeyd edir ki, “dünyada nə qədər yazıçı mövcuddursa, o qədər də yaradıcılıq psixologiyası var”. Mən deyərdim ki, hər oxucunun da, hər tədqiqatçının da öz psixologiyası var. Yaş və dünyagörüşün səviyyəsinə görə dərketmə imkanları var. Müxtəlif vaxtlarda və psixoloji durumda, əhvali-ruhiyyədə oxuduğum bu əsərlər mənim üçün yenidən bir dünya yaratdı. Qarabağın, Şuşanın, Abşeronun təbiəti ilə harmoniya yaradan bir-birindən zəngin dünyası olan adamlar. Bu adamların taleyini, bu adamların hər birinin duyğularını, iztirablarını oxucuya sevdirən, folklor, nağıl intonasiyasını, ana və nənə nəvazişinin  əlçatmazlığını xatırladan, təlqin edən təhkiyə, onun poetik sirləri, estetikası bütün dolğunluğu ilə mənim üçün yenidən açıldı.

Elçin müəllim 50 illik yaradıcılığı boyu hekayə janrına sədaqətli olub. Bu janrın bütün imkanlarını səfərbər etməklə yanaşı, onun poetikasına öz möhürünü vurub. Bu hekayələrdə də zaman və istedad birgə addımlayır, həyat və müşahidə təcrübəsi isə yazıçıya insan qəlbinin daha dərin qatlarına nüfuz etməyə imkan verir. İlk hekayələri ilə son illər yazdığı əsərləri-hekayələri müqayisədə onun bir yazıçı kimi ədəbi-estetik imkanlarını gördüyümüz kimi, hələ gənc nasir Elçinin ədəbiyyata püxtə bir nasir kimi gəldiyini də təsdiq edir. Yazıçının özünün qeyd etdiyi kimi, o ədəbiyyata İlyas Əfəndiyev, Mehdi Hüseyn, İsa Hüseynov imtahanından çıxıb gəlmişdi.

Elçin müəllimin ədəbiyyata gəldiyi illərdə dünyanın müxtəlif xalqlarına mənsub yazarlar həyata milli tarixi dəyərlər kontekstində yanaşmağa başladılar. Bu 60-cıların təfəkkür tipajında dərhal nəzərə çarpırdı. Elçin nəsri də məhz belə bədii-estetik meyarların formalaşmasında öz bədii-tarixi missiyasını ləyaqətlə yerinə yetirdi. Elçin və onun təmsil etdiyi ədəbi nəsil yaradıcılıq təcrübəsinə, ədəbiyyatda yeni başlanğıclara rövnəq verdi. Əvvəlki nəslin nümayəndələri ilə birgə XX əsr Azərbaycan nəsrinin poetik ənənələri zəminində ədəbiyyatın yeni mərhələsini formalaşdırıb inkişaf etdirdilər. Bu ədəbiyyat milli ədəbi-ictimai şüurda, ədəbi zövqlərdə yenilik yaratdı. Bu illər yaranan ədəbiyyat bütövlükdə ədəbi-ictimai proseslərə istiqamət verdi, incəsənətin bütün sahələrinə işıq saldı, ədəbi dili xalq dilinin ən zəngin qatları ilə zənginləşdirdi. Ədəbi-bədii şüur ictimai-siyasi duruma güclü təsir etdi, onu milli ovqata köklədi.

Elçinin hekayə və povestləri milli realizmin yeni tipi idi. Bunların ideya-estetik modeli hakim yaradıcılıq prinsiplərinə, onun çərçivələrinə sığmırdı. Bu əsərlərdə ortaya qoyulan, dövriyyəyə gətirilən yeni estetik dəyərlər cəmiyyətin ictimai-siyasi meyarlarını qabaqlayırdı.

Elçin nəsrinin poetik özünəməxsusluğu, bədii-fəlsəfi vüsətini zaman etibarı ilə təkamüldə izləmək baxımından onun müxtəlif tarixi dövrlərdə yazdığı hekayələrə nəzər yetirdikdə bir qənaət bizi tərk etmir ki, o bir yazıçı kimi oxucusunu öz ətrafında olan adi adamların dünyasına aparır, heç bir ictimai-estetik müdaxiləyə və kontekstə yol vermir. Bu xarakterlərin bir-birinə bənzəməyən obrazları fon yaradır, milli, ictimai əxlaq dəyərləri və meyarları  formalaşdırır. Bu nəsrin poetik özünəməxsusluğu onun bütün estetik qatlarında duyulur. Əsərin və qəhrəmanların adıyla başlamış situasiyaların psixoloji rəngarəngliyi oxucuda ovqat yaradır. “Qırmızı ayı balası” (1969), “Gümüşü, narıncı, məxməri” (1971), “Baladadaşın ilk məhəbbəti” (1972), “Bu dünyadan qatarlar gedir” (1973), “Şuşaya duman gəlib” (1977), “Qarabağ şikəstəsi” (2003), “Canavarlar” (2008), “Kaşeyin taleyi” (2012) kimi hekayələrdə XX əsrin əvvəlləri, Mirzə Cəlil, Ə.Haqverdiyev nəsrinin, xalq ədəbiyyatının  yazıçı yaddaşına hopmuş sinkretik bədii intonasiya tipi, bu intonasiyadakı ovqat çalarları dərhal nəzərə çarpır. Elçinin bədii təfəkküründə rəmz, simvolika bütün janrlarda öz yerini tapır. Yeri düşən hər məqamda Elçin müəllimin böyük ehtiramla, “unudulmaz” epiteti ilə xatırladığı Yaşar Qarayev Elçin yaradıcılığındakı bu cəhəti belə səciyyələndirirdi: “Elçin rəmzdən, bədii-fəlsəfi şərtilikdən, kəskin məcazdan cəsarətlə istifadə edir, psixoloji əhval-ruhiyyəni detalda əyaniləşdirən mizanlar və cizgilər axtarır, onları görümlü, baxımlı obraza çevirən epitetlər tapır. Məhz bu epitetlərin təşkil etdiyi bir mozaikada bəzən nağıl və hekayə,  əfsanə və həqiqət bir-birilə barışa və qaynayıb-qarışa bilir. ....adi adamların daxilən gizləyib xəlvətdə saxladığı mənəvi keyfiyyətləri hamımız üçün estetik sərvətə çevirir”.

“Qırmızı ayı balası” hekayəsində C.Səlimovun ailə iztirabları, ömür-gün yoldaşı Şəfiqə və qızı Leylasız keçirdiyi günlərin bütün ağrılarını oxucu real həyat həqiqəti kimi qəbul edir, çünki Səlimovun Şəfiqəsiz və Leylasız həyatında mənəvi bütövlüyün atributları, qütbləri çatmır və yazıçı bu nisgildən oxucunu qəbul etməyə hazır olduğu bir şərtiliklə, rəmzlə xilas edir. Çünki oxucu da Səlimovla birgə Şəfiqə və Leyla üçün darıxır, yazıçı bunu sadə bir təsvirlə inandıra bilir. “C.Səlimov küçəyə baxan eyvana çıxdı. Budur, həmin sarı bina, həmin qara daş bina, həmin yeni tikinti ayrıcında dayanmış həmin milis işçisi, qarşı eyvandakı həmin güllər, həmin meynə, o biri eyvanda çeşməyini taxıb küçəyə tamaşa edən həmin qoca – yüz ildir ki, belədir, hər şey olduğu kimi. Qabaqlar bu sarı bina da belə solğun deyildi – meyit rəngli, bu qara daş bina da bu cür matəm içində deyildi, bu yeni tikintinin toz-torpağı da projektor işığında işləyən bu traktorun tırıltısı kimi gecənin bürküsünə qatışıb ürək qısmırdı... ayrıcgahda dayanmış həmin milis işçisi də  bu cür könülsüz, həvəssiz deyildi, çeşməyini taxıb eyvandan küçəyə tamaşa edən bu qoca da bu cür miskin görünmürdü; əvvəllər – yüz il bundan qabaq – indi hər tərəfi basmış bu bozluq yox idi; onda Leyla bu eyvanda gülərdi, bu otaqlardan ev iyi gəlirdi onda.” (I c., səh. 70.).  

Elçinin dediyim hekayələri bu janrın inkişafında xüsusi rol oynadı. Elçin bir nasir kimi ədəbiyyata real həyat həqiqətlərini, müasirliyimizin ictimai statusu etibarı ilə xüsusi seçilməyən adi adamların qayğılarını, talelərini gətirdi. Vaxtı ilə dediyim bir cəhəti bir də təkrarlamaq istəyirəm ki, Abşeronun dünyanın heç bir yerinə bənzəməyən təbiətini, bu bölgənin sakinlərinin xarakterini Elçin qədər həssaslıqla,yüksək bədii koloritlə təsvir edən əsər və yazıçı xatırlamıram. Bu əsərləri oxuyanda Şukşini, əsl şimali rus həyatını, rus xarakterini yaradan böyük sənətkarı xatırlayıram. Şukşin Şimali Rusiyanın təbiətini, bu təbiətin bir parçası olan adi adamların xarakterini hansı bədii vüsətlə yaradırsa, Elçin də Abşeronun və deyərdim ki, təkcə Abşeronun yox, Şuşanın, ümumilikdə Azərbaycanın milli koloritini, bədii obrazını eyni hərarət və istedadla, milli bədii düşüncə prizmasında yaradır.

Elçin müəllim ilk hekayələrindən olan “Baladadaşın ilk məhəbbəti” haqqında yazır: “Baladadaşa qədər bizim ədəbiyyatımızdakı baladadaşlar, onların başlarındakı iri kepkalar yalnız satira obyekti, ironiya predmeti idi. Görünür, bu iri kepkalı Baladadaşın daxili aləmindəki incəlik, lirika, romantika oxucu üçün gözlənilməz oldu. Oxucu Baladadaş kaloritini hiss etdi, onun mənəvi dünyasındakı akvareli qiymətləndirdi və bu qırx ilin səlahiyyəti, güman edirəm, mənə imkan verir deyim ki, oxucu onu sevdi”.

Burada haşiyə çıxıb onu demək istərdik ki, ilk hekayələri və povestləri ilə oxucu Elçini sevdi.  Çünki bu əsərlərdə müəllif müdaxiləsi, müəllif mövqeyi oxucunu bu qəhrəmanların  ən incə, dəruni hisslərinə yönəltmişdi. “Füzulini sevirəm”, “Mirzə Cəlili sevirəm”, “Səməd Vurğunu sevirəm” ifadələri də təsadüfi yaranmayıb. Çünki yazıçı bütün əsərlərinin baş qəhrəmanıdır.

Elçinin Abşeronun təsviri ilə bağlı yazıçı və tənqidçi müşahidələri çoxdur və biri digərini gücləndirir. Lakin məni bir oxucu kimi heyrətləndirən Elçinin kənd həyatını dərindən bilməsi, təsvirin təbiiliyinə, bütövlüyünə xələl gətirən bir sözün və ifadənin işlədilməməsidir. Əksinə bu gün az qala unudulmaqda olan bədii leksikanın elə qatları ilə rastlaşırıq ki, sanki yazıçı uzun illər kənddə yaşamış, gözünü ova-ova atı tövlədən çıxarıb suvarmağa aparmış, hər gün kəndlərindən keçib gedən qatarlara qoşulub xeyli uzaqlara getmiş, xəfif bir kövrəklik, qəriblik gətirən çiskinli, dumanlı axşamların qoynunda böyümüşdür.

1977-ci ildə qələmə alınmış “Şuşaya duman gəlib” hekayəsi Elçin müəllimin yaradıcılığı ilə bahəm XX əsr nəsrimizin parlaq nümunələrindən biri kimi yaşadığımız günlərin, taleyin şuşalılara bəxş etdiyi nakam günlərin, Şuşasızlığın ağrılarını yaşayanların, onların yaralarının qaysaqlarını soyur, Şuşaya gələn o ağ duman zülmət bir qaranlığa qovuşur. Bu hekayədə bütövlükdə Şuşanın obrazını görürük. Bütün sakinləri ilə, qonaqları ilə, təbiəti ilə birgə, bir-birini tamamlayan bir tablonun rəngləri kimi. Doppa Dadaş, Hüsaməddin Alovlu, Cavanşir, Dürdanə, İskəndər Abışov, Mədinə xanım və başqaları hekayə janrının çərçivəsində  dolğun, bitkin xarakterlər kimi təqdim olunur. Yığcam bir janrın hüdudlarında bu qədər fərqli obrazlar yaratmaq, kəskin psixoloji durumların birindən digərinə keçidlər etmək mükəmməl söz sənətinin yaratdığı sirlərdir. Bu hekayə bu gün bizə Şuşalı günləri qaytarır, bədii siqləti kimi, ictimai, mənəvi-siyasi tutumu etibarı ilə qiymətsiz sənət nümunəsidir. Şuşaya gələn dumanın içində Cavanşir gələcəyi görür, işığı görür, Dürdanənin gözlərini, saçlarını görür.

Milli bədii mövzunun, milli problemlərin bəşəri sənət ölçüləri səviyyəsində təqdimi Elçin müəllimi hər vaxt düşündürür. O, hekayə janrında buna parlaq şəkildə nail olmuşdur və bunu onun son illərdə qələmə aldığı “Qarabağ şikəstəsi”, “Canavarlar”, “Kaşeyin taleyi” əsərləri bir daha təsdiq edir. İndi ədəbiyyatda, ümumiyyətlə incəsənətdə Qarabağ mövzusundan, bu mövzuda yaranan əsərlərin keyfiyyətindən çox danışılır. Müəyyən əsərlər yazılmışdır, xüsusən poeziyamızda və bədii publisistikada Qarabağ mövzusu geniş yer tutur və bu əsərlərin təhlilinə həsr edilmiş xeyli dissertasiya mövcuddur. Ancaq hələ ki, bu faciənin bütün mahiyyətini açan incəsənət əsəri ilə dünyanı istənilən səviyyədə inandıra bilmirik. Bu faciəni hər an yaşayan bir insan kimi onun mənəvi ağrılarını ifadə edən sənət əsərləri ilə az rastlaşmışam. Elçin müəllimin “Qarabağ şikəstəsi” hekayəsini oxuyarkən bizim bu böyük faciəmizin dəhşətlərini bir də yaşadım. Burada nə döyüş səhnələri var, nə süni patetika, nə də mənfi planda işlənmiş kobud aksentlə danışan düşmən obrazı. Qaçqın düşmüş insanların həyat tərzi elə ustalıqla təsvir edilir ki, özünü bu əzabın daşıyıcısı, iştirakçısı kimi hiss edir, bir milyon qaçqının birinə çevrilirsən. Bu artıq milli faciə hüdudundan çıxır, bəşər övladının düçar olduğu real vəziyyət fonu yaradır.

Qaçqınlığın mənəvi-əxlaqi faciəsinin bu hekayədən əvvəlki təsvirini “Bayraqdar” povestində görürük. Vətəndə vətənsizliyin, yurd-yuvasızlığın ağrıları əsərin bütün qatlarının vəhdətində reallaşır. Elçinin təhkiyəsi ilə səciyyəvi olan ironiyanın mahiyyəti dəyişir, dərin bir lirizm, nisgil intonasiya aparıcı yer tutur. Povestdə Şuşa qaçqınlarının yataqxana həyatının heyrətamiz müşahidənin bəhrəsi olan detalları, Əhməd Ağayeviçin meşşan psixologiyası, Fərzəli müəllimin – Molla Fərzəlinin acı taleyi bir axarda birləşdirilir və XX əsrin sonunda milli faciənin mahiyyətini ortaya qoyur. Qaçqın qəbiristanlığının təsvirindən doğan fəryad, daxili yanğı və üsyan bütünlükdə əsərin mahiyyətini ifadə edir: “Buradakı qəbirlərin başdaşı həmin yarımçıq tikintinin divarlarından sökülüb-qoparılıb gətirilmiş kubik daşlar idi və divarların köhnə suvağı adda-budda üstündə qalmış o kubik daşlar bu kiçik qəbiristanlığa elə bir ab-hava gətirmişdilər ki, elə bil bu qəbirlərin özləri də qaçqın idi, hardansa qaçıb gəlmişdilər...”  

“Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Dolça” povestləri, “Ağ dəvə”, “Mahmud və Məryəm”, “Ölüm hökmü” romanları Elçinin bir nasir kimi iri həcmli janrlara keçiddə bədii istedadının yeni tərəflərini üzə çıxartdı. Tarix, folklor, təbiət motivləri, rəmzləri ilə müasir yazıçı təfəkkürünü müəyyən edən vətəndaşlıq konteksti vəhdətdə çıxış etdi. Bu əsərlər Elçinin yazıçı portretinin, yazıçı obrazının bütün bədii, estetik, fəlsəfi cizgilərini üzə çıxardı.

Elçinin müraciət etdiyi janrlar konkret mövzuların mahiyyətindən irəli gəlir və çox böyük sosial ictimai mətləbləri hekayədə olduğu kimi, povest və romanlarda da eyni vüsətlə ifadə edir. “Dolça” povesti, “Mahmud və Məryəm” romanı, “Canavarlar” hekayəsində olduğu kimi. “Dolça” povesti cəmiyyətin həyatına ironik bir baxışdır, metaforik düşüncə üslubunda qələmə alınmış və XX əsr nəsrimizin sanballı nümunələrindən biridir. Oxucu burada yaşadığı cəmiyyətin mənəvi eybəcərliklərini görür, onun əxlaqına nifrət edir. Müəllif özü doğru göstərir ki, “Mənim “Dolça” povestimdəki it yadına gəlir? Cəmiyyət o itin əxlaqını pozur, onu sümsük edir.”

Ədəbi-ictimai fikirdə Elçin obrazı onun nəsri ilə həmahəng Elçin dramaturgiyası və Elçin tənqidi ilə vəhdətdə formalaşıb. “Elçin teatrı” və “Elçin tənqidi” anlamları ədəbi-nəzəri fikir tariximizə öz estetik səlahiyyəti və əxlaqi dəyərləri ilə daxil olub.

70-ci illərin ikinci yarısında ədəbiyyata gəlmiş tənqidçi-ədəbiyyatşünas nəslinin ədəbi-ictimai fikrə təqdimində, bu nəslin ədəbiyyat qarşısındakı xidmətlərinin  dəyərləndirilməsində Elçin müəllimin həssaslığı, bir alim kimi qiymətləri, ictimai xadim kimi fəaliyyəti böyük rol oynamışdır.

Elçin müəllim yarım əsrlik yaradıclığı ilə xalqımızın böyük mənəvi dünyasını, onun dünya xalqları içərisində bənzərsiz obrazını təqdim etməkdə böyük enerji, gənclik ehtirası ilə fəaliyyət göstərir. Və bütün bunların realizə etdiyi, xalqın etimad və sevgisinin ifadəsi olan Elçin obrazı zənginləşməkdə, təkamüldədir.

 





18.06.2013    çap et  çap et