525.Az

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı)


 

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi<b style="color:red"> (davamı)</b>

Anar İSGƏNDƏROV
Tarix elmləri doktoru, professor
 

1905-1914-cü illərdə tikilən Təzəpir məscidi hazırda məscid kompleksə çevrilmişdir. Tikinti işləri aparılan zaman ziyarətgaha yaxın köhnə tikililər sökülmüş və küçələr genişləndirilmişdir.

Məscidin Şərq qapısı  yenidən tikilmişdir və maraqlı dizaynı ilə diqqəti cəlb edir. Məscidin həyətində qadın və kişilər üçün rahat və geniş yeraltı dəstəmaz otaqları qurulmuşdur. Məscidin qapısının sağında dəfn olunmuş Nabat xanımın qəbri təmir olunmuş və ona yaxın geniş pilləkan yenisi ilə əvəz olunmuşdur. Kompleksin ayrıca qazanxanası, mükəmməl su təhcizatı, havalandırma və digər kommunikasiya sistemləri, xüsusi istilik sistemi qurulmuşdur.

Məsciddə eyni vaxtda təxminən 500 dindarın namaz qılması mümkündür. Məscidin birinci mərtəbəsi kişilər üçün, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulmuşdur.

Məscidin bütün günbəzləri yenidən qurulmuş və qızıl suyuna çəkilmişdir. Vaxtilə məscidin müxtəlif guşələrində və tavanında böyük zövqlə Qurani-Kərimin bir çox ayələri işlənmişdi. Sovet dönəmində onların üstü örtülmüş və məhv edilmişdi. Quranın bu ayələri yenidən bərpa olunaraq nəfis şəkildə qızılı hərflərlə divarlara  həkk olunmuşdur.

Təzəpir məscid kompleksinin həyətində Qafqaz Müsəlmanları İdarəsinin əvvəlki binası, mədrəsə və ətrafındakı bəzi evlər sökülmüş, onların yerində hər cür texniki tələblərə cavab verən dörd mərtəbəli Qafqaz Müsəlmanları İdarəsi və İslam Universitetinin inzibati binaları, qonaq evi və 300 nəfərlik konfrans salonunun tikintisi başa çatmışdır. Dördmərtəbəli kompleksin ümumi sahəsi 40 min kvadratmetrdir.

Məscidin daxilindəki əsas çilçırağın çəkisi ağır olduğu üçün başqası ilə dəyişdirilmiş, işıqlandırma sistemi müasir üsulla qurulmuşdur. Tavan və divar suvaqları ilkin memarlıq nümunələri saxlanılmaqla, yeni texnologiyalar əsasında müasirləşdirilmişdir. Məscidin irili-xırdalı 100-dən çox qapı və pəncərələri dəyişdirilmişdir.

1926-cı ildən məscid kinoteatr kimi istifadə olunduğu üçün binanın daxili quruluşu dəyişdirilmiş və dini rəmzlər məhv edilmişdi. Yeni tərtibatda sovet dövründə məscidin daxili və xarici görünüşünə edilən bütün əlavələr aradan qaldırılmışdır. Bu əsaslı işlərdən sonra Təzəpir məscidi Təzəpir məscid kompleksinə çevrilmişdir.

Bəli, Təzəpir məscid kompleksi tam hazırdır. 95 il əvvəl bu məscidin açılışı dövlət səviyyəsində qeyd olunmamışdı, çünki o zaman müstəqil Azərbaycan dövləti yox idi. Yaxın günlərdə bütün Azərbaycan dindarları və dövlət rəsmiləri Təzəpir məscid kompleksinin təmir, bərpa və yenidən qurulmasından sonra onun açılışına toplaşacaqlar. Bu təntənəli mərasim bir daha sübut edəcək ki, Təzəpir məscidi yaşayır və yaşadır. Təzəpir məscidi 95 il əvvəl onun ilk qurucusu Nabat xanımı, ilk təməl daşını qoyan H.Z.Tağıyevi, layihəsinin müəllifi Zivərbəy Əhmədbəyovu unutmadığı kimi, bu gün Təzəpir məscidinə yeni həyat verən və onu məscid kompleksinə çevirən İNSANLARI da heç vaxt unutmayacaqdır.

Təzəpir məscidinin çoxsaylı dindarları Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün haqq davası, millət davası və torpaq davası aparan Azərbaycan rəhbərliyini müdafiə etmiş və müdafiə edəcəkdir. Bunu Təzəpirin şərəfli tarixi də sübut edir.

TƏZƏLƏNƏN TƏZƏPİR

“Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar inşa edə  (və ya təmir edə)   bilərlər (yalnız bu qəbilədən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!” ( Qur`ani-Kərim, Tövbə surəsi, 18).

Təzəpir məscidinin yenidən bərpasını zəruriləşdirən bir neçə səbəb var idi:  Əvvəla, uzun illər ərzində aparılan cari təmir işlərinə baxmayaraq, məscidin kommunikasiya xətləri köhnəlmiş və yararsız hala düşmüşdü. Məscidin ətraf ərazilərini köhnə tikililər əhatə etmiş, gediş-gəliş yolları tıxanmış, yuxarı məhəllələrdən axıb gələn çirkab suları binanın özülünü qismən zədələmişdi. Məscidin günbəzində çatlar əmələ gəlmiş, iç dekorativ naxışların pozulmaq təhlükəsi yaranmasına məruz qalmışdı.

İkincisi məscid kompleksi ərazisində yerləşən Qafqaz Müsəlmanları İdarəsinin inzibati və Bakı İslam Universitetinin tədris binalarının tamamilə yararsız vəziyyətdə olması idi. Bu tikililər praktik baxımdan müasir tələblərə cavab vermir, texniki qüsurları ilə normal iş şəraitinə əngəl törədirdilər. Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələrinin, ictimai nüfuzunun gücləndiyi, Bakı İslam Universitetinin regionun tanınmış dini müəssisəsinə çevrildiyi bir dönəmdə belə çatışmazlıqlar, əlbəttə, diqqəti cəlb etməyə bilməzdi.

Azərbaycan dövlətinin dini və milli-mənəvi dəyərlərə münasibətinin, tarixi abidələrimizə diqqət və qaygısının   daima canlı şahidi olan Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri  din xadimlərinin təmirata dəstək xahişini  ölkə rəhbərimizə çatdırdı. Bu müraciətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qəbul edilməsi və tikintini xüsusi nəzarətdə saxlaması dövlətimizin İslam dininə olan ehtiramının ən bariz nümunəsidir. Müsəlmanlar cənab Prezidentin timsalında ölkədə etiqad azadlığının və dini tolerantlığın qarantını, həm də tarixi dəyərlərimizin qoruyucusunu və gələcək ənənələrimizin memarını  gördülər.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlətçiliyinin, milli demokratiya prinsiplərinin, dini etiqad və vicdan azadlığının bərqərar olmasında bu siyasi kursun layiqli davamçısı möhtərəm İlham Əliyev cənablarının xidmətləri hər zaman dünya müsəlmanlarının və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Son illərdə Azərbaycanın bütün dini ocaqlarında yüksək səviyyədə aparılan yenidənqurma işləri dövlət başçımızın xalqın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin ən gözəl nümunəsidir.

Prezident  İlham Əliyev Təzəpir məscidi kompleksinin yenidən bərpasında əvəzolunmaz xidmətlərinə görə heç vaxt müsəlmanların xeyir-dualarından əskik olmayacaqdır.  Rəsmən tikintinin gedişatını izləmək üçün Təzəpiri üç dəfə ziyarət etsə də, qeyri-rəsmi iş görüşləri, telefon bağlantıları, maddi və mənəvi dəstəyi, hətta tərtibat prosesində şəxsi iştirakı onu xalqın qəlbində əfsanəvi qurucuya və Təzəpirin həqiqi Memarına çevirmişdir.  “Memar” adı – həm böyük ümumxalq məhəbbətinin göstəricisi, həm də sabahın tarixi salnaməsinə yazılacaq ən şərəfli səhifədir.

Məhz Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin rekonstruksiyası layihəsi hazırlandı. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi  öz əksini tapmışdı. Layihənin memarlıq işləri Ə.Məmmədova, bərpa F.Miralayevə, interyer tərtibatı E.Mikayılzadəyə həvalə olundu. “Azərlayihə” İnstitutu tərəfindən işlənib hazırlanan layihənin icraatını “İnam-AŞ” şirkəti ( direktor Ə.Həbibov) həyata keçirdi.

2006-2009-cu illər ərzində Təzəpir məscid kompleksində aparılan tikinti prosesi nəticəsində əsaslı dəyişikliklər baş vermişdir. Məscidin ətrafı sonradan tökülmüş torpaq qatlarından təmizlənərkən onun kürsülük səviyyəsi üzə çıxmış, xarab olan kürsü daşları dəyişdirilmişdir. Sınmış və çatlamış divar daşları yeniləri ilə əvəz olunmuş, divarlar kimyəvi maddələrlə ümumilikdə 3 dəfə yuyulmuşdur. Deformasiyaya uğramış və əksəriyyəti çürümüş qapı və pəncərələr qırmızı şam agacından olan yeni qapı və pəncərələrlə, minarənin çürümüş məhəccəri döymə üsulu ilə hazırlanmış yeni məhəccərlə əvəzlənmişdir. Məscidin daxilində müasir texnologiya ilə havalandırma və soyutma sistemləri quraşdırılmış, döşəmə hissəsi 30 sm-ə qədər dərinliyə salınaraq döşəməaltı istilik sistemi qurulmuşdur. Döşəməyə 720 nəfərlik “Namazgah” xalı döşənmişdir.

(Ardı var)

 





18.06.2013    çap et  çap et