525.Az

Uzağa uçan söz arısı


 

Uzağa uçan söz arısı<b style="color:red"></b>

Uzağa uçan arının balı daha təbii, daha keyfiyyətli, mənbəyinin özəlliyinə daha sədaqətli olur. Çəmənlər geniş, çiçəklər növ-növ!.. Hər çiçəklə səmimi, doğru təmas ortalığa təmiz, təbii məhsul qoyur.

Ariflərin gözlərindən yayınmır. Şirin bilib qəbul etdiyimiz o məhsulda hər çiçəyin tamı, acılı-şirinli yaşam tərzi var. Lap söz adamlarının – söz arılarının hasilə gətirdiyi sevincli, kədərli, ümidli sətirlər, misralar kimi. O uzağa uçan, çox gəzən, çox görən, haçalı yollar yoran, ağlayanla gülənin fərqinə varan söz arıları kimi. Qanadlarına güvənən, sirdən şirə çəkmək qabiliyyətinin dərinliyinə enən yazarlardan biri (bəlkə də, birincisi) şair Elçin İsgəndərzadədir. Şairin bu günlərdə oxucu ixtiyarına verilmiş növbəti kitabı – “Qürbət hücrəsində” mülahizələrimizə şübhə yeri qoymur. 2013-cü ildə “Vektor” Nəşrlər Evi tərəfindən nəfis şəkildə nəşr olunan toplu “Əks-səda”, “Ebrülər... Ebrülər...”, “Miniatür motivləri”, “İkiliklər” başlıqları altına yığılan “Şeirlər” və “Poemalar” bölümlərindən ibarətdir.

ÖTƏRİ KİMLİK GƏZİNTİSİ

Elçin sənət aləminə Gəncədə rəhbəri olduğum “İlham” ədəbi birliyindən pərvazlanıb. 30 il bundan əvvəl işıq üzü görən ilk kitabına xeyir-dualı ön söz yazmışam. Gələcəyinə ümidli olmasaydım, gələcək zəfərlərinə zəmanət verməzdim. Bilirdim ki, o, müəlliminin çiyinlərində ağır islaq yükə çevrilməyəcək. Yüngül bir təkan, beş-altı kəlmə xoş söz ona kifayət etdi: “Bu da sirli-sehrli söz aləmi!.. Di sənə yaxşı yol”.

Dədə Ələsgər söz-sənət yoluna çıxanların şərtlərini söyləmişdir. O şərtin biri belədir: “Mərifət elmində dolu gərəkdir”. Dədənin ruhuna cavab verirəm: Deyilən şərt Elçin İsgəndərzadə də var. Amma o, bununla kifayətlənməyib. Elçin elmdə də, sənətdə də, səxavətdə də, insanlıqda da doludur. Dolu olmasaydı, bu qədər qələm işlətməz, kitab yazmaz, ödül qazanmazdı. Təkcə mənim – ustadının 10 kitabını təmənnasız dərc etdirib. Hələ saya gəlməyən başqaları da var. Ona görə də tərcümə edən və tərcümə olunan bu adama bütün dünya, xüsusilə türk elləri qucaq açır.

İndi Elçini axtarsan, nağıllardakı dəmir çarıq, dəmir əsanın varislərində – dəmir təyyarədə, dəmir qatarda, dəmir gəmidə, dəmir avtomobildə taparsan. İşgüzarlığı, vaxtın qədrini bilməyi ilə başqalarından seçilən, fəaliyyət sürətini ən azı orta tezliyə hesablayan şair dayanacaqsız zamanı arxada qoymaq niyyətindədir. Kitab da bir bəhanə oldu. Onun, ötəri də olsa, xarakterik cizgilərinə toxunmadan ötüşə bilmədim.

Uzağa uçan arının balı daha təbii, daha keyfiyyətli olur. O ki, qala söz arısı ola... Dünyada 5 qitə, 200-dən çox ölkə var. Bu ölkələrin hərəsi bir çiçəkdir. Söz arısı Elçin İsgəndərzadə bu ölkələrin əksəriyyəti ilə təmasdadır.

ŞEİRLƏRİ HAQQINDA

Elçinin “Qürbət hücrəsində” kitabı “Fələstinli Xalidin havası” şeirilə açılır. Görək, uzağa uçan söz arısının şanına topladığı bu “balın” tamı necədir? Suriyada didərginlik günləri keçirən, qürbətdə yanıb qaralmış bir zeytun budağına oxşayan Xalid Mevid Şam şəhərinin Əməvi camisində yüksələn əzan səsinə bağlıdır. Bu səsdən nicat gözləyir Xalid:

Xalidin xəyalına

doğulduğu ana yurd, –

məmləkətin göyləri

bəmbəyaz buludları,

ağacları, göyərçinləri,

insanları, umudları,

şəhid ruhları gəlir.

Nə dadır doqquz uşaq atası Xalid-çiçəkdən çəkilən “balın” tamı? Acıdır, amma saxta deyil, doğrudur. Elçinlə Xalidin – müəlliflə qürbət qəhrəmanının dərd şərikliyi, tale oxşarlığı var. Şair bu məqamı, bu fürsəti əldən vermir, elə yerindəcə deyir:

Qarabağlı qaçqın Məmmədə

yaman oxşayır fələstinli Xalid,

onun da gözlərində bir cüt Xarıbülbül

qan içində ölümə gülümsəyir elə bil...

Oxucu şeirin ağır havası altında təntiyir, əzilir. Ancaq bədbinliyə təslim olmur. Heç buna ixtiyarı da yoxdur. Bu həm də Elçinin zamana nikbin mesajıdır. Axı başqa bir hava da var. O havanın çalınacağı günü Xalid də, Məmməd də səbirsizliklə gözləyir:

Amma Fələstində qalıb

Xalidin bir gün oğul toyunda

qol götürüb oynayacağı hava...

Elçin İsgəndərzadə bir söz arısı olaraq dünyanın uzaqlarına, ucqarlarına qədər uça bilir. Sorağını Şərqdə Monqolustandan, Qərbdə Fransadan, Almaniyadan, Polşadan, Orta Doğuda Suriyadan, İraqdan, Şimalda Rusiyadan (türk elləri ayrıca bir sıradı) alırıq. Bu say 100-ü haqlamaqdadır. Hər çiçək-ölkənin özünəməxsus tamı – uğuru və qüsuru var. Səyahət təəssüratı müqayisə etməyə, fərqləndirməyə və bəşəri nəticə çıxarmağa imkan verir. ..

Dərd insanın içindən qaynaqlanır. Bu hiss insanın ətrafında baş verən hallara qarşı etirazıdır. Bu etiraz təlatümlü də, zəif də, susqun da olur. İki tərəf arasında daim mücadilə gedir. Gah bu, gah o biri tərəf üstələyir. Gah dərd insanı teyləyir, gah insan dərdi. Onu ram eləmək istəyən də var, ona məcburən qul olub qulluq göstərən də. Qarabağını – Şuşasını, Xarıbülbünü itirmiş isti yarası qaysaqlanmayan Elçin adlı şair isə dərdlə xeyli fərqli statusda yola getməli olur. Yəni, dərd şairə o qədər yaxınlaşır, o qədər doğmalaşır ki, ailəviləşib, ailənin bir üzvünə çevrilir. Bax, bu deyim, bu bənzətmə bənzərsizdir:

Dilim qabar oldu

Vətən deməkdən...

Balam doğulduğu kəndi

Soruşur hər gün məndən.

Susuram, gözüm yaşarır...

 

...Bəlaya saldıq Vətəni,

Vətən – başımın bəlası.

İndi mən dərdin oğluyam,

balam dərdimin balası.

(“Sevdalı gilənar yarpağı”)

Elçinin poeziyasında vətəndaşlıq hissləri, çağırışları çox güclüdür. O, erməni işğalçılarının Qarabağda törətdiyi ağrı-acıları yaşasa da, heç vaxt ruhdan düşmür...

Elçin ölçü hissini itirməyən, ədaləti gözləyən, tarixi izləyən türkçü-turançıdır. Elə sevgilərlə dolu ictimai vəzifəsi də bunu təsdiq edir – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Eşbaşkanı...

Zəmanəmizin Marko Polosu olan Elçin İsgəndərzadə vurğunu olduğu türk ellərini qarış-qarış gəzdikcə könlünün sifarişini könüllü yerinə yetirən şair qələmi daha da bəhrələnir, bu səpkidə bir-birindən mənalı, gözəl əsərlər yaradır. Bir nümunəyə də müraciət edəcəyəm. Amma bu nümunədə ixtisar aparmağa əlim gəlmədi. Şeir belə adlanır: “Türkük, türkü oxuyuruq”.

Tanrı dağından gəlirik,

cənnət bağından gəlirik,

Türk oymağından gəlirik –

Türkük, türkü oxuyuruq.

 

Qılıncımız belimizdə,

Qopuzumuz əlimizdə,

Yahu, yahu – dilimizdə,

Türkük, türkü oxuyuruq.

 

Əsdikcə səhər yelləri,

Açılar könül gülləri,

Atlanar Turan elləri,

Türkük, türkü oxuyuruq.

 

Sorma bizdən kimik, nəyik,

Mövlana tək pərvanəyik,

Yunus kimi divanəyik,

Türkük, türkü oxuyuruq.

Elçin poetik fikrini həm heca, həm də sərbəst vəzndə rahat ifadə edir. Mənə elə gəldi ki, onun aydın, səmimi, axtarışlı və yatımlı sərbəsti Nazim Hikmətin üslubunu xatırladır.

Az sözlə ortaya böyük mətləb qoymaq bədii sözlə məşğul olandan böyük ustalıq tələb edir. Elçin bu çətinliyin də öhdəsindən məharətlə gəlir. Aşağıdakı ikilikdə deyilən fikir, bəlkə də, bir poemanın yüküdür:

Allah, ölümdən betərdi –

Savaşmadan məğlub olmaq dərdi.

Elçinin şeirləri barədə bitməyən fikirlərimi çapına vəd edilən sərhədli qəzet ölçüsü bitirməyə məcbur edir.

POEMALARI  HAQQINDA

Bu əsərlər Böyük Vətəndaş və Böyük Alim-Akademik Xudu Məmmədovun xatirəsinə həsr olunmuş “Bu qala – bizim qala” poeması ilə sıralanır. Şair iri həcmli yazılarda da özünə, üslubuna sadiqdir. O, Xudu dünyasını rəmzlərin – Azıx mağarasının, türk hilalının, türk şamanlığının, Xarıbülbülün, daş-kristalın yardımı ilə ustalıqla açır və tamamlayır.

Sonrakı sırada Böyük Ustad Çingiz Ağa Torekul oğlunun adına bağladığı “Turan savaşçısının nəğmələri” poemasıdır.

Həyəcan içində  olan müəllifin yolu Turanın bir parçası olan Qırğızıstana – “Manas” elinədir. O yerə ki, orada görüşüb qovuşacağı, dərdləşəcəyi manasçılar var, şöhrətinin başı buludlara dirənən yazıçı Çingiz Aytmatov var...

“Şahmar şikəstəsi”. Vaxtilə təsirli qələm məhsulu olan bu poemanı “525-ci qəzet”in səhifələrində oxumuşdum. Onu eyni ağrılı təsirin müşayiətilə yenidən oxudum. Elçin İsgəndərzadə ümidli, ağrılı qələmilə Şahmar dünyasını oxucunun gözləri qarşısında vərəqləyir. “Şahmar şikəstəsi”ni muğam-rekviyem hesab eləmək olar. Poema maraqlı quruluşa malikdir. Müəllif poemanın təsir gücünü daha da artırmaq üçün qəhrəmanı Şahmar Əkbərzadənin də şeirlərindən yerli-yerində istifadə edir.

“Adil Mirseyidin palitrası”. Adil Mirseyidlə Elçin İsgəndərzadə dostdurlar. Adil rəssam olsa da, şeir də yazır: “Şeirləri rəsm kimidi, rəsmləri şeir kimi”. Məncə, Elçinin rəssamlığı yoxdur. Amma onlar bir-birlərini dərindən başa düşürlər. Adilin palitrası, Elçinin poeziyası ilə qaynayıb qarışır. Gah Adil Elçindən yazır, gah da Elçin Adildən. İsladıcı yağışdan, yandırıcı günəşdən qorunmaq üçün hərəsi bir çətirə sahiblənib. Hərdən Elçin Adilin çətirinə sığınır, hərdən Adil Elçinin çətirinə pənah aparır –yağış damcılarının nəğməsini, günəşin sevdalı işığını birlikdə anlamaq, duymaq üçün.

“Mavi Mərmərə”. Elçinin bu poeması Fələstin ərəblərinin həyatının təsviri kontekstində yenə türk mənəviyyatının ucalığını, zənginliyini, humanistliyini ən vacib məsələ kimi günün mövzusuna çevirir. Elçinə görə türklük (həm də həqiqətən belədir) insani dəyər ölçüsüdür.

“Biganəlik iqlimi”. Elçin İsgəndərzadənin poeziyasında bir revanş-qisas ruhu dolaşır. Bu səbəbdən onun poeziyası əsgəridir. Bu səbəbdən onun poeziyası işıqlı və ümidlidir. Ancaq var olan mənfiliklərdən də yan keçmir onun qələmi. Deyir, özü də necə: sərtliklə, ağrıya-ağrıya deyir. Şairin təsvirindən aldığımız təəssürat təəssüfləndiricidir. Gizlətməli deyil: canımızda olduqca qorxulu hal olan bir biganəlik kök salıb. Bu əcaib simptom hamımızda olmasa da, xeylimizdə özünü eybəcər şəkildə göstərir. Doqquz iqlimli Azərbaycanda biganəlik də bir iqlimdir – onuncu iqlim. Bu yaramaz hal dəf olunmalıdır. Nə qədər ki, biganəlik ayaqdadır,

Deməli, gecikir son savaş,

hardasa gecikir ulu zəfər...

“Oğlum Əliyə dualar”. Şairlərin əksəriyyəti – Nizami Gəncəvidən tutmuş Seyid Əzim Şirvaniyə, Süleyman Rüstəmə kimi övladlarına müraciət etmiş, nəsihət vermiş, siyasi termindən bəzək kimi istifadə etsək, insanlığın yol xəritəsini cızmışlar. Oğul atası olan Elçin İsgəndərzadə də bu fürsəti fövtə verməmişdir. Nəticədə “Oğlum Əliyə dualar” yaranmışdır.

“Eşq”. Üverturalı – epiloqlu bu poemanı ömür ortağı, can sirdaşı, yeganə oğul övladı Əlinin anasına həsr edib Elçin:

Sən mənim bəyaz mələyim –

sən gözümün qarası.

şair ömrü bir savaşdı,

şair ömrü iki misra arası...

“Eşq” poemasında Elçinin bəyaz mələyi – Əlinin anası 15 dəfə xatırlanıb: Peterburqda, Ərafatda, Sofiyada, Bişkekdə, Tarsusda, Əskişəhərdə, Gəncədə, Moskvada, Parisdə, Madriddə, Romada, Varşavada, Şamda, Təbrizdə və Daşkənddə. Əlbəttə, xatırlanan, həsrəti çəkilən, kimliyi izah olunan şair xanımı başqa məkanlarda da arzulanıb, xəyala gətirilib.

lll

Uzaqlara uçan söz arısının – şair Elçin İsgəndərzadənin hasilə gətirdiyi məhsul təbii, təmiz və mənalıdır. Belə olduğu üçün də əsər “Qızıl kəlmə” mükafatına layiq görülüb.

İyun, 2013

 





18.06.2013    çap et  çap et