525.Az

Türk əsgəri ümid yeri - "Zeytun budağı" əməliyyatına baxış


 

Türk əsgəri ümid yeri - <b style="color:red">"Zeytun budağı" əməliyyatına baxış</b>

Tarixən Azərbaycanın yerləşdiyi Qafqaz və yaxın təmasda olduğumuz Yaxın Şərq regionları dünyanın geosiyasi cəhətdən ən həssas və qaynar bölgələri hesab olunmuşlar.

Dünyanın əsas güc mərkəzlərinin bu coğrafiyada daimi maraqları hər zaman sabitliyə böyük təhdid olmuşdur. Yaşadığımız dövrdə də regionda böyük güclərin fərqli mövqe və niyyətləri geosiyasi mənzərəyə ciddi təsir göstərir. Müşahidələrimiz göstərir ki, XXI əsrin əvvəllərində baş verən proseslər bir çox xüsusiyyətlərinə görə XX əsrin əvvəllərində baş verən hadisələri xatırladır. Keçən 100 il ərzində geosiyasi şəraitdə və proseslərin iştirakçıları arasında müəyyən dəyişikliklər baş versə də, hadisələr öz mahiyyət etibarı ilə dəyişməmişdir.

Məlumdur ki, 1990-cı illərin əvvəllərində Sovetlər İttifaqının dağılması ilə müstəqilliyini qazanan Azərbaycan Respublikası çətin dövrlərini yaşayırdı. Bir tərəfdən iqtisadi sistemin tam çökməsi nəticəsində yaşanan səfalət, digər tərəfdən isə müxtəlif xarici havadarları tərəfindən silahlandırılan və dəstəklənən ermənilərin qanlı hərbi təcavüzü Azərbaycanı bir dövlət olaraq mövcud olub yaxud olmamaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdə xaricdən ciddi maliyyə və hərbi yardım alan, xarici ölkələrdən müxtəlif təcrübəli terrorçuların toplaşdığı ermənilər, digər tərəfdə isə silahsız, əliyalın və yeganə "günahları” türk olmaları olan azərbaycanlılar.

Azərbaycanın hər bir bölgəsində, o cümlədən yaşadığım Naxçıvanda böyüyən hər bir uşaq kimi mənim də hafizəmdə həmin illər dərin iz buraxmışdır. Ermənistan tərəfdən Azərbaycanın əsas ərazisi ilə bütün əlaqələri (dəmir yolu, avtomobil yolu, rabitə) kəsilmiş, işıq, qaz, su təminatı olmayan Naxçıvanda yaşayan uşaqlar hər gün ermənilər tərəfdən sərhəd kəndlərə hücum edilməsini eşidir, televizorda isə Qarabağda ermənilərin törətdikləri vəhşiliklərin şahidi olurdular. Xocalıda ermənilərin azərbaycanlı uşaqları süngüyə taxmasını, qadınlara qarşı insani hisslərdən kənar zorakılıqlarını televiziyadan görən və ermənilər tərəfdən blokadaya alınmış bir bölgədə yaşayan uşaqların təsəvvüründə gələcək necə görünə bilərdi?! Hər nə qədər böyüklərimizin el-obamızı silahsız olsa belə mətanətlə qorumalarını görsək də, uşaq təsəvvüründə cəllad, qaniçən erməni qorxusu da yox deyildi. Ermənilərin dünyada ən qorxaq millət olmasını bilmək üçün hələ böyüməyimiz lazım idi.

Bu mənada yaddaşımda həmin illərdən özünə silinməz yer edən hissləri xatırlamaq istərdim. Həmin illərdə yerli camaatın, o cümlədən uşaqların da iki əsas ümid yeri vardı. Biri Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin Moskvadan öz vətəninə qayıtması idi. Hər kəs bu böyük şəxsiyyətə ümid edirdi və hadisələrin sonrakı inkişafı göstərdi ki, o bu ümidləri doğrultdu. Ümummilli Lider Azərbaycan xalqını erməni işğalçılarına qarşı birləşdirə bildi, hərbi işğalın qarşısını almağa nail oldu.

Digər bir ümid isə qan yaddaşı ilə bağlı idi. Həmin dövrdə ermənilərin hücumları artdıqca qoca nənələrimizdən eşitdiyimiz ən ümidverici söz – "Qorxmayın, türk əsgəri gələcək, bizi qurtaracaq” idi. Həmin dövrdə bu sözlərin niyə bu qədər ümidverici olduğunu çox da dərk etmirdik. Yalnız qocaların XX əsrin əvvəllərində eyni hadisələri yaşadığını öyrənəndə qan yaddaşının mənası aydın olurdu. 1905-1907-ci illərdə və 1918-ci ildə də Qafqazda erməni-müsəlman davaları zamanı eyni hadisələr yaşanmışdı. 100 il əvvəl də silahlı ermənilərin hücumu qarşısında yerli əhalinin yeganə ümidi türk əsgərinə idi. Buna görə də türk əsgərinə olan inam qocaların 100 il əvvəl yaşadıqları və ya eşitdikləri qan yaddaşından irəli gəlirdi.

Məhz uşaqlıqda hafizəmizə yazılan "türk əsgərinə inam” bu günlərdə Türkiyənin həyata keçirdiyi anti-terror əməliyyatlarında da eyni mənanı daşıyır. Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələri qonşu ərazilərdən Türkiyəyə qarşı törədilən terror əməliyyatlarının, PKK-PYD terror təşkilatının dövlət yaratmaq cəhdlərinin qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün "Zeytun budağı” əməliyyatı həyata keçirir. Müxtəlif böyük güclər tərəfindən silahlandırılan bu terrorçular Suriya ərazisindən Türkiyəyə qarşı davamlı təhdid yaradır, raket hücumları edir, bölgədə yerli əhalinin etnik tərkibinin dəyişdirir və gələcək üçün yeni planlar qururdular. On gündən çoxdur davam edən əməliyyat göstərir ki, terrorçuların əsas hədəfi Türkiyə olmuşdur. Bu mənada Türkiyənin anti-terror əməliyyatının ilk növbədə özünü müdafiə olduğunu qeyd etmək lazımdır.

Türkiyə rəsmilərinin də elan etdiyi ki, "Zeytun budağı” əməliyyatının son məqsədi heç bir halda Suriya torpaqlarının işğalı deyil, bölgəni terrorçulardan azad etmək, yerli əhalinin sülh şəraitində dinc yanaşmasını təmin etməkdir. Bu türk əsgərinin 100 il əvvəl də üzərinə götürdüyü missiyadır. Məkan, zaman və iştirakçılar fərqli ola bilər. XX əsrin əvvəlində Qafqazda erməni zülmünə məruz qalan azərbaycanlı qardaşlarının imdadına çatan türk əsgərinin bu missiyası 100 il sonra da unudulmadı. Azərbaycan xalqının qan yaddaşında "xilaskar türk əsgərinə inam” əbədiyyən yazılmışdır. İndi isə fərqli bir məkanda – Suriyada terrorçuların zülmündən əziyyət çəkənlərtürk əsgərinə xilaskar gözü ilə baxır.

Türkiyənin bu haqq davasında dualarımız türk əsgəri üçündür. Bu yolda Uca Yaradan yar və yardımçın olsun qəhrəman türk əsgəri!

Newtimes.az

 





02.02.2018    çap et  çap et