525.Az

Azərbaycan XİN: Bizim mövqeyimiz həmsədr ölkələrin mövqeyi ilə üst-üstə düşür


 

Azərbaycan XİN: Bizim mövqeyimiz həmsədr ölkələrin mövqeyi ilə üst-üstə düşür<b style="color:red"></b> “Əgər biz gələcəkdə sülhün bərqərar olduğu bir bölgə yaratmaq istəyiriksə, Ermənistan işğal siyasətinə son qoymalıdır. Ermənistanın bugünkü siyasəti bölgədəki situasiyanı təhlükə altında qoyur və belə təsəvvür yaranır ki, bu ölkə status-kvonu qorumaq üçün hər şeyi edir”.
 
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. O bildirib ki, Azərbaycan dəfələrlə münaqişənin həllinə dair yol xəritəsi təqdim edib: “Təəssüf ki, Ermənistan Azərbaycanın bütün təkliflərini, hətta həmsədrlərin yenilənmiş Madrid prinsiplərinə dair təkliflərini rədd edir. Bu səbəblə 2009-cu ildən bəri iki ölkə prezidentlərinin görüşlərində irəliləyiş olmur. Azərbaycan ilk gündən yenilənmiş Madrid prinsipləri ilə tanış olub və bunu münaqişənin həlli üçün baza sənədi kimi qəbul edib. Biz yenilənmiş Madrid prinsipləri üzrə işin davam etdirilməsinə tərəfdarıq”.
 
Münaqişənin uzun illərdir həllinin tapmadığını xatırladan E. Abdullayev hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri erməni tərəfinin konstruktiv mövqe tutması üçün bu ölkəyə təzyiq göstərməlidir.
 
Həmsədr ölkələr olan ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatını şərh edən mətbuat katibi bu sənədi əhatəli və ətraflı bəyanat kimi qiymətləndirib: “Biz hər zaman deyirdik ki, Azərbaycanın mövqeyi həmsədr ölkələrin mövqeyi ilə üst-üstə düşür. Dəfələrlə bəyan etmişik ki, mövcud status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu məqam həmsədr ölkələrin son 4 ildə verdikləri bəyanatlarda da əksini tapıb”.
 
E. Abdullayev Azərbaycanın mövqeyinin açıq və praqmatik olduğunu və ölkənin ədalətli həll yolunun tapılmasını istədiyini vurğulayıb: “Beynəlxalq ictimaiyyət bu əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır. Biz ədalətdən danışırıqsa, bu ədalət Azərbaycan ərazilərinin işğaldan azad olunması və məcburi köçkünlərin öz evlərinə qayıtmasından sonra zəfər çalacaq. Prezidentlərin bəyanatında çox dəqiq bildirilir ki, güc tətbiqi konfrontasiya və qeyri-sabitlik mənbəyi olar. Bu konfrontasiyadan qaçmaq üçün işğal altındakı torpaqların azad olunması vacibdir. Ermənistan güc tətbiq etməmək prinsipinə əməl etməyib və bunun nəticəsi bizim torpaqlarımızın işğalıdır”.
 





19.06.2013    çap et  çap et