525.Az

Qədim şəhərə səyahət - Fotolar


 

Qədim şəhərə səyahət - <b style="color:red">Fotolar</b>

"Qürbətdəki Vətən" layihəsi ətrafında neçə vaxtdır fikirləşirəm. Ancaq hardan və kiminlə başlayacağımı heç cür qərarlaşdıra bilmirdim.

Ümumiyyətlə, qərar verməyə həmişə çətinlik çəkənlərdənəm. Fikrimdə layihənin qonağı ola biləcək xaricdə müxtəlif sahələrdə çalışan, fəaliyyətlərindən xəbərdar olduğum insanların siyahısını da yaratmışdım. Bir müddət bu siyahını saf-çürük etməklə keçdi. Nəhayət, qərara gəldim. İlk qonağım Özbəkistandakı Səfirliyimizin nəzdində fəaliyyət göstərən H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov olacaq. Təbii ki, razılıq verəcəyi təqdirdə... Həm də bu il Ümummili lider Heyər Əliyevin 95 illik yubileyidir axı. Elə bu Mərkəzdən başlamaq ən doğrusudur, deyib işə başladım. Mərkəzlə tanış olduqdan, Samir müəllimlə görüşdükdən və müsahibəni götürdükdən sonra verdiyim qərarın nə qədər doğru olduğunu özüm üçün bir daha yəqin elədim və fikirləşdim, həyata keçirdiyi layihələrə, gördüyü işlərə və çoxşaxəli fəaliyyətinə görə xüsusi diqqət göstərilməsi zəruri olan insanlardan biridir Samir Abbasov. 
 

Elə həmin gün, Feysbukda Samir müəllimə yazıram, layihə haqqında qısaca məlumat verirəm. Çox keçmir, cavab gəlir və heç tərəddüd etmədən təklifimi qəbul edir. Bir haşiyə çıxım, son illər, ictimai yükü olacaq istənilən işi görməyə can atanda məsləhət almaq üçün ilk ağlıma gələn insan Rəşad Məcid olur. Yəqin bu da, onun mənə göstərdiyi münasibətdən irəli gəlir. Samir müəllimdən razılıq alan kimi, ənənəmə sadiq qalıb, Rəşad müəllimə yazıram. Layihə haqqında danışıram, ilk müsahibimin kim olduğunu deyirəm. Dördcə kəlmə söz: "Get, müsahibəni götür, baxaq" deyir. Deməli, ideya yaxşıdır, müsahib də doğru seçilib. Qalır layihənin alınması. O da məndən, mənim qabiliyyətimdən və müsahibəni necə götürmək bacarığımdan asılıdır. Özümüzü göstərmək vaxtıdır, deyib tərpənirəm... 

Yollanıram Özbəkistanın paytaxtı Daşkənd şəhərinə. Bu qədim şəhərlə və sakinləri ilə tanışlıqdan son dərəcə məmnun qaldım. Ancaq bu haqda təəsüratlarımı başqa bir yazıda sizlərlə paylaşacağam. Hələliksə, qayıdaq layihəmizə... 

Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsi 9 ünvanında yerləşir. 2013-cü ildən Samir Abbasov bu Mərkəzin direktoru vəzifəsinə təyin edilib. Eyni zamanda buradakı Azərbaycan Səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspora məsələləri üzrə attaşesidir.

Bildiyimiz kimi, bütün səfirliklər təmsil etdikləri dövlətin ərazisi hesab olunur və orada həmin dövlətin qanunları keçərlidir.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə daxil olan kimi, elə bildim doğma Azərbaycandayam. Heç içəridəki doğma üzlərin və səslərin yaratdığı xoş aurada özümü başqa cür də hiss edə bilməzdim. Mərkəzin əməkdaşı Kifayət xanımla bütün şöbələri bir-bir gəzirik və Kifayət xanım eksponatlar haqqında ətraflı məlumat verir. Bir məsələyə isə xüsusi diqqət çəkmək istəyirəm. Heydər Əliyev muzeyinə daxil olarakən divardakı portretlərdən biri diqqətimi çəkdi. Bu möhtəşəm portret azərbacanlı Yulduz xanımın əl işidir. Xocalı faciəsinə ithafən çəkilmiş və əsli Mərkəz tərəfindən Bakıya Heydər Əliyev Mərkəzinə göndərilmiş bu əsərə heyran olmamaq mümkün deyil. Ona yalnız iki gözlə tamaşa etmək azdır...

Mədəniyyət Mərkəzində bu il açılışı olmuş “Odlar yurdunun naxışları” adlı Xalça Muzeyində 7 əsas Azərbaycan xalçaçılıq məktəblərinin hər birindən müxtəlif nümunlər var. İlk baxışdan, turistlərin təəccübünə səbəb olan bu xalçaları insan əlinin, zəkasının yarada bildiyinə şübhə edirsən az qala. Özbəkistanda Azərbaycan xalçaçılıq ənənələrinin təbliğ edilməsində, onların tanınmasında Mərkəzin xüsusi xidmətləri var.

AZƏRTAC-ın Özbəkistanda akkretidə olunmuş müxbiri Qulu Kəngərli Mərkəzin kitabxanası ilə məni tanış edir. Burada Mərkəzin dəstəyilə nəşr edilmiş bir sıra mühim kitablar yer almaqdadır. Həmçinin, kitabxana bazasında audiokitablardan  istifadə etmək üçün şərait yaradılıb. 

*** 

- Mədəniyyət xalqları zənginləşdirən ən mühüm amillərdən biridir. Bu mənada, hər bir mədəniyyət mərkəzini bəşəriyyətin topladığı ən yaxşı nümunələr toplusu hesab edə bilərik. İstərdim, öncə Mərkəzin əsas prioritetləri və bu istiqamətdə olan fəaliyyəti haqqında danışasınız.

- Min illərdən artıqdır ki, Orta Asiyanın, dünyanın mədəniyyət mərkəzi hesab olunan Özbəkistan qədim tarixə malik qardaş ölkə sivilazasiyaların kəsişməsində yerləşir,  islam memarlığının inciləri hesab edilən abidələrlə zəngindir.

32 milyona yaxın əhalisi, Orta Asiyanın ən böyük dövlətlərindən biri olan Özbəkistan Azərbaycanın strateji partnyoru və Azərbaycanı bütün məsələlərdə dəstəkləyən dost və qardaş ölkədir.

Özbək və Azərbaycan xalqı arasında əlaqələr Nizami Gəncəvi və Əlişir Nəvaidən başlamış, Özbək hökmdarı Əmir Teymurun Qafqaza, Azərbaycana yürüşü, orta əsrlər dövrü, Sovet dövrü və nəhayət müstəqillikdən sonra da hər iki dövlət arasında dostluq əlaqələrinin davam etməsi bir daha bu əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu və dərin kökləri olduğunu sübut edir.

1997-ci ildə Daşkənddə Azərbaycan Səfirliyinin, 2004-cü ildə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyan Pedaqoji Universitetin qarşısında şairin büstünün açılışı, 2010-cu il sentyabrın 27-də isə Ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı, 2011-ci ildə Bakıda Özbək ədəbiyyatının dahi şairi Əlişir Nəvainin heykəlinin açılışı iki xalq arasında bu əlaqələrin necə yüksək səviyyədə olduğunu sübut edir.

Əlaqələrin bu səviyyəyə çatmasında isə iki ölkənin liderləri - ulu öndər Heydər Əliyevin və Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük xidmətlərini xüsusi ilə qeyd etmək lazımdır. 

2013-cü ildə başlayaraq Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi bu əməkdaşlığın daha da dərinləşdirməklə, ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edən çoxsaylı layihələr, tədbirlər reallaşdırmışdır. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildə Daşkənddə ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə ümummilli liderin xatirə löhvəsinin açılışı olub.

2010-cu ildə sentyabr ayının 27-də Daşkənddə ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı ikitərəfli mədəni əməkdaşlıq sahəsində yeni imkanlar açdı.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri (indiki prezidenti) Şavkat Mirziyoyev iştirak ediblər. Bu Mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür deyən Prezident İlham Əliyev Mədəniyyət Mərkəzinin ulu öndər Heydər Əliyevin adını daşıyıdığını qeyd edərək, bu hadisənin əlamətdar hal olduğunu xüsusi vurğulayıb. Prezident qeyd edib ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərib. Həm Sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın olub, qardaşlıq zəminində qurulmuş, həm də müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov – iki ölkənin liderləri olaraq ikitərəfli münasibətlərin bugünkü yüksək səviyyəyə gəlib çatmasında çox mühüm rol oynayıblar.

Mədəniyyət Mərkəzinin əsas fəaliyyəti iki ölkə arasında mədəniyyət, turizm, ədəbiyyat, mətbuat-informasiya sahəsində münasibətləri inkişaf etdirmək və əməkdaşlığa dəstək olmaq, dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət etməkdir.

Mədəniyyət Mərkəzimiz Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərir və səfirliyin qeyd etdiyim sahədə fəaliyyətini həyata keçirir.

- Kökü, tarixi bir olan xalqların bu günü də bir-birlərinə yad deyil. Bu gün də Azərbaycanla Özbəkistanın kifayət qədər ortaq tərəfləri mövcuddur. İki ölkə arasında mədəniyyət-turizm sahəsində əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- Dünyada mədəniyyətləri, adət və ənənələri oxşar millətlər çoxdur. Türk dil qrupuna aid olan Azərbaycan və Özbək xalqlarının dili, dini, mədəniyyəti, adət-ənənələri eyni kökdəndir və olduqca əvəzzsiz, zəngindir.

Ötən illər Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət sahəsində də əməkdaşlıq üçün uğurlu olub. Azərbaycan Mədəniyyət Mərkəzi ötən illər ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində çoxsaylı layihələr, tədbirlər həyata keçirib. Daşkənddə və Səmərqənddə Azərbaycan mədəniyyəti həftəsi, mədəniyyəti günləri, Özbək media nümayəndələri üçün Azərbaycana “Mediatur”lar təşkil edilmiş, dostluq konsertləri, mədəniyyət, mətbəx festivalları, elmi konfranslar, çoxsaylı sərgilər reallaşdırılıb.

Mədəniyyət sahəsində Azərbaycanda keçirilən beynəlxalq Muğam festivalında Özbək tərəfi, Özbəkistanda isə keçirilən beynəlxalq “Şərq təranələri” musiqi festivalında Azərbaycan tərəfi yaxından, aktiv iştirak edir və tərəflər bir–birinin təşəbbüslərinə ciddi dəstək göstərirlər.

Artıq Özbəkistanda yalnız Mədəniyyət Mərkəzimizdə deyil, bu ölkənin ali təhsil ocaqlarında Mərkəzimizin layihəsi ilə yaratdığımız Azərbaycan ocaqlarında tariximiz, milli mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, turizm potensialımız, tarixi dostluğumuz geniş təbliğ edilir.

Ötən illər ərzində Nizami adına Daşkənd Dövlət Pedaqoji  Universitetdə Nizami Gəncəvi adına Azərbaycan Mərkəzi, Səmərqənd Dövlət Universitetində Seyid Rza Əlizadə adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzi, Özbəkistan Dövlət Konservatoriyasındakı Ü.Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzi yaradılmış, yaxın zamanlarda isə Nəvai adına Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Azərbaycan Mərkəzi, Özbəkistan Sənət və Mədəniyyət İnsitutunda isə Qara Qarayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı planlaşdırılır.

"Ana dilini bilməyən adamlar şikəst adamlardır" deyirdi mərhum prezidentimiz Heydər Əliyev. Bildiyimə görə, Mərkəzinizdə "Azərbaycan dili" kursu fəaliyyət göstərir. Özbəkistanda yaşayan həmyerlilərimiz öz övladlarının ana dilini öyrənməsində maraqlıdırlarmı? Bu istiqamətdə müraciətlər çoxdurmu?

Bildiyimiz kimi, Özbəkistanda 40 minə yaxın azərbaycanlı soydaşlarımız yaşayır. Mədəniyyət Mərkəzimiz yerli azərbaycanlılar üçün həm bir təhsil ocağı rolunu oynayır, onlara Azərbaycan dilini öyrənməkdə, habelə mədəniyyətimizin müxtəlif sahələrdə peşə vərdişlərini tədris edir. Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən kurslar və dərnəklərdə azərbaycançılığın, milli dəyərlərimizin, dostluğumuzun, habelə ölkəmizin zəngin mədəniyyətinin Özbəkistanda təbliğinə xidmət edir.

2013-cü ildə Mədəniyyət Mərkəzində ilk dəfə olaraq Azərbaycan dili kurslar təşkil edilib. Kurslar Azərbaycandan gəlmiş və uzun müddət bu sahədə çalışmış təcrübəli pedaqoq tərəfindən aparılır. Kurslara Özbəkistanda yaşayan azərbaycanlılar, yerli özbəklər  və digər millətlər də böyük maraq göstərirlər.

Artıq ana dilini mükəmməl öyrənən bir çox müdavimə sertifikatlar verilib. Qeyd edək ki, kurslarda iştirak edən tələbələr Mərkəzin kitabxanasında olan əyani vasitələrdən geniş istifadə edir, Mərkəz tərəfindən kitab və digər vəsaitlərlə təmin edilir. Kursların iştirakçıları Mərkəz tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edərək, ölkəmizin qardaş ölkədə təbliğini həyata keçirirlər.

Kurslarla yanaşı iştirakçı tələbələrə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, turizmi haqqında geniş məlumat və biliklər verilir.

Mərkəzin kitabxanasının fəaliyyəti də günün tələbləri səviyyəsində qurmaq üçün bir sıra işlər həyata keçirmişik. Kitabxana yeni nəşrlərlə, daimi internetlə təmin edilib, bir sıra aktual mövzulara dair sərgilər təşkil edilibdir.

Kitabxanada kitab fondu ilə yanaşı xüsusi mediateka təşkil edilib ki, burada oxucular quraşdırılan kompyuterlər vasitəsi ilə Azərbaycan kinoları, xalq mahnıları, video materiallara fərdi baxmaq, audio materialları dinləmək imkanı əldə etmiş olur və dil bilgilərini artırırlar.

Mən bir faktı da qeyd etmək istəyirəm ki, Mədəniyyət Mərkəzimizin layihəsi ilə bir çox özbək gənci Azərbaycan ali məktəblərində təhsil almaq hüququ əldə etmişlər. Sevindirici haldır ki, onlar, Mədəniyyət Mərkəzimizin nəzdindəki Azərbaycan dili kurslarını bitirən müdavimlərdir.  

- Samir müəllim, bugün Mərkəzinizdə gəzərkən muzeyləriniz daha çox diqqətimi cəlb etdi. 2017-ci ildə Mədəniyyət Mərkəzində yaradılan “Odlar yurdunun naxışları” adlı Azərbaycan xalçalarının sərgi zalı xüsusilə diqqətə layiqdir. Xalqımızın istedadını, zəngin mədəniyyətinin göstəricisi olan bu Muzeyin açılışı Özbəkistanda necə qarşılandı? 

- Bəli, 2017-ci ildə Mədəniyyət Mərkəzimizdə yaradılan və Azərbaycan xalçalarının daimi sərgiləndiyi “Odlar yurdunun naxışları” adlı muzey Özbəkistanda çox böyük maraq yaratdı. Hətta aparıcı Özbək mətbuatı bu barədə silsilə məqalələr verərək,  Azərbaycanın Mədəniyyət Mərkəzinin milli mədəni irsimizin təbliği və tanıdılması istiqamətində təcrübəsindən geniş yararlanmağı tövsiyə etdi. 

Muzeyin açılışında biz Azərbaycanın əsrarəngiz xalça sənəti, onun qədim tarixi, ölkəmizin regionlarına xas xalçalar, onlarda əks olunmuş naxışlar və s. barədə ətraflı prezentasiya və videomaterialları iştirakçılara təqdim etdik. Muzeydə ölkəmizin 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirilir.

Qeyd edək ki, sərgi zalında nümayiş etdirilən Azərbaycan xalqının yaratdığı Şirvan, Qarabağ, İrəvan, Dərbənt, Quba, Naxçıvan, Qazax-Borçalı, İrəvan, Təbriz və digər ərazilərdə əllə toxunulmuş xalçalar sərgilənir.

Zaldakı sərgi stendində ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 30-a yaxın qədim və unikal xalçalar nümayiş etdirilir və Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisi, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgah sərgilənir.

2017-ci ildən isə Azərbaycan tarixi muzeyində yenidənqurma işlərinə start vermişik. Belə ki, Muzey fondundakı əksər eksponatlar yalnız fotoşəkillərdən ibarət idi. Çox az sayda əyani eksponatlarımız var idi. Yeni layihəmizlə Muzeydəki bir sıra əyani eksponatları hazırlanmasını təşkil edirik və ilk dəfə olaraq Muzeyin bir guşəsində “Azərbaycan kəndlisinin evi”ni yaradılır, habelə tariximizə, mədəniyyətimizə aid xüsusi stendlər təşkil edilir. Yaxın zamanlarda Mərkəzin muzeylərinə virtual səyahət təşkil etmək üzərində iş gedir.

İnanıram ki, bu il biz görülən bu işlərin təqdimatını həyata keçirərək, Muzeylərimizi daha da gözəl, maraqlı formatda ictimaiyyətə təqdim edəcəyik.  

- "Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir." demişdir Özbəkistan Respublikasının sabiq prezidenti İslam Kərimov. Bu il ümummilli lider Heydər Əliyevin 95 illik yubileyini qeyd edəcəyik. Ölkəmiz bu gün də Onun siyasi kursunun nəticəsində inkişaf etməkdə, beynəlxaq aləmdə öz yerini daha da möhkəmləndirməkdə və ildən-ildən daha da güclənməkdədir. Yubileylə bağlı hansı tədbirlər planınız var və bu yubileyin fonunda ötən 95 ili necə xarakterizə edərdiniz?  

- Azərbaycan Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmiş və müstəsna rolu olmuşdur.

Bu il ümummilli lider Heydər Əliyevin 95 illik yubileyini qeyd edəcəyik. Təbii ki, yubileylə bağlı Mədəniyyət Mərkəzi olaraq planlarımız çoxdur. Bununla əlaqədar Özbəkistanda azərbaycanlı gənclər və yeniyetmələr arasında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, “Heydər Əliyev və İslam Kərimov: Azərbaycan–Özbəkistan dostluğu, əməkdaşlığı” mövzularında esse yazı müsabiqələrinin keçirilməsi, Daşkənddə keçirilən xalqların Mədəniyyət Festivalında iştirakımızı Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr etmək, Özbəkistanın aparıcı ali məktəblərinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdünün verilməsi, habelə yubiley münasibəti ilə Özbəkistanın Gənclərdən ibarət Simfonik Orkestrinin iştirakı ilə möhtəşəm konsert proqramının təşkilini nəzərdə tutmuşuq.

Əlbəttə müstəqillik böyük nemətdir.

Dünyada beş mindən çox xalq var. Amma onların cəmi 200-nün dövləti var. Bu dövlətlər arasında bizim də şanlı bayrağımız dalğalanır. Biz bu müstəqilliyi 1918-ci ildə də qazanmışdıq. Amma məlum səbəblərdən biz istiqlalımızı qoruya bilmədik və itirdik.

XX əsrin sonlarında Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Yenidən müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qaldıq.

Məhz ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində müstəqil dövlətimiz xilas oldu. Azərbaycan xalqı daim ulu öndərin xidmətlərini yüksək qiymətləndirəcəkdir. Çünki o, həyatını dövlətimizin müstəqilliyinin xilasına sərf etdi, əvəzsiz nemət olan müstəqilliyyimizi qoruyaraq gələcək nəsillərə ötürdü.

Azərbaycan xalqı əsrlər boyu bu müstəqilliyin həsrətində olmuş və nəhayət onu əldə etdi. 

Tariximiz, habelə mənəvi, mədəni irsimiz haqqında əsl həqiqətləri üzə çıxarıb geniş ictimaiyyətə tam obyektivliyi ilə çatdırmaq, ana dilimiz, milli dəyər olan dinimiz, adət və ənənələrimizi inkişaf etdirmək məhz, bizə  milli müstəqillik dövründə müəssər ola bilmişdir. 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bir əsr keçir. Ölkə başçısının müvafiq sərancamına əsasən 2018-cil il "Cümhuriyyət ili" elan edildi. Bu şanlı tariximizlə, Cümhuriyyətimizin yüzilliyi ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı.

Bu il Azərbaycan Mədəniyyət Mərkəzinin təsdiq olunmuş iş planında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin geniş qeyd olunmasına dair xüsisi planlarımız var.

Bununla əlaqədar Azərbaycan Səfirliyi ilə birgə Özbəkistandakı diplomatik nümayəndəliklər, dövlət, hökümət təmsiçiləri, elm, mədəniyyət xadimlərinin iştirakı ilə bayram tədbirinin təşkili, yerli mətbuatda bu mövzuda çoxsaylı məqalələrin dərc olunması, Özbəkistan Dövlət Simfonik Orkestrinin ifası ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Azərbaycan Qafqazın dürdanəsi” adlı Daşkənddə möhtəşəm konsert proqramının təşkili, Nəvai adına adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti – 100” adlı Mərkəzin açılışını nəzərdə tutmuşuq.

Özbəkistan KİV-ləri arasında hər il elan etdiyimiz Azərbaycan haqqında “İlin ən yaxşı məqalə müsabiqəsi” üzrə elan edilmiş üç nominasiyadan biri “Первая Демократическая Республика в Мусульманском мире - Азербайджанская Народная Республика – 100” adlı nominasiyadır ki, bu mövzuda qardaş ölkənin mətbuatı onlarla məqalələr dərc edəcəklər. Bundan başqa, Cümhuriyyət tarixinə aid Özbəkistanda Özbək dilində nəşrlərin hazırlanmasına da dəstək olmağı nəzərdə tutmuşuq.
 

- İki ölkə xalqlarının yaxın olması ölkələrimiz arasında turizm sahəsinin inkişafı istiqamətində imkanlar açır. Turizm sahəsində əməkdaşlıq nə yerdədir? Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda bu istiqamətdə hansı işləri aparır?

- Mən qeyd etmək istəyirəm ki, ötən 2017-ci il iki ölkə arasında turizm sahəsində əməkdaşlıq Mədəniyyət Mərkəzinin fəaliyyətində prioritet istiqamətlərdən olmuşdur.

Ötən il iki ölkə arasında turizm sahəsində əməkdaşlığın Mədəniyyət Mərkəzi üçün  prioritet istiqamət olmuşdur.  Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda keçirilən bütün beynəlxalq sərgilərdə Azərbaycana dair xüsusi stendlər, guşələr yaradılıb, Azərbaycanın turizm potensialı geniş təbliğ olunub. Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdirilib, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan turizminə dair göndərdiyi nəşrlər paylanılıb, Bakı Şopinq Festivalının təqdimatı keçirilib. Mədəniyyət Mərkəzi tərəfindən bu festivalla bağlı hazırlanmış xüsusi bukletlər paylanılıb və videoçarx nümayiş etdirilib.

Tərəfimizdən aparılan təbliğat işlərinin nəticəsidir ki, Azərbaycana gedən özbək turistlərinin sayı ilbəil artır. 2013-2014-cü illərdə Özbəkistandan Azərbaycana gedən turistlərin sayı 14 minə yaxın olubsa, 201-cı ildə bu rəqəm 20 minə çatıb. Apardığımız monitorinq nəticəsində məlum olub ki, özbək turistlərin əksəriyyəti Bakı şəhərinə gəzinti, alış- veriş, Naftalan şəhərinə isə müalicə məqsədilə səfər edir.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda keçirilən bütün beynəlxalq sərgilərdə Azərbaycana dair xüsusi stendlər, guşələr yaradılıb, Azərbaycanın turizm potensialı geniş təbliğ olunub. Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdirilib, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan turizminə dair göndərdiyi nəşrlər paylanılıb, Bakı Şopinq Festivalının təqdimatı keçirilib. Mədəniyyət Mərkəzi tərəfindən bu festivalla bağlı hazırlanmış xüsusi bukletlər paylanılıb və videoçarx nümayiş etdirilib.  

Bildiyimiz kimi, ölkələrimiz arasında vizasız gediş-gəliş, birbaşa həftədə iki dəfə uçaq reyslərinin olması, dil, mədəniyyət, adət-ənənələrin yaxınlığı Özbəkistanla Azərbaycan arasında turizm sahəsinin inkişafında böyük imkanlar açır. Biz bu imkanlardan istifadə edərək daha çox ölkəmizə Özbək turistlərin cəlb olunmasına çalışırıq. Bununla bağlı 2018-ci ildə bir sıra planlarımız var.

- Özbəkistandakı soydaşlarımız, bu ölkədə yaşamız tanınmış azərbaycanlılar var, onlarla bağlı hansı layihələr həyata keçirilir?

- Özbəkistanda yaşamış tanınmış azərbaycanlıların irsinin, onların xatirələrinin əbədiləşdirilməsi Mərkəzin işinin əsas prioritet istiqamətləridir.

Ötən müddət ərzində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda tanınmış azərbaycanlı, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü olmuş, tanınmış rəssam, kino-teatr xadimi  Yusif Hüseynovun Daşkənddə yaşadığı binanın qarşısında  onun barelyefi qoyulmuş, Mədəniyyət Mərkəzində rəssam Yusif Hüseynovun "За кулисами" adlı fərdi sərgisinin açılışı olmuşdur.

Səmərqənd şəhərində keçirilən “Azərbaycan Mədəniyyət günü” çərçivəsində Mədəniyyət Mərkəzimizin layihəsi ilə Səmərqənddə yaşamış tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin də yaşadığı evin üzərində rəssamın barelyefinin açılışı olub.

Ötən illərdə isə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan Yazıçılar Birliyinin üzvü olmu, tanınmış azərbaycanlı şair İxtiyar Rzanın və Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd bölməsinin prezidenti olmuş, tanınmış azərbaycanlı rəssam Eynulla Əliyevin xatirələrinin əbədiləşdirilməsi, onların yaşadıqları binanın üzərinə xatirə löhvəsinin vurulması işi də tərəfimizdən uğurla həyata keçirilib.

Mən xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan Mədəniyyət Mərkəzi olaraq fəaliyyətimizdə Özbəkistanda yaşayan soydaşlarımıza dəstək olmağa çalışırıq. Mərkəzimizdə təşkil olunan kompyuter kurslarında artıq dizayn və qrafika proqramları da tədris olunur. Bu isə kurslarda iştirak edən gənclərə gələcəkdə özlərinə iş tapmaq, cəmiyyətdə öz yerini tutmağa dəstək olur.

Azərbaycan dili, milli rəqslərimiz, rəsm və əl işləri dərnəklərimiz Özbəkistanda yaşayan azərbaycanlılar üçün əlavə imkanlar açır, onlar elmi biliklərə, peşə vərdişlərinə yiyələnməklə yanaşı, Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, ədət və ənənələrini öyrənmək imkanı əldə edirlər.

Dərnəklərdə iştirak edən yeniyetmələr müxtəlif suvenirlərimizi hazırlayır, habelə toxuculuq sənətinə yiyələnir, hazırladıqları əl işləri Özbəkistanda keçirilən sərgi və yarmarkalarda böyük maraq cəlb edir.  

- Samir müəllim, Azərbaycan Mədəniyyət Mərkəzi 2018-ci ildə hansı planları, layihələri var və dostluğumuzu möhkəmləndirmək, onu təbliğ etmək üçün hansı tədbirlər keçiriləcəkdir?

- Bildiyimiz kimi, ən böyük təbliğat işi qarşılıqlı təcrübə mübadiləsi, səfərlər və tələbə mübadiləsidir. Sovet dövründə ölkələrimiz arasında bir neçə tələbə mübadiləsi olmuşdur. Müstəqillik dövründə biz yenidən Özbəkistanla tələbə mübadiləsini həyata keçirməyə çalışırıq və dövlətimizin dəstəyi ilə bu il buna nail olduq. Artıq Mədəniyyət Mərkəzimizin apardığı iş və təşkilatçılığı nəticəsində iki tələbə Azərbaycan Turizm və Menecmentlik Universitetinə, bir tələbə Azərbaycan Dövlət Konservatoriyasına, iki tələbə Qərb Universitetinə, iki doktorant isə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun doktoranturasına daxil olub. Mən bu işdə bizə dəstək göstərdiyi üçü Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və yuxarıda adlarını qeyd etdiyim bütün müəssisələrə öz təşəkkürümü bildirirəm ki, onlar qarşılıq gözləməyərək, bu nəcib işə dəstək göstərmiş, ölkəmizin təbliği, habelə Azərbaycan-Özbəkistan arasındakı münasibətlərə böyük töhvə veriblər.

Bu il biz ilk dəfə olaraq "Azərbaycan-Özbək, Özbək-Azərbaycan" sözülüyünün, lüğətinin hazırlanmasına start vermişik. Azərbaycan və Özbəkistandan bu işə mütəxəssislər cəlb etmişik. Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində ilk dəfə olaraq Azərbaycan dili və ədəbiyyatı kafedrasının yaradılmasını planlaşdırırıq.

2018-ci ildə Biz Özbəkistanın qədim Xivə şəhərində Azərbaycan mədəniyyət həftəsinin keçirilməsini planlaşdırırıq. Özbəkistanın ali məktəbləri ilə birgə böyük Azərbaycan şairi Hüseyn Cavidin 135 illik yubileyi ilə əlaqədar "Hüseyn Cavid və özbək ədəbiyyatı" adlı beynəlxalq elmi konfransın keçirilməsini, habelə şairin özbək dilinə tərcümə olunmuş "Seçilmiş əsərləri"nin Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda nəşrini nəzərdə tuturuq". Artıq tanınmış drammaturqun əsərləri Özbək dilinə tərcümə edilib.

Turizm sahəsində də bir çox planlarımız var. Cari il 23 mart tarixində Daşkənddə Hyatt Regency otelində Pasha Travel şirkəti ilə birgə Özbəkistanın turizm icatimaiyyətinin, şirkətlərinin, habelə çoxsaylı mətbuat nümayəndələrinin iştirakı ilə Azərbaycanın müalicəvi turizm potensialının təqdimatının keçirilməsini planlaşdırırıq. Biz burada “Azərbaycan Qafqazın dürdanəsi” adlı fotosərgi, habelə Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə mədəni proqram da hazırlayırıq.

Özbəkistanın turizm firmalarının nümayəndələrinin, habelə bir neçə aparıcı telekanalların təmsilçilərinin Azərbaycana il ərzində “İnfotur”larının təşkilini planlaşdırırıq.  Bu məqsədlə qardaş ölkənin turizm şirkətlərinin təmsilçilərinin və media nümayəndələrinin Bakı, Qəbələ, Lahıc, Şəki, Gəncə, Qusar, Nabran kimi turizm mərkəzləri, habelə Naftalan, Naxçıvan Duzdağ sanatoriyaları ilə tanışlıq ziyarətinin  həyata keçirilməsi, burada görüşlərin və çəkilişlərin aparılmasını nəzərdə tutmuşuq.

Bundan başqa, Azərbaycan və özbək ipəkçilik sənətinin təbliği istiqamətdə layihələrin həyata keçirilməsini nəzərdə tutmuşuq. Özbəkistanda ipəkçiliyin vətəni olan Mərgilan şəhərində hər il keçirilən ənənəvi İpək Festivalına bu il təşkilatçı kimi qoşulmaq və Azərbaycan-özbək ipəkçilərinin birgə sərgisinin, habelə ipəkçilərin məhsullarının satış yarmarkasının təşkilini nəzərdə tutmuşuq.

2018-ci ildə Özbəkistanın turizm firmalarının nümayəndələrinin, habelə bir neçə aparıcı telekanalın təmsilçilərinin Azərbaycana “İnfotur”unun təşkilini planlaşdırırıq. Azərbaycanın turizm potensialının təbliği və daha çox turist cəlb etmək məqsədilə qardaş ölkənin turizm şirkətlərinin təmsilçilərinin və media nümayəndələrinin Bakı, Qəbələ, Lahıc, Şəki, Gəncə, Qusar, Nabran kimi turizm mərkəzləri ilə tanışlığını, habelə burada çəkilişlər aparmağı planlaşdırırıq.

Planlarımız çoxdur. İnanıram ki, dövlətimizin uğurlu siyasəti ilə qarşımıza qoyduğumuz məqsədlərə nail olacaq, dostluğumuz və əməkdaşlığımız istiqamətində yeni-yeni nailiyyətlər əldə edəcəyik".

- Samir müəllim, xarici ölkədə yaşayan, çalışan bir soydaşımız kimi Vətən üçün, yaxınlarınız üçün darıxmırsınız ki? Gəlin səmimi danışaq. Samir müəllimin ən böyük arzusu nədir?

- Arada olur, amma üstün cəhətimiz odur ki, dost, qardaş ölkədəyik. Özbək xalqı ilə yaxınlığımız, dostlarımız çoxdur.

Əlbəttə, hər kəs üçün Vətən şirindir. Azərbaycana ildə bir dəfə, bəzən iki dəfə gedirəm. Hər dəfə Vətənimin mənə necə də doğma və şirin gəldiyini, onun heç bir şeylə əvəz olunmadığının şahidi oluram. Azərbaycan dünyada bəlkə də yeganə ölkələrdəndir ki, burda həm dəniz, həm rəngarəng gözəl meşələr, çaylar, gözəl yaşıl dağlarımız, sitrus zonası, həm də yarım səhra ərazilərimiz bu gözəlliyi daha da rəngarəng edir. Çoxsaylı xalqlar, mədəniyyətlər, müxtəlif dinlərdən olan insanlar dost və qarşılıqlı hörmətlə yurdumuzda yaşayırlar. Tanrı bizə iqtisadiyyatımızı inkişaf etdirmək üçün, həm də müalicə üçün neft kimi sərvət bəxş edib. Torpaqlarımızda tropik iqlimdə yetişən və ağ qızıl olan pambıq, həm də çoxsaylı meyvələr, sitrus meyvələri yetişir. Fikir verin kiçik bir ölkədə nə qədər rəngarəng təbiət və gözəl mənzərələr görmək mümkündür. Mətbəximiz isə həqiqətən də dadlı və ləzzətli təamlarla zəngindir.

Bəlkə bugün bu çoxları üçün adi gələ bilər. Amma xarici ölkələri gəzdikdən sonra Vətənimizin necə də  gözəl və əvəzsiz olduğunun bir daha şahidi oluruq.

Çox gözəl ölkəmiz var. Onun sevməmək, təbliğ etməmək mümkün deyil.

Yay aylarında imkan düşəndə hər il Azərbaycanın gözəl turizm rayonlarını ailəmlə, elə olur dostlarımla gəzirik. Mənim ən böyük arzum odur ki, Vətən torpaqları işğaldan azad olunsun, biz Şuşanı, Kəlbəcəri, Laçını və digər rayonlarımızı da gəzə bilək. O torpaqlardan, öz evlərindən ayrı düşən bütün soydaşlarımız öz yurdlarına qayıtsınlar. Cəbrayılda - Cocuq Mərcanlıda, Ağdərədə Şixarxda qurulan və yeni salınan evlər digər yurd yerlərimizdə də salınsın.

İnanıram ki, bu gec-tez dövlətimizin apardığı uğurlu siyasətlə baş verəcək.

 





07.02.2018    çap et  çap et