525.Az

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı)


 

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi <b style="color:red">(davamı)</b>

Anar İSGƏNDƏROV
Tarix elmləri doktoru, professor 

Məscidin qadınlar üçün olan hissəsində ibadət zalı 312 kv.metrlik fıstıq ağacından şəbəkə ilə ayrılmış, metal pilləkən demontaj edilərək interyerdə üstü taxta ilə örtülmüş dəmirbeton pilləkən quraşdırılmışdır. Giriş hissəsində eyvanın qarşısı daş şəbəkə ilə bağlanmış və ibadətə gələnlər üçün qarderob yaradılmışdır.

Məscidin ən cəlbedici yeri onun interyeridir. Burada divarlar və gümbəz altında (ümumi sahəsi 1400 kv.metr ) Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq memarlığının nadir nümunələrindən istifadə olunmuşdur. Mehrab kaşı və mərmərdən yığılmış, gümbəzin pəncərə konstruksiyaları yenilənərək taxta şəbəkəli pəncərələrlə əvəzlənmişdir. Gümbəzə ağırlıq gətirən 2 tonluq çilçırağın əvəzinə müasir texnologiyalı işıqlandırma sistemləri quraşdırılmışdır. Eyni zamanda, əsas zalda 52 ədəd, qadınlar hissəsində 5 ədəd divar çilçırağı asılmışdır.

Məscidin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Mala ilə tamamlanmış günbəzin üstü isə qızılqaya daşı ilə üzlənmiş, burada dekorativ elementlərlə bərabər yuxarı hissədə “La ilahə illəllah” kəlməsi 6 dəfə təkrar olunmuşdur. Dekorativ oyma detallar və yazılar yüksək əyarlı qızıl təbəqə ilə işlənmişdir. Gümbəzin üstü hündürlüyü 1.6 metr olan daş sancaqla tamamlanmışdır.

Təzəpir məscid kompleksinin ərazisində birmərtəbəli yöndəmsiz tikililər sökülərək yerində Qafqaz Müsəlmanları İdarəsinin inzibatı və Bakı İslam Universitetinin tədris binaları üçün 5 mərtəbəli 3 iri korpus inşa edilmişdir. Ümumi sahəsi 4100 kv.metr və 14350 kub metrlik həcmi olan Qafqaz Müsəlmanları İdarəsinə məxsus korpusun ikinci və üçüncü mərtəbələrində 20 işçi otağı yerləşdirilmişdir. Birinci mərtəbədə sahəsi 340 kv.metr olan 6000 kitablıq kitabxana yerləşir. Kitabxananın interyeri ağac materialı ilə bəzədilmiş, tavana 32 çilçıraq quraşdırılmışdır. Kitabxananın bir hissəsində dini televiziya verilişlərinin hazırlanması üçün ministudiya yaradılmışdır. Oxucular üçün maksimum şəraiti nəzərdə tutan bu məkanın zəngin kitab fondu vardır.

Birinci korpusun dördüncü mərtəbəsi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam həzrətlərinin qəbul otağıdır. Qəbul otağının vestibülündə xüsusi stendlərdə İslam dininə dair eksponatlar, qədim əlyazmaları və dini kitablar sərgilənir. Vestibülün interyerində ağacdan yonulmuş oyma detallardan geniş istifadə olunmuşdur. Mərtəbənin bir hissəsində kiçik zal – 50 yerlik konfrans otağı yerləşir.

İkinci korpus xarici qonaqların qəbulu, yerləşdirilməsi və bir sıra mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Ümumilikdə binada 1600 nəfərə xidmət etmək üçün 6 mərasim zalı yaradılmışdır. Korpusun mətbəx hissəsi ən müasir avadanlıqlarla təchiz olunmuş, personal otaqları nəzərə alınmışdır.

Üçüncü korpus Bakı İslam Universitetinin binasıdır. Burada hər mərtəbədə 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün şərait yaradılmışdır. Binanın yarımzirzəmi hissəsində universitetin yeməkxanası və kitabxanası yerləşdirilmişdir. Korpusun bir hissəsində müasir tələblərə cavab verən qazanxana, damında isə “Çiller” isitmə və soyutma sistemi quraşdırılmışdır. Bu sistemlə məscidin ətrafındakı bütün tikililər isitmə, soyutma və havalandırma ilə tam təchiz olunur.

Üç korpusun əhatəsində 900 kv.metr sahəsi olan müasir tipli konfrans zalı inşa edilmişdir. Konfrans zalının özünün ayrılıqda isitmə, soyutma və havalandırma sistemi mövcuddur. İçərisində diametri 10 metr olan iri konfrans masasının ətrafında 250 kreslo qoyulmuş, işıqlanma üçün 360 şamlıq xüsusi çilçıraq sifariş edilmişdir. Tavan və gümbəzin altı dekorativ ağac detallarla bəzədilmişdir.

Məscidin qarşısında sürüşmənin qarşısını almaq üçün xüsusi dəmirbeton konstruksiya quraşdırılmış və torpaq qatı yol səviyyəsindən 1 metrə qədər götürülmüşdür. Burada 820 kv.metr sahəsi olan 4920 kub metr həcmində kiçik mərasim zalları, 80 kv.metr sahəsi olan 320 kub metr həcmində qurbangah, 200 kv.metr sahəsi olan 800 kub metr həcmində qadın və kişi dəstəmazxanaları, 352 kv.metr sahəsi olan 2112 kub metr həcmində yuyucuxana tikilmişdir. Məscidin ərazisində torpağın altında 480 kub metr həcmində su çəni quraşdırılmış, yüksək gücə malik generator və əlavə elektrik tənzimləyicisi qoyulmuşdur. Kompleksin ətrafına 4500 kv.metrlik Ukrayna və Hindistandan gətirilmiş qranit-mərmər plitələr döşənmişdir.

 Binaların fasadları “Qızılqaya” daşından yonulmuş şəbəkə və mürəkkəb memarlıq detalları ilə məscidin fasadına uyğun olaraq üzlənmişdir. Üzlük daşının həcmi 11200 kv.metrə yaxındır. Bundan başqa, Mustafa Sübhi küçəsindən məscidin ərazisinə girmək üçün əzəmətli və oyma detallarla zənginləşdirilmiş portal tipli darvaza quraşdırılmış, keçid hissəyə isə tökmə metal darvaza qoyulmuşdur. Mirzə Fətəli küçəsindən olan keçid portalı sökülərək yenisi ilə əvəz olunmuş və yeni metal darvaza quraşdırılmışdır. Məscidin qarşısında 3 fəvvarəli hovuz tikilmiş, fəvvarələr iri həcmli daşdan yonulmuş, içi kaşılarla tamamlanmışdır.

Mustafa Sübhi küçəsində baş portala yaxın hissədə bir sıra köhnə tikililər sökülərək ibadətə gələnlərin rahatlığı üçün 50 yerlik avtomobil dayanacağı yaradılmışdır. 2000 kv.metrə yaxın divar ağlay daşı ilə üzlənmişdir. Boşaldılmış ərazidə müasir elektrik şəbəkəsi binası inşa edilmişdir. Yöndəmsiz hala düşmüş Lev Tolstoy küçəsi rekonstruksiya olunarkən 4000 kub metrə yaxın torpaq işləri görülmüş, 1400 kv.metr qonşu binaların fasadı bərpa edilmiş, yerə 2500 kv.metrə yaxın səki daşı döşənmişdir. Təhlükəsizlik nöqteyi-nəzərindən məscidin ərazisinə iri avtomobillərin girişi üçün Mustafa Sübhi və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində ayrıca metal darvaza quraşdırılmışdır.

Bütün bu texniki göstəricilər Təzəpir məscid kompleksinə sərf olunan zəhmətin yalnız maddi hissəsidir. Bu fövqəladə işin mənəvi dəyəri heç bir söz və təriflə ölçülə bilməz. XXI əsrin bu möhtəşəm iman epopeyasını yaradan hər bir kəs – daşyonan fəhlə də, bəzək vuran nəqqaş da, qurğuları tənzimləyən mühəndis də, hətta təqaüdünün bir manatını tikintiyə nəzir edən ağbirçək nənə də qəlblərindəki məhəbbəti və müqəddəs dinimizə hörməti bizlərə və gələcək nəsillərə əmanət qoyur. Biz isə bu əvəzolunmaz xidmətdə payı olmuş hər bir kəsə, özəlliklə ölkə başçısına – möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün Azərbaycan müsəlmanlarının dərin ehtiram və minnərdarlığını izhar edir və qəlbimizi riqqətə gətirən hisslərimizi Xatəmül-ənbiya Peyğəmbərimiz Həzrət Məhəmməd salavatullahın hədisi ilə Zati-alilərimizə ünvanlayırıq: “ Hər kim ibadət üçün bir məscid tikər və ya ona həyat verərsə, onun savabı Cənnətdə qəsr tikməyə bərabərdir”.

 





19.06.2013    çap et  çap et