525.Az

Jurnalistlər üçün müsabiqənin qalibləri elan olunub


 

Jurnalistlər üçün müsabiqənin qalibləri elan olunub<b style="color:red"></b> İyunun 18-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda KİV nümayəndələri arasında keçirilən müsabiqənin qaliblərinin elan olunması mərasimi keçirilib.
 
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Mobil cihazların qeydiyyat sisteminin (MCQS) uğurlu tətbiqindən danışıb. Qeyd edilib ki, sistemin fəaliyyətə başladığı gündən qeydiyyatdan keçmiş GSM-qurğuların sayı 12 milyonu ötüb.
 
Həmçinin təxminən 300 min qurğunun standartlara cavab verməməsi bildirilib. Nazir müavini vurğulayıb ki, bu qurğular bundan sonra da fəaliyyət göstərsə də, yalnız hazırda istifadə edilən mobil nömrələrlə işləyəcək.
 
Bundan sonra standartlara cavab verməyən istənilən GSM-aparatları ölkədə işləməyəcək. Nazir müavini xüsusilə qeyd edib ki, fiziki şəxslər tərəfindən ölkəyə mobil qurğular gətirilərkən onların dünya standartlarına cavab verməsinə əmin olmaq lazımdır.
 
İltimas Məmmədov MCQS-in işini işıqlandırdığına görə jurnalistlərə minnətdarlığını bildirib və bir daha əminliyini ifadə edib ki, bu, ölkədə bütün mobil rabitə sisteminin mənafeyinə xidmət edəcək.
 
Daha sonra mərasimdə müsabiqənin təşkilatçılarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müəyyən edilən qaliblərin adları açıqlanıb. 3 ən yaxşı müəllif üçün Türkiyəyə səfər təşkil olunacaq. Səfər zamanı jurnalistlər bu ölkənin mobil cihazların qeydiyyat sisteminin tətbiqi ilə bağlı müsbət təcrübəsi ilə tanış olmaq imkanı əldə edəcəklər.
 
Müsabiqədə fərqlənən digər jurnalistlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
 
“Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda kütləvi informasiya vasitələri nümayəndələri arasında müsabiqə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Mobitel (Nokia Mobile şirkətinin Azərbaycanda rəsmi distribyutoru), Caspian Telecom  (HTC, Sony и Blackberry-nin Azərbaycanda distribyutoru), Inteqral (Samsung Mobile şirkətinin Azərbaycanda rəsmi distribyutoru), Sun Mobile (Fly və Birds-in rəsmi distribyutoru) şirkətləri tərəfindən elan edilmişdir.   
 





19.06.2013    çap et  çap et