525.Az

Cümhuriyyət qurucuları - Azərbaycan Cümhuriyyəti - 100


 

AZƏRBAYCANIN DAXİLİ İŞLƏR NAZİRİ BEHBUD XAN CAVANŞİR (1877-1921)

Cümhuriyyət qurucuları - <b style="color:red">Azərbaycan Cümhuriyyəti - 100 </b>

(əvvəli 1 fevral sayımızda)

1921-ci il iyulun 18-də axşam saat 23-də Behbud xan Cavanşir həyat yoldaşı və qardaşları ilə birlikdə "Təpəbaşı" teatrından çıxıb, "Pera Palas" otelinə gedirmiş.

Bu zaman terrorçu Misak Torlakyan arxadan yaxınlaşaraq tapança ilə Cavanşirə üç dəfə güllə atıb. B.Cavanşir arxaya dönüb qatilə doğru irəliləsə də, aldığı yaralardan yerə yıxılıb. B.Cavanşirin qardaşı Cəmşid qatili tutmuş, ona atılan güllə ilə sol qaşını yaralayıb. B.Cavanşirin digər qardaşı Surxay və xanımı qatilin üstünə atılmış, onu zərərsizləşdirmişlər. Sonra qatil güllə səsini eşidib gələn polislərə təhvil verilmişdir.

B.Cavanşiri yaxınlıqdakı ingilis xəstəxanasına aparsalar da, onu sağaltmaq mümkün olmayıb və 35 dəqiqə sonra dünyasını dəyişib.

B.Cavanşir ölümündən üç gün sonra İstanbulda, Beşikdaşda Yəhuda Əfəndi dərgahının olduğu tarixi məzarlıqda dəfn edilib. Onun başdaşı üzərində bu şeirin misraları yazılmışdı: 

Qaranlıqdan surət aldı bir şeytan,
Onun pəncəsində can verdi bir şir.
Bir yığın sümükdür torpaqda qalan,
Cənnətə yüksəldi
Behbud xan Cavanşir...

Hadisədən sonra ağır məhkəmə prosesi başlayır. Bu cinayətə dəstək verən erməni dairələri qəzetlərdə elan verərək şahidlər toplamağa başlayır.

O dövrdə İstanbul ingilis işğal nəzarəti bölgəsi sayıldığından, məhkəmə prosesini də onlar aparırdı. Prosesdə ingilis prokuroru Rickatson  tərəfsizliyini qoruyub saxlasa da, onu uzaqlaşdırıb, Çribbonu təyin etdilər.

M.Torlakyanın əsas vəkilləri Türkiyə erməniləri olan Xosrovyan və sabiq Sivas vəkili Barsamyan Əfəndi idi. B.Cavanşir ailəsini vəkil Heydər Rifət bəy müdafiə edirdi.

Erməni vəkillər hər üsuldan istifadə edərək, cinayətkara haqq qazandırmağa çalışırdılar. Bir təqdimatda onun bu cinayəti törədərkən "şüurunun yerində olmaması faktı"nı irəli sürsələr də, Doktor Məzhər Osmanın başçılığındakı həkim heyəti bunu təsdiqləmədi.

Sonradan həkimlərin rəyini "tərəfkeşlik edilib" adı ilə məhkəmə qəbul etməyib, qatilin müayinəsini ingilis həkiminə tapşırır.

Bu uydurma rəy əsasında M.Torlakyan ingilis işğal məhkəməsi tərəfindən bəraət alır. Bundan sonra M.Torlakyan İstanbuldakı bir erməni Patriarxlığına təslim edilir, tez zamanda gəmi ilə Yunanıstanın  Pire şəhərinə göndərilir. Yunanıstandan isə onun ABŞ-a getdiyi qeyd  olunmaqdadır. Araşdırılan sənədlərdən onun Trabzonda doğulduğu və burada Darülmüəllimdə təhsil aldığı, sonra ailəsi ilə Rusiyaya getdiyi, erməni ordusuna da könüllü olaraq yazıldığı bildirilir.

Məhkəmədə şahid qismində ilk olaraq B.Cavanşirin qardaşı Cəmşid, sonra xəstəxananın həkimi C.Hil, xanımı Tamara Velkonskaya, Qalatasaray Mərkəz Polis bölməsinə mənsub 250 saylı türk polis məmuru Əli Əfəndi çıxış etdilər.

Şahid qismində məhkəmədə çıxış edən Azərbaycan Parlamentinin sabiq üzvü, "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli bu sözləri dedi: "Rus inqilabından əvvəl Cavanşir məşhur bir mühəndis idi və sırf məsləki ilə məşğul olub siyasi işlərə qarışmazdı. İnqilabdan sonra namuslu bir millətpərvər olaraq, Azərbaycan siyasəti və milli məsələlərə qoşuldu. Azərbaycan hökuməti təşəkkül etməzdən öncə özü  Müsavat Partiyasına mənsub idi. Azərbaycan Mərkəzi Komitəsinin üzvü olan Behbud xan Cavanşir Mərkəzi Milli Komitənin də üzvlərindən idi. Müsəlman və ermənilər arasında olan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Cavanşir Müsavat Partiyasının ancaq bir üzvü idi və zənginliyinə baxmayaraq, bu partiyada çox böyük nüfuz sahibi deyildi. Cavanşir çox sülhpərvər olub, ermənilər və müsəlmanlar tərəfindən təşkil edilən heyət üzvü olaraq Gəncə və Qarabağa getdi və erməni-müsəlman münaqişəsini sülh yolu ilə həll etməyə məmur oldu. Cavanşirin Bakı erməniləri arasında da bir xeyli dostu var idi. İlk təşəkkül edən Azərbaycan hökumətində Daxili İşlər naziri olmuşdu. Nazirliyi dövründə fəal adam olduğundan ermənilər və müsəlmanlar ondan çox razı idilər. Behbud xan Cavanşirin nazirliyi dövründə Ermənistanın heç bir tərəfində milli iğtişaşlar olmamışdı. Azərbaycan və Türk ordusu Bakını aldıqdan və hökumət Gəncədən Bakıya gəldikdən sonra Behbud xanın əmrləri və  tədbirləri sayəsində Bakıda asayiş və intizam bərpa olundu və heç bir nümayiş olmadı".

Məhkəmədə çıxış edən erməni şahidləri isə B.Cavanşirin ünvanına "şər və böhtan" ifadələri işlədir, onu ermənilərin qətlində günahkar sayır, Bakı alınarkən "üç minə qədər erməninin öldürülməsi" əmrini onun verdiyini qeyd edirdilər.

Erməni şahidləri məhkəmə prosesində bütün şantaj vasitələrindən istifadə edirdilər. Onlar 1918-ci il sentyabrın 15-də Bakı azad edilərkən F.X.Xoyski və B.Cavanşirin əhaliyə müraciətlə yazdıqları bəyannaməni sanki ermənilərin qətlinə başlanması sənədi kimi təqdim edirdilər. Həmin sənədin qəzetdə yayımlanan bir müraciət olduğunu çıxışında bildirən Ş.Rüstəmbəyli bu izahatı vermişdi: "Bu əmrnamədə bəzi məsuliyyətsiz şəxslərin soyğun və qəsblərə yol verdiyini, onların hərbi məhkəmələrdə cəzalandırılmasını bildirirdi".

Digər erməni şahid (Təhməzyan) isə əslən trabzonlu olduğunu, 1916-cı ildə Bakıya getdiyini, Bakı azad olunarkən B.Cavanşirin və F.X.Xoyskinin verdiyi bəyannamədə ermənilərdən başqa "hər kəsin işi-gücü ilə" məşğul ola biləcəyinin qeyd olunduğunu, ermənilərin bundan qorxub küçələrə çıxa bilmədiyini söyləyir.

Məhkəmədə ifadə verən Kirkor Əmiryan da 1918-ci il sentyabrın 15-də Bakının azad olunmasından sonra ermənilərin F.X.Xoyski və B.Cavanşirin göstərişi ilə qətl edildiyini söyləyir və həqiqətə uyğun olmayan ifadələr verir.

Pavel Teğyan adlı bir erməni (özünü həm də rusiyalı zabit kimi təqdim edir) də 1918-ci ildə Bakıda olduğunu, Behbud xanın "qətliamlar"da məsuliyyət daşıdığını bildirir.

Digər şahid olaraq ifadə verən xanım Arus Xandanyan isə "yetimlərinin" B.Cavanşir tərəfindən qətl edildiyini, ondan bunun cavabını soruşduqda, köməkçilərindən birinə onu döyməyi əmrini söyləyir.

Erməni şahidlərin bu yalan ifadələrinə baxmayaraq, B.Cavanşirin rus millətindən olan həyat yoldaşı Tamara Velkonskayanın məhkəmədə bu sözləri də eşidilmişdi: "Həyat yoldaşım daima Azərbaycan müsəlmanları ilə ermənilər arasında sülh və barışığın təmin və təsisinə çalışırdı. Həyat yoldaşım heç bir zaman nə erməni qətliamlarında iştirak etmiş və nə də bu kimi qətliamlarda məsul olmuşdur. 1918-ci ilin martından, yəni Bakıdan çıxdıqdan sonra həyat yoldaşım təhlükədə olduğunu, erməni qətliamlarından məsul və ya qeyri-məsul  olması dolayısı ilə deyil, fəqət müsəlman olduğu cəhəti ilə ermənilər tərəfindən haqqında nifrət yarandığını bilirdi".

Həmin məhkəmədə Ə.Ağaoğlunun qızı, məhkəmədə vəkillik edən Heydər Rifət bəyin katibəsi, sonradan Türkiyədə tanınmış hüquqşünas-vəkil olan Sürəyya Ağaoğlu da iştirak edirdi. Şahidlərdən Qacar nəslindən olan Ziba xanım, Qara Ağazadə, Əhməd Həmdi Qarağazadə, Yusif bəy Qasımov ifadələrində ermənilərin müsəlmanlara qarşı törətdikləri vəhşilikləri qeyd edirlər.

B.Cavanşirin ölümündən sonra qardaşları  Cəmşid və Surxay Türkiyədə qalıb yaşadılar, Azərbaycana qayıtmadılar. Həyat yoldaşı Tamara Velkonskaya isə Rusiyaya qayıdıb, ömrünün sonunadək ailə qurmadan Moskvada tənha yaşayır.

Sovet rejimi dövründə B.Cavanşirin Azərbaycanda yaşayan qohumlarını təqib etdilər, sürgünə göndərdilər. Onun bacısı oğlu Ənvər Cavanşir 1948-ci ildə sürgündən qayıdarkən, Moskvada yaşayan B.Cavanşirin həyat yoldaşı Tamara xanımla görüşür. Ondan "nə üçün ailə qurub yaşamadınız?" sualına Tamara xanım belə cavab verir: "Behbud xan kimi bir insan tapmaq qeyri-mümkündür".

 





09.02.2018    çap et  çap et