525.Az

“Qardaşının səsini qazana bilməyən Rüstəm İbrahimbəyov xalqın səsini necə qazanacaq?!”


 

“Qardaşının səsini qazana bilməyən Rüstəm İbrahimbəyov  xalqın səsini necə qazanacaq?!”<b style="color:red"></b>

“RÜSTƏM İBRAHİMBƏYOV HƏTTA RADİKAL DÜŞƏRGƏNİN VAHİD NAMİZƏDİ OLSA BELƏ, ÇOX ZƏİF VƏ UĞURSUZ NAMİZƏD OLACAQ” 

Məlum olduğu kimi, srağagün Azərbaycan Milli Sülh Komitəsinin plenum iclası keçirilib. Milli Sülh Komitəsinin sədri, Xalq yazıçısı Maqsud İbrahimbəyovun sədrliyi ilə keçirilən iclasda 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri də müzakirə olunub.

Müzakirələrin nəticəsi olaraq Milli Sülh Komitəsi qarşıdakı seçkilərində dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməklə bağlı qərar verib. Artıq bu məqam ciddi müzakirə mövzusuna çevrilib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Milli Sülh Komitəsinin sədri, Xalq yazıçısı M.İbrahimbəyovun addımının təbii qarşıladığını bildirib. O, M.İbrahimbəyovun bu yanaşmasını müsbət qarşıladığını deyib: “Hesab edirəm ki, Maqsud İbrahimbəyovun rəhbəri olduğu Milli Sülh Komitəsinin prezident seçkilərində İlham Əliyevi müdafiə etməklə bağlı verdiyi bəyanat təbii qarşılanmalıdır. Mən buna müsbət baxıram. Hər kəs öz seçimində sərbəstdir. Bir daha bəyan etmək istəyirəm ki, 2013-cü ilin president seçkilərinin ən güclü namizədi, favoriti cənab İlham Əliyevdir. Maqsud İbrahimbəyovun qardaşı Rüstəm İbrahimbəyova geldikdə isə, bu adam öz qardaşının səsini qazana bilmirsə, bəs bu xalqın səsini necə qazana bilər?! Göründüyü kimi, öz doğmalarının səsinə layiq olmayan adamın bu cür iddiaya düşməsi sadəcə gülüş doğurur. Rüstəm İbrahimbəyov hətta radikal düşərgənin vahid namizədi olsa belə, çox zəif və uğursuz namizəd olacaq”.

BAXCP funksioneri 1998-ci ildə Əbülfəz Elçibəyin vahid namizədliyini qəbul etməyən İsa Qəmbərin Rüstəm İbrahimbəyova güzəştə gedəcəyinə inanmadığını da qeyd edib.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Ramil Hüseynov isə Maqsud İbrahimbəyovun rəhbərlik etdiyi Milli Sülh Komitəsinin prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək barədə mövqeyinə münasibət bildirərkən bunları qeyd edib: “Qardaşının, qohumlarının dəstəyini qazana bilməyənlər xalqın dəstəyini qazanmaqdan və hakimiyyətə gəlməkdən dəm vururlar. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov özünü bu oyuna salmaqla olan hörmətini də tamamilə itirdi. O nə qədər ki, bu proseslərdə iştirak edəcək, onun ictimai nüfuzuna zərbə olacaq. Siyasi nüfuzu olmayan biri xalqın dəstəyindən necə danışır. Bədən tərbiyəsi bədənin tərbiyə olunmasi anlamını verir. Yəni ki, insan müəyyən idmanla məşğul olur və bədənini tərbiyələndirir. Bunu hamı edə bilər. Lakin bir də var mənəviyyatin, əxlaqın tərbiyələndirilməsi. Bu isə çox çətin bir prosesdi. Bəzi ortada olan “liderlər” məhz bu xəstəlikdən əziyyət çəkirlər. Onlara Allahdan şəfa diləyirəm”.

AQİL

 





20.06.2013    çap et  çap et