525.Az

İranda yeni prezident: xarici siyasətdə islahatların sərhədləri


 

İranda yeni prezident: xarici siyasətdə islahatların sərhədləri<b style="color:red"></b>

Qonşu dövlətdə islahatçıların namizədi iqtidara gəldi. Onun hansı yenilikləri edəcəyi isə hələ dəqiq məlum deyil. Ekspertlər İranın xarici siyasətinə üç amilin ciddi təsir etdiyi fikrini irəli sürürlər. Lakin onların heç biri müəyyən çərçivədən kənara çıxa bilmir. Bu, özlüyündə mürəkkəb ziddiyyətlər yaradır. Yeni prezidentin fəaliyyətinə bu kontekstdə nəzər salmaq lazım gəlir.

Strateji məqsədlər və ziddiyyətlər

İranda prezident seçkisinin gedişini dünya ictimaiyyəti diqqətlə izlədi. Əksər ekspertlər bu ölkənin xarici siyasətində köklü dəyişikliklərin olmayacağını düşünür. Buna baxmayaraq, hansı siyasi qanada məxsus namizədin qalib gəlməsinə ciddi əhəmiyyət verilir. Belə yanaşmanın konkret səbəbləri vardır. Böyük dövlətlər üçün İranda hansı siyasi-ideoloji cəbhənin nümayəndəsinin ölkəni idarə edəcəyi maraqlıdır.

Artıq məlumdur ki, seçkidə islahatçıların namizədi qalib gəlib. O, Həsən Ruhanidir. 1948-ci il noyabrın 12-də İranın Semnan vilayətinin Sürxə şəhərində doğulan Həsən Ruhani ibtidai təhsilini dini məktəblərdə alıb, 1969-cu ildə Tehran Universitetinin hüquq fakültəsinə daxil olub, hüquq ixtisası üzrə təhsilini Britaniyada davam etdirib. İran İslam inqilabının banisi İmam Xomeyninin ən yaxın silahdaşlarından sayılan Həsən Ruhani inqilabdan əvvəl dəfələrlə siyasi təzyiqlərə məruz qalıb. O, inqilabdan sonra bir sıra məsul vəzifələrdə çalışıb, 1980-2000-ci illərdə İran İslam Şurası Məclisinin deputatı olub. 1980-1983-cü illərdə İran Dövlət Teleradio (Səda və Sima TV) Təşkilatının rəhbəri olan Həsən Ruhani uzun illər İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının baş katibi vəzifəsində çalışıb, dəfələrlə İranın ali mükafatları ilə təltif edilib. Yeni prezident "Milli təhlükəsizlik və nüvə diplomatiyası” kitabının müəllifidir. Onun siyasi leksikonunda "mötədillik” əsas yer tutur. Hər cür radikalizmə və ekstremizmə qarşıdır. Həsən Ruhani Qərblə dialoqun tərəfdarıdır. O, bu üsulla ölkəni təcriddən və sanksiyalardan qurtara biləcəyinə inanır. ABŞ-la münasibətləri çox mürəkkəb hesab edir. Lakin "rasional və mötədil siyasətlə” uğur qazanmağı mümkün sayır.

İranın nüvə proqramı ilə əlaqəli olaraq daxildə konsensusa, beynəlxalq münasibətlərdə isə qarşılıqlı anlaşmaya nail olmağı mühüm hesab etdiyini deyir. Suriya probleminin həll edilməsi üçün vasitəçi olmağa hazırdır. Ancaq hakimiyyətlə müxalifətin dialoquna önəm verir. Bu mənada Amerikanın mövqeyini düzgün hesab etmir. Nəhayət, İrandakı sosial problemlərin həlli üçün mərkəzi orqanların bəzi səlahiyyətlərinin yerli orqanlara verilməsini vacib sayır. Hər şeyin hakimiyyətin əlində cəmləşməsinin perspektivi olmadığını vurğulayır.

Onu deyək ki, Həsən Ruhanini Məhəmməd Xatəmi və Rəfsəncani də dəstəkləmişdi. O, islahatçı qanadın vahid namizədi idi. İranlılar seçkinin nəticələrindən məmnunluqlarını ifadə edirlər. Bundan əvvəlki seçkidə müşahidə edilən saxtalaşdırmanın olmaması onları sevindirib. İranda səsvermə hüququ olanların 72 faizdən bir qədər çoxu seçkidə iştirak edib. Həsən Ruhani seçicilərin təqribən 51 faizinin səsini qazanıb.

Bunlar İranda prezident seçkisinin baş tutduğu və Qərbi də qane edə biləcək nəticənin alındığı təəssüratı yaradır. Ancaq dini lider Xamneyinin səsvermə zamanı "Amerikada bəziləri seçkinin nəticələrini tanımayacaqlarını deyirlər. Biz onlara zərrə qədər də fikir vermirik”, fikrini işlətməsi vəziyyətin dolaşıq olduğunu göstərir. Digər tərəfdən, geniş miqyasda İranın hazırkı siyasi mənzərəsinə nəzər salanda bir qədər fərqli məqamları müşahidə etmək mümkün olur.

İranın xarici siyasətində hər hansı ciddi dəyişikliyin olacağı gözlənilmir. Faktiki olaraq, Tehran tutduğu geosiyasi mövqenin ziddiyyətləri içərisində çabalamaqdadır. İran bir tərəfdən, müasir qlobal geosiyasi mənzərədən narazılıq ifadə edir, digər tərəfdən isə, məhz mövcud şərtlər daxilində regionda və dünyada nüfuz sahibi olmağa çalışır. Bundan başqa, İranın siyasi dairələri ölkənin regional miqyasda çox əhəmiyyət daşıdığı haqqında danışırlar, lakin eyni zamanda, ölkənin strateji aspektdə yalnız qaldığını deyirlər. Yəni normal halda geosiyasi əhəmiyyəti böyük olan dövlət strateji baxımdan yalnız olmamalıdır. Əgər belə vəziyyət yaranıbsa, burada ciddi bir ziddiyyət vardır (bax: Farideh Farhi, Saideh Lotfian. Iranian Foreign Policy After the Election Realists and Islamic Idealists Face Off // "Foreign Affairs", 13 iyun 2013). İranın xarici siyasətinin perspektivlərinə bu amillərin qarşılıqlı təsirləri prizmasından nəzər salmaq daha doğru olardı.

Üç mövqenin ortaq məxrəci

Görünür, kimliyindən asılı olmayaraq, hakimiyyətə gələn hər bir siyasi qüvvə yuxarıdakı şərtlər daxilində yaranmış çərçivələrdən kənara çıxa bilməz. Ölkənin xarici siyasətinin başlıca prinsipi milliyyətçilikdir. Konkret desək, qlobal tələblərə rəğmən, İranın milli suverenliyinin mütləq təmini əsas məqsəddir. Bu, özünü iki aspektdə göstərməlidir – Yaxın Şərqdə ölkənin oynadığı rolu gücləndirməkdə və İslam kimliyini saxlamaqda.

Həmin məqamlar yeni prezidentin də çox ehtiyatlı davranmasını tələb edir. Belə ki, o, özünü İranın milli maraqlarını müdafiə edən siyasətçi kimi təsdiq etməlidir. Əks halda, ən yaxşı addımlarını belə Qərbə güzəşt jesti qismində qiymətləndirəcəklər. Bu da ölkədə siyasi ziddiyyətlərin dərinləşməsinə aparıb çıxara bilər. Belə bir vəziyyətdən islahatçıların siyasi rəqiblərinin yararlanmağa çalışacağına şübhə etmirlər. Həmin kontekstdə nəzərə almaq lazımdır ki, ölkənin xarici siyasətində hazırda üç əsas siyasi istiqamət mövcuddur.

Onlar idealistlər, regional balans tərəfdarları və qlobal balans tərəfdarlarıdırlar (bax: yuxarıdakı məqaləyə). İdealistlər İslamda məzhəbçiliyə son qoymağı strateji hədəf kimi qəbul edirlər. Onlar ideal İslam birliyinin mümkünlüyünə inanırlar. Bunun üçün Tehranın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində fəaliyyətini gücləndirməsini tövsiyə edirlər. Bu mövqenin tərəfdarları İslam inqilabını ixrac etmək fikrindən imtina ediblər. Lakin bütün müsəlman dünyasında məhz dini əsaslarla idarə edilən dövlətlərin olmasında israrlıdırlar.

Demək lazımdır ki, hazırda sırf idealist mövqedə olan siyasətçilər azlıq təşkil edir. Adətən, burada regional balansla İslami dövlət anlayışlarının sintezi müşahidə edilir. Məsələn, dini lider ayətullah Əli Xamneyi və keçmiş prezident Məhəmməd Xatəmi bu kateqoriyaya aiddirlər. Özlüyündə regional balans tərəfdarları da aqressiv və mötədil qruplara bölünürlər. Onların əsas məqsədi İranın regional liderliyini təmin etməkdən ibarətdir. Bunun üçün geosiyasi balans yaratmaq lazımdır. Onun yolu isə ölkənin güclü iqtisadiyyata, elmi-texnoloji infrastruktura malik olmasından keçir. Bunun üçün dörd əsas məqama diqqət yetirilməsini əhəmiyyətli sayırlar: ölkənin ərazi bütövlüyünün təmini, beynəlxalq təcriddən qurtulmaq, xarici ticarətin inkişaf etdirilməsi, sərmayələrin artırılması və regionun demilitarizasiyası.

Nəhayət, qlobal balans tərəfdarları hədəf kimi ABŞ-la münasibətlərin tənzimlənməsini görürlər. Onları regional miqyasda qüvvələr balansının təmini elə də maraqlandırmır. Amerikanın bir geosiyasi güc olaraq qlobal miqyasda dominant rol oynaması amilini əsas götürərək, bu məqama diqqət yönəltməyin dövlətin strateji maraqlarına uyğun olduğunu deyirlər. Lakin həmin xəttin tərəfdarları azlıq təşkil edir. Eyni zamanda, onlar da aqressiv və mötədil qanada bölünürlər. Məsələn, prezidentliyə namizəd olmuş Səid Cəlili ABŞ-a müqavimət göstərməyi düzgün sayır. Bu mənada sanksiyaların tətbiqini müsbət hadisə kimi qiymətləndirir. Çünki yaranmış vəziyyət "İranın milli potensialını səfərbər etməyə imkan verir”.

Vurğulanan üç müxtəlif mövqenin xarici siyasətə təsir edəcəyi şübhə doğurmur. Onlar arasında ciddi fərqlər olsa da, ümumi məqsəddə birləşirlər. İndi əsas məsələ bu yanaşmalardan hansının daha optimal olduğunu müəyyənləşdirməkdən ibarətdir. Məhz həmin məqamda fikir və mövqe birliyi yoxdur. Ona görə də istənilən anda mövcud qruplaşmalar arasında gərginlik yarana bilər. Yeni prezidentin bu amili nə dərəcədə nəzərə alacağı aydın deyil.

Bütün bunlar İranda prezident seçkisinin böyük mənada ölkənin xarici siyasətində köklü dəyişiklik etməyəcəyi qənaətini yaradır. Lakin Həsən Ruhani daxildə liberal addımlar ata bilər ki, bu da cəmiyyəti konsolidasiya etməyə xidmət etmiş olar. Deyək ki, yeni prezident təbrizlilərə söz verdiyi kimi, Azərbaycan dili və ədəbiyyatı ilə bağlı müsbət addımlar atsa, azərbaycanlılar onu dəstəkləyə bilər. Eyni məntiqlə İranda yaşayan digər xalqlarla bağlı demokratik qərarlar qəbul olunması müsbət nəticələr verə bilər. Daxili birliyini möhkəmlətməklə, İran regionda yeni səviyyədə geosiyasi rol oynaya bilər. Gerçəkdə nələrin olacağını zaman göstərəcək.

Newtimes.az

 





20.06.2013    çap et  çap et