525.Az

Avropanın “Axilles dabanı”


 

Avropanın “Axilles dabanı”<b style="color:red"></b>

İkinci Dünya müharibəsi Avropa həyatında  dönüş nöqtəsi yaratdı: bir-birini qıran, bütün dünyanı da qana bulayan və nəticədə, yenə də Qərb sivilizasiyasının planetar dominantlığına  yeni mərhələ açan Avropa, nəhayət, birləşməkdən başqa çarəsinin qalmadığını anladı. Bu zərurət pillə-pillə  Avropa İttifaqını ərsəyə gətirdi. Avropa İttifaqı isə ümumən bəşəriyyətin həyatında tərəqqi yaradan yeni bir epoxanın əsasını qoymuş oldu. Bütün dünyada demokratiya hərəkatı gücləndi, İnsan Azadlığı və Dövlət Suvereniteti idealları öz  təntənəsinə çatdı. Sovet İttifaqının yıxıldığı və yeni müstəqil dövlətlərin yarandığı illərdə də Avropa İttifaqı dövlətləri  inkişaf etmək və dəyişilmək istəyən dünyaya bir örnək rolunu oynayırdı. Xüsusilə Rusiyanın caynağından qopan gənc suveren respublikaların liderləri güclü bir dayaq kimi “Avropaya inteqrasiya” zərurətini dönə-dönə dilə gətirirdilər. Qərb sivilizasiyasının Avropa məkanı – köhnəliyə qarşı yenilik, mütləqiyyətə qarşı demokratiya, cəhalətə qarşı maarifçilik, apatiyaya qarşı mübarizlik, diskriminasiyaya qarşı bərabərlik, sosial-siyasi dayanıqsızlığa qarşı sabit inkişaf alternativləri ilə mütərəqqi bir platformanı təmsil edirdi. Avropa İttifaqının Şərqə doğru genişlənməsi romantika qarışıq çılğın optimizmlə müşayiət olunurdu və bu prosesi  dəstəkləyən qüvvələrin həmrəy hərəkatı formalaşırdı. Avropa quruculuğunun təqribən yarım əsrlik tarixində təşəkkül tapmış Avropa dəyərlərinə bütün dünyada gerçək əsası olan bir etimad yaranmışdı.

Modernləşmə və tərəqqi amilini özünün prioritetləri səviyyəsinə qaldıran Avropa İttifaqı dövlətləri daxili inteqrasiyanın bütün imkanlarını səfərbər edərək birlikdə dünyanın aparıcı siyasi-iqtisadi qüdrətinə çevrilə bilmişlər. Hazırda Avropa İttifaqı – ərazisinə görə dünyada yeddinci (4 324 782 kv. km.), əhalisinə görə üçüncü (501 064 211 nəfər), ümumdaxili məhsulun həcminə (17,577 trilyon) görə isə birincidir. Dünya iqtisadiyyatının təqribən beşdə birinə sahib olan Avropa İttifaqı bu iqtisadiyyatın bütün şəbəkələri üzrə  qırılmaz tellərlə bir-birinə bağlıdır. “Avropa standartları” – bütün dünyada yüksək keyfiyyət göstəricisinin sinonimidir. Ən çox inkişaf etmiş Avropa dövlətləri müasir texnologiyaların yaradılması və tətbiqinin, yüksək həyat səviyyəsini təmin edən sosial siyasətin həyata keçirilməsinin geniş praktikasına malikdir. Avropa dövlətlərində yüksək işgüzar mühit mövcuddur. Avropa İttifaqı qanunları çərçivəsində həm bu ölkələrin vətəndaşlarının, həm də xarici dövlətlərin, investorların və sahibkarların buradakı bazar iqtisadiyyatının orbitinə daxil olaraq, müvafiq biznes fəaliyyətləri ilə məşğul olması üçün də geniş imkanlar vardır. Burada xüsusi olaraq vurğulamalıyıq ki, ölkəmizin dünyada əsas iqtisadi tərəfdaşı da – məhz  Avropa İttifaqıdır. Azərbaycan Respublikasının Prezidentinin çıxış və bəyanatlarında, dövlətimizin Milli Təhlükəsizlik Konsepsiyasında da Avropaya inteqrasiya siyasəti prioritet istiqamətlərdən biri kimi öz əksini tapır. Deməli, qarşılıqlı şəkildə həm Avropa İttifaqı, həm də Azərbaycan daxil olduqları regionda sülh və sabitliyin bərqərar olmasının ciddi marağındadırlar. Avropa İttifaqı Azərbaycanda, Azərbaycan isə Avropa İttifaqında cərəyan edən prosesləri diqqətlə izləyir və adekvat addımlar atırlar. Dünya birliyinə qlobal inteqrasiyanın ümumi tendensiyasında Avropa İttifaqı və Azərbaycan bir-birinin inkişafına lazım olan dəstəyi verir və siyasi-iqtisadi layihələrin birgə həyata keçirilməsində əməkdaşlıq edirlər.

Əlbəttə, Avropa İttifaqının müəyyən strukturlarının Azərbaycana münasibətində bir sıra qərəzli və ziddiyyətli məqamların olduğu da danılmazdır. Bəzən demokratiya tələbləri örtüyündə verilən subyektiv bəyanatların ölkəmizin daxili işlərinə qarışmaq və ya neft-qaz layihələrindən birtərəfli qaydada  öz maraqlarını təmin etmək, Azərbaycanın müstəqil iqtisadi siyasətinə təsir etmək anlamına gələn cəhdlərlə, hətta təzyiq kampaniyaları ilə müşayiət olunması da real faktlardır və yolverilməzdir.

Proseslərin analitik təhlili göstərir ki, bu gün Avropa məkanında hökm sürən böhran iqtisadiyyatın bütün spektrlərində geriləmə, dövlət borcunun ümumdaxili məhsula nisbətdə xeyli yüksəlməsi və nəticə etibarilə sərt büdcə qənaəti tədbirləri ilə müşayiət olunur. İlk baxışdan getdikcə sərhədləri genişlənməkdə olan həmin böhranın kökündə yalnız iqtisadi səbəblərin dayandığı təəssüratı yaranır. Əlbəttə, 2007-ci ildən etibarən qlobal maliyyə böhranının regiona təsiri, Avropa İttifaqına daxil olan ölkələrin iqtisadiyyatları arasında kəskin fərqlərin mövcudluğu, vahid iqtisadi tənzimləmənin həyata keçirilməməsi böhranın dərinləşməsinə şərait yaradan iqtisadi səbəblərdəndir. Lakin böhranın dərin qatlarında dayanan ciddi siyasi səbəblər də mövcuddur ki, onların üzərindən səthi keçmək mümkün deyil. İqtisadi idarəetmə modelinin təkmil formaları ilə digər ölkələrə nümunə olan, balanslaşdırılmış iqtisadi siyasət aparılmasının vacibliyini hər addımbaşı vurğulayan və dünya miqyasında iqtisadi geriləmənin qarşısının alınmasına, yeni iqtisadi islahatların keçirilməsinə dair çoxcildli tövsiyələr hazırlayan Avropa İttifaqının özünü çulğayan böhran prosesləri həmin dərin qatlardakı siyasi səbəblərə diqqət yetirməyi tələb edir. Bu gün böhran məngənəsində sıxılan Yunanıstan, İspaniya, İtaliya, Portuqaliya kimi dövlətlərin böhrandan əvvəlki və böhran  dövründəki siyasi mühitinə nəzər saldıqda, bir çox “qaranlıq” mətləblərə aydınlıq gətirmək mümkün olur. Belə ki, son iki onillikdə bu ölkələrdə hakimiyyətə gələn siyasi qüvvələr tərəfindən ölkə əhəmiyyətli problemlərin həllinə kompleks və sistemli yanaşmaq əvəzinə, tamamilə əksinə olaraq  “parlaq sosial rifah”, “yüksək təminatlı həyat” vədləri ilə ötəri siyasi dividendlər əldə etməyə yönəlmiş siyasətin ön plana keçdiyinin şahidi oluruq. Həmin siyasi qüvvələrin mövcud problemlərin köklü şəkildə həllini nəzərdə tutan praqmatik proqramlarla çıxış etmək əvəzinə, siyasi rəqabət meydanında öz sosial dayaqlarını möhkəmləndirmək, seçkilərdə daha çox səs qazanmaq naminə  gerçəkliyi əks etdirməyən bu cür vədlər vermələri seçki sonrası mühitin bir az da mürəkkəbləşməsinə, sosial-siyasi iddialarla real iqtisadi- maliyyə vəziyyətinin  kontrastına  gətirib çıxaran faktorlar kimi çıxış edir. Belə məsuliyyətsiz vədlər və bəyanatlar səpələyən siyasi qüvvələr hakimiyyətə gəldikdən sonra verdikləri “sözün” üstündə dayanmaq üçün canfəşanlıq göstərərək,  daha çox büdcə vəsaitləri tələb edən siyasət kursunu yeritməyə məcbur və məhkum olurlar. Lakin bir çox hallarda  “sosial vədlər” kursu ölkənin mövcud maliyyə imkanları və iqtisadi inkişaf tempi ilə qeyri-mütənasiblik təşkil edir. Bununla da, ölkə xarici borclanmanı daxili maliyyə ehtiyaclarının ödənilməsi üçün yeganə vasitə kimi görür. Bu ziddiyyətli proses iqtisadi böhranın dərinləşməsinə və kütləvi etirazlarla müşayiət olunan xaotik hadisələrin növbəti mərhələdə qeyri-sabitliyə, hətta inqilabi çevrilişləri  xatırladan siyasi böhran fazasına keçməsinə səbəb olur. Bu gün Yunanıstan, İtaliya kimi dövlətlərdə tez-tez müşahidə olunan  hökumət dəyişiklikləri məhz həmin siyasi böhranın simptomlarıdır.

Artıq bu gün Avropanın əksər ölkələrində vətəndaşla hökumət arasında inamsızlıq mühiti formalaşmışdır. Mövcud iqtisadi problemlərin həllinin yeganə yolu kimi görünən sərt büdcə qənaəti tədbirlərinin cəmiyyət tərəfindən kütləvi narazılıqla qarşılanması, yağlı vədlər verərək hakimiyyətə gəlməyi adət halına gətirmiş siyasi dairələrin hakimiyyətə yiyələnən kimi sərt iqtisadi siyasət kursuna keçməsi – iş yerlərinin kütləvi ixtisarı, sərt qənaət tədbirləri, vergi dərəcələrinin kəskin artımı ilə müşayiət olunan siyasət yürütmələri bu inamsızlığı daha da dərinləşdirən amillər kimi görünməkdədir.

Sosial-siyasi mədəniyyət sahəsində olduğu kimi, bədii-intellektual və dini mədəniyyət sferasında da Avropa sivilizasiyasının “dəyərsizləşmə böhranına” uğradığını görməmək mümkün deyil. Avropa incəsənətinin bir çox istiqamətlərində klassik mədəniyyət dəyərlərindən şüurlu şəkildə imtina edildiyi, modernist və post-modernist cərəyanlara “bütpərəstliyin”  daha da möhkəmlənməsi  burada mədəni-estetik dəyərlərin İnsan mahiyyətindən, onun mənəvi zənginliklərini əks etdirən humanistik  mövqedən addım-addım uzaqlaşdığını göstərir. Avropa məkanında mədəniyyət münasibətlərinin özü də getdikcə daha çox “bazar” münasibətlərinə çevrilir. Əgər biz bu gün Qərb sivilizasiyası məkanında hansı elmi-kütləvi, bədii, publisistik əsərlərin, rəssamlıq, boyakarlıq, heykəltəraşlıq nümunələrinin daha çox satılması, hansı musiqiçilərin, aktyorların gündəmdə olması statistikasına nəzər yetirsək, dəhşətli bir “zövqsüzlük vakxanaliyasının” şahidi olarıq.

Son yüzilliklərdə dünya elminin lokomotivi olan Avropada, xüsusilə humanitar mədəniyyət sahəsində  hal- hazırda acınacaqlı vəziyyət hökm sürür: burada fundamental elmi axtarışlar, demək olar ki, arxa plana keçib, Avropa alimləri daha çox “fraqmental məsələlər” üzərində, siyasi maraqlar üzərində “fokusa gətirilən xırdalıqlar” üzərində işləməyə üstünlük verməyə başlayıblar. Ədəbi-fəlsəfi düşüncə praktikasında strukturalist və post-strukturalist metodologiyalar daha effektli və konstruktiv yanaşmaları sıxışdırıb aradan çıxarır. Poetikadan dünyagörüşünə qədər bədii sənətin bütün sahələrində amorflaşma, montajlama, fraqmentarlıq və virtuallıq xassələri daha çox qabarır. Bütövlükdə, Qərb estetik mədəniyyətində  “quru” publisistika – bədiiliyi,  ekstravaqantlıq – təbiiliyi, informativlik – zənginliyi və çoxqatlılığı, kütləvilik – elitarlığı, detektiv macəraçılıq – dramatikliyi, disharmoniya isə harmoniyanı üstələyir. Yaradıcılıq təxəyyülü  ilahi bir vergi, müstəsna bir qabiliyyət kimi getdikcə öz əhəmiyyətini itirir.Əvəzində populizm, formalizm kimi süni  vasitələrilə diqqəti cəlbetmə canfəşanlığı “dəyər” ölçüləri alır. Məsələn, küçədə, camaatın gözü qarşısında fırçanı və rəngli boyanı əlinə alıb kətanın üzərinə kəskin hərəkətlə çiləyən adam – rəssam, onun sadəcə rəng qarışığı sıçradılmış “tablosu”  isə sənət əsəri hesab edilir. Bədii sənətdə artıq İnsan qəlbinin çırpıntıları hiss olunmur.  Bu gün dəyəri milyonlarla dollara çatan bir çox əsərlərin “top-reytinqinə” baxanda təkcə “zövqsüzlük vakxanaliyasına” deyil, həm də gündən-günə dərinləşən maliyyə böhranı şəraitində  bu qədər pulların nəyə xərclənməsi kimi intəhasız bir israfçılığa mat qalmamaq mümkün deyil.

Avropa kütləvi mədəniyyətində  “səthiləşmə” və “dayazlaşma”  bu ölkələrdə keçirilən sorğularda da əyani şəkildə öz əksini tapır.  Belə ki, əhali arasında siyasət, mədəniyyət, elm sahəsinin ciddi nümayəndələri deyil, məhz şou-biznes və ya idman dünyasının “liderləri” daha çox populyarlıq qazana bilir. Bəzən bu “sevimlilər”  öz sənətlərində peşəkarları qabaqlayıb önə keçir, siyasi, mədəni həyatda elə özləri kimi təsadüfi, populist qərarları ilə mövcud sosial-siyasi sistemin meyar və parametrlərini dəyişirlər. Mənəviyyatın bu cür “dəyərsizləşmə effekti” ilə müşayiət olunan deqradasiyasına biganəlik isə həmin tendensiyanı gündən-günə dərinləşdirir.

Avropa dəyərlərinin devalvasiyası onun təməlini yaradan ən kövrək qatın – əxlaqın aşınmasında daha dərindən duyulur. Təsadüfi deyil ki, sabiq Roma Papası XVI Benedikt Avropa sivilizasiyasının böhranını – onun mənəvi-əxlaqi əsaslarının itirilməsinə yol açan fəaliyyətlərlə bağlamışdı. Amsterdam şəhərinin mərkəzi meydanlarından birində “azad avropalıların” öz təbii ehtiyaclarını “azad surətdə” ödəməsi üçün açıq havada  açıq pisuarların quraşdırılması və “mədəni” avropalıların camaatın gözü qarşısında heç bir mənəvi kompleks hissi yaşamadan özünün “pisuar azadlığı arzusunu” gerçəkləşdirə bilməsini – bununla da əslində,  avropalıların, yumşaq desək,  “öz mədəniyyətinin içinə tüpürməsi”ni  seyr edəndə, doğrudan da  Roma Papası ilə razılaşmamaq olmur. Əxlaqi dəyərlərin aşınmasının ən ifrat nümunəsini isə Avropa həyatında gündən-günə daha da populyarlaşan  bir tendensiyada – homoseksual həyat tərzinin və eynicinslilərin evlənməsinin qanuniləşdirilməsi cəhdlərində aydın şəkildə görmək mümkündür.  Əsas olmadıqda belə seçicilərinə daha yüksək sosial rifah və az qala “cənnət”  vədləri ilə Avropada hakimiyyətə gəlməyə vərdiş etmiş siyasi liderlər indiki böhran şəraitində bu şüarların artıq inandırıcı görünmədiyini bilərək hal-hazırda yeni bir siyasi alver predmeti tapmışlar.  Əlbəttə, Avropada buna etiraz edənlər də var. Ancaq məsələ ondadır ki, Avropada kifayət qədər ictimailəşdirilən bu anormallıq – az qala “İnsan hüquqlarının təntənəsi” kimi bütün cəmiyyətin beyninə yeridilməkdədir. Halbuki Qərb mədəniyyətinin insan hüquqları və azadlıqlarına əməl edilməsi ilə bağlı sınaqdan çıxmış, təkzibedilməz bir imperativi vardır: “Mənim azadlığımın səddi – sənin azadlığının səddinə qədərdir”. Deməli, demokratik təsisatlara malik cəmiyyətdə insanların bir-birinin hüquqlarına hörmət etmək məsuliyyətləri də vardır. Burada heç kim müstəsna imtiyazlara malik olmamalıdır. Bəs nədən homoseksuallar və lezbianlar, yəni cəmiyyətin qeyri-standart həyat tərzi seçən qismi  avropalıların daha imtiyazlı təbəqəsinə çevrilir və onların “evlənmək” və “valideyn” olmaq hüquqlarından  dəm vuranlar – demokratiyanın ən ali dəyərlərinin müdafiəçisi kimi qəbul olunurlar?!  Elə buradaca hiyləgər siyasətin “oyun alətinə” çevrilmiş əxlaqsızların da məhz elə siyasətdə kiməsə gərək olduğu aydın görünür: hakimiyyətə gəlmək üçün bütün (hətta amoralist) vasitələri mümkün hesab edən  siyasətçilər düşünür ki, bu gün Avropadakı durğun sosial mühiti  “aktivləşdirmək”  üçün homoseksual yaşam tərzini ailə statusuna (!) qaldırmaq lazımdır.  Ancaq nə zamansa bu cür ekstravaqant həyat tərzi dəbdən düşəndə,  yeni siyasi liderlərin homoseksuallığa və lezbianlığa qarşı əks-kampaniyaları  onların siyasi hakimiyyətə gəlməsinə şərait yaradacaq. Siyasi riyakarlıqla cinsel əxlaqsızlığın  belə bir “ittifaqı”  artıq  humanistlikdən çox uzaq olan  eybəcər bir Avropa gerçəkliyidir. Əslində, homoseksualların və lezbianların guya hüquqlarının müdafiə edilməsi – normal ailə qurmuş, dünyaya övladlar gətirmiş vətəndaşların hüquqlarının pozulması, daha dərin mənada isə cəmiyyətin özəyini təşkil edən ailə təsisatının dağılması, ona qarşı müharibə  elan edilməsi deməkdir. Avropa sivilizasiyasının ailə dəyərlərinə belə nihilistik münasibəti onun mənəviyyatından başlayan böhranın necə təhlükəli və dərin olduğunu göstərir. Onsuz da doğub-törəməyin çətinliyini yaşayan Avropa eynicinsli “ailələrin” qurulması ilə özünü nəsil varisliyindən də məhrum etmiş olur.  Bütün bunlara doğrudan da “fərdin müstəsna hüququ” donu geyindirməklə göz yummaq da olardı. Lakin siyasi alver bununla bitmir. Avropada nəinki eynicinsli “ailələrin” qurulmasına, hətta  həmin “ailələrin” övladlığa uşaq götürməsinə də imkan verən “hüquqlar” və  “qanunlar” üzərində düşünülür və bu barədə qərarlar qəbul olunur. Bu isə artıq Avropa ifratçılığının elə bir səviyyəsidir ki, bu səviyyədən Avropa ailə mədəniyyətinin uçurumları çox aydın görünür: Artıq bəzi Avropa ölkələrində qəbul olunmuş qərarlarda kişinin kişi ilə, qadının isə qadınla yaşadığı homoseksual ailədə şərti olaraq rəsmi sənədlərdə onlardan birinin “ata”, digərinin isə “ana” statusunda qeyd olunması və ya bütün ailələrin sənədlərində  ata-ananın “Valideyn N1” və “Valideyn N2” kimi müəyyənləşdirilməsi  nəzərdə tutulur. Bu – prosesin inzibati və ya təşkilati tərəfidir, onun mənəvi tərəfi isə hələlik heç kimi düşündürmür. Ancaq az sonra uşaq  böyüyəndə başa düşəcək ki, onun “ata” və “anasının” ikisi də kişi, və ya  ikisi də qadındır. O, başqa normal ailələri, orada böyüyən uşaqları gördükdə və onların valideynlərini  “özününkülər” lə müqayisə etdikdə, hər halda onda təbii bir sual yaranacaq: Nəsil törədə bilməyən, yalnız qeyri-təbii şəhvət hissləri ilə yaşayan, anormal həyat tərzi keçirən bir ailədə o necə “doğulub”? Avropanın humanist qanunlarına görə, hətta ana bətnindəki uşağın da cəmiyyətin bir üzvü  kimi vətəndaş hüquqları vardır. Ancaq eynicinsli “ailə” bir ana bətnindən doğulan, fəqət hələ heç bir iradəsi olmayan bir körpəni – vətəndaşı  övladlığa götürür,  süni ata və süni ana bu körpənin gələcək taleyini müəyyən edir. Axı, bu körpə – klon deyil, İnsandır və onun da İnsan-vətəndaş hüquqları var!  Hələ nələrin baş verdiyini anlamayan bir körpənin – vətəndaşın aqibətini homoseksual cütlüklərin kaprizlərinə uyğun şəkildə müəyyən etmək hüququnu mənimsəməkdə dövlət nə qədər haqlıdır?   Bəs hanı mükəmməl Avropa qanunlarındakı mükəmməl “İnsan haqları”?! Bəs belə ailələrə verilən uşaqların İnsan haqları yoxdurmu və Avropada bu haqları qorumaq mümkün olmadımı?!  Belə “ailələrə” övladlığa verilən uşaqların hansı ağlasığmaz psixoloji zədələrə məruz qalacağını əvvəlcədən təsəvvür etmək heç də çətin deyil. Digər ehtimallarla yanaşı,  bu övladların  həddi-buluğa çatanda himayəsində olduğu “ailəyə” nifrət edəcəklərini, bəlkə də belə bir “ailənin” rəsmən mövcud olmasına fürsət verən cəmiyyətdən ikrahla üz döndərəcəklərini də istisna etmək olmaz. Belə olduqda bu cür psixoloji zədələrin qurbanı olan vətəndaşın cəmiyyətdə hansı addımları atacağını  kim proqnozlaşdıra bilər. Bu Avropada yeni “Anders Breyvik”lərin sayını artırmayacaqmı? Avropa üçün ən faciəlisi isə odur ki, bu uşaqlar  da böyüyəndə eynicinsli “ailə” praktikasını qəbul edib,  homoseksual  ailənin  “ata” və ya “ana” tituluna sahib olmaq istəsin və onlar da öz növbəsində  məsum bir körpəni övladlığa götürsün və  onu da  özləri  kimi əxlaqsızlıq qəfəsinə salsın. Bu cür doğub-törəməyən “ailələrin” hər dəfə bir körpəni “udması”  Avropa cəmiyyəti hansı sonsuzluğa sürükləyir? Bu azmış kimi, məsələyə yanaşmada fərqli mövqeyə malik olan Avropa dövlətlərinə Avropa İttifaqı tərəfindən təzyiqlər də edilir. Məsələn,  Konstitusiyasında ailənin yalnız  kişi ilə qadının ittifaqı əsasında yaranan bir təsisat olduğunu təsbit etmiş Macarıstandan öz Konstitusiyasına müvafiq dəyişikliklər etməsi və eynicinslilərin yaratdığı “ittifaqın” da məhz “ailə” kimi tanınması tələb olunur. Haqlı olaraq belə bir dəyişikliyi etməkdən çəkinən Macarıstan hökümətinə qarşı insan haqlarının pozulması iddiaları  irəli sürülür. Görəsən, həmişə yüksək standartlarla qavranılan Avropa dəyərləri nə üçün bu qədər aşınır, deqradasiyaya uğrayır, dəyərsizlik durumuna yuvarlanır?

Avropa uzun əsrlər boyu özünü tapmaq üçün çox çalışıb. Başı daşdan daşa dəyib. Yalnız XX əsrin ikinci yarısında özünü tapıb – böyük və möhtəşəm İttifaqını yaradıb. XXI əsrdə onun özünü “itirməsi” – zamanı geriyə döndərmək qədər anormaldır. Əgər Avropa  bunun baş verməsini istəmirsə,  gərək öz dəyərlərinin aşınmasının qarşısını alsın. Avropa sivilizasiyasının  mənəviyyat qalasının möhkəmlənməsi – həm də onun siyasi oriyentasiyalarına, vacib qərarlarına əhəmiyyətli təsir edən bir faktor kimi, Avropadaxili münasibətlərin  və eləcə də  Avropa – Dünya münasibətlərinin  düzgün əsaslar və ədalətli mövqelər üzərində inkişaf etməsinin mühüm şərtidir.  Avropaya münasibətində  təzadlı yanaşmaları olmayan, bütün səviyyələrdə optimal mövqe nümayiş etdirən Azərbaycan da məhz bunun marağındadır.

 





20.06.2013    çap et  çap et