525.Az

İctimaiyyət nümayəndələri və QHT təmsilçiləri hərbi hissələrə baş çəkiblər


 

İctimaiyyət nümayəndələri və QHT təmsilçiləri hərbi hissələrə baş çəkiblər<b style="color:red"></b>

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyası və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə iyunun 17-də Qusardakı “N” saylı hərbi hissəyə səfər təşkil olunub. İctimaiyyət və QHT nümayəndələrinin də iştirak etdikləri səfərdən məqsəd 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabit heyətini təbrik etmək, eyni zamanda hərbi hissədə yaradılan şəraitlə tanış olmaq idi. Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Hərbi xidmətdə olan gənc əsgərlərin hüquqlarının müdafiəsinə yardım və onlar arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində təşkil edilib.

“N” saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüşən səfər iştirakçıları son dövrdə Azərbaycan ordusunda müsbət dəyişikliklərin olduğunu vurğulayıblar. Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev bildirib ki, ordu quruculuğu istiqamətində görülən işlərlə yanaşı, gənclərimizə vətənpərvərlik hisslərinin aşılanması da mühüm amildir. D.Rzayev Azərbaycan əsgərinin, gəncinin mətinliyi, qorxmazlığı, hərbi bilikləri ilə fərqlənməsinin vacib olduğunu qeyd edib: “Bugün Azərbaycanda peşəkar, savadlı hərbçilər kifayət qədərdir. Zabit olmaq şərəfli və çətin yoldur. Zabit hər bir işi ilə əsgərə nümunə olmalıdır – əsgərə atəş açmağı, Nizamnaməyə riayət etməyi, formaya, böyüyə, mülki insanlara, əsgərə hörmətlə yanaşmağı əməldə göstərməlidir. Əgər zabit bunları edirsə, əsgər mütləq ondan nümunə götürəcək”. D.Rzayev Azərbaycanın qüdrətli dövlətə çevrildiyi, Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxın olduğu bir zamanda ordumuzun daha da  güclənməsinin zəruri olduğunu vurğulayıb.

“Silahlı Qüvvələrə İctimai Nəzarət” Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycan dövlətinin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində ölkəmizin büdcəsi, xüsusilə də hərbi büdcə sürətlə artıb: “Bu faktor həm də ordumuzun hərbi qüdrətinin göstəricisidir. Artıq bütün dünya başa düşür ki, biz torpaqlarımızı hərbi yolla da geri qaytarmaq iqtidarındayıq”.

Sonra hərbi hissə ilə tanış olan qonaqlar əsgər yataqxanasında və yeməkxanasında olub, əsgərlərlə birgə nahar ediblər. Görüş zamanı kəşfiyyat bölüyünün əsgərləri hərbi idman bacarıqlarını nümayiş etdiriblər. Qonaqların Fəxri fərmanla mükafatlandırıldığı görüş musiqi proqramı ilə davam edib.

İyunun 18-də isə Ağdam rayonundakı “N” saylı hərbi hissəyə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə səfər təşkil olunub. 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində təşkil olunmuş səfərdə bir qrup kütləvi informasiya vasitələri və gənclər təşkilatları nümayəndələri, həmçinin idmançılar iştirak edib.

Görüşdə Müdafiə Nazirliyinin hissələrindən birində hərbi qulluqçuların xidmət şəraiti ilə tanışlıq gerçəkləşib. Sonra jurnalistlər, baş idarənin işçiləri, gənclər təşkilatlarının üzvləri hərbi forma geyinərək Azərbaycan Ordusunun düşmənlə üzbəüz yerləşən mövqelərinə baş çəkiblər.

Həmin gün əsgər yataqxanası və yeməkxana ilə də tanış olan qonaqlar hərbi hissədə yaradılan şəraiti yüksək qiymətləndiriblər. Əsgərlərlə söhbət edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qarşıdan gələn 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabit heyətini təbrik edib. Daha sonra xidmətdə fərqlənən əsgərlər Bakı şəhər İdman və Gənclər Baş İdarəsinin Fəxri fərmanları ilə təltif edilib, əsgərlərə hədiyyələr təqdim olunub.

Sonra görüş iştirakçıları ön xəttdən yola düşərək digər hərbi hissədəki gənc əsgərlərlə görüşüblər.

Əsgərlərlə cəbhə bölgəsində birlikdə olmaqdan şərəf duyduğunu söyləyən R.Abbasov bugün bəzi qüvvələrin Azərbaycan Ordusuna hər vasitə ilə qara yaxmağa çalışdığını, Vətənin müdafiəçilərinin xidmət şəraiti barədə uydurma fikirlər səsləndirdiyini vurğulayıb. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində görülən işlər qərəzli uydurmalara ən gözəl cavabdır.

E.Həsənli deyib ki, bu gün Azərbaycan Ordusunda xidmət edən hər bir gənc bir ailənin deyil, bütün Azərbaycanın övladı, Vətənin qürurudur. Mübariz İbrahimovu, Fərid Əhmədovu, Ramil Səfərovu yetişdirən Azərbaycan Ordusuna mənfi gözlə baxmaq, ona böhtan atmaq yolverilməzdir. Silahlı Qüvvələrimizdə xidmət edən zabitlərin mənəvi-psixoloji hazırlığı çox yaxşı durumdadır və keçirilən hərbi təlimlər də bunu göstərir. Müdafiə nazirinin rəhbərliyi altında keçirilən yüksək səviyyəli hərbi təlimləri xüsusi qeyd etmək lazımdır. Bu təlimlərin böyük əhəmiyyəti var. Çünki müharibə şəraiti davam edir. Düşmən hər gün atəşi pozur və hər gün də güclü Azərbaycan Ordusu tərəfindən layiqli cavabını alır”.

Hərbi hissələrə səfərlərin mütəmadi təşkil olunduğunu deyən E.Həsənli hərbi qulluqçularla söhbət edib, zabitlərin və əsgərlərin hüquqlarının müdafiəsi, onların maariflənməsi istiqamətində bir sıra işlər görüldüyünü bildirib: “Xüsusilə, mətbuat nümayəndələrinin cəbhə bölgəsinə, hərbi hissələrə səfərlərinin təşkil olunması vacib məsələdir. Biz də təşkilat olaraq bu istiqamətdə işlər görürük. Jurnalistlərin orduya kənardan deyil, hərbi hissələrdə olub, müşahidələr apararaq qiymət verməsi əsas məqsədlərimizdən biridir. Və biz buna, qismən də olsa, nail olmuşuq”.

Sonra səfər iştirakçıları Silahlı Qüvvələrin yaranmasının 95 illiyi münasibətilə, həmçinin şəxsi heyətin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəal iştiraklarına görə Fəxri fərmanlarla təltif olunublar. Görüş hərbçilər üçün təşkil olunmuş konsert proqramı ilə davam etdirilib.

CEYHUN

 





20.06.2013    çap et  çap et