525.Az

“Təhsil müəssisələri ilə QHT-lər arasında münasibətlər istənilən səviyyədə deyil”


 

“Təhsil müəssisələri ilə QHT-lər arasında münasibətlər istənilən səviyyədə deyil”<b style="color:red"></b>

“Şahdağ” Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təhsildə açıq mühitin formalaşması üçün ictimai maraqların müdafiəsi” adlı layihə çərçivəsində üçüncü ictimai müzakirəsini keçirib. İctimai müzakirədə müəllimlər, valideynlər, tələbələr və şagirdlər, o cümlədən QHT təmsilçiləri, mətbuat nümayəndələri iştirak ediblər.

Təşkilatın rəhbəri Rəhilə Teymurova layihənin məqsədləri və bu günə qədər görülən işlərlə bağlı məlumat verib. Təşkilat sədri bildirib ki, layihənin icra planına uyğun olaraq, bu üçüncü ictimai müzakirədir: “Bu müzakirədə valideynlər, müəllimlər, tələbə və şagirdlər iştirak edir. Biz monitorinq aparmışıq və monitorinq nəticəsində maraqlı məqamlar üzə çıxıb. Monitorinqin subyektləri bu dəfə Abşeron rayonu məktəbləri olub. Prosesdə aydın oldu ki, təhsil sistemində neqativ hallar var və bu halların qarşısını almaq üçün vətəndaş cəmiyyətinin üzərinə böyük vəzifələr düşür”.

“İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin sədri Rəfail Becanov bildirib ki, təhsildə ictimai maraqları müdafiə etmək vətəndaş cəmiyyətinin əsas vəzifələrindəndir. Təhsil müəssisələri ilə QHT-lər arasında münasibətlərin hələ də istənilən səviyyədə olmadığını deyən R.Becanov bildirib ki, bu münasibətlərin inkişaf etdirilməsinə çalışmaq lazımdır. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti güclü olmalıdır ki, təhsildəki problemlərin aradan qaldırılmasına təsir göstərə bilsin.

“Dünya Azərbaycanlı Gənclərinin Həmrəyliyi” Cəmiyyətinin prezidenti Tofiq Əlizadə bildirib ki, təhsilin əsas keyfiyyətlərindən biri də vətənpərvərlik hissinin təhsil müəssisələrində ciddi şəkildə öyrədilməsidir.  “Gənclərin Söz Birliyi” İctimai Birliyinin sədri Qurbanəli Ömər isə təhsildəki problemlərin kökündə sosial məsələlərin dayandığını qeyd edib. O söyləyib ki, ali təhsilli gənclərin maddi rifahı ilə təhsili olmayıb kommersiya fəaliyyəti ilə məşğul olan gənclərin maddi durumu arasında kəskin fərqlər var: “Bu da istəristəməz cəmiyyətə xüsusilə uşaqlara və gənclərə psixoloji cəhətdən təsir göstərir. Nə qədər ki, savadlı və təhsilli gənclər yüksək əməkhaqqı ilə təmin olunmayıb və onların böyük əksəriyyəti işsizlikdən əziyyət çəkir təhsildəki problemləri kökündən həll etmək mümkün olmayacaq”.

İctimai müzakirədə “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, valideynlərdən Rəsmiyyə Vahidova, müəllimlərdən Firuzə Əsədullayeva, Eldar Orucov, Səbinə Kərimova, tələbələrdən Nərgiz Hüseynova, Elvin İsmayılov və digər qonaqlar çıxış edib, təhsildə ictimai maraqların müdafiəsinin vacibliyindən, bunun tədrisin keyfiyyətinə müsbət təsir edəcəyindən danışıblar.

AQİL

 





20.06.2013    çap et  çap et