525.Az

“Belə hesabatlar gözü götürməzlikdən irəli gəlir”


 

“Belə hesabatlar gözü götürməzlikdən irəli gəlir”<b style="color:red"></b>

“FREEDOM HOUSE” MÜXTƏLİF QURUMLARIN SİFARİŞLƏRİNİ YERİNƏ YETİRİR”

 “Freedom House” təşkilatı “Keçid dövrü ölkələri-2013” hesabatında Azərbaycanla bağlı yenə də tənqidi məqamlara toxunub. Təşkilatın hesabatında demokratik dəyişikliyin olmaması kimi xarakterizə olunan Azərbaycan həm də “Vətəndaş cəmiyyəti” göstəricisinə görə ən aşağı reytinq alan ölkələr sırasında göstərilib.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, bir qrup xarici ölkə QHT-ləri var ki, onları Azərbaycanda baş verən hadisələr qətiyyən maraqlandırmır. O, həmin təşkilatlar əzəldən ölkəmizlə bağlı qərəzli mövqedədirlər və buna müvafiq hesabat hazırlayırlar: “Bunlardan biri də “Freedom House” təşkilatıdır ki, onun “Keçid dövrü ölkələri-2013” adlı hesabatında Azərbaycan vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilib. “Freedom House”un hər il hazırladığı hesabatda yalnız il rəqəmi dəyişir. Azərbaycan öz müstəqillik illərində demokratik konstitusiyasını qəbul etdi və bir-birinin ardınca demokratik seçkilər həyata keçirdi. Ölkəmiz insan hüquq və azadlıqlarını nəinki elan etdi, hətta onu qəbul etdi. Bu gün ölkəmizdə söz, mətbuat azadlığı var və iqtisadi vəziyyət kifayət qədər güclənib. Azərbaycanda bu müddət ərzində cəmiyyətin ayrı-ayrı dövlət orqanları üzərində ictimai nəzarət formaları qəbul edilib. Amma bütün bunları nədənsə “Freedom House” kimi beynəlxalq təşkilatlar görməməzliyə vurur. Həmin təşkilat sadəcə olaraq bunları görmək istəmir. Bunun arxasında isə kimin və nəyin dayandığını ancaq təsəvvür etmək olar. Bu baxımdan düşünürəm ki, “Freedom House”un növbəti dəfə Azərbaycanla bağlı qara rəngdə verilən hesabatı tamamilə gözlənilən idi”.

Belə hesabatların Azərbaycanı gözü götürməzlikdən irəli gəldiyini deyən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycanın bu kimi təşkilatların hesabatlarını qəbul etmədiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini əldə edəndən sonra “Freedom House” heç vaxt Azərbaycan haqqında obyektiv fikir söyləməyib, obyektiv hesabat yaymayıb. O, bu təşkilatın hesabatlarının həmişə eyni məzmunlu, eyni formalı olduğunu qeyd edib: “Buna görə də belə hesabatlara əhəmiyyət vermək lazım deyil. Təşkilatın hesabatları həmişə bu formada olub. Ona əhəmiyyət vermək lazım deyil. “Freedom House” bir QHT-dir. Əgər o obyektiv formada araşdırma aparırsa, hərtərəfli mövqeləri öyrənərək hesabatlar hazırlayırsa bu başqa məsələ. Yoxsa araşdırma aparmadan, birtərəfli formada hazırlanan hesabatlar qeyri-obyektiv və əhəmiyyətsizdir. Azərbaycanın iqtisadi inkişafı, söz, fikir azadlığı, internet azadlığı və digər göstəriciləri belə təşkilatların təmsil olduqları, onların yaşadıqları ölkələrdə yoxdur”.

Millət vəkili son günlər dünyanın bir sıra ölkələrində insan hüquq və azadlıqlarının pozulması, sərbəst toplaşmaq azadlığına müdaxilələrin olmasına diqqət çəkib. O, Azərbaycanda bu istiqamətdə hər şeyin təmin olunduğunu, hər şeyin yüksək səviyyədə olduğunu bildirib: “Lakin bütün bunların heç birini görmürlər. Bu da Azərbaycanı gözü götürmədikləri üçündür. Misal üçün Ermənistanda baş verən hadisələrə rəğmən, bir dəfə də olsun bu ölkə ilə bağlı heç nə yazılmayıb. Burda başqa-başqa amillər var. Əsas amillərdən biri də Azərbaycanı gözü götürməzlikdir”.

Millət vəkili Mübariz Qurbanlı “Freedom House”un azad olmadığını söyləyib. Millət vəkili hesab edir ki, “Freedom House” müxtəlif qurumların sifarişlərini yerinə yetirir: “Bütün araşdırmalar bunu təsdiqləyir. Bu qurumun maliyyə qaynaqlarına baxın, bu qurumun idarə edilməsinə diqqət yetirin. Bütün araşdırmalar göstərir ki, bu qurum demək olar ki, müəyyən maliyyə qurumlarının sifarişini yerinə yetirir. Ayrı-ayrı qurumlar var ki, onların dünyanın müəyyən bölgələrində məqsədləri olur və məqsədlərinə nail olmaq üçün demokratiya adından bir pərdə kimi, bir vasitə kimi istifadə edirlər. “Freedom House” da bu vasitədə alət rolunu oynayır. Ona görə də “Freedom House” deyilən qurumun hesabatları birmənalı olaraq qərəzlidir. Biz dəfələrlə adını beynəlxalq qurum qoyan və əslində müxtəlif maliyyə mərkəzlərinin və ya dairələrin sifarişini yerinə yetirən bəzi təşkilatlar barədə fikirlərimizi demişik. Bunlardan biri də “Freedom House”dur. “Freedom House” azad ev mənasını versə də, sözün həqiqi mənasında bu qurum özü azad deyil. Bu təşkilat yalnız Azərbaycana qarşı deyil, digər ölkələrə qarşı da qərəzlidir. O ki qaldı onun post-sovet məkanındakı ölkələri təsbit etməsi və burada Azərbaycanı hansısa göstəricilərə görə geridə, arxa planda göstərməyə cəhd etməsi, əlbəttə, qəbul edilən deyil, bunu məqbul saymırıq, bunu tam qərəzli hesab edirik. Bildirmək istəyirəm ki, “Freedom House”un ekspertləri diqqət yetirsəydilər, Azərbaycanın keçid mərhələsini arxada qoyduğunu çoxdan görmüş olardılar. Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əldə etdiyi uğurlarla MDB məkanında bəlkə də ən birinci yerdədir. Azərbaycanda vətəndaş cəmiyyətini inkişaf etdirən və onu möhkəmləndirən həm qanunvericilik bazası var, həm də maddi dəstək var. Hökumət büdcədən vətəndaş cəmiyyətinin inkişafı üçün xüsusi vəsait ayırır, müxtəlif qrantlar ayırır. Bunun vasitəsilə vətəndaş cəmiyyətinin inkişafına təkan verib. Azərbaycan qanunları isə bunu daha da möhkəmləndirir. Bu günlərdə Milli Məclis “İctimai iştirakçılıq haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Bu qanuna kim baxsa, burada vətəndaş cəmiyyətinin tam şəkildə maraqlarının hüquqi baxımdan yüksək səviyyədə təmin edildiyini görə bilər. Bundan əvvəl də bir sıra qanunlar qəbul edilib. Prezidentimizin bir çox sərəncam və fərmanları vardır. Nazirlər Kabinetinin ayrı-ayrı qərarları vardır”.

M.Qurbanlı hesab edir ki, “Freedom House”un belə belə açıqlamalar verməsinin başlıca səbəbi təşkilat rəhbərliyində duran insanların başqa mənbələrə istinad etməsi, başqa sifarişləri yerinə yetirməsi, bu və ya digər iqtisadi maraqlar naminə hansısa qurumların alətinə çevrilməsidir.

AQİL

 





20.06.2013    çap et  çap et