525.Az

Övladın övladı


 

Övladın övladı<b style="color:red"></b>

E-mail: [email protected]

“Dövlətdə-dəvə, övladda-nəvə”. Atalar belə deyib. Deyimdə dəvə var-dövlət hesab olunursa,  deməli, bu atalar sözünün əsrlərlə tarixi var və min illərin təcrübəsi, araşdırması nəticəsində yaranıb. Bu deyim müasir dövrə aid edilirmi? Əlbəttə. İnsanların qəbul etdiyi var-dövlət anlayışı qızıl-gümüş, zinyət əşyaları, dəbdəbəli mülklərlə bağlı olub. Elə indi də elədir. Sadəcə olaraq var-dövlətə milyonlarla, milyardlarla ölçülən dollarlar, avrolar, milyonlarla dollar qiyməti olan yaxtalar, villalar və s.əlavə olunur. Bəs atalar nəyə görə bir belə varidatı var-dövlət hesab eləmir, “dövlətdə-dəvə” deyir? Çünki atalar yalnız halallıqla, zəhmət hesabına qazanılanı var-dövlət hesab edir. Axı yuxarıda sadaladıqlarımızı halal yolla, alın tərilə qazanmaq mümkün deyil. Ataların deyimindən belə çıxır ki, zəhmətlə, halallıqla qazanılan nə varsa, o var-dövlətdir və onu o dövrlərdə dəyəri olan dəvələrlə ölçmək olar. Deməli, atalar sözündəki dəvə-halallıqla, zəhmətlə qazanılmış varidat mənasındadır, yəni dəvə sözü məcazi məna daşıyır.

Bir dəfə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Santexnika” fakultəsinin dekanı, dostum Fərman müəllimin məni səslədiyini eşitdim. O, mənə yaxınlaşanda simasında xoşbəxtlik, hədsiz sevinc gördüm, hiss etdim ki, nəsə fövqəladə bir xəbəri var:

– Ə, Xəlil, a qardaş, məni təbrik elə, məni bağrına bas, nəvəm olub! Mən xoşbəxt insanam ki, mənə nəvə qismət oldu. Ay qardaş, ay Xəlil, o mənim həyatımı dəyişdirib, rejimim pozulub, dərs-zad yadımdan çıxıb, bu kişi qırığının yanından ayrıla bilmirəm. Ay qardaş, Allah sənə də qismət eləsin ki, sən də bu sevinci keçirəsən, sən buna layiqsən.

Mən Fərman müəllimi qucaqladım, bağrıma basdım, sevinci ilə bölüşdüm.

– Fərman müəllim, düzünü de, nəvən oğlan uşağı olduğu üçün belə sevinirsən? – soruşdum.

– Vallah yox, fərqi yoxdur, təki nəvə olsun.

– Fərman müəllim, deyirlər oğul nəvəsi, qız nəvəsindən daha şirin olur.

– Babalıq təcrübəm lap az olsa da qəti deyə bilərəm, hər ikisi eyni dərəcədə şirindir. Qızıma da, oğluma da qurban olum, mən onlardan yer-göy qədər razıyam. Onlara çəkdiyim zəhmətim hədər getməyib. Övlad valideyinlərə Allahın verdiyi ən böyük nemətdir.

Fərman müəllimlə keçirdiyim bu xoşbəxt dəqiqələrdən xeyli vaxt keçib. İndi mən də baba olmuşam, nəvə xoşbəxtliyini, sevincini keçirmişəm. Ataların “dövlətdə-dəvə, övladda-nəvə” sözünə dəqiqliyinə görə heyran qalmışam və bir riyaziyyatçı kimi bu düsturu araşdırmaq istəmişəm.

Həyat yoldaşım danışır ki, oğlum körpə vaxtı gecələr ağlayanda mən qulağımı tutub yatmağa başqa otağa keçirmişəm (düzü, yadıma gəlmir) İndi oğlumun oğlu ağlayanda, elə bilirəm, sevimli bəstəkarım Motsartın musiqisi səslənir. Axı, bu, niyə belədir?

Əslində, övlad daha çox sevilməlidir, çünki onun boya-başa çatması üçün nələr etməmisən, zəhmətin bəhrə verib, övlad həyatda mövqe tutub, cəmiyyətə, ailəyə yararlı bir insan olub, onunla fəxr edirsən, ondan nəsə ummağa haqqın var.

Ancaq babanın, nənənin övladının övladından umacağı nə ola bilər, o, hələ uşaqdır, özü himayəyə möhtacdır (təəssüf ki, nəvənin boya-başa çatması, həyatda mövqe qazanması hər babaya, nənəyə nəsib olmur). Deməli, nəvəyə olan sevgi, məhəbbət, bir ilahi sevgidir, məhəbbətdir, təmənnasızdır. Övlada olan sevgi isə təmənnalıdır. Bax övlada və övladın övladına olan münasibətin fərqi bundadır.

Balaca vaxtı nəvəm Ümid hirslənəndə mənə: “Baba, səni toyuma qoymayacağam” – deyirdi. Deyəsən, o, mənim zəif yerimi tutmuşdu. Görünür, özüm də bilmədən, onu bərk incitmişəm. Əlbəttə, bu uşaqlıq qərarı idi. Mənim belə qəddar nəvəm ola bilməz. Mən o zaman ürəyimdə fikirləşmişdim: “təki toyunu görüm, toya qoymasan da olar”.

Əlbəttə, heç də bütün Azərbaycan ailəsində övlada, nəvəyə olan münasibət yuxarıda yazdıqlarım kimi deyil, hər atadan, babadan Fərman müəllim olmaz.

Mən ailələr tanıyıram ki, xoş söz işlətmək onlara yaddır. Mən əminəm ki, belə ailələrdən cəmiyyət üçün yararlı adam çıxa bilməz, çünki insan tərbiyəni, əsasən, ailədən alır.

Uşaq qorxa-qorxa:

– Ata...

–Navar, ə, nə deyirsən – uşağın sözünü ağzında qoyur, uşaq sözünü demir

Uşaq atasının boynunu qucaqlayaraq:

– Ata, sənə sözüm var.

– Nə sözün gözümün işiğı.

Mənim də sevdiyim bir ifadədir “gözümün işığı”. Doğrudan da övladım, nəvəm yanıma gələndə, boynumu qucaqlayanda gözümə işiq gəlir.

Əsl azərbaycanlı ailəsində ən çox işlədilən “qurban olum”, “hay-can”, “nə istəyir mənim balam”, “baş üstə”, “çox sağ ol”, “minnətdaram” və s. sözlərdir.

Həyatımızda insafsız, daşürək, qəddar atalara, analara, babalara, nənələrə də rast gəlirik.

“Oğul atasını baltaladı”, “baba nəvəsini boğdu”, “qardaş-qardaşı qətlə yetirdi”, “nəvə nənənin zinyət əşyalarını oğurlayıb evini yandırdı” və s. kimi müdhiş xəbərləri telekanallarımızdan eşitməli oluruq.

Mən çox istəyirdim ki, bütün azərbaycanlı ailələrində uşaqlar sevgi, məhəbbət, qayğı, diqqət, xoş rəftar içərisində böyüsünlər. Axı, ailə azərbaycanlılar üçün müqəddəsdir. Bütün insanlara isə ataların “Dövlətdə-dəvə, övladda- nəvə” prinsipi ilə yaşamağı arzulayıram.

 





21.06.2013    çap et  çap et