525.Az

“Ermənistanı Qarabağ tənzimlənməsinə məcbur etməyin vaxtıdır”


 

“Ermənistanı Qarabağ tənzimlənməsinə məcbur etməyin vaxtıdır”<b style="color:red"></b>

MÜBARİZ ƏHMƏDOĞLU: “QARABAĞ MÜNAQİŞƏSİNİN TƏNZİMLƏNMƏMİŞ QALMASI ERMƏNİSTANI SÜQUTA APARIR” 

Dünən Trend Xəbərlər Şirkətinin mətbuat mərkəzində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu növbəti Qarabağ saatını keçirib.

Milli Təhlükəsizlik Nazirliyinin ermənilərin ən gizli işlərindən birinin üstünü açdığını deyən politoloq MTN-nin keçirdiyi əməliyyat Dağlıq Qarabağda narkoplantasiyanın mövcudluğunu və bu işdə İranın iştirakını sübut etdiyini bildirib. O, bu əməliyyatın bir neçə aspektdən diqqətçəkən olduğunu qeyd edib: “Bu əməliyyat Dağlıq Qarabağda narkoplantasiyaların mövcudluğu, Dağlıq Qarabağ ərazisindən narkotiklərin saxlanc yeri kimi istifadə edilməsi ilə bağlı hədsiz çoxsaylı fikirləri sübut etdi. MTN Avropa coğrafiyasında narkoplantasiyaya qarşı mübarizə aparmaq iradəsini ortalığa qoydu. Ən iri narkoplantasiyalar Meksika, Kolumbiya, Əfqanıstanda olduğu hesab edildiyi halda, bəlli oldu ki, özlərini Avropaya sivil millət kimi təqdim edən ermənilər Dağlıq Qarabağda-Avropa coğrafiyasında narkotik plantasiyaları yaratmaqla məşğul imişlər. MTN-in əməliyyatı iranlılar və ermənilərin inam yaratmaq sahəsində cinayətkar işbirliyinə daxil olduqlarını sübut etdi. İranla Ermənistanın anti-azərbaycan mahiyyətli əməkdaşlığı heç kimə sirr deyil. Lakin ermənilərdə vaxtaşırı İranın antiazərbaycançılığına şübhələr yaranır və onlar bu şübhəni aradan qaldırmağı tələb edirlər. Ehtimal ki, dünyanın ən iri dövlətinin xarici siyasət idarəsinin başçısının öz dövlətinin kəşfiyyat orqanlarının əldə etdiyi məlumatlar əsasında İranın Dağlıq Qarabağda oynadığı roldan xəbəri var imiş. Ona görə də MTN-in çox mühüm dövrdə çox mühüm missiya ilə məşğul olduğunu deməyə əsaslar yaranır. Hər halda MTN kifayət qədər peşəkar olmaqla yanaşı təcrübəli strukturdur. Azərbaycan MTN-i uşaq oğurluğu, insan alveri, kibercinayətlər, qanunsuz silah dövriyyəsi və narkoticarətlə bağlı beş dövlətin ərazisində əməliyyat keçirib. MTN-in əməliyyat təcrübəsinin səthi tədqiqi göstərir ki, MTN Dağlıq Qarabağdakı plantasiyaların aşkarlanıb məhv olunması istiqamətində addımlarını davam etdirəcək. Ona görə də MTN hərbi birləşmələrinin təkbaşına və ya digər hərbi birləşmələrlə işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi əməliyyatlar aparmasının şahidi ola bilərik.Səfir Morninqstar kökü Dağlıq Qarabağa bağlanan narkotranzitin aşkarlanmasına şübhə yaratmaqla bu strukturun ümumi fəaliyyətinə şübhə yaradır. Bu isə yolverilməzdir. ABŞ şübhə edirsə, öz ekspertlərini, hərbçilərini işğal olunmuş ərazilərimizdə MTN-in keçirdiyi əməliyyatlara qoşa bilər”.

M.Əhmədoğlunun sözlərinə görə, Nalbandyanın Yenilənmiş Madrid Prinsiplərinə verdiyi son ad “6 prinsip” oldu: “Yenilənmiş Madrid Prinsiplərində Helsinki Yekun Aktı prinsiplərinin ardıcıllığını da rəsmi Yerevan yenidən dəyişdi. “Millətlərin öz müqəddəratını təyinetmə” prinsipini üçüncü yox, ikinci yerdə təqdim etdi. Əslində bu prinsipin adı “xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə” prinsipidir. Bununla həmsədr ölkə prezidentləri Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Qarabağın erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu olduğunu bir daha təsdiq etdilər”.

Politoloq qeyd edib ki, Ermənistanın borc götürərək silahlanmaya pul ayırması xalqı sülhə deyil, müharibəyə hazırlamağın əlamətidir: “Öz əhalisinin kəskinləşən təhsil, səhiyyə və digər sosial problemlərinə diqqət ayırmayıb Azərbaycanın ərazisində qoşun saxlaması da, xalqı sülhə deyil, müharibəyə hazırlamağın əlamətidir. Miqrasiya problemi daha da kəskinləşib, 18 yaşlı hərbi çağırışçı tapmaq böyük problemə çevrilib. Yaranan boşluğu doldurmaq üçün rəsmi Yerevan qızları hərbi xidmətə çağırmağa başladı. Erməni qızlarını hərbi xidmətə çağırmaq da xalqı sülhə yox, müharibəyə hazırlamağın əlamətidir. Mütəşəkkil aviasiya sistemini dağıdan Ermənistanın Dağlıq Qarabağa aviareys açmaq niyyəti də xalqı sülhə yox, müharibəyə hazırlamağın əlamətidir. Təəssüf ki, həmsədr ölkə prezidentlərinin bəyanatında Ermənistanın xalqı sülhə deyil, müharibəyə hazırlaşdırmaq istiqamətində konkret fəaliyyəti görünmür. Ermənistan rəhbərliyi yol xəritəsini qəbul etdiyini bəyan etməlidir. Azərbaycan münaqişənin tənzimlənməsinin praktiki mərhələsinin başlanmasına imkan verən Böyük Sülh Müqaviləsini hər an imzalaya bilər. Çünki həqiqətən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərəfdarıdır. Ermənistan danışıq imitasiyasında maraqlı olduğu üçün açıq qalmış sualların cavablarının tapılmasının müzakirəsindən, Böyük Sülh Sazişinin hazırlanmasından yayınır və yalnız çərçivə sənədi imzalamağa çalışır. Top Ermənistanın meydançasındadır. Hesab edirəm ki, Ermənistanı Dağlıq Qarabağ tənzimlənməsinə məcbur etməyin vaxtıdır. Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Ermənistan dövlətçiliyini süquta aparır, dünya erməniliyini iflasa uğradır. Dağlıq Qarabağda əhalinin vəziyyəti hədsiz pisdir. Dağlıq Qarabağdan və Ermənistandan Azərbaycana mühüm mesajlar gəlir. Ermənistan rəhbərliyi, şəxsən prezident Serj Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsinin zəruriliyini anlayır. Sərkisyan hələ prezident olmazdan öncə də Dağlıq Qarabağ tənzimlənməsinə razı idi, çünki o, münaqişənin tənzimlənməmiş qalmasının ermənilərin başına açdığı və açacağı oyunu çox gözəl bilirdi. Sadəcə, hiyləgər “Serjik” çalışdı ki, bu sənədi eks-prezident Robert Köçaryan imzalasın – alınmadı. Prezident seçildiyi ilk ildə də o, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sənədi imzalamağa hazır idi”.

M.Əhmədoğlu qeyd edib ki, Sərkisyan münaqişənin tənzimlənməsinə dair sənədin imzalanmasını arzulayır, amma özünün deyil, başqasının satqın obrazının yaradılmasını istəyir.

Politoloq hesab edir ki, Ermənistan dövlətini xilas etmək, bu xalqa həqiqi dostluq göstərmək istəyənlər üçün unikal şans yaranıb: “Ermənistan rəhbərliyinin razılığını gözləmədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində məcburi addımların atılmasına başlamaq. Bu gün Ermənistan rəhbərliyi, ölkənin ictimai-siyasi mühiti Qarabağ münaqişəsinin tənzimləməsinə məcbur edən qüvvələrin qarasına danışsalar da üç-dörd ildən sonra dua edəcəklər. Onsuz da Ermənistan bu gün həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqından narazıdır. Yeganə narazı olmadıqları İrandır, onun da vaxtı var”.

Onun fikrincə, ermənilərin Rusiya-Azərbaycan münasibətlərini düşmən münasibətləri kimi təqdim etməsi əks-effekt verir. Politoloq qeyd edib ki, ermənilər Şimali Qafqazda yaşayan etnik qrupları Azərbaycanın üzərinə qızışdırmaqla məşğul idilər: “Onlar bununla həm də Qərb qarşısında öz güclərini nümayiş etdirirdilər. Qərbə lazım olarsa, ləzgilər, avarlar və sair qruplar istənilən, o cümlədən antirusiya addımlar ata bilərlər. Lakin ermənilərin bu siyasəti zəifləyir. Avarlar indi ermənilərin kampaniyasında iştirakdan uzaqlaşırlar. Ortalıqda bir qrup ləzgi avantüristi qalıb. Rəsmi Moskva onlara qarşı siyasətin sərt üzündən istifadə etməli olacaq. Dərbənddə mərkəzi küçəyə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adının verilməsi rəsmi Moskvanın razılığı olmadan mümkün deyil. İndiki şəraitdə bu addıma rəsmi Moskvanın ləzgilərin artan separatizminə qarşı çoxspektrli cavabı kimi yanaşmaq olar. Mətbuatın yazdığına görə, Dağıstan ərazisindəki bəzi torpaqların Azərbaycana qaytarılması məsələsi müzakirə edilir. Xəstə ləzgi millətçilərini narahat edən məsələlərdən biri də budur. Sanki rəsmi Moskva ermənilərin Rusiya-Azərbaycan düşmənçiliyi barədə dediklərini neytrallaşdırmaqla məşğuldur”.

Politoloqun fikrincə, Moskva metrosunun tikintisinə Azərbaycan şirkətinin buraxılması təkcə iqtisadi məsələ olmayıb, həm də MDB dövlətləri içərisində Azərbaycanın inkişafının Rusiya tərəfindən qəbul edilməsi deməkdir: “Rusiya rəsmiləri vaxtaşırı Azərbaycana silah satışında problemin olmadığını diqqətə çatdırırlar. Yaxınlarda Bakıda keçirilməsi nəzərdə tutulan hərbi paradda son illərdə Rusiyadan alınmış hərbi texnikanın nümayişi “Rusiya-Azərbaycan düşmənçiliyi tərənnümçülərinə” ən yaxşı cavablardan biri ola bilər”.

AQİL

 





21.06.2013    çap et  çap et