525.Az

Kamal Abdullanın əsərləri Rusiyada yenidən nəşr olundu


 

Kamal Abdullanın əsərləri Rusiyada yenidən nəşr olundu<b style="color:red"></b>

Yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” və “ Sehrbazlar dərəsi” romanları Moskvanın nüfuzlu nəşriyyatı “Xudojestvennaya literatura” tərəfindən nəşr olunan “ Romanlar” adlı bütöv kitabda bir araya gətirilib. Kitab haqqında ön sözün müəllifi A.M.Bağırovdur. Kitabda həmçinin K.Abdullanın yaradıcılığı haqqında Rusiyanın görkəmli ədəbi simaları Lev Anninski və Lyudmila Lavrovanın məqalələri də əksini tapıb.

Kamal Abdullanın son dövr Azərbaycan ədəbiyyatında hadisə kimi qiymətləndirilən, Azərbaycan ədəbiyyatının ilk postmodernist nümunələrindən biri olaraq qəbul edilən “Yarımçıq əlyazma” romanının rus dilində ilk nəşri hələ 2006-cı ildə Moskvanın “Xronikyor” nəşriyyatında baş tutmuşdu. Romanı rus dilinə tərcümə edən tanınmış rejissor mərhum Vaqif İbarhimoğludur.

Xatırladaq ki, bu günə kimi Türkiyə, Fransa, Braziliya, ABŞ, Avstriya və başqa ölkələrdə çapdan çıxmış “Yarımçıq əlyazma” romanı ətrafında həm yerli, həm də xarici mətbuatda geniş müzakirələr aparılıb, həmin ölkə alimləri tərəfindən əsərə münasibət bildirilib.

Həmçinin “Romanlar” kitabında yer alan, müəllifin fəlsəfi pritça janrında qələmə aldığı “Sehrbazlar dərəsi” romanı Sankt-Peterburqun “Zlatoust” nəşriyyatında ilk dəfə olaraq 2011-ci ildə işıq üzü görüb və hələ o zaman öz yeni oxucularına təqdim olunub. Əsərin tərcüməçisi Lyudmila Lavrovadır. Hazırda “Sehrbazlar dərəsi”nin ingilis dilinə tərcüməsi başa çatıb və nəşrə hazırlanır.

Bütün bunlarla yanaşı müəllifin “ Unutmağa kimsə yox...” romanı da rus dilinə tərcümə olunur.

Günel

 





21.06.2013    çap et  çap et