525.Az

“Tənha çinarın pıçıltıları”nın bədii-estetik funksiyası


 

“Tənha çinarın pıçıltıları”nın bədii-estetik funksiyası<b style="color:red"></b>

Çağdaş nəsrimizdə  Ağarəhimin (Rəhimovun) məhsuldar və çevik işləməsi ədəbiyyat həvəskarları və ədəbiyyatşünaslara yaxşı məlumdur.  Onun 2013-cü ildə nəşr etdirdiyi “Tənha çinarın pıçıltıları” povesti də qısa zaman kəsiyində qələmə alınıb maraqlı mövzuya həsr olunmaqla, müasirlərimizin həyat problemlərinə, ictimai münasibətlərə, mənəvi-əxlaqi dəyərlərimizdəki əyintilərə və s. məsələlər həsr  olunub.

Əvvəlki əsərlərində olduğu kimi, Ağarəhim “Tənha  çinarın pıçıltıları”nda orijinal sənətkarlıq priyomlarından istifadə etməklə, hər bir bədii hadisəni və obrazların portret xarakteristikasını ustalıqla işləyib. Bu, ilk növbədə surətlərin və hadisələrin daha canlı və inandırıcı olmasında özünü büruzə verir. Əsərdə oxucu bir sıra səciyyəvi surətlərlə görüşür. Aran, Sahib, İlahə, Qoçu, Nihad, Telli xala, Zinət, Sevil, Elmira xanım, Əfruz, Zeynəb qarı, Əhəd, Şəms, Şabikə, Xuraman, Mikrob Məti, Qutdanquc Səfər, Razi kişi, Naimə xanım, Çərənçi Nəsir, Həsənağa Bakinski, Şöhrət və bir də Tənha Çinar məhz belələrindəndir.

Ağarəhimin yaradıcılığı ilə bağlı yazılmış  çoxsaylı  monoqrafiya və məqalə  müəllifləri onun müşahidəli sənətkar olub obrazların və hadisələrin təsvirində bədii detal və təfərrüatlara daha dərindən diqqət yetirdiyini və yaradıcılıq fəndlərindən uğurla yararlandığını söyləyirlər. Beləliklə, biz də indiyə qədər söylənilən bəzi nəzər- nöqtələrinə münasibəti əsərdən gətirdiyimiz konkret      nümunələr əsasında sübut etməyə çalışacağıq: “Səhər saat ona az qalırdı. Axşamdan qətiləşdirdiyimiz kimi, Sahiblə yaxınlıqdakı polis sahə məntəqəsinə getdik. Sahə müvəkkilinin qəribə görkəmi vardı. O, yenicə mayor rütbəsi  almışdı. Sümükləri çıxmış arıq üzündə süni, qondarma, kimlərisə təqlid eləyən bir ifadə duyulurdu. Diqqətlə baxsaydın, o ifadədə hiyləgərlikdən, qəzəbdən, mərdimazarlıqdan, xudpəsənlikdən doğan cizgilər sezilirdi. İlk baxışdan adama elə gəlirdi ki, onun xarakterində qarşı-qarşıya dayanan iki cəhət vardı. Birincidə xoş, mehriban, səmimiyyət, xeyirxahlıq, qayğıkeşlik, ikincidə isə sərtlik, inamsızlıq, hirs, qəzəb, mərdimazarlıq...

Ortaboylu bu adamın əyninə geydiyi polis forması bədəninə kip oturmuşdu. Qarnı qabağa çıxdığından kostyumunun yaxası daram-dartışa qalmışdı. Saçları bir qədər uzun olsaydı, o, kişidən çox hamilə qadın təsiri bağışlayardı”. Mətndən göründüyü kimi, bu  nümunədə verilmiş polis işçisinin fərdi detalları bədii təsviri daha da konkretləşdirir, ümumi fonun ayrıca bir hissəsini gözümüz qarşısında tamamlayır.

Ağarəhimin povestdə istifadə etdiyi bədii detalın uğuru onun lakonikliyində və konkretliyindədir. Əsərdəki obrazları xarakterizə edərkən yazıçı bir çox məqamlarda təfərrüatlara varmaqla, hadisələri səciyyələndirmək, orada əksini tapmış əsas və bəzən də ikinci dərəcəli personajların psixoloji yaşantılarını, hadisələrin gedişini təsvir edən hekayəçinin (təhkiyəçinin – N.T.) mövqeyini relyefli verməyə çalışır. Məsələn, bu tipli psixoloji hal və yaşantılar Aranın Sahibin valideynləri ilə görüşüb qatarla geri qayıdarkən kupedə Əhəd və onun xanımı ilə olan söhbətdə  qadının, xüsusilə Şəms kimilərinin kimliyi  ortaya çıxır.

“Tənha  çinarın pıçıltıları”nda hansı bədii-estetik funksiyanı yerinə yetirməsindən asılı olmayaraq bədii detalla təfərrüatı biz qarşılıqlı əlaqələrdə, vəhdətdə görürük. Çünki povestdə onlar bir-biri ilə üzvü surətdə bağlı olduğu kimi, həm də biri digərini tamamlayır. Burada təfərrüat nüansların təsvirini əks etdirib, obraz və ideyanın ümumi mənzərəsini ortaya qoyursa, bədii detal bu təsviri daha da konkretləşdirir.

Təfərrüatla bədii detal bu əsərdə yazıçının sənətkarlıq  keyfiyyəti kimi həm etnik-milli xüsusda, həm də emosional-xarakteroloji  tutumda özünü göstərir. Hansı xüsusda çıxış etməsindən asılı olmayaraq, təfərrüat və bədii detal obraz  dəyərləndirilməsindən fərqli olaraq, onun təsvir olunanlar haqqında obyektivlik inamı yaratmasıdır. Bu əsərdə oxucu onlarla tanış olduqca özünü təsvir olunan hadisələrin episentrində hiss edir.

Ağarəhim üçün personajların portret  xarakteristikasını  ustalıqla oxucuya təqdim etmək daha prioritetlidir. Biz povestdə belə portret xarakteristikasının tez-tez şahidi oluruq: “Balaca boylu bu adamın uzun tüklü sifəti, qıvrım saçları, xırda qonur gözləri, çopur üzü, qalın çırma dodaqları vardı. Qıranı xatırladan yekə əyri burnu yuxarı dodağının  üstünə düşürdü. O olduqca vasvası bir adamıydı. Eşitdiyi bircə kəlmənin həndəvərində saatlarla düşünüb vaxt itirməkdən ləzzət alırmış kimi danışmaqdan yorulmazdı. Dostları bu xasiyyətinə görə onu Çərənçi Nəsir deyər çağırırdılar”.

Ağarəhimin Çərənçi Nəsiri xeyli cəhətləri ilə onun Mikrob Mətisi və Qutdanquc Səfəri ilə eynidir. Nümunə gətirdiyimiz parçadan sonra Çərənçi Nəsirin daxili aləmi ilə oxucu daha yaxından tanış ola bilir. Məlum olur ki, o, qorxaqdır, cəsarətsizdir, sözü havaya atandır. Əxlaqsızdı, ədəb-ərkandan kənardır. Boş yerə guruldamağı xoşlayır. O, özünün alçaldılmasına göz yumub məhəl qoymadığından onu meydanda hamının gözləri qarşısında Həsənağa Bakinski” (s.146) yaxşıca əzişdirmişdi.

Bildiyimiz kimi, istənilən bədii əsərin poetik sisteminə daxil edilən hər bir söz, ifadə, söz birləşmələri, sintaqmatik vahidlər, frazalar, təfərrüatlar və detallar yaradıcı şəxsiyyət olan sənətkarın ya məramı ilə birbaşa bağlı olur, ya müəllif mövqeyinin ifadəçisi, ya da iradəsinin nəticəsi kimi çıxış edir.

Ağarəhim bu povestdə canlı insan obrazlarının nümunəsində onların yaşam tərzini, psixologiyasını, ömür sürdükləri dövrdə emosiyalara söykənməklə, obrazların səciyyəvi fərdi  keyfiyyətlərini təsvir etməyə  çalışır.  “Tənha çinarın pıçıltıları”nda Ağarəhimin  belə təfərrüatlara varması təsadüfi hesab edilə bilməz. Çünki bu povestdə də Ağarəhim üçün müharibə motivləri əvvəlki əsərlərində (“Qoşa qanad”, “İkili dünyam”, “Səfalət”, “Girdab”, “Cinayət və etiraf” və s.) olduğu kimi yetərincə aparıcıdır.

Fraqmentar obraz olmasına baxmayaraq “Tənha çinarın pıçıltıları”ndakı bu  qoca olduqca koloritli, xeyirxah, sadə, açıq, təvazökar və nəcibdir. Qocanın danışığı, söylədikləri Aranın da, Naimənin də, hətta Çərənçi Nəsirin  də iç dünyasını təlatümə salır. Onları insan haqqında, onun taleyi haqqında daha dərindən düşünməyə sövq edir.

Bizə belə gəlir ki, Ağarəhim povest üzərində işləyərkən həm Azərbaycan nəsrinin, həm də öz yaradıcılığında yer almış müharibənin təsviri təcrübəsinə söykənmişdi. Bununla belə müəllif bu əsərdə də müharibə dövrü Azərbaycan insanının faciəvi situasiyalarda xarakterini özəlliyi ilə göstərə, əks etdirə bilmişdir.

“Tənha çinarın pıçıltıları” öz məzmun və janr göstəricisinə görə bir ümumi konstruktiv məqamı əks etdirmir. Konkret personajın (yaxud personajların) timsalında bir insanın taleyini ümumi insanların taleyinin ifadəçisi kimi onun orqanik hissəsi kimi götürür. Və məhz bu cəhət, fikrimizcə, Ağarəhim realizminin xarakterik göstəricisi kimi səciyyələndirilməlidir. Ağarəhim ədəbi  təsvir tələb edəndən daha artıq qəddar realist kimi əsərə daxil etdiyi təfərrüatların, bədii detalların köməyi ilə obraz-simvollardan geniş istifadə etməklə, mənzərələrin, epizodların ideya, məna və emosionallıq yükünü artırır.

Beləliklə, Ağarəhimin “Tənha çinarın pıçıltıları” povestində  biz detalların oynadığı roldan danışsaq, burada təfərrüatların obrazları  səciyyələndirdiyini, hadisələri xarakterizə etdiyini, psixoloji yaşantı və halları dinamik formada ifadə etməni, əsl həqiqəti oxucuya çatdırma məqsədini daşıdığını görə bilərik. Ağarəhim povestdə həm də detalın çoxfunksiyalılığını nümayiş etdirir. Bununla  müəllif, bir tərəfdən, əsərdə fikri yığcam ifadə etməyə, digər tərəfdən, məramın təfərrüatlı təsvirini verməyə istiqamətlənir və eyni zamanda belə ideya əsərin kompozisiyasına üzvü surətdə daxil edilir.

“Tənha çinarın pıçıltıları” povestində, yuxarıda göstərdiyimiz kimi, cəmiyyət, insanlar, onların həyatı, ayrı-ayrı fərdlərin taleyi diqqət mərkəzindədir. Burada yığcamlığı, konkretliyi ilə seçilən bədii detallarla, daha geniş fikir yükü daşıyan detallar da var. Əsərdə demək olar ki,  biz hər şey tapırıq: sevinc və kədər, rəğbət və nifrət, əzab və sarsıntı, peşmançılıq və qorxu və s. Belə olduqda burada insanın özü psixoloji təhlil obyekti kimi götürülür, yəni psixologizmlər diqqət mərkəzinə çəkilir. Əlbəttə, buradan bu da aydın olur ki, povestdə yer almış  psixologizmlər həm də müəllifin öz psixologiyasının bədii inikasıdır. Psixoloji təhlil isə burada  birbaşa müəllif düşüncələri, yaxud qəhrəmanların özünütəhlil (Belə halları biz Aranın, qocanın, Naimənin və b. timsalında yaxşı görürük – N.T.), yaxud da dolayısı ilə müəllifin oxucu üçün hazırladığı və onun ixtiyarına buraxdığı analitik  şəkildə yozulan jestlərinin, əməllərinin təsviri formasında gerçəkləşdirilməsidir. Povestdə xeyli detallar obrazların psixoloji ovqatını yetərincə ifadə edə bilir. Belə olduğu halda daxili və zahiri bədii detallardan müəllifin istifadə etməsi də maraqlı şəkildə təqdim edilir. Əgər zahiri detallarda Ağarəhim obrazların zahiri görkəmini, portretini, peyzajı və s. təqdim edirsə,  psixoloji detallarda o, obrazların daxili aləminə, fikirlərinə, hisslərinə, emosiyalarına, yaşantılarına mənəvi bütövlüyünə və şikəstliyinə nəzər yetirir, nəticə çıxarmağı isə oxucunun öz ixtiyarına buraxır.

“Tənha çinarın pıçıltıları”nın baş qəhrəmanı Aran olduğundan povestdə müəllifin istifadə etdiyi detalların böyük əksəriyyəti məhz Aran obrazının səciyyələndirilməsinə tuşlanıb. Müəllif Aranı əsərin lap əvvəlki səhifələrindən xüsusi şəkildə mənalandırmağa çalışmışdır. Aran obrazı bir sıra cəhətləri ilə tənqidimizi maraqlandıracaqdır. Burada biz digər məqamlara toxunmayıb “Tənha çinarın pıçıltıları” povesti ilə bağlı qənaətlərimizi ümumiləşdirməyə çalışsaq, aşağıdakı mənzərənin şahidi olarıq:

1. Ağarəhimin bu povestindəki ayrı-ayrı hekayələri vahid süjet xəttinə və fabulaya tabe edilir. Ən relyeflidən lap kiçiyə qədər yazıçı ilə onun təsvir etdiyi xarakterlərin əks etdirdiyi həyat arasında “birləşdirici” məqam durur. “Süjetsizlik” sindromu onun yaradıcılığına yaddır.

2. Ağarəhimin povestində kompozisiyanın mühüm formalarından olan süjet dağınıq hissələrdən yox, vahid nüvəyə tabe olunur, əsərdə yer alan polifoniklik də həmin süjetin elementlərinə söykənir.

3. “Tənha çinarın pıçıltıları” povestinin məzmununun mühüm hissəsini təşkil edən süjet, əgər, bir tərəfdən, ictimai  konflikti diqqət mərkəzinə çəkirsə, digər tərəfdən, fərdi insan talelərinin özünəməxsus nəticəsini ortaya qoyur. Sahibin, Aranın, Əfruzun, İlahənin, Qoçunun, Şəmsin,  Zeynəb qarının, Mikrob Mətinin, Qutdanquc Səfərin, Çərənçi Nəsirin, Qoca kişinin və b. taleyi buna parlaq nümunədir.

4. Əsərdə yer almış xarakterlərin  təsviri müəllifin və təhkiyəçinin nitqi vasitəsilə verilməklə,  obrazların hərəkətlərində,  davranışlarında və hadisələrin gedişində kifayət qədər  uğurlu açılır.

5. Müəllif oxucunu sistemli və ardıcıl gedən hadisələr burulğanına atır. “Nisgilli səhər”, “Şarlatanlar vadisi”, “Ziyanxorlar”, “Tale oyunu”, “Tumanı başa geyməzlər”, “Rəzil qadın”, “Əsəb gərginliyi”, “Müəmma”, “Təəssüf və təəccüb” və s.  mükəmməllik və bitkinlik  özünü relyefli əks etdirir.

6. Povestdəki psixoloji gərilmələr, sarsıntılar və qarşıdurmalar müəllif mətləblərinin açılmasına xidmət edir.

7. Psixoloji  hallar, obrazlar arasındakı mənəvi-əxlaqi münasibətlər   mükalimələr  fonunda daha dərindən izlənilir.

8. Əsərin özünəməxsus  üslubundakı müəllif dilindən verilən maraqlı ifadələr – əxlaq maskası, şarlatanlar vadisi, Zeynəb qarının dilindəki atalar sözləri, ibarəli birləşmələr, üslubi fiqurlar oxucu   düşüncəsinin ifadəçisi kimi çıxış edir.

9. Povestdə təfərrüat  və bədii detalların  rəngarəngliyi və zənginliyi  oxucu və tənqidçinin diqqətinin konsentrasiyasına tuşlanır.

10. Povestin infrastrukturuna orqanik şəkildə daxil edilmiş  “Tənha çinar” müəllif ideyasının ifadəçisi olub obraz səviyyəsinə yüksəldilməklə və onu özündə kifayət qədər önəmli fəlsəfi-estetik, sosial-psixoloji mahiyyət daşıyır.   

 





21.06.2013    çap et  çap et