525.Az

Mehriban Zəki Beynəlxalq müsabiqədə münsif olacaq


 

Mehriban Zəki Beynəlxalq müsabiqədə münsif olacaq<b style="color:red"></b>

Türkiyənin İstanbul şəhərinin Çəkməköy bələdiyyəsi artıq üçüncü ildir ki, Beynəlxalq qısa film festivalı keçirir.

Keçən il 15 iyun hadisələrilə bağlı “Xəyanət və müqavimət” mövzusunda keçirilən festival bu il “Qonşular”a həsr olunub. Beynəlxalq arenada böyük marağa səbəb olan, dövlətin nəzarəti ilə təşkil edilən müsabiqəsinin münsiflər heyəti də artıq bəllidir.

İlkin mərhələnin idarə və münsiflər heyəti Çəkməköy bələdiyyə başqanı Əhməd Poyrazın ev sahibliyində İspinoz Sosial Təsislərində keçirilən iclasda iştirak ediblər. Layihənin yol xəritəsinin müzakirə olunduğu iclasa Azərbaycandan Əməkdar artist, kino və teatr aktrisası Mehriban Zəki də qatılıb. O, builki festivalda Azərbaycan tərəfindən münsif kimi layihədə iştirak edəcək. Ondan başqa, layihədə Fərhad Eşsiz, Adnan Ərdoğan, Əhməd İmamoviç, Betül Soysal Bozdoğan, Burak Haqqı da iştirak ediblər.

Çəkməköy bələdiyyə başqanı Əhməd Poyraz çıxışında layihə haqqında geniş məlumat verib və diqqəti builki festivalın mövzusuna çəkib: “Çəkməköy çox şükür ki, hələ də qonşuluq münasibətlərinin davam etdiyi bölgədir. Bizim hələ də bir-birinin köməyinə gedən, evinin açarını bir-birinə əmanət edə bilən qonşularımız var. Bir şəhərin sadəcə iqtisadi olaraq deyil, sosioloji olaraq da inkişafını təmin etmək bizim vəzifəmizdir. Biz də bu düşüncə ilə hərəkət edir, mövcud vəziyyəti qorumağa, itirdiyimizi düşündüyümüz dəyərlərimizi yenidən diriltməyə çalışırıq. Biz Məhəmməd Peyğəmbərin “Qonşusu aç ikən tox yatan bizdən deyil” - nədisi-şərifini heç bir zaman unutmayan millətik. Sadəcə fərd olaraq deyil, dövlət olaraq da hər zaman qonşularımıza əl uzadırıq. Bu il bu mövzunu kinoşünasların, rejissorların gözündən görməyi və itirməkdə olduğumuz bəzi duyğuları gün üzünə çıxarmağı hədəfləyirik”.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi ona Türkiyədən bir sənətçinin münsifliyinə namizəd göstərilməsi təklifi gələrkən Əməkdar artist, kino və teatr aktrisası Mehriban Zəkinin namizədliyini daha uyğun gördüklərini deyib. O qeyd edib ki, Mehriban Zəki həm nəzəri, həm də praktik təcrübəsi ilə Azərbaycanın sayılıb-seçilən aktrisalarından biri olaraq, mədəniyyətimizi bu cür beynəlxalq müsabiqədə layiqincə təmsil edəcək: “Biz inanırıq ki, bu layihə də iki qardaş ölkənin mədəni-ədəbi əlaqələrinin inkişafına, bir-birinə daha sıx tellərlə bağlanmasına səbəb olacaq”.

Belə bir mötəbər tədbirdə Azərbaycanı bir münsif kimi təmsil etmək təklifini məmnuniyyətlə qəbul etdiyini deyən Mehriban Zəki kinonun, xüsusən, türk kinosunun inkişafında bu cür layihələrin önəmini vurğulayıb.

Şahanə MÜŞFİQ

 





18.02.2018    çap et  çap et