525.Az

Bu gün magistraturaya qəbul imtahanı keçirilir


 

Bu gün magistraturaya qəbul imtahanı keçirilir<b style="color:red"></b> Bu gün TQDK ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

Komissiyanın mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, qəbul imtahanı Bakı, Gəncə və Naxçıvanda baş tutacaq.

Magistraturaya proqram seçimində qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər. Bu hüquqa malik olan  bakalavrlardan 11488 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. 

Onlardan 10018 nəfəri Azərbaycan bölməsinin, 1470 nəfəri isə rus bölməsinin məzunlarıdır. Bakalavrların 5067 nəfərini oğlanlar, 6421 nəfərini isə  qızlar təşkil edir. 6722 nəfər ali təhsil müəssisələrinin builki, 4766 nəfər əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 10119 nəfərinin Bakı şəhərində, 267 nəfərinin Naxçıvan şəhərində, 1102 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur. 

İmtahanın keçirilməsi üçün Bakı şəhərində 17, Naxçıvan şəhərində 1, Gəncə şəhərində isə 2 imtahan mərkəzi ayrılıb. İmtahanı 81 imtahan rəhbəri, 866 nəzarətçi-müəllim idarə edəcək.

2012-də 8529 bakalavr imtahanın ikinci mərhələsinə buraxılmışdı.  

İmtahan saat 13:00-da başlanacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.   
İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.   

İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək. Hər bir bakalavr öz  imtahan nəticələrinə dair “məlumat vərəqi”ni internet vasitəsilə əldə edə biləcək.        
     
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 26-dan 28-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə  ixtisaslaşma seçimini yerinə yetirirəcəklər. 
 





23.06.2013    çap et  çap et