525.Az

“Rusiya, qalx ayağa və ucal!”


 

“Rusiya, qalx ayağa və ucal!”<b style="color:red"></b>

Görkəmli yazıçı Yuri Polyakovun Puşkin muzeyində 10 fevral 2013-cü il tarixli nitqi.

Y.Polyakov Rusiyanın ən nüfuzlu ədəbi mətbuat orqanı olan “Literaturnaya qazeta”nın baş redaktoru, bir sıra dəyərli povest, roman və ssenarilərin müəllifidir. Onun rəhbərlik etdiyi “LQ” hələ sovet dönəmində, sabiq baş redaktor A.Çakovski dövründən başlayaraq ictimai-siyasi həyatın, ədəbi prosesin ən aktual məsələlərinə fəal müdaxilə etməsi, onu işıqlandırması ilə fərqlənib. Y.Polyakovun A.S.Puşkinin ölüm günü tarixində söylədiyi nitqi böyük rus şairinə iki əsr ərzində yanaşma çalarlarına güzgü tutur, xüsusən SSRİ dağılandan sonrakı illərdə, siyasi iqlimin dəyişməsi, ifrat “demokratik”, əslində konyuktur təmayüllərin təzahürlərinə də işıq salır, geniş müstəvidə “sənətkar və zaman”, “klassik irs – tarix” probleminin bəzi mühüm məqamlarını incələyir. Bu baxımdan Polyakovun çıxışının beynəlxalq ədəbi aləmdə, o cümlədən Azərbaycanın ədəbi mühitində maraq doğuracağına,  düşüncələrə, fikir mübadiləsinə təkan verə biləcəyinə inanaraq, Yuri Mixayloviç Polyakovun Puşkin haqqında nitqinin Azərbaycan oxucularına  təqdimatını faydalı sayaraq, ana dilimizə çevirib “525-ci qəzet”in auditoriyasına təqdim edirik.

 

Puşkini oxuduqca sanki müqtədir söz incilərilə ağzınadək dolu mədəniyyət layına varırsan. Puşkini düşündükcə anlayırsan ki, sənin fikirlərin artıq Rusiyanın milli dahisi haqqında çoxdan düşünülmüş, söylənmiş, yazılmışların yalnız əks-sədasıdır. “Dünyəvi İncilin” bunca bol-bol fərqli oxunmaları, şərhləri olmalıymış ki, onlar həcmcə Allahın vəhy etdiyi qaynağın özünü də yüz qat üstələyirlər. Axı hər bir insanın, hər dövranın, hər baxışın, hər yanlışın da öz Puşkini var. Vaxtilə ondan gizli azadlıq və maarifçilik cəsarəti enerjisini əxz edirdilər, onun sayəsində qadağa və qəliblərdən qurtuluş nəşəsilə alışıb yanırdılar, sonralar isə, əksinə, onda dayaq axtarırdılar ki, cahanşümul yenidənqurmanın “uşaqsayağı şıltaqlığına və üsyankar pozğunçuluğuna” qarşı dura bilsinlər. Puşkində əksəriyyət üçün yalnız (dahilər istisna olmaqla) öz xalqının dərd-sərindən yayınıb ümumdünya miqyaslı yaralara üz tutmaq vasitəsi – rus cahanşümüllüyünün mənasını arayırdılar.

Sarbanların “çılğın kor-koranəliyi” və “qara camaatın köntöy dikbaşlığı” illərində böyük şair başqa nəhənglərimizlə bərabər gözümçıxdıya salındı və sinfi baxımdan yad mədəniyyətin qoruyucusu oldu. Onun hər bir istedadlı gəncliyə xas olan çılğınlığı, üsyankar ruhu azadlıq hərəkatının ilk mərhələsinin ayağına yazıldı və tarixin rişxəndli ədası ucbatından, “müasirliyin gəmisindən tulladılmağa” məhkum olmuş dəyərli imperiya irsi yükünə “imtiyaz vəsiqəsinə” çevrildi. O çətin, lakin labüd gərdişi – dövranın açıqfikirli adamları üçün 1929-cu ildə Puşkinlə və məsləkdaşları ilə sıx bağlı olmuş “Literaturnaya qazeta”nın nəşrinin davam etdirilməsi vacib bir iş oldu. Sovet dönəmində sosializm quruculuğundan bezikənlər və dialektik materializm hökmlərilə düşünməyi ağır qavrayanlardan kimi xaricə üz tutdu, kimi də Puşkin aləminə sığındı, – axı şairin alliterasiya – allüziya baxışları mavi ümmana pərən-pərən səpələnmiş adalar kimi idi, – ömrün boyu gəz, dolan, başını girlə. Bizlər, 70-ci illərin şairləri Puşkinin söz güləşdirmələrindəki erotizmdən cuşa gəlirdik. Hərçənd, sonralar məlum oldu ki, “direktiv abır-həya” yenə də qüvvəyə mindirilmiş statuslu eyş-işrətdən yaxşıdır. “Qaz vur – qazan dolsun” materializmi dialektik materializmi yerində otuzdurarmış...

Bizim dahimizin irsində bir gizli saxlancda olduğu kimi, gələcək ədəbi təmayüllərin, cərəyanların, qollu-budaqlı trendlərin cücərtiləri gizlənirmiş.

Puşkin həssaslıqla deyirdi ki, yaradıcılığın öz təbiəti isə sənətkarı özünə aludəçiliyə doğru çəkir: “Sən şahsan: tək yaşa. Azad yolunla Azad ağlın deyən səmtə addımla...” Amma istedad, tənqidçilərin ziyafət süfrəsindəki nərə balığı boyunca şişirdikləri ədəbi həşəratdan onunla fərqlənir ki, həqiqi sənətkar hər şeyin həddini bilir.

Bəli, o, “xalqın sevgisindən vaz keçə” bilər, “söz üçün canından” keçə bilsə də, eyni zamanda ali amal, xalqın, ana torpağın yolunda ömrünü qurban verməyə hazırdı”. Və jurnal höcətlərinin daimi davakarı olan, vəba epidemiyasının doğurduğu üsyanların qanlı qurbanlarından sarsılan Puşkin yazırdı: “Belə faciələr göz önündə ola-ola bizim ədəbiyyatımızın it boğuşmasını düşünməyə macal yoxdur!”

90-cı illərin əvvəllərində bir yazımda işlətdiyim sitatın oxucular arasında vəlvələ salması yadımdadır. Hamı, hələ məktəbdə “mənasız və amansız rus üsyanı” haqqında eşitmiş olsa da, klassikin (Puşkinin – Red.) sözünün ardı ənənəvi olaraq verilmişdi:

“Bizlərdə ağlasığmaz çevrilişlər xəyalına düşənlər ya cavandılar, xalqımızı tanımırlar, ya da daşqəlbli adamlardı ki, onlarçün özgəsinin başı – mis quruşu, öz boğazı – bir abbası...”

Axı, belə də oldu... Bəs indinin özündə necə, məgər dahinin cəsarətlə söylədiyi xəbərdarlığı yaxşımı xatırlayırıq? Əmma elə budur!

“Ata-baba gorlarına məhəbbət” əvvəlcə “əks-inqilabi”, daha sonra işə sadəcə “qeyri-intelligent”, yekəxana ironiyaya layiq duyğu sayıldığı illərdə belə bütöv nəsillər məhz Puşkin yaradıcılığından əsl vətənpərvərlik enerjisini alırdılar.

70-ci illərdə geniş ədəbi məclislərin birində cavan şairəmiz öz şeirinin əvəzinə birdən “Rusiyaya qarayaxanları”nı oxudu və “estrada su xəndanlarını” peşiman edən salon ayağa qalxaraq gur alqışlar qopardı. Sonralar vəzifə sahibləri uzun zaman qurdalandılar ki, görən, şairə sözlərini hansı hədəfə tuşlayıb?.. Yaxşı olardı ki, məmurlar, yekdilliklə ayağa qalxan salonun niyə vəcdə gəldiyini araşdıraydılar. Onda ola bilsin, bu gün biz başqa ölkədə yaşayardıq.

Yenə də xalqı düşündürən və iqtidarı narahat edən “rus məsələsi”nin də həllini Puşkində tapa bilərik, hərçənd “rus məsələsi”lə qayğılanan adam iqtidarı heç də qorxutmamalıdır! Təsadüf deyil ki, şair öz istəkli qəhrəmanı haqqında “Tatyana, rus qəlbli qadın...” deyib. “Qəlbli”! Dahilərdə təsadüfi sözlər olmur və müəllif Tatyananın soy-köklərinin xalisliyini bildirmək istəsəydi, elə də edərdi. Şairin öz ailəsinin, sadiq məsləkdaşları və “ilham pəriləri”nin tarixçəsinə üz tutaq. Görəcəyik ki, qanlarında o dövrün aristokratik beynəlmiləli qaynayıb qarışıb. Lakin onların hamısı qəlbən rusdular!

Və işıqlı dahiyə qarşı birləşmiş qaragüruh Vətənimizin dirçəlişinə qarşı duran indiki toplumu necə də xatırladır! Sənətkar, özü qoyduğu qanunlar üzrə mühakimə edilməlidir, – kəlamı az qala çağırılmış bayatı kimi səslənir. Bunu nə köhnəpərəstlər, nə də yenilikçilər danır. Amma axı xalqın özü də, onun dövlətçilik donu da, sənətkar tərəfindən tarixin gərdişi hökmüylə müəyyənləşdirilmiş qanunlar üzrə mühakimə edilməlidir.

Hər cürə ehkamların dağıldığı zəmanəmizdə, Puşkinin hər tərəfdən əsə biləcək düşüncə küləklərinə açıq olduğu bu vaxtlarda, azadə rus konservatizminin amacları ilə bağlı “Rusiyanın ən dərrakəli ərəninin” dövlətçi-siyasətçi fəaliyyətini qiymətləndirmək, dəyərləndirmək imkanı yaranıb. Öz dostunu məhz “liberal konservator” saymış Vyazemski əvvəllər Puşkinin patriotik “vasvasılığını” bəyənmirdi.

Hərçənd “Rusiyaya böhtan atanlar” müəllifinin cəsarətlə bildirdiyi “müqəddəs müttəfiqlərin” namərdliyi və Krım qəzası Vyazemskini maariflənmiş Avropanın “qeyzlənmiş övladlarına” başqa gözlə baxmağa, qələm dostunun acı uzaqgörənliyini anlamağa vadar etdi. İndi şairin geniş məkanda əl-qol açmış imperiyaya fərəhlə dolu misralarını xatırlayarkən, dərk edirsən ki, bizim paradoks sevənlərimizin çılğınlıqla söylədikləri xəbərdarlıq gerçəkləşib. Bizlər get-gedə əcdadlarımızın torpaqlarında azalmaqdayıq, ayağa qalxsaq da, “soyuq fin dağlarından qızmar Kolxida və Tavridayadək” deyimi kimi olan deyil. Amma azala-azala, çəkilə-çəkilə biz bəxtəvər olduqmu? Xeyr, olmadıq... Di gəl, indi də poeziyamız nataraz, mənasızcasına əngin Rusiyaya tuşlanan həsrətnamələrlə dopdoludur. Necə deyərlər, dərsdən ibrət alınmadı.

Ötən iyirmi il boyu Puşkini inadla “dosent varidatına” bir növ, verbal rəmzə çevirməyə cəhd göstərilirdi, yəni, ilkin mənaya məhəl qoymadan elə də, belə də yozula biləcək rəmzə. Niyə, nə üçün? Səbəblər çoxdur. Biri isə apaydındır: əks-təqdirdə etiraf edilməlidir ki, yaradıcılıq təkamülü bizim dahi ustadımızı belə qənaətə gətirib: şair, əlbəttə, “nə fikrini, nə boynunu” əyməməlidir, amma eyni zamanda da onun dövlətin daimi qənimi olmağa, çalmağa, damğalamağa, badalaq vurmağa, “ali amalları  dəllalların “hökmünə” verməyə haqqı yoxdur.

Şair heç də hakimiyyətin (“iqtidar amansız deyilsə əgər”) barışmaz düşməni olmalı deyil. O, “ məbədləri”, yeni nəsilləri həyat eşqi, hünər və qurucu revanşa səsləyən örnəkləri – el qəhrəmanlarını məsxərəyə qoymamalıdır.

Çünki şair “Rusiya, ayağa qalx, yüksəl və ucal!” (yəni, əsrlə ayaqlaş, qüdrətli sülhsevərliyinlə nümunə göstər!) deməyincə, Vətən qalxıb ucalan deyil.

Çevirəni: S.MƏmmədzadə

 





23.06.2013    çap et  çap et