525.Az

Əjdər Ol Gənc Ədiblər Məktəbinin qonağı olub


 

Əjdər Ol Gənc Ədiblər Məktəbinin qonağı olub<b style="color:red"></b>

İyunun 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) üzvlərinin şair və yazıçı Əjdər Ol ilə görüşü keçirildi. Əjdər Ol 2010-cu il “Milli Kitab”, 2011-ci il “Qızıl Kəlmə” ədəbi mükafatları laureatıdır. Bütün janrları şərti hesab edən, “Mənim üçün yalnız ədəbiyyat janrı var” deyən yazıçı otuza yaxın kitab müəllifidir. Türkiyə, İran, Polşa, Almaniya və digər ölkələrdə kitabları nəşr edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Gənc Ədiblər Məktəbi haqqında yazıçıya məlumat verdi. Rəşad müəllim  GƏM-də 70-dən çox üzvün bir araya gəldiyini, artıq bu gənclərin bir neçəsinin AYB üzvü və prezident təqaüdçüsü olduğunu bildirdi: “Əjdər Ol gənclərlə sıx münasibətdə olan bir yazıçıdır. O, son iyirmi beş-otuz ildir ki, addım-addım, heç bir hay-küyə fikir vermədən ancaq öz ədəbi yaradıcılığı ilə məşğuldur və çoxlu uğurlar qazanan, qürur duyduğumuz sənətkarlarımızdandır. Əjdər müəllim həm “Qızıl Kəlmə”, həm də “Milli Kitab Mükafatı” laureatıdır. Eyni zamanda bu yaxınlarda Avrasiya Yazarlar Birliyinin on ölkə arasında keçirdiyi hekayə yarışmasında birincilik qazanıb. Əjdər müəllimdən xahiş etdik ki, sizinlə görüşsün, fikirlərini bölüşsün və xoş oldu ki, bizim Almaniyada yaşayan yazar dostumuz Orxan Aras da bu tədbirdə iştirak edir. Həm də Orxan bəy xoş xəbərlə gəlib – Almaniyada Əjdər müəllimin yeni kitabı nəşr olunub”.

Sonra isə Əjdər Ol yazıçılığın sirlərindən danışdı: “Yazıçılıq aləminə qədəm qoyan adam bir çox şeyləri bilməlidir. Bəzən yaşın azlığı və təcrübəsizlikdən bu şeyləri bilmir, tədricən yazıçılığa alışır, peşəkarlaşır. Mən bütün sənət aləmində peşəkarlığın tərəfdarı olmuşam. Amma həmişə həvəskarlar da olub. Yazıçılığın mahiyyətini bəzən adamlar gec anlayır. Siz Gənc Ədiblər Məktəbinin üzvüsünüzsə, yazı vərdişinə yiyələnmək istəyirsinizsə, birinci bu işin doğru yolunu tapmalısınız.  Bu məktəbdə olan gənclər az-çox dərəcədə istedadlı gənclərdir. Ola bilər ki, mənim qələm yoldaşlarım yazıçılığa başqa cür yanaşırlar, ancaq mən sizinlə öz fikirlərimi, öz şəxsi təcrübəmi bölüşmək istəyirəm. Böyük məbədlərə, şəhərlərə müxtəlif yollar gedir. Yazıçılıq da böyük bir idealdır, hər kəs bura başqa-başqa yollardan gəlir. Ancaq daha səmərəli yolla getmək lazımdır. Onsuz da dolayı yolla getsən də, yenə həmin yerə gəlib çıxırsan. Yazıçı ictimai xadimdir, yazıçı öndə gedəndir, yazıçı insanların min illərdən bəri inandığı şəxsdir. Keçmiş zamanlarda baş verən hadisələri yazıçıların, şairlərin əsərlərindən öyrənmək mümkündür. Deyək ki, XII əsr Nizaminin, XIV əsr Nəsiminin, Nəiminin, XVI əsr Füzulinin yaradıcılığında qeydə alınıb, eləcə də Avropa ədəbiyyatında misal çəkmək olar. Yazıçı öz dövrünün mirzəsidir. Hərdən öz-özümə düşünürəm: biz niyə bu yola gəlib çıxdıq? Bəlkə, diqqət mərkəzində olmaq meylləri gətirdi, istəyirdik ki, sözümüzü eşitsinlər, biz səhnədə olaq, kitablarımızla cəmiyyətə təsir edək və sair. Mən həmişə daxili tarazlığımı qorumağa çalışıram. Yazıçı xarakter baxımından depressiyaya tez düşən adamdır. İstedad nə qədər çox olsa, insan bir o qədər həssas olur. Bir o qədər həssaslıq səndə başqalarına çətin görünən xarakter yaradır. Biz sevdiklərimiz üçün çox asan xarakterli adamlarıq. Ancaq çoxlu sayda adamlar var ki, onların yanında darıxırıq. Səni başa düşməyən adamlara anlaşılmaz və darıxdırıcı görünürsən, həmçinin onlar da sənə darıxdırıcı və maraqsız görünürlər. Buna görə yazıçı xarakteri dözülməz xarakterdir. Bu mənəvi əzabların arxasınca maddi əzablar gəlir. Yazıçı gərək bütün bunlara dözsün. Bütün bununla yanaşı əsas məsələ nəticədir. Ola bilər ki, çox əzab çəkirsən, amma heç nə yaza bilmirsən, ya da çox yazırsan, amma yazdıqlarının içində bir şey yoxdur. Adam var ki, uzun müddətdən bəri ədəbi mühitdədir, ancaq ortaya heç nə çıxara bilmir. Ömür də gedir, şəxsi həyatından da məhrum olur. Bəlkə də, gedib başqa bir işlə məşğul olsaydı, onun üçün daha faydalı olardı. Azərbaycanda yazıçı olmaq böyük imkansızlıqlarla üzləşmək deməkdir. Geniş oxucu auditoriyası olmadığı üçün, bu dildə oxuyanların sayının az olduğu üçün vəziyyət çətinləşir. Böyük dillərdə yazıçılıq etmək daha asandır. Yazıçılıq mənim üçün həm də tənhalıqdır. Mən tək olmağı sevirəm, amma əlbəttə, həyatımız ünsiyyətlərdən ibarətdir. Həyat ruh üstündə qurulub, ruh da həmişə ünsiyyətə can atır. Kitab da ünsiyyət vasitəsidir. Biz hərdən kiminsə kitabını götürüb XIII, XV əsrə, yaxud başqa bir xarici yazıçını oxuyub başqa bir ölkəyə gedirik. Yazıçılıq bu ünsiyyəti yaratmaq bacarığıdır”.

Almaniyada yaşayan və Azərbaycan ədəbiyyatı ilə yaxından maraqlanan yazar Orxan Aras Əjdər Olun Almaniyada yeni çap olunan kitabından və ədəbi dəyərlərdən danışdı: “Almaniyada çoxlu sayda yazar var, onların içindən sıyrılıb çıxmaq çətindir. Mən alman dilini öyrəndikdən sonra kiçik hekayələr yazıb çap etdirdim və gördüm ki, bu adamlar istedada dəyər verirlər. Əgər sən istedadlısansa, bu zaman sənin türklüyünə, dininə, qaş-gözünə fikir vermirlər. Türkiyədə iki ildir ki, Mədəniyyət Nazirliyi hər il 30-40 yazarın kitabını almanca, ingiliscə, rusca və fransızca çap edib dünyada yayır. Əjdər bəyin ilk oxuduğum hekayəsi “Usta Yusifin kamançası”dır. Bu hekayə mənim çox xoşuma gəldi. Hekayəni bir dostuma tərcümə elətdirib nəşriyyata göndərdim. Naşir mənə dedi ki, bəzən bizə yaxşı bir hekayə, şeir gəlir, ancaq digər yazılarını istəyirsən, görürsən ki, çox zəifdir. Mən daha sonra Əjdər bəyin “Tütün limanı”nı, sonra isə naşir yeni bir əsər istəyəndə “Namiq Abdullayevin axırı” hekayəsini  göndərdim. O, çox bəyəndi, dedi ki, sanki yazıçı bir adamın heykəlini yaradıb. Beləliklə, Əjdər bəyin kitabını Almaniyada çap elədik. Bu kitabı Almaniya və almanca danışılan bütün ölkələrdə əldə etmək mümkündür”.

Şair Əlisəmid Kür gənclərə Əjdər Ol kimi dözümlü, səbirli olmağı arzuladı. Daha sonra tənqidçi Əsəd Cahangir yazıçı haqqında fikirlərini bölüşdü: “Əjdər müəllimin qəlbində insanlara qarşı böyük sevgi var. Müsbət işıq onun yazılarında həmişə qaranlığı üstələyir. Ədəbiyyat nifrətdən, qaranlıqdan yox, sevgidən və işıqdan ibarətdir. O əsərlər ki, işıqla doludur onları daha asan oxuyuram. Amma elə əsərlər var ki, orda müəllifin insanlara, həyata qarşı nifrəti, kini var həmin kitabın hər səhifəsini çevirmək mənim üçün zülmə çevrilir. Əjdər müəllimin şeirlərindəki optimizm mənim çox xoşuma gəlir. “Canım-gözüm, həyat elə budur, bu!” – bu misra mənim üçün bir devizə çevrilib. Yəni bugününü qurban vermə, sənin indi bəyənmədiyin, əzab-əziyyət saydığın bu dəqiqələr, anlar, bəlkə də, ömrünün ən gözəl anlarıdır. Həyat sevinci, kədəri, işığı, qaranlığı ilə birlikdə gözəldir. Əjdər Ol həm də intellektual şairdir. İstər dünya ədəbiyyatında, istərsə də milli ədəbiyyatdan, poeziyadan, nəsrdən, dramdan danışarsan, o, kübar bir şəkildə səndən çox bildiyini göstərər. Müasir ədəbiyyatda ən ciddi problemlərdən biri ziyalılığın arxa plana keçməsidir. Yaxşı ki, Əjdər müəllim kimi bir ziyalımız var. Bu görüş üçün bir daha Eminə təşəkkürümü bildirirəm”.

Gənc Ədiblər Məktəbinin koordinatoru, gənc şair Emin Piri yazıçı haqqında fikirlərini bölüşdü və sualını səsləndirdi: “Etiraf edirəm ki, adamın bir neçə yazısı çıxanda sonra özünü klassik kimi hiss edir. Məndə də bu hisslər həddindən artıq güclü olub. “Nəsimi” müsabiqəsində iştirak edəndə məndən kimin kitabını istədiyimi soruşdular. Mən Əjdər müəllimin kitabını mükafat kimi götürdüm. Düzü, nəsr oxumağa həvəsim yoxdu, ancaq bu kitabı su kimi oxudum. Namiq Abdullayevlə bağlı ağrı-acılar bədii baxımdan mənə böyük zövq verdi. Sovet dövrünə bir az qapalı rejim deyirik, ancaq maraqlıdır ki, o dövrdə etnik tərkib, mədəniyyətlər fərqli idi, hətta Azərbaycan da yaşasalar belə dünayaya bəşəri bir baxış bucağı yaranırdı. Ən azı Ukraniyaya, Belarusiyaya gedə bilirdilər. Ancaq biz – bugünkü gənclik müstəqil olsaq belə, yalnız öz mədəniyyətimizin içində qalmışıq. Mən hesab edirəm ki, bizim ədəbi gənclik müəyyən dərəcədə çalışsa da bu, dünyaya baxış bucağını müyyən mənada əngəlləyir. Sizcə, bunu nə ilə kompensasiya eləmək olar?”

Əjdər Ol: “Bunu ancaq xarici dil öyrənməklə kompensasiya etmək olar. Biz o zaman dünyaya rus dili vasitəsi ilə çıxırdıq. Oxuduğum kitabların böyük əksəriyyəti, demək olar ki, rusca olub.  Mütləq hansısa bir xarici dil öyrənmək lazımdır. İstədiyin bütün kitabları Azərbaycan dilində tapmaq olmur. Balaca ölkələrin hamısında bu problem var”.

Daha sonra Taleh Mansur, Sara Selcan, Günel Eyvazlı, Vəfa Qafarova və digər GƏM üzvləri yazıçı haqqında fikirlərini bölüşdülər, ona suallar verdilər. Gənc qiraətçi Ülkər Piriyevanın təqdimatında Əjdər Olun “Unutma” şeiri və müəllifin öz ifasında “Bağışlama” şeiri alqışlarla qarşılandı. Sonda yazıçı gənclərə uğurlar arzuladı və onlar üçün kitablarını imzaladı.

 





23.06.2013    çap et  çap et