525.Az

Ədəbiyyatın gücü


 

Ədəbiyyatın gücü<b style="color:red"></b>

Qırğız xalqının böyük yazıçısı Çingiz Aytmatov illər əvvəl Almaniyaya gəlmişdi. Hessen əyalətinin kiçik bir qəsəbəsi olan Biedenkopf şəhərində yüzlərlə oxucusuyla görüşdü və onlara ömürlərində eşitmədikləri melodik bir səslə “Manas” dastanından parçalar oxudu. O yığıncaqda Aytmatov Moskvadakı qarşılaşdığı bir hadisədən danışdı:  “Əfqanıstan müharibəsi illəriydi. Moskvada küçədə gedərkən bir rus qadını qaçaraq yanıma gəldi və “Mən Akbarım” – deyərək ağladı və mənə sarıldı. Anladım ki mənim bir kitabımda hekayəsini izah etdiyim yaralı qurd Akbar kimi o da oğlunu döyüşdə itirmiş yaralı bir anaydı. Bunları mənə heç deməsə da mən anlamışdım. Bu, ədəbiyyatın gücüydü”.

Həqiqətən də ədəbiyyatın özünə məxsus izahat tərzi vardır və bir insanın taleyi kimi bir millətin bütün ruhunu da orda ortaya çıxarmaq mümkündür. Bu gücdən kimi humanist duyğularla faydalanarkən, kimi də pis əməllərinə çatmaq üçün yararlanmaqdadır. Ünlü tarixçi İlhan Bardakçı illər əvvəl mənə: “Orxan bəy, yalnız almanca nəşr olunmuş 2300 erməni əsəri var Almaniyada” – demişdi. Bu əsərlərin çoxu bizim xalqımız və ölkəmiz haqqında yalanlarla dolu idi, şübhəsiz.

Biz də, bu böyük gücdən istifadə etmək üçün, ağır da olsa, hərəkətə keçmək üzrəyik, deyim ki, gənc yazıçılarımız da bu ümidlə yazmağa başlamalıdırlar. 1980-ci illərdən Azərbaycan ədəbi mühitində kitabları görünən Əjdər Olun Almaniyanın ən önəmli nəşriyyatlarından “Edition Winterwork” tərəfindən bir kitabının nəşr olunması, bizə görə, əhəmiyyətli bir addımdır. İndiyə qədər Avropada müxtəlif yazarlarımızın əsərləri nəşr olunmasına baxmayaraq, kafi bir yayım şəbəkəsinə qoşulmadıqları üçün təqdimatı çox yaxşı aparılmırdı. Amma Əjdər Olun naşiri, onun “Usta Yusifin kamançası” kitabını bir ay ərzində Almaniyanın bütün kitabçılarına, alman dövlət və milli kitabxanalarına, Vyana, Sürix bazarına çıxardı. Elə indidən internetdə dünyanın ən böyük axtarış mühərriki “Google”-da iki səhifəlik təqdimat bölümü var. Yenə ən böyük satış şirkəti olan “Amazon”da kitabın rəsmi ilə birlikdə təqdimat yazısı yer alıb. Bu, həqiqətən ədəbiyyatımız adına ilk addım olması baxımından sevindirici bir olaydır. “Edition Winterwork” nəşriyyat kitabı həm Leypziq, həm də Frankfurt kitab sərgilərində  tanıdacağını bəyan edib.

Təbii ki, bütün bu gözəl xəbərlərin ən əhəmiyyətli səbəbi Əjdər Olun kitabının tərcüməsinə çox ciddi yanaşılması və dilimizi yaxşı bilən bir alman (Karl Hermann Kiel) tərəfindən tərcümə edilməsiydi. Karl Hermann dilimizi çox yaxşı bilməsinə baxmayaraq, hekayələri tərcümə edərkən yalnız öz məlumatı ilə kifayətlənmir, hər mövzuda ətrafındakı insanlardan da soruşurdu. İki gündə bir telefon açır və tərcümə etdiyi hissələri mənimlə də müzakirə edirdi. Hər cümləyə ən gözəl mənanı tapana qədər çalışırdı. Kitabın tərcüməsi ilə əlaqədar onunla o qədər danışmışdıq ki, kitab çıxdıqdan sonra Əjdər Ola bunları izah etmiş və kitab qədər yalnız tərcümə haqqında da bir kitab yazıla biləcəyini anlatmışdım. Hələ kitabda keçən bir söz Karl Hermannı çox qorxudarkən məni də bir xeyli güldürmüşdü. Bir hekayədə keçən “Mürdəşir” sözü haqqında bir xeyli müzakirə etmişdik. “Mürdəşir” sözünün almanca mənası, doğrusu, o anda mənim də  ağlıma gəlməmişdi. Çünki bilindiyi kimi, almanlarda cənazəni yumaq ənənəsi yoxdur. Karl Hermann mənə dedikdən sonra mən öz işimlə məşğul oldum və çox gec saatda birdən “mürdəşir” sözü ağlıma gəldi və dərhal Karl Hermanna telefon açdım, “mürdəşir” sözünün almanca qarşılığını söylədim. Gecə saat ikiymiş və Karl Hermann yatırmış. Yuxulu-yuxulu “mürdəşir” sözünün almancasını eşidincə qorxmuş və davamlı telefonda “Was, was?!” – “Nə, nə?!” – deyə qışqırmışdı. Anlaşılan, çox qorxmuşdu. Ertəsi gün bir araya gəlmiş və çox gülmüşdük. İnsan iki xalqın və iki dilin nə qədər fərqli olduğunu, tamam ayrı mədəniyyətlərin aradaki fərqlərini ancaq və ancaq tərcümələrdə görə bilir. Və yaxşı tərcümənin də kitabın dəyərini artırdığını, oxucuya daha asan çatmasını təmin etməsi baxımından əhəmiyyətini göstərir.

Əjdər Olun 7 hekayəsinin yer aldığı kitab, şübhəsiz, alman oxucular üçün bir Azərbaycan pəncərəsi açacaq. O pəncərədən, minlərlə kilometr uzaqdakı bir ölkənin sadə insanları, ağrılar, ürək sıxan ayrılıqlar, hər yerdə insanı özünə bağlayan eşq bir film kimi o pəncərənin qarşısından axıb gedəcək.

Ümid edirəm, bu pəncərələr çoxalar və gənc respublikanın daha çox rəngləri, daha çox melodiyaları və daha çox insani duyğuları o pəncərələrdən xaricilərə göstərilərək ölkəmizin təqdimatına qatqısı olar.

 





23.06.2013    çap et  çap et